525.Az

Xınalığın Aynurəsi - Müsahibə

[28.10.19]
Xınalığın Aynurəsi - <b style="color:red">Müsahibə </b>

İlk olmaq həmişə çətindir. Fərqi yoxdur, nədə ilksən. İlklər həmişə güclü iradənin, uzun mübarizənin nəticəsində uğur qazanırlar.

Budəfəki qəhrəmanım Quba rayonunun Xınalıq kəndindən universitetə qəbul olan ilk qız - Azərbaycan Dillər Universitetinin tələbəsi Aynurə Qəribovadır. 
 

- Aynurə, necə oldu səndə oxumağa həvəs yarandı?

- Əslində, mən hələ lap uşaqlığımdan oxumaga böyük maraq göstərirdim. Buna baxmayaraq, yaşıdlarımdan fərqli olaraq məktəbə düz beş il gec getmişəm. Buna səbəb ailəmin Xınalıqdaki əksər ailələr kimi təsərrüfat həyatı ilə məşğul olması, ilin yarısını yaylaqda, yarısını qışlaqda keçirməsi idi. Bir tərəfdən də ev işlərini görməli olduğum üçün oxumağa olduqca az zamanım qalırdı. Lakin oxumaq arzum bu çətinliklərdən daha güclü idi. On birinci sinifə başladığım gün qəti şəkildə qərar verdim ki, mütləq ali təhsil almalıyam və alacam.

- Sənə "Edə bilməzsən, qız nədir, oxumaq nədir?" deyən olmurdumu heç?

- O qədər olurdu ki. Amma ailəm hər zaman mənə dəstək olub. Xüsusilə də anam. Anam orta məktəbi yaxşı qiymətlərlə bitirsə də, ali təhsil ala bilməyib. Ona görə də mənim ali təhsil almağım üçün əlindən gələni edib. Anam mənim ən güclü motivasiyam olub.

- Repetitor yanına getmədən hazırlaşmaq sənə çətin olmurdu ki?

- İlk başlarda çətin olurdu. Lakin müəyyən müddətdən sonra öyrəşmişdim. Özümə bir cədvəl tutmuşdum. Dərsləri həmin cədvələ əsasən oxuyurdum. Məsələn, bu gün 50 səhifə tarix oxuyacağam deyirdimsə, gecə saat neçə olur-olsun, o 50 səhifəni oxumadan yatmırdım. Bilirdim ki, o an oxumasam, bütün həyatım boyu bunun peşmançılığını çəkəcəm.

-  Qəbul olduğunu eşidəndə nə hisslər keçirdin?

- Düzü, əvvəlcədən yığdığım balı təxmin edirdim. Lakin tam əmin ola bilmirdim. Bəlkə nəyisə düz köçürməmişəm, ya da nəyisə düzgün yazmamışam deyə nəticələr çıxana qədər ağlımdan nə qədər fikir keçirdi. Nəticələri görəndə sevincimin həddi-hüdudu yox idi. 455 balla Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyinə qəbul olmuşdum. İstədiyim universitet istədiyim ixtisas idi.

- Niyə məhz ingilis dili müəllimliyi?

- Mənim doğulub böyüdüyüm Xınalıq kəndi turistlərin çox ziyarət etdiyi yerlərdəndir. Kəndimizə gələn turistlər məndə bu dilə qarşı böyük maraq yaratmışdı. Yəqin bu, bir gün onların ingiliscə verdiyi suala elə ingiliscə cavab vermək həvəsi ilə bağlı olub.

- İndi dərslərin necə gedir? Gələcəklə bağlı planların nələrdir?

- Hazırda mənim üçün əsas məsələ semestr imtahanlarını verməkdir (gülür). Gələcəklə bağlı planlarım çoxdur. Universiteti bitirdikdən sonra Xınalığa qayıtmaq, orda müəllimə kimi çalışmaq istəyirəm. İnanıram ki, müəllimlərim mənə necə dəstək olublarsa, mən də öz şagirdlərimə o cür dəstək olacam.

- Sonda özün kimi arzularından uzaqda doğulan insanlara nə demək istəyirsən?

- Onlara tək sözüm budur: mübarizə aparın. Çünki həyat mübariz insanları sevir. İstədiyiniz hər nədirsə, əldə etmək üçün bacardığınız hər şeyi edin. Çünki insan bir şeyi bütün varlığı ilə istəyirsə, mütləq ona nail olur.

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.