525.Az

"Bizim işimizdə təhlükə qaçılmazdır" - Kaskadyor Əli Məmmədov ilə müsahibə

"HOLLİVUDDA İSTİFADƏ OLUNAN KASKADYORLUQ TEXNİKALARINI MƏN ÖZÜM BURDA HAZIRLAYIB TEST EDİRƏM"


[01.05.20]
"Bizim işimizdə təhlükə qaçılmazdır" - <b style="color:red">Kaskadyor Əli Məmmədov ilə müsahibə </b>

Uşaqlıqdan filmlərdə gördüyümüz təhlükəli səhnələrə heyrətlə, bir az da şübhə ilə yanaşdığımı xatırlayıram: Bir binadan digərinə tullanan, motosikleti, maşını yüksək sürətlə və qorxunc manevrlərlə sürən, o dəhşətli döyüşlərdə iştirak edənlər həmin aktyorlar idi, yoxsa kompyuter hiyləsi?

Sonradan öyrəndim ki, heç biri deyilmiş. Bizim qorxuyla izlədiyimiz o səhnələrə çəkilənlər həmin aktyorlar olmasalar da, yenə bizim kimi insanlardır. Adlarına da kaskadyor deyirlər. Çox çətin, ağır, həyatla və ölümlə oyun oynamaq kimi bir şeydir mənə görə kaskadyorluq. Bu sənətin tarixinə nəzər salsaq, iş başında həyatını və ya ən yaxşı halda sağlamlığını itirən kaskadyorlar heç də az deyil. Amma yenə də bu sənətə maraq, həvəs azalmır. Əməkdar incəsənət xadimi, Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Rusiya Kaskadyorlar Assosiasiyasının üzvü Əli Məmmədovun adı kino mühitinin insanları üçün çox tanış və doğmadır.
 
30 ildən artıqdır ki, təkcə Azərbaycan kinosunda deyil, eləcə də dünya kinosunda ən təhlükəli və çətin bir işin icraçısıdır. Özündən əlavə, yetirmələri də bu sahədə çalışırlar. Bu ay qeyd etdiyi 55 illik yubileyini önə çəkib, Əli Məmmədovla sənətindən, fəaliyyətindən, bu sənətin keçmişindən, gələcəyindən söhbət elədik: 

 

- Əli bəy, boks, idman, rəssamlıq, kaskadyorluq... Bunların içərisində rəssamlıq bir az qəribə görünür. Axı digərlərində sərtlik olsa da, bu sənət daha çox incə, yaradıcı ruh tələb edir. Bunlar sizdə necə birləşir?


- Rəssamlıq və kaskadyorluğa həvəs məndə uşaqlıqdan var idi. Əslində, elə bütün sahələrə böyük həvəsim olub. Çalışırdım ki, hər sahəylə maraqlanım və orda nəsə yeniliklər tapım. Rəssamlıq mənim daxilimdir, içimdəki hisslərdir. Rəsm çəkərkən dincəlirəm, özümü yaxşı hiss edirəm. Eyni zamanda, rəssamlığın mənim bu işimdə də böyük köməyi olur. Səhnələri qurarkən artıq onları tam şəkildə görürəm və harda boşluqlar varsa, onları doldururam. Bu qabiliyyətin özü də rəssamlıqdan gəlir. Həmçinin, səhnələrin gözəl alınması üçün də rəssamlıq böyük kömək edir.


- Niyə boksu davam etdirməyib rəssamlığa yönəldiniz?


- Boksla uşaqlıqdan məşğul olurdum. Mənim bir müəllimim vardı, rəhmətlik Kamil müəllim. O, əl işlərimi görəndə həmişə deyərdi ki, sən çalış rəssamlığın arxasıyca get. Doğrusu, onun sözlərindən əlavə, mənim özümün də həvəsim elə bu sahəyə idi. Ancaq hələ zamanı gəlib çatmamışdı. Zamanı gələndə də rəssamlığa üz tutmağa qərar verdim. Əzim Əzimzadə adına rəssamlıq texnikumuna qəbul oldum. Ancaq idmanla da davamlı məşğul olurdum. Onu heç vaxt atmadım.





- Kaskadyorluq böyük risk deməkdir. Riski sevən insansınız, yəqin ki. Həyatda daha hansı risklərə getmisiniz?


- Kaskadyorluq çox riskli sənətdir. Bu, bir elmdir. Mənim də bu elmə hər zaman çox böyük marağım olub. Riski, adrenalini çox sevən insanam, bu mənə rəhmətlik atamdan keçib. Həmişə istəmişəm ondakı o qəhrəmanlığı mən də canlandıra bilim. Həyatımın bir çox dönəmlərində risklər etmişəm. Qarabağ döyüşlərində, filmlərdə və sair risklərə getmişəm. Ümumiyyətlə, fikirləşəndə görürəm ki, hər zaman yaxşı şeylər üçün risk eləmişəm.


- Ən yaddaqalan işiniz hansı olub?


- Bilirsiniz ki, tək Azərbaycan deyil, bütün dünya film sektoruyla əlaqədəyəm. Bu vaxta kimi həm yerli, həm xarici çox filmlərə çəkilmişəm. Bütün filmlərdə bir-birindən fərqli, yeni tryuk səhnələri işləmişəm. Bunların hər biri ayrı-ayrılıqda yaddaqalandır mənimçün. 


- Hansı aktyorun tryukunu əvəz etmək istərdiz? Azərbaycan və dünya sənətçiləri - fərq etmir.


- Bu haqda heç vaxt düşünməmişəm. Heç bu cür şeylərin arzusunda da olmamışam. Hansı filmlər, hansı aktyorlar olmasına baxmadan çalışıram ki, o səhnələri gözəl, layiqincə yerinə yetirim ki, baxdığımda ondan özüm də həzz alım.


30 ildən çoxdur ki, bu işlə peşəkar şəkildə məşğulam. Hər adam quruluşçu kaskadyor ola bilmir. Azərbaycanda yeganə adamam ki, Rusiya Kaskadyorlar Assosiasiyasının üzvüyəm. Onların xüsusi saytlarında tryukların quruluşçu rejissoru kimi qeydiyyatdayam. Dünyanın hər yerindən o sayta girib mənimlə əlaqə saxlaya bilirlər. Yəni kiminləsə işləmək və ya işləməmək kimi bir problemim yoxdur. Əsas odur gördüyümüz işi keyfiyyətli şəkildə həyata keçirək.


- Heç seriallara dəvət almısız?


- Mən daha çox bədii filmlərdə işləmişəm. Gücümü ora sərf eləmişəm. Çünki bədii filmlər bir əsərdir və əsər olaraq da qalır. Seriallar isə müvəqqətidir. Buna baxmayaraq, seriallar da olub ki, işləmişəm. Məsələn, Rusiya kinematoqrafçıları ilə birlikdə 11 seriyalıq "Dronqo", 11-12 seriyalıq "Silah" filmlərində işləmişəm.


- Kaskadyorluqdan əlavə, aktyor kimi rol aldığınız filmlər də olub. Hətta bəzi filmlərdə iki, tryukların quruluşunu da nəzərə alsaq, üç işi görmüsünüz. Çətinlik yaratmırdı?


- Bəli, o cür işlərim var, amma ordakı aktyorluğum qısa olub. Ümumiyyətlə, filmlərdə tryukların quruluşçu rejissorunun çəkilməməyi daha doğrudur. Ola bilər, hansısa səhnədə imzası kimi özünü göstərmək istəyər, ancaq ümumiyyətlə, o, hər zaman filmin rejissoruyla bərabər, monitor arxasından bütün səhnələri izləməli və təhlükəsizliyin qorunması baxımından hər bir şeyə nəzarət eləməlidir. Buna görə də filmdə aktyor kimi çıxış etmək ona mane ola bilər. Tryukların rejissoru öz işiylə məşğul olmalıdır. Mən də əksər zamanlarda məhz bunu edirəm.


- Aktyorun edə bilmədiyini siz edirsiniz. Sizcə, bu, sizin onlardan üstünlüyünüz sayıla bilər?

- Aktyorun əvəzinə hansısa tryuk səhnələrini etməyim ondan üstün olduğum anlamına gəlməz. Aktyorun öz işi, kaskadyorun öz işi var. Film kollektiv əmək olduğu üçün hər kəs çalışmalıdır ki, öz işinin öhdəsindən yaxşı şəkildə gəlsin və nəticədə film gözəl alınsın. Kimsə sırf özü üçün çalışmamalıdır ki, kimdənsə üstün olsun, adı öndə çəkilsin, göz önündə olsun. Mən həyatda da belə şeyləri sevmirəm. Lovğa, özünü bəyənən, başqalarına yuxarıdan aşağı baxan insanları sevmirəm və qəbul etmirəm. Çünki bu xüsusiyyət mənim özümdə də yoxdur. Mən bütün filmlərimdə çalışıram ki, hər bir aktyorun işi gözəl alınsın, biz də filmə baxanda onunla fəxr edək.


- Bu qədər böyük risklərə gedirsiniz, amma tamaşaçı sizi yox, aktyoru tanıyır. Sizcə, sənətinizdə bir az da vəfasızlıq yoxdurmu?





- Biz kaskadyorların işi filmdə aktyorun çətin səhnəsini gözəl icra etməkdir. Bu sahədə bizdə aktyora qarşı elə bir qısqanclıq olmur. Ən azından, məndə olmayıb. Ancaq ümumi şəkildə danışsaq, məncə, kaskadyorların da adı mütləq çəkilməlidir, titrlarda yazılmalıdır. Filmlərin premyerasına, ya da mükafat aldığı zaman mükafatın təqdimetmə mərasiminə mütləq tryukların quruluşçu rejissoru da dəvət edilməlidir. Bu, bizim sənətimizə hörmətdən əlavə, onların da borcudur. Bayaq da dediyimiz kimi, film kollektiv əməyin məhsuludur. Orda hər kəsin zəhməti var və bu zəhmət də qiymətləndirilməlidir.

- Maraqlıdır, ailəniz bu cür çətin və riskli sənətdə olmağınıza necə yanaşır?


- Mən ailə qurarkən yoldaşım qabaqcadan bilirdi ki, kiməm və hansı sənətlə məşğulam. Ailəm mənim bu sənəti çox sevdiyimi, bu sənətlə yaşadığımı, nəfəs aldığımı bilir. Ona görə də heç bir narazılıq yoxdur, olmayıb da.


- İllər öncə verdiyiniz müsahibədə Azərbaycanda kaskadyorluq sənətinin inkişafından gileylənirdiniz. O vaxtdan indiyə nəsə irəliləyiş var, yoxsa vəziyyət eynidir?


- O zamanlarda bəli, kaskadyorlar az idi, inkişaf görünmürdü. Amma indi bizdə bu sənətə maraq daha çoxdur. Gənclərin marağı getdikcə artmaqdadır. Bu illər ərzində mən də bir yerdə dayanmamışam, həvəsli gəncləri cəlb etməyə və kaskadyorların sayını artırmağa çalışmışam. Ömrümün sonuna kimi, bacardığım qədər bu peşəni davam etdirəcəyəm. Bizim əsas problemimiz nədir? Mən Kaskadyorlar Assosiasiyasının sədri olaraq, müvafiq qurumlara çox müraciət etdim ki, bizim üçün baza yaradılsın, təlimləri keçməyimiz, məşqləri daha rahat etməyimiz üçün idman zalları, lazım olan maşınlar, texnika, heyvanlar, atlar təmin edilsin. Amma lazım olan heç bir kömək edilmədiyi üçün indiki vəziyyətdə məşğul olmaq çətindir. Əgər bunlar olsa, bizim üçün də rahat olar. Film çəkilişləri hər zaman olub və olacaq da. Bizdə də bu sahəyə mümkün qədər dəstək var. Ölkə rəhbərliyi də kinematoqrafiyanın inkişafı, yeni filmlərin çəkilişləri üçün büdcədən vəsait ayırıb. Düşünürəm, inşallah, hər şey yaxşıya doğru dəyişər və vaxt gəlib çatar ki, bizə də bu sahədə köməklik edərlər. 


- Bəs bu şəraitdə assosiasiya öz işini necə davam etdirir?


- Baza olmadan davam etdirmək çox çətindir. Biz də məhz buna görə çətinlik çəkirik. Ancaq mən öz gücümə çalışdığım qədər bunu inkişaf etdirir, yerli və xarici filmlərdə çəkilmələri üçün gənclər yetişdirirəm. Onlarla birlikdə bəzi testlər edir, yeni şeylər öyrənirik.


Həvəskarlar həddindən artıq çoxdur. Baza olarsa, onları daha çox inkişaf etdirə bilərəm ki, bacarıqlarını yaxşı tərəfdən istifadə eləsinlər. Məsələn, ola bilər ki, hərbi xidmətə gedər, əsgərlik dövründə vətəni qorumaq, filmlərdə, dövlət tədbirlərində hansısa şou proqramları həyata keçirmək üçün lazım ola bilər və sair.


- Bizdə niyə kaskadyora müraciət etmək istəmirlər, yoxdur deyə, yoxsa əlavə pul çıxmaması üçün? Bu qədər risk tələb edən sənət həm də bahalı olar, yəqin.


- Əslində, dəvət etmək istəyirlər, sadəcə büdcələri çatmır. Bəli, dediyiniz kimi, kaskadyorluq çətin və riskli olduğu üçün onun qiymətində də fərqlər var. Hər bir tryukarların ayrı-ayrılıqda riski olduğu kimi, texnikaların hazırlanması, testləri də var ki, bunların hamısı puldur. Filmlərin büdcəsi nə qədər yüksək olacaqsa, o zaman səviyyəsi yüksək, kaskadyor səhnələri də çox və keyfiyyətli olacaq.


Kaskadyor sarıdan isə problem yoxdur. Texnikanı da özüm həll edirəm. Hollivudda istifadə olunan kaskadyorluq texnikalarını mən özüm burda hazırlayıb test edirəm. Bilirsiniz ki, bunlar hamısı çətin proseslərdir. Çünki büdcə tələb edir. Cihazlar heç də ucuz deyil, bahalıdır. Amma yenə də çalışıram ki, gücüm çatan qədər bu sahəni inkişaf etdirim.


- İş zamanı zədələndiyiniz çox olub? Ən ağır zədəni hansı filmdə almısınız?


- Ən ağır zədəm "Dolu" filmində olub - ayağımdan. O biri zədələrimin hamısı yüngül idi. Düzdür, elələri olub ki, bir aya özümə gəlmişəm (gülür). Ancaq qorxulu olmayıb. Bizim işimizdə təhlükə qaçılmazdır, hər addımbaşı risk var var.


- Hazırda nəylə məşğulsunuz?


- Azərbaycanda 20 Yanvar faciəsi haqqında tammetrajlı bədii film çəkəcəyik. Bu filmin hazırlıqları gedirdi. Amma pandemiya ilə əlaqədar, karantin müddətində işlərimizi saxlamalı olduq. İnşallah, karantin bitdikdən sonra davam edəcəyik. Düzdür, bəzi səhnələri çəkmişik, amma kaskadyor səhnələri hələ ki, qalıb, onları çəkəcəyik. Evdə otursam da, boş dayanmıram. Bu filmin üzərində işləyirəm. İnşallah, keyfiyyətli bir film çəkib təhvil verəcəyik.


- Bu ay ad gününüzü keçirdiniz. Yubiley yaşınız idi. Karantində necə qeyd elədiniz?


- Ad günümdə bəli, evdə idim, xüsusi şəkildə qeyd etmədim. Evdə oturub filmimizdə hansı işləri görəcəyiksə, onların üzərində çalışdım. Sağ olsun, dost-tanış unutmadı, zəng edib, mesaj yazıb təbrik elədilər.


- 55 ildə ən böyük qazancınız nəyi hesab edirsiniz?


- Bu illərdə biliyimi, dünyagörüşümü artırdım, sənət qazandım, xarici ölkələrlə işlədim, filmlər çəkdim, hər gün kaskadyorluğun dərinliklərini öyrənmək üçün öz üzərimdə işlədim və yenə də işləyirəm. Yəqin ki, ömrümüzün sonuna qədər də öyrənəcəyik. Ancaq heyf ki, öyrənməkdən doymağa, ya da hər şeyi tam olaraq öyrənməyə ömrümüz yetməz.


Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.