525.Az

"Sosial şəbəkələrdən məcburiyyət üzündən istifadə edirəm" - Müsahibə

SEYMUR XUDİYEV: "ÖZÜMÜ MUSİQİDƏN BAŞQA SAHƏDƏ GÖRƏ BİLMİRƏM"


[06.05.20]
"Sosial şəbəkələrdən məcburiyyət üzündən istifadə edirəm" -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...

Budəfəki müsahibimiz gənc ifaçı Seymur Xudiyev sosial şəbəkələrdən o qədər də razı deyil. Səbəbini izləyicilərinin sayının az olması ilə izah edir. İndiki dövrdə izləyicilərin daha çox bayağı mahnılara üstünlük
verməsindən də gileylidir...


Buyurun oxuyun, görün başqa nə deyir?


"Sosial şəbəkələrdən o qədər də razı deyiləm"

- Sosial şəbəkələrdən məcburiyyət üzündən istifadə edirəm. Daha çox canlı ünsiyyətin tərəfdarıyam. Amma indi internet dövrü olduğu üçün mahnılarımı, videolarımı sosial şəbəkələrdə yayımlayıram. Bu karantin günlərində isə sosial şəbəkələrdən daha çox istifadə etməyə başlamışam.

- Sosial şəbəkələrin imkanlarından razısınızmı?

- İzləyicilərimin sayı az olduğu üçün, sosial şəbəkələrdən o qədər də razı deyiləm. Əvvəllər demək olar ki, hər gün bir çox məkanlarda çıxış edirdim. Ona görə də, sosial şəbəkə üçün video çəkib paylaşmağa zamanım qalmırdı. Karantinə görə bu işlərlə məşğul olmağa daha çox vaxt olur.




"Məqsədim insanlara səviyyəli mahnıları sevdirməkdir"


- Sosial mediada məşhurlaşan "Mey" adlı ifanızdan sonra tanınmağa başladınız.

- Bu mahnı reper dostum Elvin Nasirlə birgə layihəmizdir. Sözlərini Elvin yazdı, mən ifa etdim. Əslində, çox izləyici toplamadı, sadəcə, müəyyən kütlə tərəfindən sevildi. Buna səbəb isə indiki dövrdə izləyicilərin daha çox bayağı mahnılara üstünlük verməsidir. Əfsus ki, bu tip mahnılara qulaq asan insanların sayı da çoxdur və həmin mahnılar trend siyahılarda birinci yerdə olur. Çox adam mənə elə mahnılar ifa etməyi məsləhət görüb. Amma onları heç vaxt dinləməmişəm. Məqsədim insanlara səviyyəli mahnıları sevdirməkdir.


"Ailəm mənə həmişə dəstək olub"


- İxtisasca aktyorsunuz, amma musiqini seçmisiniz. Necə oldu ki, ifaçılığa yönəldiniz?

- Mən uşaqlıqdan musiqi ilə məşğulam. Musiqi məktəbinin opera-vokal sinfini bitirmişəm. Amma opera dinləməyi və ifa etməyi o qədər də sevmirəm. Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini isə həm universal olmaq, həm də aktyorluğu sevdiyim üçün seçmişəm.

- Ailənizdə sizdən başqa musiqiçi varmı?

- Atam nağara və piano ifaçısı olub. Yaşca məndən kiçik bibim qızları var, onlar da musiqiçidirlər.



- Ailəniz incəsənətlə məşğul olmağınıza necə yanaşır?

- Əslində, bu barədə əngəllərlə qarşılaşmamışam. Ailəm mənə həmişə dəstək olub.


"Altı-yeddi dildə ifa etməyi bacarıram"


- Əvvəllər Azərbaycan dilində mahnılar ifa edirdiniz. Son vaxtlar isə daha çox türk mahnılarını ifa etməyə üstünlük verirsiniz. Bunu indiki dinləyicilər tələb edirlər?

- Altı-yeddi dildə mahnı ifa etməyi bacarıram. Amma bir qədər zəmanənin tələbinə uyğunlaşaraq Azərbaycan və Türkiyə türkcəsində olan mahnılara üstünlük verirəm.

- Deyəsən, dəblə ayaqlaşıb duet ortağı da tapmısınız...

- Mənimlə birgə ifalar edən bibim qızıdır. Gələcəkdə musiqi sahəsində onunla başqa planlarımız da var. Həmçinin, Elvin Nasirlə də birgə duetlərimiz olacaq.



"Keyfiyyətli musiqiçidən və musiqidən bəhrələnirəm"

- Musiqi sahəsində kimlərdən bəhrələnib, kimləri dinləyirsiniz?

- Əslində, konkret şəxslər yoxdur. Keyfiyyətli musiqiçidən və musiqidən bəhrələnirəm.

- Mütaliə etməklə aranız necədir?

- Universitet dönəmlərində bacardığım qədər bədii kitab oxumağa çalışmışam. Marağımı çəkmədiyi üçün bir-iki kitabı yarımçıq qoymuşam. İndi də evdən çölə çıxa bilmədiyim üçün rus dilini öyrənirəm. Ümid edirəm ki, təkbaşıma öyrənməyi bacararam.

- Canlı musiqilər ifa edilən məkanlarda çıxış etdiyinizi bilirdim. Karantin müddətində hansı işlərlə məşğul olursunuz?

- Bütün musiqiçilər kimi bu müddətdə mən də işsiz qaldım. Kursda gitara müəllimi kimi də fəaliyyət göstərirdim. Kurslar bağlı olduğu üçün daha onunla da məşğul ola bilmirəm. Hərdən tələbələrim yazır ki, dərslərimiz üçün çox darıxmışıq (gülür).



"Bütün ömrümü musiqiyə həsr edəcəyəm"


- Gələcəklə bağlı hansı planlarınız var?

- Yaxın zamanlarda yeni mahnılarım işıq üzü görəcək. Gələcəkdə bütün ömrümü musiqiyə həsr edəcəyəm, elə indi olduğu kimi. Hər halda incəsənət ruhuma işləyib. Özümü musiqidən başqa sahədə görə bilmirəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.