525.Az

ADMİU-nun rektoru VIII Beynəlxalq Mədəniyyət Forumunda

[20.11.19]
ADMİU-nun rektoru VIII Beynəlxalq Mədəniyyət Forumunda <b style="color:red"></b>

14-16 noyabrda Azərbaycan nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib.

Noyabrın 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Rusiya Federasiyası Mədəniyyət nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət idarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 35000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən forumda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova da daxil olub.

Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış mərasimində çıxış edən Rusiya Federasiyası baş nazirinin müavini Olqa Qolodets bildirib ki, builki tədbir bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqlənir. İştirakçıların sayı 35 min nəfəri ötüb və 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda 350-dən çox tədbir keçiriləcək. Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək Forumun əhəmiyyətindən, şəhərin tarixi-mədəni irsindən söz açıblar. Qeyd olunub ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcək.

Noyabrın 15-də "Lendok" Açıq Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilib.

Sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin, teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.

Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı, "Arşın mal alan" filminin ilk afişasının surətini hədiyyə edib. Sonra kinostudiyada yenilənmiş "Arşın mal alan" filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova Forum çərçivəsində keçirilən tədbirlərdə iştirak etməklə yanaşı, həm də bir sıra mühüm görüşlər keçirib, əməkdaşlıq münasibətləri qurub. Sankt-Peterburq Dövlət Mədəniyyət Universitetinin rektoru professor Aleksandr Sergeyeviç Turqayevlə məhsuldar görüş keçirilib. Görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub və əməkdaşlıq müqaviləsinin yenilənməsi haqqında razılıq əldə edilib. Sonra Ceyran Mahmudova Universitetin tədris korpusları ilə tanış olub.  Bir saatlıq eksursiya ərzində Azərbaycanlı rektora universitetin tədris binaları olan iki tarixi bina haqqında ətraflı məlumat verilib. 

Ceyran Mahmudova "Muzeylər və sərgi layihələri" seksiyası üzrə tədbirlərdə də iştirak edib.

Azərbaycan nümayəndə heyəti, həmçinin, Marinski teatrın Yeni səhnəsində baş tutan rəsmi açılış mərasimində və qala konsertdə iştirak edib. Tədbirdə çıxış edərək qonaqları salamlayan Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev forum iştirakçılarına maraqlı diskussiyalar, unudulmaz təəssüratlar və yeni yaradıcılıq axtarışları üçün güc və ruh yüksəkliyi arzulayıb.

Professor Ceyran Mahmudova 16 noyabrda III Beynəlxalq forum-festivalın bağlanışına həsr olunmuş D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında baş tutan "Caz sərhədləri aşır" adlı qala-konsertdə də iştirak edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.