525.Az

"Ötən ilin dekabrında mühacirətə getmək şansım var idi" - Nərmin Şahmarzadə ilə müsahibə

"HEÇ BİR ÖLKƏYƏ QAÇQIN KİMİ GETMƏK İSTƏMİRƏM"


[23.10.19]
"Ötən ilin dekabrında mühacirətə getmək şansım var idi" - <b style="color:red">Nərmin Şahmarzadə ilə müsahibə </b>

Artıq bir ilə yaxındır onun ətrafında səs-küy səngimək bilmir. Milli qəhrəman Mübariz İbrahimovla bağlı yazdığı statusa görə çoxlarının qınağına, hətta nifrətinə tuş gələn Nərmin Şahmarzadə özünə qarşı ictimai rəydə formalaşan mənfi münasibətə baxmayaraq, sonralar da sosial və ictimai fəaliyyətindən qalmadı.

BDU-nun Psixologiya fakültəsinin tələbəsi olan bu gənc qızın adı son günlərdə qadına şiddətə qarşı keçirilən aksiyada da hallandı.

Aksiyanın təşkilatçılarından və əsas hərəkətverici qüvvələrindən biri olaraq onun bu addımı bəziləri tərəfindən dəstəklənsə də, kifayət qədər insan tərəfindən qınaqla qarşılandı. Kimisi onun fəaliyyətini başqa ölkələrdən sığınacaq almaq niyyəti, kimisi də sadəcə özünü, adını tanıtmaq istəyi kimi dəyərləndirdi.
 
Bütün bu fikirlərin tək obyekti kimi suallarımızı Nərmin Şahmarzadənin özünə yönləndirdik və deyilənlərə münasibətini öyrənmək istədik. Müsahibə təyin olunmuş vaxt ərəfəsində Nərmin Şahmarzadə Milli qəhrəman Mübariz İbrahimovun ünvanına səsləndirdiyi fikirlərlə bağlı ona qarşı açılan məhkəmə prosesində idi. Söhbətə də prosesi başa çatandan sonra başladıq. 

- İşlətdiyiniz bir cümlənin, subyektiv bir fikrin bu həddə qədər gələ biləcəyini düşünürdünüzmü?

- Məsələnin bu qədər böyüyə biləcəyini təxmin etmirdim. İndiyə qədər hansısa bir insanın fikrinin günlərlə ölkə səviyyəsində, ziyalılar tərəfindən, hətta Milli Məclisdə müzakirə edildiyinin şahidi olmamışdım.

- Oktyabrın 20-də "Qadına şiddətə son" aksiyası keçirdiniz. Sizcə, qadına şiddət haradan qaynaqlanır?

- Əlbəttə ki, ailədən. Uşaq hansı travmalarla böyüyürsə, o travmanı fərqli formalarda cəmiyyətə nümayiş etdirir. Ailə institutunun köklü problemləri digər sosial institutlarla bağlıdır. Bu da ümumi sistemin problemi deməkdir. Sistemin doğru işləməsinə isə dövlət maraq göstərməlidir, çünki problemli vətəndaş problemli cəmiyyət deməkdir, problemli cəmiyyət isə demokratik dövlətlər üçün təhlükədir. Bu məsələlərdə səlahiyyətli şəxslər tərəfindən həyəcan, təhlükə zəngləri çalınmalıdır.

- Aksiyadan gözləntiniz nə idi?

- Əsas gözləntimiz İstanbul konvensiyasının qəbul edilməsi idi. Dövlət bu konvensiyanı qəbul etməklə şiddətə qarşı tədbirlər görəcəyinə dair öhdəlik götürmüş olur. Bizim də istəyimiz o idi ki, əlaqədar təşkilatlar qadınlara şiddətə qarşı tədbir görəcəklərinə dair öhdəlik götürsünlər. Bununla yanaşı, polislərə də sözümüzü demək istəyirdik ki, şiddət gördükləri zaman onlara müraciət edən qadınları barışdırıb yola salmasınlar, erkən nikahlarla bağlı məlumat alanda, dərhal lazımi tədbirlər görsünlər. Əsas məqsədimizdən biri də şiddət görən, öldürülən qadınların səslərini cəmiyyətə çatdırmaq, o qadınların arxasında olduğumuzu ifadə etmək idi. Biz küçənin ortasında 20 bıçaq zərbəsi ilə uşaqlarının gözü qabağında qətlə yetirilən Leylanın və onun kimilərinin, oxumaq istəyən, lakin məcburi şəkildə ərə verildiyinə görə intihar edən Gülərin və onun kimilərinin səsini ictimaiyyətə çatdırmağa çalışırdıq.

Biz yürüşdən əvvəl aksiya ilə bağlı məlumatlar verəndə, bu haqda statuslar yazanda xahiş edirdik ki, hücum olunsa da, şiddət göstərilsə də, iştirakçılar tərəfindən qarşılıq verilməsin, bizim mübarizəmiz sivil yolla olmalıdır. Yürüşə qatılan iştirakçılar bu xahişə maksimum əməl etməyə çalışdılar. Lakin, təəssüf ki, şiddətə qarşı aksiyada bizə qarşı şiddət göstərildi - bir xanımın ayağı əzildi, 15 yaşlı gənc iştirakçının saçından dartıldı, bir xanıma qarşı çox ağır söyüş işlədildi. Üzücü mənzərə idi.

- Son zamanlar bilən də, bilməyən də özünü feminist adlandırır. Bəs siz? Ümumiyyətlə, sizcə, feminizm ölkəmizdə doğru təbliğ olunurmu?

- Mən özümü hansısa bir yerdə hansısa "izm"in nümayəndəsi kimi təqdim etdiyimi xatırlamıram. Lakin ətrafımdakılardan feminist olduğumla bağlı çox fikirlər eşitmişəm. Özümlə üz-üzə gələndə içimdə bir feministin olduğunu anlayıram. Ölkəmizdə kifayət qədər saray feministi var. Ona görə saray feministi ki, o kəslər kişilərin qılıncının altından keçərək feministlik edirlər. Feminizm doğru təbliğ edilmir. Efirlərdə "feminizmin Azərbaycandakı siması" kimi təqdim olunan kəslər feminizmin dalğalarının, tələblərinin, şüarlarının nə olduğunu bilmirlərsə və səmimi şəkildə "bilmirəm" əvəzinə  səhv cavab verirlərsə, bu, artıq yanlış təbliğ deməkdir.

Bu yaxınlarda bir xanımın özünə feminist deyən başqa bir xanımı müdafiə edən yazısını görmüşdüm. Xanımı "müxalif feminstlər"dən müdafiə edirdi və bu, gülməli idi. Çünki feminizmin dalğalarına nəzər salsaq, görərik ki, feminizm özü patriarxal dəyərlər aşılayan qanunlara qarşı çıxmaqla onu dəyişmək cəhdlərinin əsasında yaranıb. Tanınmış simalar feminizmin mahiyyətini düzgün qavramayanda bu, ictimai rəydə də yanlış anlaşılır.

- Yaşınız az olsa da, çox bilgilisiniz. Xarakter etibarilə bir insan kimi özünüzü necə ifadə edərdiniz?

- Müsbət qiymətləndirməniz üçün minnətdaram. Bu, çox çətindir. Belə suallara cavab verəndə özümü izdivac proqramlarındakı kimi hiss edirəm (gülür). Ətrafımın dediyinə görə, tərs və inadkaram, bir şeyi istəyirəmsə, ondan asanca əl çəkmirəm və çalışıram ki, fərqli sahələr haqqında müəyyən qədər məlumatlı olum. Buna görə də öz üzərimdə həmişə işləyirəm. Heç kim mənə sevmədiyim bir şeyi elətdirə bilməz.

- Bəs bir qadın kimi necə?

- Məncə, qadın olmağım xüsusi ayrıcalıq deyil. Xüsusi ədalı davranmağa, feminen olmağa çalışmıram. Hətta əks cins mənə nələrisə qadın olduğum üçün güzəştə gedəndə sevmirəm. Lakin qadın olaraq kişiləri çox sevirəm və müşahidələrimə əsasən, bunu cəmiyyət yanlış anlayır. Haqqımda etmədiyim şeylər danışılır, lakin bunlara rəğmən sırf qadın olduğum üçün özümü məhdudlaşdırmıram.

- Məlum statusunuzdan sonra bir anda diqqət mərkəzinə gəldiniz, söz-söhbət obyektinə çevirildiniz. Bəs bütün bu proseslərdə sizi yaralayan hansısa bir məqam oldumu?

- Çox populyar olmasa da, mənim məlum məsələdən əvvəl də sosial fəaliyyətim var idi və çox müsbət qiymətləndirilirdim. Lakin bir anda hər şey dəyişdi. Əslində bu, şüuraltı imtina idi - hər şeydən imtina. Müsbət imicdən, ailəndən, işlərindən imtina etməyi gözə ala bilmək adama güc verir. Nə qədər çox problemlə üzləşiriksə, bir o qədər güclənirik və hər kəs öz gücünə uyğun daş qaldırır. 

Bu məsələdə məni ən çox yaralayan əleyhimə danışmaq üçün öyrədilmiş bir uşağın məhkəmə prosesinə gətirilməsi oldu. O, uşaqdır, başa düşmür. Lakin mən və mənim kimi düşünənlər o uşaqların ölməməsi üçün sülh istəyirik. Uşaqların iyrənc əməllərə alət edilməsi adamı sarsıdır. 

- Jurnalist, yazar kimi fəaliyyətiniz varmı?

- Jurnalist kimi fəaliyyətim olmayıb. Elə yazar kimi də. Jurnallara yazılar yazmışam, 2-3 məqaləm var. Lakin öz adımla yazmadığım hallar daha çox olub. Xüsusilə də son dövrlər. Məni söyən insanlar adım olmadığına görə o yazıları bəh-bəhlə oxuyub paylaşırlar və bu, xoşuma gəlir. Psixoloqlar həm də eksperimentator olurlar, axı (gülür).

- Yazılarnızı niyə saytdan silirlər? Yəni o qədər qorxulu mövzulardan yazırsınız?

- Cəmiyyətin üstünü örtməyə çalışdığı şeyləri ortaya çıxaranda, yaxud məlum məsələ ilə bağlı alternativ fikir bildirəndə qəzəbə tuş gəlir. Məncə, bu həm də sosial imicimin daha qorxuducu olması ilə bağlıdır.

- Son illər aktiv, bilgili, fərqli düşünən gənclərin çoxu başqa ölkələrdə yaşamağı üstün tuturlar. Sizin də belə bir planınız varmı?

- Həmişə demişəm, magistratura və  Phd təhsilimi xaricdə alıb geri qayıdacam. İndi də belə düşünürəm.

- Nərmin xanım, sizin bütün bu fəaliyyətinizi xarici ölkələrin birindən sığınacaq almaq istəyi ilə izah edənlər az deyil. Buna münasibətiniz necədir?

- Bunu çox insandan eşitmişəm. Sosial şəbəkələrdə də yazıblar, açıqlamalarında deyənlər də olub. Hətta heç vaxt gözləmədiyim insanların da belə fikirləri ilə rastlaşmışam və təəccüblənmişəm. Ötən ilin dekabrında mənim mühacirətə getmək şansım var idi. O vaxtı bütün cəmiyyət üzərimə hücumə keçmişdi. Xəbər saytlarında, sosial şəbəkələrdə haqqımda xoşagəlməz yazılar yazılırdı. Ondan əlavə, şərhlərdə iyrənc fikirlər, iddialar ortaya atılırdı. Hətta fiziki şiddətə də məruz qalırdım, bir dəfə üzərimə yanan siqaret də atmışdılar. Əgər getmək istəyim, planım olsaydı, onda gedərdim. O zaman çox sevdiyim insanlar, özümə yaxın hesab etdiyim adamlar vardı ki, mənə "get, burda qalma, səni incidəcəklər" deyirdilər. Amma mən yenə də getmədim. Çünki mən qaçqın kimi getmək istəmirəm. Amma mənə təzyiq göstərən qüvvələr, dolayısı ilə də olsa, bunu istəyirlər. Amma onların bu istəyi baş tutmayacaq. Mən heç bir ölkəyə qaçqın kimi getməyəcəm.

Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.