525.Az

Tahir Aydınoğlu: "Jurnalistikaya olan böyük sevgim məni ömürlük bu sənətə bağladı"

[12.10.19]
Tahir Aydınoğlu: "Jurnalistikaya olan böyük sevgim məni ömürlük bu sənətə bağladı" <b style="color:red"></b>

MƏKTƏBDƏN BAŞLAYAN YOL 

Taleyini həmişəlik jurnalistikaya bağlayan Tahir Aydınoğlu hələ orta məktəb illərindən öz yazıları ilə mətbuatda çıxış etməyə başlayıb: "Orta məktəbdə təhsil alan vaxtlardan "Azərbaycan pioneri" qəzetində müxtəlif mövzularda məqalələrlə çıxış edirdim. Yazılarım hər kəs tərəfindən maraqla oxunurdu. Azərbaycanın müxtəlif bölgələrindən, hətta qonşu Gürcüstandan olan oxucularımdan məktublar alırdım.  Tahir Aydınoğlu imzasını hər kəs tanıyırdı, sevirdi. Jurnalistikaya olan böyük sevgim, istəyim məni ömürlük bu sənətə bağladı". 

YADDAQALAN UNİVERSİTET İLLƏRİ 

“Ya jurnalistika, ya heç nə” deyən T.Aydınoğlu sənədlərini 1977-ci ildə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinə verir və qəbul olunur: "Universitet illərində də fəal, daim axtarışda olan, yazmağa yaratmağa can atan tələbələrdən idim.  1982-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdim.  Universitetdə oxuduğum illərdə ölkənin görkəmli ziyalılarından, sözün əsl mənasında peşəkar müəllimlərdən dərslər aldım, jurnalistikanın sirlərinə yiyələndim. Mənə jurnalistikanı daha da sevdirən müəllimlərim Nurəddin Babayev, Nəsir Əhmədli, Akif Rüstəmov, Qulu Xəlilov, Mahmud Mahmudov, Cahangir Məmmədli, Zeynal Məmmədli olub. Onlar sayəsində jurnalistikanın bütün incəliklərinə bələd oldum, peşəkar jurnalist kimi yetişdim. Dərs aldığım müəllimlər arasında folklorşünas alim Abbas Zamanovun adını xüsusilə çəkmək istərdim. Baxmayaraq ki, bizim zamanımız sovetin qılıncının dalının-qabağının kəsən vaxtı idi, A.Zamanov bizlərə "Əkinçi"nin, "Molla Nəsrəddin"in ideyalarını aşılayırdı. O deyirdi ki, bu mətbuat orqanlarını mənimsəməyən xalqına bağlı jurnalist ola bilməyəcək. Mərhum professorumuz Şirməmməd Hüseynovun da biz jurnalistlərin yetişməsində əməyi böyükdür. Həmin illərdə sovet ideologiyasının açıq-aşkar deyilməyən çatışmazlıqlarını bizə o çatdırıb. Əziz müəllimlərimdən olan tanınmış professor Famil Mehdinin də adını bu mənada mən böyük ehtiramla çəkərdim". 

BÖYÜK HƏYAT MƏKTƏBİ 

Tahir Aydınoğlunun sözlərinə görə, yazı-pozuları orta məktəb və tələbəlik illərindən başlasa da, professional jurnalistikada 1982-ci ildən çalışır: "Universiteti qurtarandan sonra bir, iki ay işsiz qaldım.  Famil Mehdi və universitetdə dekan vəzifəsində çalışan Tofiq Rüstəmovun köməkliyi ilə 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" redaksiyasında işə düzəldim. Beş il burada çalışdım. Görkəmli insanlar, tanınmış şəxsiyyətlərlə müsahib oldum.  Azərbaycanın hər bucağını qarış-qarış gəzib, müxtəlif mövzularda maraqlı reportajlar hazırladım. Tanınmış reportyorlar Qərib Əhmədli, Solmaz Əmirova, Nadir Abdullayevlə çiyin-çiyinə çalışdım. Mən televiziyada böyük həyat məktəbi keçdim". 

YAZILI MƏTBUAT 

T.Aydınoğlu ölkənin baş qəzeti sayılan  "Kommunist", indiki "Xalq qəzeti"nin yaradıcı kollektivini cavan kadrlarla əvəz edəndə Ramiz Əhmədovun  dəvəti ilə 1988-ci ildə qəzetə dəvət olunur: "O zaman qəzetin kollektivini yeniləyib gənclərdən ibarət komanda yığırdılar. Ramiz müəllim gənc reportyor kimi məni də işə dəvət etdi. Mənimlə yanaşı, "Bakı" qəzetindən Qüdrət Piriyev, "Müxbir" jurnalından Elman Qədirov, "Müəllim" qəzetindən Vaqif Səmədov da bu qəzetə dəvət almışdı. Universitetdə təhsil alan vaxt qəzetdə təcrübə keçdiyim üçün, burada hər kəs məni yaxşı tanıyırdı. Əlipənah Bayramov, Hidayət Zeynalov, Kazım Ələkbərov, İlham Rəhimli peşəkar insanlarla işləmək mənim üçün böyük fəxr idi. Yeni işimə böyük həvəslə başladım. Televiziyada olduğu kimi, qəzetdə də çoxsaylı müsahibələrə, araşdırma və yazılara imza atdım. Azərbaycan müstəqillik əldə etdikdən sonra kommunist ideologiyasına bağlı qəzetlər iflas etdi. Baxmayaraq ki, biz qəzetdəki cavanlar xalq hərəkatının ilk günlərindən meydanlarda olduq. Xalqla birlidə meydanlara çıxdıq, haqq səsimizi ucaltdıq. Bacardığımız qədər meydan hadisələrini, Qarabağ həqiqətlərini işıqlandırdıq. Bizim qəzetdə hər zaman milli təmayül, xalqa bağlılıq olub. Sonradan biz bunu rəhbər tutaraq qəzetin adını dəyişib "Xalq qəzeti" qoyduq". 

ÖMRÜN YARISI 

Əməkdar jurnalist deyir ki, artıq 31 ildir ki, o, "Xalq qəzeti"ndə çalışır: "Burada çalışdığım üçün, ümumiyyətlə, jurnalistikanı seçdiyim üçün peşman deyiləm. Əksinə, çox xoşbəxtəm. Jurnalistika arzularıma çatmaqda, fikirlərimi, düşüncələrimi qələmə almaqda mənə yardımçı olub. "Xalq qəzeti"  mənim üçün doğma və əziz yerdi. Ömrümün 31 ili burada keçib.  Qəzetdə qələmə aldığım yazılar sayəsində imzam daha da tanınıb, sevilib.  Bu illər ərzində yüzlərlə dəyərli elm xadimi, mühüm vəzifə sahibi olan insanlarla, ədəbi mühitin tanınmış simaları ilə  həmsöhbət olmuşam. Qəzetdə yaradıcılıq fəaliyyətimi davam etdirmək üçün mənə hər zaman, hər cür şərait yaradılıb.  Bunun nəticəsidir ki, qəzetçilik fəaliyyəti ilə paralel uzun müddət Dövlət Televiziyasında "Kitab köşkü" və "Publisist studiyası" adlı verilişlərə aparıcılıq etmişəm. Teleməkanda ilk dəfə olaraq mənim tərəfimdən "Səhər" proqramında dörd il qəzetlərin xülasəsi tamaşaçılara təqdim olunub. Dörd il ərzində hər gün 10 dəqiqə ərzində qəzetlərdə nəşr olunan məqalələr, yazılar barədə televiziya tamaşaçılarına məlumat vermişəm. Səhər sübh tezdən gələr qəzetləri oxuyar, maraqlı məqalələri, yazıların qeydiyyatını aparardım. Sonra qəzetlərdən xülasəni tamaşaçılara təqdim edərdim. Bu rublika hər kəs tərəfindən böyük maraqla qarşılanırdı. Hətta bəzən mənə deyirdilər ki, artıq sən qəzetlərin nədən yazdığını, hansı məqalələrin çap olunduğunu efirdən dedin, bizim onları oxumağımıza ehtiyac qalmadı".   

KİTAB MÜƏLLİFİ, EKSPERT 

T.Aydınoğlu hazırda qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan Mətbuat Şurası nəzarət-təftiş komissiyasının sədri, Ahıl Jurnalistlər Məclisi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondunun və Dövlət İmtahan Mərkəzinin ekspertidir. Mütəmadi olaraq görüşlərdə, tədbirlərdə, mühüm əhəmiyyyət kəsb edən mövzuların müzakirəsində fəal iştirak edir.  40 ildən artıq jurnalist-publisist fəaliyyəti dövründə müxtəlif mövzulu və janrlı çoxsaylı teleradio sujet, verilişin, 1000-dən çox qəzet-jurnal yazısının, media tarixinə dair ondan artıq kitabın müəllifidir. Prezident İlham Əliyevin liderlik fəaliyyətinin səlnaməsi olan "Böyük siyasətin davamı" çoxcildliyinin 7 cildinin nəşriyyat redaktoru, bir sıra kitabların redaktoru olub. Redaktor müavini kimi Türkiyədə, ABŞ-da, Rusiyada, İranda, Çində, Fransada, Misirdə rəsmi səfərlərdə olub. Böyük həvəslə yeni-yeni yazılar, kitablar üzərində çalışır. 

VARSA YAŞAT, YOXSA YARAT 

T.Aydınoğlunun sözlərinə əsasən, yaxşı redaktor olmaq üçün Azərbaycan dilini yaxşı bilmək və onu cilalamağı bacarmaq lazımdır: "Ələkbər Abbasov, Rafiq Ağayev, Tofiq Rüstəmov, Əşrəf Hacıyev, Şükür Həbibzadə kimi Azərbaycanın peşəkar redaktorları olub. Kənardan asan görünsə də, redaktə işi çox çətin və məsuliyyətli bir işdir. Mən qəzetdə çalışdığım bu illər ərzində anladım ki, xalq yaradıcılığı necə də kamildir.  Xalq dili necə gözəl bir dildir. Redəktə işi bu kamilliyi anlamaqda mənə kömək oldu. Bir dəfə yazı yazırdım. İki səhifəni tamamladıqdan sonra gördüm ki, bu iki səhifə sadəcə söz yığınıdır. Bu iki səhifə yazını varsa yaşat, yoxsa yarat cümləsi ilə əvəz etdim və bundan sonra keçdim mətləbə. Deməli, böyük mətləbləri 1-3 sözlə qısa ifadə etmək mümkündür. Jurnalistika mənə bu anlayışı verdi". 

MÜKAFATLAR SAHİBİ 

T.Aydınoğlunun sözlərinə əsasən, bəzən kimsə mükafat ala bilməyəndə kədərlənir: “Mən isə hər zaman mükafatımı almışam. Orta məktəbdə oxumuşam "əla"mı veriblər, ali məktəbdə oxumuşam qrup nümayəndəsi seçiblər, universiteti fərqlənmə diplomu ilə bitirmişəm. O zaman əlaçı tələbə olduğum üçün partiyaya da keçiriblər. Bu, mənim üçün çox böyük mükafat idi. Partiyalılığım sonradan mənim vəzifə pillələri ilə irəliləməyimə kömək oldu. Dövlət televiziyasında kiçik redaktor kimi işə başladım, 6 aydan sonra redaktor, 1 ildən sonra isə böyük redaktor, yəni şöbə müdiri vəzifəsinə irəli çəkildim. Halbuki bu pilləyə başqaları 10-15 ilə çatırdı. Bunlar da bir mükafat idi ki, mənim zəhmətimi qiymətləndirirdilər. İstədiyim ən böyük mükafat isə sovet dövründə "Qızıl qələm" adlandırılan təltifin davamçısı "Həsən bəy Zərdabi" mükafatı olub. Mən H.Zərdabinin xanımı Hənifə Zərdabinin xatirələrinin əsasında "Əkinçi və Zərdabi" kitabını nəşr elədim. Bu kitabı bəyənən Hacı Hacıyev məni "Həsən bəy Zərdabi" mükafatına da layiq gördü. Bunu həyatımın ən böyük mükafatı hesab edirəm. Azərbaycan jurnalistikasının yaranmasının 130 illiyi ilə bağlı yubiley keçiriləndə də bir qrup jurnalist mükafatlandırıldı ki, onlardan da biri mən oldum. Prezident İlham Əliyevin sərəncamı ilə mənə Əməkdar jurnalist fəxri adı verildi. Elə bilirdim bu mükafatı mən 60 yaşımdan sonra alaram. Ancaq 47 yaşımda buna layiq görüldüm. Jurnalistlər üçün inşa edilən ilk binadan mənzil alanların biri də mən oldum. Bütün bunlar mənim zəhmətimə verilən qiymətdir". 

GERİYƏ BAXANDA 

Ömrünün 40 ildən çoxunu jurnalistikaya adayan T.Aydınoğlu deyir ki, dönüb geriyə baxanda "Bu 60 ildə mən nə etmişəm" sualını verir özünə: "Böyük məktəb keçmişəm,  jurnalistikanın dahilərindən dərs almışam, görkəmli şəxsiyyətlər görmüşəm. Jurnalistikada olduğum bu 40 il ərzində müəyyən işlər görmüşəm və görməkdə də davam edirəm. Ancaq fikrimcə, mənim əsas missiyam bu illər ərzində jurnalist kimi ilmə-ilmə qazandığım təcrübəni, dəyərli bilgiləri gələcək nəslə ötürməkdir. Bu baxımdan hələ çox az iş gördüyümü, hətta ümumiyyətlə görmədiyimi düşünürəm. Bu işə artıq çox ciddi yanaşmağın vaxtıdır, məncə.  Mən jurnalistika sahəsində böyük işlər görən kişilərin yolunu tutdum, işini davam etdirdim. Bu yolun yolçularının sayını artırmaq, peşəkar jurnalistlərin yetişməsinə vəsilə olmaq isə mənim ən əsas vəzifəmdir".

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.