525.Az

"Qürbətdə keçən 15 ilimi itirilmiş sayıram" - Xanəndə Zahid Quliyev ilə müsahibə

XANƏNDƏ ZAHİD QULİYEV: "QORXURAM Kİ, QARABAĞ DƏRDİ, DOĞMA YURD HƏSRƏTİLƏ DÜNYADAN KÖÇƏM..."


[16.05.20]
"Qürbətdə keçən 15 ilimi itirilmiş sayıram" - <b style="color:red">Xanəndə Zahid Quliyev ilə müsahibə </b>

Son 15 ildən bəri Almaniyada yaşayan tanınmış xanəndə Zahid Quliyev bu günlərdə növbəti doğum gününü, 50-li yaşlarının sonuncusunu qeyd etdi və artıq 60 yaşın tam astanasındadır.


Dəyərli sənətkarla əlaqə saxlayıb, gələnlərdən-keçənlərdən, vətən nisgilindən, Qarabağ həsrətindən, arzularından danışdıq.

 
"Uşaqlıqdan muğamlarımızı, xalq mahnılarımızı ifa edirdim" 


Ötən 59 ilin 10 ilini orta məktəbdə oxumuşam. Bizim Cəbrayılın Söyüdlü kəndində məktəb olmadığından qonşu Qazanzəmi kəndindəki 8 illik məktəbə gedərdik. Yay-qış demədən, hər gün dağlardan, dərələrdən keçib piyada dərsə yollanardıq. Sinifdəki 3 əlaçıdan biri idim. Orta məktəbin qalan 2 ilinin birini Maşanlı kənd orta məktəbində, o birini isə Cəbrayıl rayon mərkəzindəki internat məktəbində başa vurmuşam. İnternat məktəbinə keçirilməyim muğam və xalq mahnılarını ifa etməyimlə əlaqədar idi. İnternat məktəbindəki gənclər üçün boş zamanlarda darıxmasınlar deyə mən və musiqi alətlərində çala bilən gənclər çalıb-oxuyardıq.


Cəbrayılda oxuyanda rayon mədəniyyət şöbəsində fəaliyyət göstərən “Çinar” ansambılı ilə el şənliklərində, pambıq, üzüm tarlalarında zəhmətkeşlər üçün konsertlər verərdik. Ədəbiyyat müəllimim Kamil həm də gözəl qarmon ifaçısı idi. Həftə sonlarında məni toylara aparardı və haqqıma düşəni verərdi (gülür). Cəbrayılda oxuyanda professor Kamil Vəlinin atası, gözəl tar ifaçısı Nəriman dayıgilə gedərdim, ondan muğamın sirlərini öyrənərdim. Hətta bir dəfə Nəriman dayı mənə təklif etmişdi ki, sən qal Cəbrayılda, artıq burada tanınırsan, toylara, konsertlərə gedirsən. Mən isə ali təhsil almaq üçün Bakıya gedəcəyimi bildirmişdim. Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olundum. 5 il təhsil müddətində müəllimim Sahib Şükürovdan əlavə, Hacıbaba Hüseynov, Nəriman Əliyev, Ağaxan Abdullayev və Vahid Abdullayevin siniflərinə də tez-tez gedib, muğamları öyrənirdim. 1982-ci ildə Azərbaycan musiqi məktəbləri üzrə muğam müsabiqəsi keçirildi. Sonuncu turda iştirak etmək üçün Asəf Zeynallıdan 3 nəfər Qarabağa göndərildi ki, biri də mən idim. Bütün bölgələrdən gələn tələblər arasında haqsız olaraq mənə ikinci yeri verdilər. Birinci yerə layiq görülən gənc isə sonra heç yerdə görünmədi, oxumadı. Mənə qarşı ədalətsiz münasibət o zamandan başlamışdı. Sonra İncəsənət Universitetinin musiqili komediya şöbəsinə daxil oldum. Bu illərdə də müxtəlif festivallarda, müsabiqələrdə, konsertlərdə iştirak edib mükafatlarla təltif olunmuşam. 1986-cı ildə Cabbar Qaryağdıoğlunun 125 illiyi münasibətilə Azərbaycanda ilk dəfə muğam müsabiqəsi keçirildi. Orada Alim Qasımov birinci, mən və başqaları isə ikinci, üçüncü yerə layiq görüldük. Universiteti bitirdikdən sonra mənə burada müəllim kimi çalışmaq təklif olundu, qəbul etdim. 1990-2005-ci illərdə müəllim kimi fəaliyyət göstərdim. Bu illərdə paralel olaraq 4 il Opera və Balet Teatrında işlədim. "Leyli və Məcnun" operasında Məcnun rolunda çıxış edirdim. Leylini oynayan Qəndab Quliyeva və Gülyaz Məmmədova ilə bir səhnəni bölüşdük. Son 15 ilimi isə qəriblikdə, Almaniyada yaşamalı oldum.

 
"Yaxşı səs, xoş tələffüz Allahın verdiyi nemətdir"

 
Atam Aşıq Abdulla o bölgələrdə Aşıq Qurban, Aşıq Pəri, Aşıq Humaydan sonra sonuncu ən güclü aşıq olub. Həm də Qazanzəmi kənd klubunun müdiri idi. Uşaqlıqda atamla birgə el şənliklərində, toylarda iştirak etmişəm. Erməni toylarında da çıxış edərdik. Ermənilər bizim muğamları, xalq mahnılarını çox sevərdilər. Xüsusən mənim uşaq yaşımda belə yüksək səslə ifa etməyim onları heyrətləndirirdi. Erməni toyları ilə bizim toylar arasında çox fərqlər vardı.


Erməni toylarında bəzən gizlində, pıçıltı ilə söhbətləşənlərin də şahidi olurdum. İndi başa düşürəm ki, onların hər zaman bizə qarşı bir planları olub, ancaq biz bunu ya hiss etməmişik, ya da fikir verməmişik. Son hadisələrdə o pıçıltıların nəticəsi oldu.


Ömrüm boyu apardığım müşahidələr bunu deməyə əsas verir ki, ermənilərdə heç vaxt muğam oxumaq üçün səs olmayıb. Səbəbini öz təxminlərimlə izah edə bilərəm ki, bu, danışıq dili ilə bağlı məsələdir. Allah onlara elə bir dil verib ki, o dillə muğam oxumaq uzlaşmır. Bizim dilimiz zərifdir, ahənglidir, şeir, musiqi dilidir. Bu yaxınlarda Rəşad Məcidin efirdə dediyi ilə mən də razıyam ki, oxumaq üçün yaxşı səs, xoş tələffüz Allah tərəfindən millətlərə verilən nemətdir, ermənilərə bundan pay düşməyib.


"Azərbaycanda xalqın sevib dəyərləndirdiyi sənətkar olmuşam"

 
Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, Azərbaycanda yaşadığım müddətdə xalqın sevib dəyərləndirdiyi sənətkar olmuşam. Bu, mənim sənətimin yüksəkliyinin sayəsində olub. 20 illik yaradıcılıq fəaliyyətim nəticəsində xalq sevgisinə nail olmuşam. Dünya ölkələrində milli musiqimizi təbliğ etməyim Azərbaycan mətbuatında, televiziyada geniş işıqlandırılırdı. Fransada konsertlərin birində oranın məşhur qəzetlərindən birinin əməkdaşı və tanınmış musiqişünası məndən müsahibə götürdülər, muğamlarımız, ifa etdiyim qəzəllərin məzmunu haqqında məlumatlar verdim. Geniş məqalə dərc olunmuşdu. Məqalədə yazılmışdı: "Zahid Quliyev fantastik sənətkardır. Onun səsi əlçatmaz bir səsdir. Muğam dünya musiqisinin mənbəyidir. Bütün dünya musiqisi muğamdan bəhrələnir".


Fransada görkəmli bir rejissor tərəfindən çəkilən "Dünyanın səsi" filmində muğamlardan şöbələr ifa etdim. O film bu günə kimi arxivimdədir, Azərbaycanda nə vaxt yayımlanacağını gözləyir. Sonrakı illərdə Mərakeşdə, 700 il əvvəl yaşamış İbn Batuta adlı bir səyyahın keşməkeşli həyatını səhnələşdirmək üçün fransız rejissor Fransuaza Qründ tərəfindən bir ssenari hazırlanmışdı. Ssenarinin bir yerində səyyah İpək Yolu ilə Azərbaycandan keçir. Burda muğamları dinləyir, Şəkidə ipəkçiliklə maraqlanır. Ssenarinin bu hissəsini səhnədə canlandırmaq üçün rejissorun seçimi ilə biz - "Cabbar Qaryağdıoğlu üçlüyü" olaraq Zahid Quliyev, Möhlət Müslümov və Fəxrəddin Dadaşov 45 gün Rabat şəhərində olduq.


İfa etdiyim muğamlar, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları radionun Qızıl Fondunda qorunmaqdadır. Xarici səfərlərdən əlavə, dövlət tədbirlərində, el şənliklərində, cəbhə bölgələrində və müxtəlif tədbirlərdə daim iştirak etmişəm. Kiçik yaşlarımda olan xidmətləri nəzərə almasaq, 25 illik professional musiqçi kimi sənətimi nümayiş etdirib, milli musiqimizi təbliğ etmişəm. Görəsən, Zahid Quliyev daha nə etməliydiki, bu dediklərimin 10 faizini də etməyən bəzilərinə verilən dəyər, fəxri ad ona da verilsin?! Mənim Azərbaycanı tərk etməyim bucür səbəblərdən baş verdi. Sonralar fəxri ad almağım üçün yenə imkan yarandı, amma onda da mən imtina etdim. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, son 15 ildə milli musiqimizə diqqət olduqca artıb, bu sahədə əsl canlanma yaranıb. Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi və dövlətimizin rəhbərliyinin qayğısı sayəsində bu istiqamətdə mühüm işlər görüldü və hazırda da uğurla davam edir. Muğamlarımız UNESKO tərəfindən qorunan Mədəni İrs Siyahısına salındı. "Qarabağ xanəndələri" albomu işıq üzü gördü. Cabbar Qaryağdıoğlundan bu günə kimi yetişən görkəmli muğam ifaçılarının həyatını əks etdirən bu albomda mənim haqqımda da bir səhifənin olması məni çox sevindirdi. Almaniyada yaşamağıma baxmayaraq, mənimdə bu albomda təqdim edilməyimdə rolu olanlara dərin təşəkkürümü bildirirəm.

 
"Burada maddi çətinliyimiz olmasa da, mənəvi baxımdan qəriblik çox ağırdır"

 
Azərbaycandan getmək qərarım barədə deyim ki, bunu xaricdə yaşayan bir neçə dostumla məsləhətləşmişdim. Amerikadan, Kanadadan dostlarım yaşayışım və yaradıcılığım üçün hərtərəfli kömək etməyə hazır olduqlarını bildirdilər. Ancaq Almaniyanı ona görə seçdim ki, Azərbaycana daha yaxın idi. Eyni zamanda, Almaniyanın daha düzgün, səliqəli ölkə olduğunu, bütün qanunların, o cümlədən, sosial qanunların, tibbi sığortanın daha mükəmməl işlədiyini əvvəlcədən öyrənmişdim. Bura ailəlikcə gəldik, 3 aydan sonra bizə ömürlük yaşamaq, işləmək, təhsil almaq icazəsi verməklə bərabər, 5 otaqlı yeni mənzillə təmin etdilər. Bir müddət burada tar və kaman çalan oğlanlarımla birlikdə müxtəlif şəhərlərdə konsertlər verdik, azərbaycanlıların şənliklərində çalıb-oxuduq. Sonra oğlanlarımda başqa sahəyə meyl yarandı, bizneslə məşğul oldular. İndi də ailəlikcə bu sahədə fəaliyyət göstəririk. Amma mən şəxsən muğamlarımızı ifa etməkdəyəm, təklif olunan yerlərə gedirəm, Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələrim var. Onlar tərəfindən tədbirlərə dəvət olunuram. Burada maddi çətinliyimiz olmasa da, mənəvi baxımdan qəribliyin çox ağır olduğunun fərqinə vardıq. 2005-ci ilin soyuq fevral ayında sevimli vətənimdən necə ayrılmağımı yada salanda indi də tüklərim biz-biz olur, bədənim üşüyür. Bu, mənim üçün çox ağır qərar idi. Övladlarım bu mühitə alışsalar da, hər cür şəraitimiz olsa da, mənim ürəyim Azərbaycanla döyünür. Ən çox da Qarabağ nisgili, Cəbrayıl həsrəti üzür məni.


Qürbətdə keçən 15 ilimi mənasız və itirilmiş sayıram. Əgər bu illəri Azərbaycanda yaşasaydım, daha çox işlər görər, daha zəngin irs qoya bilərdim. Planımda var ki, Azərbaycana gəlib muğam və xalq mahnılarını bu yaşımdakı ürəyimlə, ruhumla lentə yazdırım.


2016-cı ildə Azərbaycana gəldim və o vaxtdan ardıcıl olaraq hər il gəlirəm. Bir çox dostlar, millət vəkilləri, dövlət xadimləri və sənətkarlarla görüşmüşəm. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin - indiki Diasporla iş üzrə Dövlət Komitəsinin 17 illik yubileyi münasibətilə təşkil olunan tədbirə, el şənliklərinə xanəndə kimi dəvət edilmişəm.


Ötən 15 il ərzində yeni nəsil dünyaya gəlib. Onlar məni bəlkə tanımazlar və haqları da var. Amma öncəki nəsillərin nümayəndələri, hesab etmirəm ki, məni unudublar. Çünki onlar sənət uğurlarımınəyani şahidi olublar. Digər tərəfdən,hesab edirəm ki, Fonddakı lent yazılarım məni unudulmağa qoymayacaq. Necəki, böyük şair Seyid Əzim Şirvani deyir:


Mövti-cismanı ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm aləmdə səsim var mənim.


"Vətənimiz kimi muğamlarımızı da qorumalıyıq" 


- Muğam Azərbaycanın ən qiymətli mənəvi sərvətlərindən biridir ki, onun qorunmasında, Allah tərəfindən mənə də özümə görə bir missiya verilib. Vətənimizi qoruduğumuz kimi muğamlarımızı da qorumalıyıq. Dövlət tərəfindən bu sahəyə diqqət yüksək olsa da, muğamların tədrisində bəzi problemlər də özünü büruzə verir.


İndi mənim ən böyük arzum Qarabağın işğaldan azad olunması, kəndimizdə ermənilər tərəfindən dağıdılmış ata-anamın məzarını ziyarət etmək, onların baş daşlarını yenidən ucaltmaqdır. Qarabağın işğalı bu millətin sinəsinə çəkilmiş dağdır. Bu 30 ildə Qarabağ həsrətilə çoxları həyatdan getdilər. Qorxuram ki, mən də Qarabağ dərdi, doğma yurd həsrətilə dünyadan köçəm. Ancaq ümidimi ititrməmişəm. Yenə də inanıram ki, xalqımızla dövlətimizin birliyi, ordumuzun qüdrəti və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik.


Bütün xalqımıza əmin-amanlıq, can sağlığı, bu koronavirus bəlasının da tezliklə çəkilib getməsini arzulayıram.


ŞAHANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.