525.Az

"Ümid edirəm, cəmiyyət bu günlərdə daha səmimidir" - Müsahibə

HƏKİM PƏRİ HƏSƏNOVA: "ÖZÜM ROMANTİKƏM, AMMA MƏNCƏ, YAŞAMAQ REALİST İNSANLAR ÜÇÜN DAHA RAHATDIR"


[02.05.20]
"Ümid edirəm, cəmiyyət bu günlərdə daha səmimidir" - <b style="color:red">Müsahibə </b>

Həmsöhbətimiz Pəri Həsənova ixtisasca həkim olsa da, sosial  şəbəkələrdə daha çox ədəbiyyat, incəsənətlə bağlı paylaşmaları, hadisələrə maraqlı və orijinal yanaşması ilə seçilir. Əslən Laçın rayonundan olan müsahibimlə söhbətə onun sənətindən - həkimlikdən başlasaq da, sonra çox mətləblərə toxunduq.


***


"Tibbi sığortanın tam tətbiqindən sonra insanlar öz sağlamlıqlarına daha ciddi yanaşacaqlar"


- Pəri xanım, bu pandemiya günlərində həkim kimi sizdəmi iş başındasınız?


- Bəli, bütün həkimlər kimi bu günlərdə mən də işləyirəm.


- Həkim kimi gündə neçə nəfərlə ünsiyyətdə olmalı, dərdlərinə çarə tapmalısınız. Bu baxımdan, məncə, həkimlik böyük səbr tələb edən sənətdir. Yorulduğunuz olurmu?


- Mənim çalışdığım sahə ultrasəslə müayinədir və bu sahədə çalışan bütün həkim həmkarlarım kimi, mənim də əsas işim müalicə həkimlərinin xəstələrdəki problemin düzgün diaqnozuna birbaşa istiqamət verməkdir. Bu karantin günlərində minimum sayda xəstə qəbul edirəm. Yorulmaqsa, adətən, çox ağır diaqnozlu xəstələri müayinə edəndə və sadəcə, yoxlanışa gələn bir insanda heç gözlənilməz nəticə ilə rastlaşanda olur.


- Belə bir söz var, azərbaycanlılar həkimə ən son anda müraciət edirlər. Sizcə, bu, nədən qaynaqlanır, həkimə, səhiyyəyə olan inamsızlıqdan, yoxsa sağlamlığa laqeydlikdən?


- İlk səbəb bizim insanların öz sağlamlığına laqeydliyi və təəssüf ki, həm də tibbə inamsızlıqdır. Dəfələrlə olub ki, müayinə etdiyim hansısa pasiyent bir neçə vaxtdan sonra təkrar gəlib, deyib ki, Türkiyənin və ya Almaniyanın filan şəhərində, filan klinikasında müayinə olundum, cavablar sizin müayinənin cavabları ilə uyğun gəldi, ona görə sizə inandım. Belə hallarda sadəcə, gülümsəməyə çalışmışam. Ümid edirəm, tibbi sığorta tam tətbiq olunandan sonra insanlarımız öz sağlamlıqlarına daha ciddi yanaşacaqlar.

 
"XXI əsrin 20-ci ilində də pandemiya mümkünmüş..."

 
- Əlinizdə ultrasəs müayinə aparatına bənzər aparatınız olsa və o aparat ancaq insanların ürəyindəki hissləri, beynindəki fikirləri göstərsə, insanlara baxarsınızmı?


- Tibb sahəsində ən çətin istiqamətlərdən biri psixoloqların, psixiatrların işidir. İnsanın ruh halı ilə işləmək çox çətindir. Elə bir cihazla insanın ruh halı ilə işləməyi bacara bilərdimmi? Bilmirəm. Çətin sualdır.


- Koronavirus, karantin sizin ruh halınıza necə təsir edib?


- Koronavirus Tibb Universitetində təhsil aldığım illərdə qiymət xətrinə oxuduğum Mikrobiologiyadan bəzi məlumatları yenidən təkrarlamağıma və taun, çiçək, yatalaq, vəba kimi epidemiyaların tarixdə qaldığı ilə bağlı düşüncəmin üstündən xətt çəkib, XXI əsrin 20-ci ilində də pandemiya mümkünmüş fikrinə gəlməyimə səbəb oldu.


Karantinin ilk günlərdə işə gedib-gələndə küçələrdə insanların az olması mənə qəribə gəlirdi, amma sonra alışdım. İnsan nələrə alışmır ki? Amma ən çox bulvar gəzintilərim üçün darıxmışam.

 
"Deyəsən, bu günlər həkimlərlə polislərə qarşı aqressiya azalıb"
 

- Sosial şəbəkələrdə fəalsınız. Bu günlərdə insanların sosial şəbəkələrdə hadisələrə göstərdiyi reaksiyaları və onların ruh halı ilə bağlı nə deyə bilərsiniz?


- Sosial şəbəkələrdən əsas Feysbukda aktivəm. Bu şəbəkədə izlədiyim maraqlı insanlar çoxdur - İradə Tuncay, Rəşad Məcid, Şəkər Yusifli, Vasif İsmayıl, Emin Musəvi, Faiq Ağayev, bloqer Davud Məmmədov, jurnalist Əzizə İsmayılova və başqaları. Onların bir çoxu bu günlərdə də pozitiv yazıları ilə seçilirlər. Karantin günlərində məlumatları ən çox Əzizə xanımın paylaşımlarından alıram. Bu günlərdə Azərbaycan, Türkiyə və Almaniyada koronavirusa yoluxmuş insanlar olan klinikalarda çalışan həkim  kolleqalarımın səhifələrini daha çox izləyirəm. İnstaqrama baş çəkəndə isə "İQ səviyyəsi aşağı nə qədər insanlar var" - deyə düşünürəm. Restoran yeyib-içməklərini "filan restorandan onlayn filan xörəyi sifariş elədim"lə əvəzləyənləri, ya da "karantinli günlərdən faydalanaraq filan maskaları istifadə edin" kimi paylaşım edənləri görəndə "bunlar nə yeyib, nə içirlər?" sözlərindən savayı, ağlıma heç nə gəlmir.



- Bu zamanlarda həkimlər, polislər, imkansızlara yardım edən məşhurlar... cəmiyyət tərəfindən qəhrəman kimi qiymətləndirilir. Siz bu fikirlərin səmimiyyətinə inanırsınız?


- Səmimiyyət fərdidir. Ümid edirəm, bu günlərdə cəmiyyət daha səmimidir. Yardım edənlərin hərəkəti alqışalayiqdir. Daima çətin işlərdə olan, amma bir qayda olaraq aqressiv şəkildə günahlandırılan həkimlərlə polislərə qarşı isə deyəsən, bu günlər aqressiya azalıb.


- Feysbukda örtük fotonuzda "Həyat sonraları heç sevməz" deyə bir cümlə var. Sizcə, insanlarda sonraya saxlamaq ehtiyacı nədən yaranır? Sizin şəxsi təcrübənizdə sonraya saxladığınız üçün peşman olduğunuz məqamlar varmı?


- Bizim cəmiyyətdə "sonraya saxlamaqlar" daha çox bəzi mental qadağalarla bağlıdır. Təəssüf ki, mənim də elə peşmanlıqlarım olub... Məşhur türk filmi "İssız adam" filmində deyildiyi kimi: "Həyat gecikənləri bağışlamır".


- Müşahidə edən, yoxsa mütləq reaksiya verib münasibət bildirən insansınız?


- Əvvəllər daha sentimental idim, tez reaksiya verib, münasibət bildirirdim, indi isə daha çox müşahidə edirəm.


- Feysbuk səhifəniz ədəbiyyatın, musiqi və kinonun məcmuəsini xatırladır. Adətən, müxtəlif mövzulardakı fikirlərinizi də onlardan gətirdiyiniz sitatlarla ifadə edirsiniz. İncəsənətlə aranız çox yaxşıdır, deyəsən?


- Buna yəqin ki, ilk növbədə doğulub-böyüdüyüm ailənin təsiri olub. Musiqi dinləmədən yaşamağı anlaya bilmirəm, mənə elə gəlir ki, elə insanlar sanki ruhsuzdurlar. Film seyr etməyi də çox sevirəm. Karantin günlərində də çoxlu filmlər izlədim.


Bədii ədəbiyyatı isə orta məktəb illərində daha çox mütaliə etmişəm. Rəhmətlik dil-ədəbiyyat müəllimim yaratmışdı bu sevgini. Tələbəlik illərində yay tətillərində, indi isə vaxt olanda oxuyuram. İncəsənəti duymaq incə ruhu olanlara xasdır.


- Ədəbiyyatda daha çox poeziyanı sevirsiz, yoxsa nəsri? Kimləri oxuyursunuz?


- Daha çox nəsr əsərlərinə üstünlük verirəm, amma poeziyanı da sevirəm. Məktəb illərində klassiklərimizdən Nizami, Vaqif və Qasım bəy Zakirin yazdıqlarını oxumaq mənə daha rahat gəlirdi. Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nüsrət Kəsəmənli, Ramiz Rövşən və Baba Vəziroğlunun şeirlərini daha tez-tez mütaliə edirəm. Son dörd ildə isə hər doğum günümdə Vahid Əzizin "Mənə yüz il ömür arzulamayın" şeirini mütləq oxuyuram.


Nəsrə gəlincə, yenə də əsas klassikadır. Xarici ədəbiyyatı oxumağa Jül Vernin əsərləri ilə başladım, daha sonra Rəşad Nuri Güntəkin, Orxan Kamal, Viktor Hüqo, Aleksandr Belyayev, Etel Lillian Voyniç, Somerset Moem, Teodor Drayzer, Fyodr Dostoyevski, Erix Mariya Remark, Aleksandr Düma və Xalid Hüseyninin əsərləri ilə davam elədim. Hazırda Aleksandr Dümanın "Vikont de Brajelon və ya on il sonra" əsərini oxuyuram. Azərbaycan ədəbiyyatında isə Axundovdan ta Anara qədər çox yazıçılarımızdan əksər əsərləri oxumuşam. Və oxuduğum bütün əsərlər (istər bizim, istər xarici) içərisində Anarın yazdıqları mənim üçün bir ayrı aləmdir.



- Nədir Anar yaradıcılığının sizin üçün fərqi?


- Anar sırf Azərbaycan reallığını yazıb. Nənəmin tez-tez işlətdiyi "incəvara" sözünü onun əsərində oxuyanda "İlahi, bu yazıçı əsl xalq yazçısıdır" - deyə düşünmüşdüm. Mənim üçün Anar yaradıcılığı təkrarsızdır.


- Bəs ən müasir ədəbiyyatı necə, izləyirsinizmi?


- Müasir ədəbiyyatımızda Rövşən Abdullaoğlu və Elçin Səfərlinin əsərlərindən bəzi parçalar qarşıma çıxır, o parçaları oxuduqca da bəyənirəm, amma təəssüf ki, hələ tam oxuduğum əsərləri olmayıb.


- Özünüz şeir yazırsız?


- Xeyr. Elə bir qabiliyyətim yoxdur.


"İtaliya Avropada görmək istədiyim ən birinci ölkə idi"
 

- Qadınlar, xüsusən incəsənətlə maraqlanan xanımlar bir az da romantik olurlar. Siz necə romantiksiniz, yoxsa realist?


- Təəssüf ki, romantikəm. Amma məncə, yaşamaq realist insanlar üçün daha rahatdır.


- Səyahətlə aranız necədir? Haraları gəzmisiniz?


- Səyahəti sevirəm. Beş ölkədə, 15-ə yaxın şəhərdə olmuşam, ümid edirəm davamı gələr.


- Hansı ölkələrdə olmusunuz?


- Ukrayna, Türkiyə, Rusiya, İtaliya və Gürcüstanda olmuşam. Ukraynaya ilk dəfə 2009-cu ildə getmişəm. Orda xalam yaşadığı üçün gəzməyə gedirəm. Rusiya və Gürcüstana da sırf gəzmək üçün getmişəm. Türkiyədə dəfələrlə olmuşam, amma bu səfərlərin üçü işlə əlaqədar olub. Bir səfərimdə İstanbulda bir ay qalmışdım, çünki kursa getmişdim. İtaliya səfərim isə sırf konfransla bağlı olub. Dörd gün Romada konfransda, sonra elə o səfərin içərisində bir gün Romada, bir günsə Florensiyada gəzintidə olduq. Yaxşı ki də getmişdim. İtaliya Avropada görmək istədiyim ən birinci ölkə idi. Mənə görə tarix İtaliyadan başlayır.


- Heç olduğunuz yerlərlə Azərbaycanı müqayisə etmisinizmi?


- Bəzi şəhərlərin Bakı ilə oxşarlığını görmüşəm. Məsələn, İstanbulun İstiqlal caddəsinin, Moskvanın Arbat küçəsinin Nizami küçəsi ilə, Romanın tarixi dar küçələrinin İçərişəhərin dar küçələri ilə bənzərliyi var. Ən son keçən il Kappadokiyanın Açıq hava muzeyindəki mağaraların Qobustanla oxşarlığını kəşf etmişdim. Amma nə qədər hay-küylü olsaq da, Azərbaycanın qonaqpərvərliyi təkrarsızdır.


"Laçının ən çox bənövşəsi üçün darıxıram"


- Özünüz Laçındansınız. Laçını necə xatırlayırsız?


- Laçından çıxanda 13 yaşım vardı. Dağların qoynundakı yamyaşıl, havası tərtəmiz o balaca şəhər öz küçələri ilə hələ də yadımdadır. Köhnə Sovetski söküləndə Laçının dal küçəsi yadıma düşdü. Bu haqda Feysbukda status da yazmışdım. Həmyerlilərimin çoxu mənə kədər dolu rəylər yazmışdılar. Laçının ən çox bənövşəsi üçün darıxıram. Uşaqlığım kimi o kövrək çiçək də elə Laçında qaldı.


- Ədəbiyyatımızda laçınlı yazarlar da az deyil. Tanıyırsız, oxuyursuz?


- Tanıyıram. İlham Qəhrəmanın, Nazim Əhmədlinin bəzi şeirlərini oxumuşam. Şərif Ağayarın əsərləri haqda məlumatım olsa da, oxumamışam.


- Onların əsərlərində Qarabağı, Laçını axtardığınız olurmu?


- İlham Qəhrəmanın Şuşa ilə Laçının söhbəti şeiri təsirlidir. Amma sanki bir anlıq Laçına qayıtmağımı isə Xalid Hüseyninin "Çərpələng uçuran" əsərində Əmircanın illər sonra Kabilə qayıdışını oxuyanda gözlərim önünə gətirib dəhşətə gəlmişdim. Axı Əmircan da Kabili mənim kimi 13 yaşında tərk eləmişdi. Buna görə də bir neçə vaxt o əsərin və xüsusən, o epizodun təsirindən çıxa bilməmişdim.


MEHRİ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.