525.Az

Ağ adamın hədiyyəsi - Aqil Abbas İradə Tuncaydan danışır

[09.11.19]
Ağ adamın hədiyyəsi - <b style="color:red">Aqil Abbas İradə Tuncaydan danışır </b>

Kəlbəcərdən Laçına gedəndə  Gəlin qayasını keçəndən sonra  Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən  bəzən  on metr, bəzən  əlli metr, bəzən bir az da aralı göz yaşı kimi  bulaqlar  qaynayır.

Axırıncı dəfə saymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Yoruldum. Dedim  gələn dəfə  sayaram, gələn dəfə də... İnşallah, bir gün qismət olar, sevinc göz yaşlarımı  o bulaqların  suyu ilə yuyaram. Çox qəribədi ki, orda olmayanları inandıra bilmərəm ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən 1500, 1700 metr  hündürlükdə olan yaylaqda bu bulaqların qaynaması  Tanrının  möcüzəsidi. Yerin təkindən daşları, qayaları, torpağı  oya-oya və saflaşa-saflaşa  qaynayan dupduru, gün işığı tək təmiz bulaqlar.

Əgər o bulaqların gözünə daş qoysan, ağzını bağlasan, mümkün deyil, özünə bir cığır tapıb gedib hardasa qaynayacaq.

İstedad da belədi. Nə qədər basdırmaq istəsən, nə qədər  mane olmaq istəsən, ağzına daş bassan da, mütləq  qaynayıb  çıxacaq. Özü də  elə istedadlılar da Yüzbulaqdakı  pinarlar kimidi.  Hər istedadın yaratdığı  əsərlərin  öz dadı, öz tamı, öz gözəlliyi, öz saflığı, hətta öz duzu var.

Mən bir istedadı vaxtında qiymətləndirə bilməmişəm, hətta mane olmuşam, Tanrı günahımdan keçsin. Problemlər, uşaqlar, kirayə evlər... 

Ağır cehiz mebelini dostlarımla bu kirayə evdən o birisinə - yeddinci mərtəbəyə, ordan endirib başqa bir kirayə evin  dördüncü mərtəbəsinə, ordan daha başqa bir  kirayə evə o qədər daşımışdıq ki, Vaqif Bayatlı bir dəfə dedi:

- Bir-iki dəfə də sənin bu mebellərini daşısaq, hamımız ştanqist  olajıyıx.

Sonra da Qarabağ müharibəsi. Bütün günü çöllərdə, səngərlərdə. Ailənin bütün yükü onun  üzərində.  İki nəfər də ipə-sapa yatmayan ərköyün  oğlan. Bir də elə mən  boyda  problem. Bax, beləcə böyük bir istedadın önünü kəsmişdim.

Amma saf daş suyu kimi olan bu istedad qaynayırdı və bir gün gün  üzünə  çıxmalıydı...

... Naxçıvandakı imkanlı qohumlarından qapılarını döyən çox idi. Amma o, məni seçdi.

Belə bir  şeirim var, qızlara  tövsiyəm budu ki, şairlərə ərə getməsinlər.

Getməyin şairə ərə,
Geyməyiniz şeir,
Yeməyiniz şeir,
İçməyiniz şeir,
Hətta ölməyiniz şeir.
Getməyin  şairə ərə.

O, şairi  seçdi. Özü də  gözünün  önündə dünyanın ən böyük  şairlərindən birinin necə yaşadığını, hansı məhrumiyyətlər içində olduğunu, millətinin dərdindən sağalmaz xəstəliyə tutulduğunu görə-görə şairi seçdi.

Həmin şeirdə bir yer də var:

Ümidini  bağlayıb bir  ümidsizə
Taleyini,
şam eləyib  əritməyə dəyməzmiş.
Lap Allahın özüylə də
bu kirəkeş otaqlarda
gül ömrünü çürütməyə dəyməzmiş.

O da ümidini bir ümidsizə bağlamaqdan çəkinmədi. Düzdü, mən Məmməd Arazın təbirincə desəm, "gələcəyə inam sarıdan  dünyanın ən varlı adamıydım".  O, bahalı  villalarda  yox, mənimlə kirəkeş otaqlarda gül ömrünü  çürütməyi  seçdi.  Mən  də onun  bu alicənablığının əvəzinə  istedadına mane oldum.  Amma, yuxarıda dediyim kimi,  istedad  həmin o Yüzbulaqdakı  bulaqlar kimidi, xeyri yoxdu, bir  gün qaynayacaq.

Ailə, uşaq... bir müddət  işsiz qaldı.  Uşaqlar bir az gimrikləşəndən sonra Az.TV-də  işə davam elədi. Məşhur "Dalğa" proqramının  həm aparıcılarından, həm də redaktorlarından  biri oldu.  Amma uzun  çəkmədi.  Televiziyanın  rəhbərləri hər dəfə dəyişəndə ixtisara  birinci onu  salırdılar. Məmməd  Araza gücü çatmayanlar, Məmməd Arazın  kölgəsində qalanlar heyiflərini onun övladından çıxırdılar.

Hətta bir  dəfə  məsələyə Ulu öndər Heydər Əliyev də qarışdı. Vay dədəm, vay, Az.TV-nin  onu işdən  çıxaran  rəhbəri indi ilan dili çıxarıb yalvarırdı ki, geri qayıtsın. Qayıtmadı. Mən həyatımda belə tərs adam görməmişəm.

Sonra  Etibar Babayev "Space"ə gəldi. Və yenə televiziya. Bir-birinin  ardınca  "Bir içim insan" rubrikası altında altı sənədli film çəkdi. Təəssüf ki, müqəddəs yeddi rəqəmini yaxalaya bilmədi.

Özü də sənədli film ənənələrindən tamamilə kənara  çıxdı.  Çünki onun dünyaya da, ədəbiyyata da, sənətə də, tarixi şəxsiyyətlərə də öz baxışı vardı.

Əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasının  xaricə oxumağa göndərdiyi gəncləri  və onların sonrakı  talelərini, məhv edilmiş talelərini ilk dəfə O, araşdırıb  arxivlərdən çıxartdı. Lentə aldı, filmləndirdi, milyonlara təqdim etdi. "Yüz cavan  oğlan" filmi  belə yarandı. 

Məmməd bəy Cavanşir Batmanqılıncın nəticəsi, alim və ictimai xadim Əhməd bəy Cavanşirin qızı, Mirzə Cəlilin xanımı, Qarabağ camaatının (təkcə Qarabağ camaatınınmı?) güman  yeri  Həmidə xanım Cavanşirin xalqın bilmədiyi xarakterini açan bir film  çəkdi. Həmidə xanımın simasında keşməkeşli həyatı, fədakarlığı, ötən əsrin əvvəllərində  bütün çərçivələri məhv etmiş möhtəşəm bir qadın  obrazı yaratdı. 

Pənah xanın  kötükcəsi, zəmanəsinin  görkəmli ziyalısı, Bayat  bəylər bəyi Kərim bəy Mehmandarovun heç kəsə  məlum  olmayan tarixmizdəki  rolunu  araşdırıb çıxarıb  filmdə əbədiləşdirdi. 

"21 azəri" filmi ilə  Cənubi  Azərbaycanda  yaşadığımız  faciələrin  üstünə  işıq saldı. XX əsrin görkəmli şəxsiyyəti, alimi, dövlət xadimi  Əziz Əliyevin  həmin proseslərdə fəaliyyətini  ortaya qoydu.

Mənə Cəfər Cabbarlının ayağını qoyduğu kandarı öpdürdü. Böyük sənətkarın  arxivlərdə hardasa gizlədilmiş məktublarını  belə tapıb üzə çıxartdı. 

Təbii ki, atasını da  unutmadı. Amma həmin film təkcə atası haqqında deyildi, həm  də qədim Naxçıvan torpağı, Araz çayı  haqqındaydı. Belə demək mümkünsə, Naxçıvan torpağı + sərt iqlimi + Araz çayı =  Məmməd Araz.

O filmlər  "Youtube"də var, izləyə bilərsiniz. Təkcə "Yüz cavan oğlan"dan başqa.  İtib. Çox təəssüf ki,  hələ özümüzdə olan  lent də  iyirmi birinci dəqiqədən sonra xarab oldu.

Televiziya rəhbərlərinin demək olar ki, çoxunda belə bir  qısqanclıq var. Özlərindən əvvəlki rəhbərliyin dövrlərində çəkilən sənədli filmləri və ya verilişləri yenidən tamaşaçılara  çatdırmağı  sevmirlər.  Bəzən də məcbur olub göstərirlər, tarixini silirlər.  Etibar Babayevdən  sonra bir  daha o filmlər  göstərilmədi. Bilmirəm, arxivlərində qalır, yoxsa yox. Bu filmləri, eləcə də başqa yaradıcı insanların çəkdiyi sənədli  filmləri, hazırladığı  verilişləri Etibar Babayev dədəsi şair Adil  Babayevin xətrinə çəkdirməmişdi. Bu millətin, bu dövlətin, bu xalqın xətrinə çəkdirmişdi.

Etibar Babayevdən sonra O da  istefa verdi. Və bir müddət işsiz qaldı. Sonra dedim ki, mənim  həm işim çoxdu, həm də qəzet  məni  yorur, bəlkə qəzeti götürəsən?  Razılaşdı.  Qəzetə də, kabinetimə də bir əl gəzdirdi. Bir qadın səliqəsi, qadın  təmizliyi gətirdi. Ədəbiyyata, incəsənətə daha çox yer verməyə başladı. Hətta mənim yazılarıma da senzura tətbiq etməyə başladı. Mən də əsəbləşib onun nömrədən çıxartdığı yazımın yerini ağ saxlayırdım.

Hələ televiziyada çalışarkən, eləcə də işsiz qalanda ölkədəki  müxtəlif  problemlərə həsr olunmuş məqalələrlə mətbuatda  mütəmadi çıxış edirdi. 

Ölkə  üçün vacib olan  sosial problemlərlə bağlı məqalələrində, ayrı-ayrı görkəmli şəxslərə həsr etdiyi oçerkvari (ona görə oçerkvari yazıram ki,  ənənəvi oçerk janrından çox uzaqdı, ad tapa  bilmədim) yazıların üslubu, dili, hadisələrə və şəxsiyyətlərə münasibəti, baxışı   tam fərqlidi.

Şairlik hamının görmədiyini  görmək, duymadığını duymaq, demək istəyib deyə bilmədiklərini demək, insanlara  inam  və sevgi aşılamaqdır. Onun məqalələri də  elə əslində,  şeir kimidi.

Mən tənqidçi  deyiləm, onun yaradıcılığını təhlil etmək  fikrim də yoxdu.

Bir əmim olub Hacı adında. Müharibədən əvvəl  24-25 yaşında Çində, daha  dəqiq desək, Mancuriyada  mühəndis  işləyirdi.  Şərqi Çin  dəmiryolunu çəkirmişlər. Sonra gəlib Qusarda və Tərtərdə  Su Elektrik  Stansiyalarını  tikib. Bir neçə dil  bilirmiş. 27 yaşında Tərtər SES-i tikəndən sonra könüllü  müharibəyə gedib və itkin düşüb. Əmimin  diplomu, sənədləri, Çindən  atama yazdığı məktubların  bir hissəsi  məndədi. Çox arzulayırdım ki, ondan bir  yazı yazım, heç cür yaza bilmirdim. Bir də gördüm ki, qəzetdə əmim haqqında bir  məqalə  çıxıb: "Uzaq yollardan sizi  öpürəm". İlahi, sanki əmimi məndən  yaxşı  tanıyırmış,  məndən  çox sevirmiş.  Kövrəltdi  məni. Kaş atam Onun əmim haqqında yazdığı məqaləni oxuyaydı. Atamın yanına  gedəndə həmin qəzeti özümlə aparacam. İlahi, nə qədər xoşbəxt olacaq.

Ad günüm ərəfəsində bir də gördüm qəzetdə "A.A. - Ağ adam, Ağrılar adamı"  adlı  bir məqalə yazıb. Məndən yazıb.  Mənim  bilmədiyim Məndən.  Elə nüansları, elə  ağrıları  tutub ki...

- Nə qədər yolumuz qalıb?..

- Ağdamdan Yevlağa qədər, yəni yetmiş beş kilometr.

- Nə qədər yolumuz qalıb?

- Ağdamdan Laçına qədər, yəni yetmiş üç kilometr.

- Həyatda nə qədər yolumuz qalıb? 

- Ağdamdan Ağdama qədər.

Nə olsa mən həmişə  Ağdamla  müqayisə  edərəm. Ağdam mənim  qibləmdi, Məkkəmdi, Kərbəlamdı. O da bunları  elə gözəl tutmuşdu ki,  ağlatdı məni.

Hər dəfə "Yol  romanı"nı oxuyanda kövrəlirəm. Vurğun Əyyubun ölümündən sonra oxuyanda isə ağladım.

O, bu romanda Qarsa Orxan Pamukun gözü ilə yox, öz gözü ilə baxmışdı. Qarsa Orxan Pamukdan fərqli yanaşmışdı.

Məqalələrində o qədər  alt qatlar var ki, hər dəfə təkrar oxuyanda yeni nə isə tapırsan.

Etiraf edim ki, onun qədər  mütaliəli deyiləm. Savadına, dünyagörüşünə, yaddaşına heyrət  edirəm. Dostlarla oturub  nəyisə müzakirə  edəndə  hansısa bir suala cavab tapa  bilməyəndə, "dosta  zəng": sənin  30 saniyə vaxtın var. Praqadakı o məşhur  kilsənin ilk memarı kim olub, cavab dərhal  hazırdı.

Səfərlərdə ekskursiyalarda gidlə  gəzməkdən  zəhləm gedir, hamı  sürü kimi  düşür gidin arxasınca. O, dinləmək   istəyir, mən isə yalvarıram  ki, gəl özümüz gəzək, gidin  danışdıqları   mənim  üçün mənasızdı. Sən də bu  şəhər haqqında, burdakı tarixi abildələr, heykəllər, körpülər haqqında ondan  iki dəfə çox bilirsən.

- Bu kilsədən sağa dönək, burda Kafkanın heykəli olmalıdı...

- İki küçədən sonra bir kafe var, gedək orda kofe içək.  Vaxtilə  Nazim Hikmət orda  kofe içib...

- Bax, hər daşı  bir zərgər  işi olan bu  kilsəni beş yüz ilə  tikiblər...

O, mənim elə həyatda da gidimdi, yol göstərənimdi.

Zövqümüzdə fərqliliklər var. Mən Qədir Rüstəmovu sevirəm, Rəmişi sevirəm, Akif İslamzadəni sevirəm, O isə Qədiri, Akifi sevir, Rəmişi sevmir. Mən deyirəm Füzuli, O deyir Nəsimi.  Mən futbol xəstəsiyəm, O yox. Amma məcbur edirəm ki, axıradək oturub mənimlə futbola baxsın. Amma  Bəşir Səfəroğlu demiş, deyəsən, son zamanlar  azarlayıb. Birdən  mənlə bir yerdə çığırır: "Ə, ver də topu, axşam evinizə aparacaqsan?!" Hələ futbolla bağlı statuslar da yazır.

Naxçıvandayıq. Qohumunun, o qohumunun ki  vaxtilə ona  çox elçi düşüb, çayın qırağında gözəl bir restoranı var. Eşidib ki,  buralardayıq, restorana dəvət edib. Deyib-gülürük.

- Bax, bu  qohumuna ərə getsəydin, kənddə yaşayırdın,  restoranı da sənin  adına  keçirmişdi ki, Məmməd Arazın xətrinə,  polis, vergi onu incitməsin.

O isə deyir:

- Ona  ərə getsəydim, indi Bakıda yaşayırdı, özü də  deputatıydı.

Bir rus filmində rəfiqəsi generalın  arvadına deyir ki, sənin nə dərdin, ərin generaldı. Qadın da cavab veir ki, mən ona ərə gedəndə leytenantıydı.

Ona da deyəndə ərin deputatdı. Deyir, mən onu seçəndə "Elm və həyat" jurnalında 110 manat maaşa qulluq edən müxbir idi.

Mənim  atamın  anası Pənah xanın  nəslindən Paşa bəy Cavanşirin qızıdı. Anaları  seyid olanlara  cümə günü  seyidlik  düşən kimi mənə də  həftədə bir  dəfə bəylik düşür. Qəribə bir  xasiyyətim var, bir daraq  gəzdirmərəm,  bir də  səhər cibimə qoyulan dəsmalı günortadan sonra ayaqqabımı silib  ataram.

Hərdən  forslanıb  deyəndə ki, mən  xan  nəvəsiyəm, gülür:

- Burnunu silməyindən bilinir.

Yəqin ki, anladınız söhbət kimdən gedir: heç vaxt atasının  adının  arxasında gizlənməyən, atasının kölgəsinə sığınmayan, müstəqilliyini heç kimə və heç nəyə qurban verməyən, atası kimi bu millətin sevdalısı İRADƏ TUNCAYdan!

İstədiyim  kimi  yaza bilmədim, yəqin  heç  xoşuna da gəlməyəcək .

9 noyabr  onun  ad günüdü. Bu yazı da, bu yazının  çap olunduğu  kitab da  Onun  ad gününə  hədiyyəm, sürprizimdi.  Nə yazdığım məqalədən xəbəri vardı, nə də çıxacaq yeni kitabından.

Bundan əvvəl  üç kitabı işıq üzü görüb: "Sarı odalar", "Yol romanı", "Müşfiq insanlar ölkəsi". "Yol romanı" professor Seyfəddin Altaylı tərəfindən türkcəyə uyğunlaşıb Avrasiya  Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu tərəfindən də Ankarada böyük tirajla çap olunub.

Naşir Şahbaz Xuduoğluna da  bu kitabı

oxuculara çatdırdığına görə  təşəkkür edirəm.

Xanımına ad günü hədiyyəsi elədi:

A.A. - AĞ ADAM, AĞRILAR ADAMI

Aqil ABBAS

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.