525.Az

Üzeyir Hacıbəylinin yubileyi virtual məkanda qeyd olunub

[20.09.20]
Üzeyir Hacıbəylinin yubileyi virtual məkanda qeyd olunub<b style="color:red"></b>

18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Üzeyir Hacıbəyli: Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi" adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası "Rəsmi sənədlər", "Həyat və yaradıcılığı", "Həyat və yaradıcılığının əsas tarixləri", "Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında", "Əsərləri", "Haqqında", "Xatirəsinin əbədiləşdirilməsi", "Mükafatlar", "Fotoqalereya", "Filmoqrafiya" və "Videoqalereya" bölmələrindən ibarətdir. Məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor, orkestr və kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında və əsərlərinə çəkilən filmlər verilib. Resurslar tam mətni ilə təqdim olunur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə beynəlxalq onlayn tədbir keçirib.

Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Çin və ABŞ-dan olan alim və mütəxəssislər, eləcə də musiqiçilər iştirak ediblər.

Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield (ABŞ), Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmilə Cavadova-Şpitsberq (ABŞ), İstanbul Üsküdar Universiteti sosiologiya kafedrasının müdiri Əbülfəz Süleymanlı (Türkiyə), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətli Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığı, Azərbaycan musiqi tarixində oynadıqları rollar haqqında maraqlı çıxışlar edib, fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Əməkdar artist, pianoçu Emil Əfrasiyab, Smolensk Filarmoniyasının solisti, skripka ifaçısı Anastasiya Vedyakova, "Ruskonsert"in solisti Dina Dedyakina (Rusiya), pianoçu Dongni Xie (Çin Xalq Respublikası) və Xalq artisti Munis Şərifovun iştirakı ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı tərəfindən konsert proqramı təqdim olunub.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da Milli Musiqi Günü ilə əlaqədar silsilə xarakterli materiallar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Kitabxana əməkdaşları bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli haqqında geniş virtual sərgi hazırlayıblar. Virtual sərgidə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir, böyük şəxsiyyətlərin dahi bəstəkar haqqında söylədikləri fikirlər, müəllifi olduğu əsərlər yer alıb. Hazırlanan materialda, həmçinin, Üzeyir Hacıbəyli haqqında mətbuat səhifələrində çıxan məqalələr, əsərləri əsasında hazırlanan tamaşaların afişaları, Üzeyir bəyin ev-muzeyi haqqında məlumatlar da öz əksini tapıb. Virtual sərgidə Üzeyir bəyin fotoqalereyası da təqdim olunub.

Bundan əlavə, Milli Musiqi Günü ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən görkəmli ifaçılarımıza həsr edilmiş videoçarxlar da hazırlanıb.

ŞAHANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.