525.Az

"Mən qanuna tabe olan vətəndaşam, 45 gündür, evdən çıxmıram" - Müsahibə

AKADEMİK TEYMUR KƏRİMLİ: "İNSANDA HƏYA HİSSİ YAXŞI ŞEYDİR, SİNİZMİN GENİŞ YAYILMASI PROQRESS DEYİL, DEQRADASİYADIR"


[03.05.20]
"Mən qanuna tabe olan vətəndaşam, 45 gündür, evdən çıxmıram" - <b style="color:red">Müsahibə </b>

65-i keçənlərin qadağasız məkanı 


Rubrikamızın budəfəki qonağının xüsusi təqdimata ehtiyacı yoxdur: AMEA Əlyazmalar İnstitutunun direktoru, AMEA Humanitar elmlər bölməsinin akademik katibi, ədəbiyyatşünas alim, akademik Teymur Kərimli.


Son zamanlar Feysbukda yaydığı yazıları ilə cəmiyyətə bir sıra önəmli mesajlar verən müsahibəmizlə söhbətimizin əsas mövzusu da elə sosial şəbəkələr idi.
 

***


"Sosial şəbəkədə mənim əsas oylağım Feysbukdur" 


- Teymur müəllim, hansı sosial media platformalarından istifadə edirsiniz?


- Belə bir qeyri-ənənəvi giriş etmək istərdim; hələ sosial şəbəkələr meydana çıxmamışdan mən qəzetləri sadə bir səbəbə görə sevmirdim, çünki onlardan təzə mətbəə rənginin qoxusu gəlirdi və həm də qarası adamın əlinə çıxırdı. Görünür, Ulu Tanrı mənim bu fobiyamı nəzərə alaraq sosial medianı meydana çıxartdı. Əlbəttə, ola bilsin ki, mənim kimi milyonlarla insan var idi və onların da duası müstəcəb oldu. Onu da qəbul edim ki, elektron media resurslarının müxtəlif növləri arasında o qədər də sərbəst gəzişə bilmirəm. Məsələn, saytla platformanı, portalla bloqu bir-birindən ayıra bilmirəm. Ona görə də, bu suala ümumi şəkildə cavab verəcəyəm. Sosial şəbəkədə mənim əsas oylağım Feysbukdur. İnformativ bazamı zənginləşdirmək üçün respublikada nəşr olunan bir sıra məşhur qəzetlərin elektron formasından (məsələn, "Azərbaycan", "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s.), saytlardan ("Qafqazinfo", "Yeni Çağ", "Moderator", "Yeni Müsavat", "Lenta.ru" və s.) mütəmadi istifadə edirəm.


- Nə zamandan Feysbukdan istifadə etməyə başlamısınız?


- Feysbukla təxminən 2000-ci illərin əvvəllərindən dostluq edirəm. Ancaq bu dostluq ilk illərdə o qədər də intensiv olmayıb. Əvvəllər daha çox elektron poçt ünvanımdan yararlanmışam.

 
"Feysbukun "mürşüd"ü Rəşad Məciddir"
 

- Feysbuk istifadəçiləri arasında kimlər sizin maraq dairənizdədir?


- Maraqlı Feysbuk istifadəçiləri çoxdur. Hərəsinin bir üstünlüyü var. Maraqlı paylaşımlar edirlər, nəticədə hərədən bir şey öyrənirsən. Ancaq şəbəkəmizin "mürşüd"ü adlandırdığım bir istifadəçinin adını xüsusi çəkməsəm olmaz. Qoy, lap bunu liberallıq saysınlar. O, bizim hörmətli dostumuz Rəşad Məciddir.


- Gününüzün nə qədərini sosial məkanlarda keçirirsiniz?


- O qədər çox istifadə edirəm ki, etiraf etməyə belə utanıram. Adi iş günlərimdə qulluq vəzifəsinin icrasından artıq qalan bütün zamanımı sosial mediada keçirirəm. Xüsusən, Lenta.ru saytında maraqlı elmi və elmi-kütləvi yazıları oxumağı sevirəm.


- Sosial şəbəkələrdə belə bir müsbət xüsusiyyət də var ki, şəxsən tanıdığımız insanları dostluq göndərməyimiz üçün qarşımıza çıxarır. Heç olub ki, bu məkanlarda uzun müddətdir görmədiyiniz dostlarınızı tapasınız?


- Keçmiş şagird yoldaşlarımı, tələbə yoldaşlarımı, uşaqlıq dostlarımı tapanda çox sevinmişəm. Çoxları ilə indi də Feysbuk vasitəsilə müntəzəm əlaqə saxlayırıq.


"Vaxtilə biz atalarımızı bəyənməmişik, indi də oğullarımız bizi bəyənmir"

 
- Yaşlı nəsil yeni kommunikasiya texnologiyaları ilə nisbətən çətin uyğunlaşır. Sizin bu mövzuda rastlaşdığınız hansısa çətinliklər olub?


- Bilirsiniz, mənim bəxtim gətirib ki, Azərbaycana ilk kompüterlər gətirilərkən lazım olan vaxtda lazım olan yerdə olmuşam və İKT ilə çox erkən uğraşmağa başlamışam. O zaman mən Elmlər Akademiyasının "Elm" nəşriyyatının baş redaktoru idim və vəzifə borcuma uyğun olaraq yeni texnologiyaları yaxından öyrənməyə də məcbur idim. Onu da deyim ki, o zaman indiki kimi qoca deyildim...


- Yəqin gənclərin Feysbukdakı paylaşımları ilə tez-tez qarşılaşırsınız. Yeni nəslin hadisələrə yanaşma tərzinə və fikirlərinə münasibətiniz necədir?


- "İncil"də belə bir ifadə var: "Sezarınkını Sezara verin, Tanrınınkını Tanrıya!" Ta əzəldən dünya belə qurulub ki, nəsillər arasında həm davamlılıq, həm də ziddiyyət olsun. Bəlkə ictimai inkişafın hərəkətverici qüvvəsi də elə bundadır. Çox sevdiyim klassik aşıqlardan Abbas Tufarqanlının belə bir məşhur qoşması var:


Ay ağalar, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz!
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz!


Bu, nəsillərin dialektikasıdır! Türklər demişkən: "Böylə gəlmiş, böylə gedəcək!" Vaxtilə biz atalarımızı bəyənməmişik, indi oğullarımız bizi bəyənmir, sonra nəvələrimiz də oğullarımızı bəyənməyəcək. Beləcə, Günəş nəhəng qırmızı ulduza çevrilənə qədər davam edəcək...

 
"Bəzi kəskin tənqidlərlə də qarşılaşdım, ancaq ruhdan düşmədim"

 
- Sizcə, gənclər sosial şəbəkələrdən lazımi məqsədlər üçün istifadə edirmi?


- Məncə, gənclərin öz mənəvi-estetik tələbləri var, zövqləri də bizdən fərqlənir. Baxmayaraq ki, zövqlər mübahisə obyekti deyil. Ancaq sualın özü çətindir, belə ki, buna dolğun cavab vermək üçün ən azı gənclərin dünyasına girmək lazımdır. Əfsus ki, çoxumuz üçün bu, bir növ qadağa zonasıdır.


- Son zamanlar Feysbuk üzərindən şeirlər və bəzən də təmsillər yazıb paylaşırsınız. Bununla cəmiyyətə nələri çatdırmaq istəyirsiniz?


- Mən bir az qanuna tabe olan vətəndaşam və artıq 45 gündür, evdən çıxmıram. Karantin günlərində bir sıra yarımçıq yazılarıma əl gəzdirdim, arada-sırada Feysbukda bəzi yazılarımı kəşfiyyata göndərdim. Yazılarım "Yenifebeçi" üçün pis qarşılanmadı, hərçənd bəzi kəskin tənqidlərlə də qarşılaşdım, ancaq ruhdan düşmədim. Klassik ədəbiyyat araşdırıcısı olduğumdan həmin zəngin qaynaqdan aldığım humanist ideyaları oxuculara da çatdırmaq istədim. Buna nə dərəcədə nail olduğumu bilmədim, çünki "layklar" ciddi qiymətləndirmə üçün o qədər də yetərli deyil. Bəzən xətirə-hörmətə bəyəndiklərimiz də az olmur.

 
"Feysbukdakı dostlarımın əksəriyyəti qələm əhli olsa da, dilin adi qrammatik normalarını bilmirlər" 


- Teymur müəllim, çox vaxt sosial mediada baş alıb gedən qeyri-etik ifadələrdən şikayətlənirlər. Bəs, siz bir akademik kimi, bu platformalardakı vəziyyət haqqında nə deyə bilərsiniz? Hansı iradlarınız və təklifləriniz var?


- Mən bu xoşagəlməz hallarla daha çox rus saytlarının ayaq kommentlərində qarşılaşıram. Bəlkə də bizim milli mentalitetimiz hələ bu virusun saytlarımıza yol tapmasına imkan vermir. Hər halda, insanda həya hissi yaxşı şeydir və sinizmin geniş yayılması proqress deyil, deqradasiyadır. İnsan nə qədər ədəbli olarsa, sözü o qədər keçərli olar. Söyüş, ədəbsiz ifadələr isə, sahibinin intellektual naqisliyindən və lazımi məntiqi ifadələri bilməməsindən, leksik yoxsulluğundan, ritorika sənətindən bibəhrə olmasından xəbər verir. 


Platformalardakı vəziyyətə gəlincə, humanitar sahənin bir adamı kimi, əsas iradım paylaşımların dili ilə bağlıdır. Qəribədir, dostlarımın əksəriyyəti qələm əhli, yazı-pozu adamı olsa da, dilin adi qrammatik normalarını bilmirlər. Zənnimcə bu, testin fəsadlarıdır. Nə yazıq ki, indi şagirdlər inşa yazmaq əvəzinə testlərlə krossvord həll edirlər. Bu isə istər uşaqların praktik dilinin leksik zənginliyinə, istərsə də yazı savadına mənfi təsir edir.


Bundan başqa, bu günümüzlə, çağdaş həyatımızla bağlı publikasiyalara üstünlük verilməsini istərdim. Bəzən görürsən, istedadlı bir şair vətənşümul, taleyüklü mövzuları bir kənara qoyub, milli mentalitetə o qədər də uyğun gəlməyən fərdi yaşantılarını qələmə alır. Mənəvi dəyərlərimizin təbliğində bunun müəyyən dərəcədə maneə yaratdığını düşünürəm.



Ancaq ümumilikdə götürsək, hər kəsin özünü bacardığı səviyyədə ifadə etməsinin tərəfdarıyam. Məşhur fransız maarifçisi Volter deyirdi ki: "Mən sənin fikrinlə razı olmaya bilərəm, ancaq onun azad səslənməsi üçün başımı belə verməyə hazıram!"


Son nəticədə, şablon səslənsə də, deməliyəm ki, sosial platformalar ümumilikdə vətənimizin və xalqımızın inkişafına xidmət etməlidir və bunun üçün biz də əlimizdən və beynimizdən, ən başlıcası isə, ürəyimizdən gələni etməliyik!


Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.