525.Az

Milli Kitabxanada BDU-nun 100 illiyi qeyd olunub

[08.11.19]
Milli Kitabxanada BDU-nun 100 illiyi qeyd olunub<b style="color:red"></b>

Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Azərbaycan xalqının milli sərvəti "Bakı Dövlət Universitetinin 100 illik yubileyi"nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim-tələbə heyətini ürəkdən təbrik edib. O, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev universitetin kollektivini təbrik edərək bildirib ki, Xalq Cümhuriyyətinin yadigarı olan BDU 100 il ərzində keşməkeşli yol keçib. Dövlətçiliyimizin inkişafında, milli kadrlarımızın yetişdirilməsində, Azərbaycan dilinin inkişafinda mühüm rol oynayıb. Vurğulayıb ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə Ümummilli lider Heydər Əliyev "Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı" adlandırıb.

BDU-nun fəxri professoru, tarix elmləri doktoru, Əməkdar elm xadimi Abuzər Xələfov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinin, elminin yolunu işıqlandırdığını, qüdrətli elm ocağına çevrildiyini, öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə beynəlxalq nüfuz qazandığını söyləyib.

Professor Abuzər Xələfov bildirib ki, Ümummilli lider Heydər Əliyevin universitetdə təhsil aldığı illərdə və respublikaya rəhbərlik etdiyi dövrdə universitetlə əlaqələri Bakı Dövlət Universitetinin şanlı tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib ki, Prezident İlham Əliyev tərəfindən "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalanıb və beynəlxalq səviyyədə, o cümlədən, Parisdə UNESCO-nun baş qərargahında da böyük təntənə ilə qeyd edilib. Ölkənin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin elmin müxtəlif sahələrinin inkişafında, vətənpərvər, dövlətçiliyə sadiq ziyalıların yetişməsində mühüm xidmətləri olduğunu söyləyən Elçin Babayev Ümummilli lideri Heydər Əliyevin Bakı Dövlət Universitenin inkişafında, təşəküllündə, formalaşmasında misilsiz xidmətləri olduğunu xüsusi vurğulayıb.

Daha sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı, yazıçı, millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor Hüseynbala Mirələmov, professor Cahangir Məmmədli çıxış edərək Azərbaycan elminin, təhsilinin inkişafında, milli kadr potensialının yetişdirilməsində Bakı Dövlət Universitetinin misilsiz xidmətlərindən söhbət açıblar.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.