525.Az

İlahiyyat İnstitutunun rektoru Moskvada elmi konfranslarda

[08.11.19]
İlahiyyat İnstitutunun rektoru Moskvada elmi konfranslarda <b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Moskva şəhəri Rusiya Milli Nüvə Tədqiqatları Universitetində keçirilən "Elm və təhsil məkanında ilahiyyat: din, mədəniyyət və maarif" mövzusunda Üçüncü Beynəlxalq Elmi Konfransda iştirak edib. Konfransda Rusiyanın dini təhsil müəssisələrinin rəhbər və alimləri iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov konfransda "Müasir dövrdə Azərbaycanda din təhsili" mövzusunda məruzə ilə çıxış edib. Rektor diqqətə çatdırıb ki, din təhsili hər bir ölkə üçün vacib məsələlərdən biridir. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaradılması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir. C.Məmmədov bildirib ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, milli-mənəvi və dini dəyərlərin yenidən öz əvvəlki mövqeyini bərpa etməsi üçün bir çox addımlar atılıb. Rektor vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bunu əyani olaraq sübut edir.

Daha sonra Aİİ rəhbəri Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsi Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. O, ali təhsil müəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, həmçinin, əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanır. Rektor gənclərin milli-mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsinin həlledici əhəmiyyətə malik olduğunu qeyd edib.

Konfrans ilahiyyat elminin inkişafı, gənc nəslin milli-mənəvi, əxlaqi və vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sistemində dinlərin öyrənilməsinin əhəmiyyəti baxımından ümum-Rusiya miqyasında mühüm hadisələrdən biridir.

Rusiyaya səfəri çərçivəsində rektoru Ceyhun Məmmədov Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Bolqar İslam Akademiyası və Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdikləri "Müasir təhsil sistemində islamşünaslıq və İslam ilahiyyatı: problemlər və perspektivlər" mövzusunda Beynəlxalq Konfransda iştirak edib. Aİİ rektoru Ceyhun Məmmədov konfransda "Müasir dövrdə Azərbaycanda din təhsili: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində" mövzusunda məruzə edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.

C.Məmmədov beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verildiyini, bu məqsədlə Rusiya, Türkiyə, İndoneziya, Malayziya və Özbəkistan kimi ölkələrin bu sahədə tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu Konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, məqsədimiz İnstitutda təhsil alanların öz sahələrinin peşəkarı olmaqla yanaşı, bütün dinlərə qarşı dözümlü və qərəzsiz olan ilahiyyatçı kadrlar hazırlamaq, milli-mənəvi dəyərləri qorumaqdır.

Səfər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiya Federasiyasının ilk İslam Akademiyası olan Bolqar İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.

Sənədi Aİİ-nin rektoru Ceyhun Məmmədov və Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov imzalayıblar.

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin, ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.

Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Marmara, 29 Mayıs, Kırıkkale universitetləri, Rusiyanın Moskva İslam İnstitutu, Omsk Dövlət Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə əməkdaşlıq protokolları imzalayıb.

Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.