525.Az

"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib

[20.09.20]
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın "Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, bir çox elmi, bədii və tərcümə əsərlərinin müəllifi olan gənc tədqiqatçı Nərgiz İsmayılovanın Türkiyədə çapdan çıxmış sözügedən monoqrafiyası çoxəsirlik ənənələrə malik Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyllərinin tədqiqinə həsr olunmuş ilk sistemli tədqiqat əsərdir. Giriş və 3 fəsli əhatə edən vəsaitdə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadə meylləri, XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrinə münasibət, həmçinin, XX əsrdə və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadənin yeri və əhəmiyyəti araşdırılıb. İlk dəfə naxçıvanlı sənətkarların yaradıcılığında yer alan bədii tərcümə məsələləri elmi tədqiqata cəlb edilib.

İsmayıl Hacıyev müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayaraq qeyd edib ki, gənc tədqiqatçı bu cür sanballı əsərləri ilə gələcəkdə filologiya elmimizi daha da zənginləşdirəcək.

Daha sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bölmədə elmi işçilərə yaradılan münbit şərait nəticəsində dəyərli monoqrafiyalar, kitablar və elmi məqalələr işıq üzü gördüyünü söyləyib. Alim ictimaiyyətə təqdim olunan monoqrafiyanın dəyərindən danışaraq vurğulayıb ki, vəsaitin elmi redaktoru və ön sözünün müəllifi, AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, "monoqrafiyada ayrı-ayrı yazıçıların əsərlərinin təhlili əsasında Şərq və Qərb meyllərindən milli özünəməxsusluğa keçid proseslərinin reallıqları tədqiq edilib və mühüm elmi nəticələrə gəlinib".

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Naxçıvan ədəbi mühitinin Şərq və Qərb kontekstində tədqiqinə töhfə" mövzusunda məruzəsi dinlənilib.

Təqdimatda, həmçinin, institutun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev mövzu ətrafında çıxış edib. Qeyd olunub ki, qədim dövr Naxçıvan ədəbi mühitinə dair qiymətli əsərdə Nərgiz İsmayılova o dövr Naxçıvan ədəbi mühitin tarixini, onu yaradan şəxsiyyətlərin bu mədəniyyətin inkişafındakı rolunu faktlarla təsdiq edərək, qədim mənbələrə müraciət etməklə monoqrafiyada xeyli yeni elmi fikirlərini də ictimaiyyətə çatdırır. Gənc alim Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Sadiq bəy Ordubadi, Nemətullah Naxçıvani, Fəxrəddin Hündişah Naxçıvani kimi müəlliflərin nəinki Naxçıvan, eləcə də Azərbaycan ədəbi-bədii mühitinin, Şərq və Qərbə təsirinə dair müstəqil fikirlərini irəli sürüb. Ə.Şərif,  İ.Həbibbəyli kimi müasir elm korifeylərinin də bu istiqamətli əsərləri araşdırılmaqla bərabər, XIX əsrin ədəbi-mədəni mühitində Qonçabəyimin yaradıcılığı əhatəli təhlil olunub, nümunələr verilib və bu mədəniyyətin xalqımıza mənsubluğu göstərilən elmi və bədii yaradıcılıq faktları ilə sübut edib. Monoqrafiyada Naxçıvan ədəbi mühitinin Şərq və Qərb mədəniyyətində hansı yeri tutduğu əhatəli bir şəkildə işıqlandırılıb.

Sonda müəllif Nərgiz İsmayılova çıxış edərək gənc alimlərə yaradılan şəraitə görə minnətdarlığını bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.