525.Az

"Sevgimizin tərcümeyi-halı" - İmir Məmmədlinin şeirləri

[21.04.19]
"Sevgimizin tərcümeyi-halı" - <b style="color:red">İmir Məmmədlinin şeirləri </b>

EVƏ GƏLƏN VƏ EVDƏN GEDƏN YOL

Kəndin qırağındakı evin dalında
Bir yol var idi,
Qayıdanda - eniş,
Gedəndə - yoxuş.
Evin bacasında işıq yanırdı,
O işıq qoymurdu səhər açınca
Eniş yol dikləşib yoxuşa dönsün.
Səhər həmin eniş yoxuş olurdu axşama qədər.

QƏRİBƏ İSTƏK

Eh, neçə zamandı elə evdəyəm,
Canım çox darıxır,
Ürəyim dəlir.
Bu gün küçələrə baş çəkəcəyəm,
Qənşərimə ilkin çıxan adama
"Salam əleyküm" deməyim gəlir.

MƏHDUDİYYƏT İÇİNDƏ AZADLIQ

Addımlarımı
Yavaşıtmaq, yeyinlətmək
İxtiyarımda olmasa belə,
Əllərimi cibimə qoyub
Fit çala-çala
Gedə bilərəm.

İLK BAHARIN HİYLƏSİ

Bağına zoğallar, əriklər əkib
Cavanlıq çağında aldanmış qarı,
Düşünür, aldada bilməsin təki
Mart asan süyülən bu ağacları...

MİN BİRİNCİ TÖVSİYƏ

Olan alt-üst olur lap bircə anda,
Maraqlı həmişə işin dalıdır.
Yaşamaq istəyən eyni zamanda
Suya və atəşə oxşamalıdır.

TƏHLÜKƏLİ FİKİR

Uçaqda qəflətən peyda olan terrorçu kimi
Bir fikir cücərdi başımda indi.
Ya başqa tərəfə yönəldəcəkdir,
Ya da lap əvvələ qaytaracaqdır
Bu fikir məni.

YATARAQ YATMAMAQ VƏ YA YATMAYARAQ YATMAQ

Dedim, yatırsanmı?
Dedi, yatıram.
Dedim, yatırsansa,
Söhbətimiz necə baş tutur bizim?
Mən elə yatmaram ki, sənin ilə
Danışa bilməyəm, - dedi, - əzizim.

SEVGİMİZİN TƏRCÜMEYİ-HALI

Hər şeyin tərcümeyi-halı var,
O cümlədən məhəbbətin də.
Bizim sevgimiz inişil həyətə
Əkdiyimiz ağaclardan da kiçikdir,
Bildir tavanda pərvazlanan
Qaranquşlardan da.
Bizim eşqimizin tərcümey-halı
İki sözə sığır:
Görüşdük. Sevişdik.

HARDAN TAPDIN

Söylə hardan tapdın gənclik çağımı,
İyirmi yaşımı necə aradın?
İxtiyar sinnimin
Harasına yamayım
Mən indi bunu?

ÇƏKƏNİ QALDI

Samaqon içildi, çəkəni qaldı,
Siqaret kül oldu, çəkəni qaldı.
Tək bircə dərd qalıb öz dərdliyində,
Keçmir ki, deyəsən, çəkəni qaldı.

SON SALAM

Külək sızladırdı könül tarını,
Dayanıb baxırdım boşluğa sarı.
Yola sürtə-sürtə pustallarını
O yandan gəlirdi qos-qoca qarı.

Özü kimi əldən düşmüşdü donu,
Beləcə o qarı gəldi də keçdi.
Sonuncu salamı qalmışdı onun
Salamını mənə verdi də keçdi.

VARİS

Təbiyyət gözəlləşdikcə
İnsanlar özəlləşdirdilər
Yarpaq-yarpaq
Ləpirlərimiz düşən döşləri.

Amma evinizdəki sənsizlik,
Qapı-bacanızdakı səssizlik
Lazım olmadı
Əliarayışlı insanlara.
Yeganə varisiyəm bütün bunların.

YERALTI YOL ƏHVALATI

Ayaqda gələrkən metroda indi
Qızların üzündən işıq içirdim.
Qəflətən bir nəfər pəzəvəng girdi,
Durduğum yerdəcə xeyli kiçildim.

Gördüm, pəzəvəngin zəhmi var, həm də
Qara qanadlartək qaşı çatmadı.
Yol boyu yenidən cəhd eləsəm də,
Ta həmin işığa boyum çatmadı.

ŞƏKİL

Şəklimi çəkdirdim, mat qaldı çəkən,
İlahi, şəkildə yox idim özüm.
Onun üzərinə həkk olunmuşdu
Ən sirli muradım, ən gizlin sözüm.

O sözü heç kəsə deyə bilmərəm,
Dilimə gələndə, bağlanır çənəm.
Əgər biz üz-üzə gəlsək bir kərə,
Xəlvət göstərərəm o şəkli sənə.

UNUT

Unut həftələri,
Ayları unut,
Unut fəsilləri, unut illəri.
Görüşdüyümüz gün var,
Bir də ayrılacağımız
Gün var qabaqda.

***

İnsan adətlərin, ənənələrin
Həm keşikçisidir, həm də dustağı...
Və insan bağlıdır öz amalına,
Fırlanır, dolanır onun başına,
Hörüşdəki heyvan çüyün başına
dolandığıtək...

GÖYLƏRƏ YAZILAN NƏĞMƏ

... Göylərə yazıldı
Quşun cəh-cəhi,
Çatdı Allaha.
Torağay qayıtdı,
Amma nəğməsi
Qayıtmaz daha.

***

Günəşli havanı al günəş deyil,
İnsan yaradır.
Hava nurlu olur, yağmursuz olur
Səmaya dəyəndə eşqin qanadı.
 
GÜNƏŞLİ VƏ KÜLƏKLİ GÜN

Şəfəq sınır qarışqanın
Parıltılı kürəyində...
Niyyət qalır,
Yön dəyişir
Günün tozlu küləyində...

GÜZGÜ VƏ QAFİYƏ PROBLEMİ

Güzgü həm doludu, həm də ki boşdu,
Axşamın çaları güzgüdə xoflu,
Pəncərədən isə baxanda xoşdu...
Tədarük qafiyəm qalıb, qoy deyim:
Bu şeiri İmir Məmmədli qoşdu.
Əlavə qafiyəm olmadı deyə
Təkrarlayıram,
Güzgü həm doludu, həm də ki boşdu...
P.S.
Bu faktda coşqun bir şey olsaydı,
Deyərdim, qəflətən ürəyim coşdu...

EVİMİZ

Atam elə yerdə ev tikmişdi ki,
Üstündən keçirdi günəşin yolu.
Belədə insanın duzu, çörəyi,
Suyu və şərabı işıqlı olur.

Atam elə yerdə ev tikmişdi ki,
Tavanında quşlar yuva salırdı.
Bizim pəncərəmiz gündüz günəşi,
Gecələr hilalı yola salırdı.

Atam elə yerdə ev tikmişdi ki,
Ətrafı qorusun şəfəq qoşunlar,
Qapımızı daim tapa bilsinlər
Qonaqlar, qohumlar, bir də qonşular.

KÖHNƏ EVİMİZİ SATANDA

Biz başqa kəndə köçəndə, atam
Köhnə evimizi qonşuya satdı.
Amma satılmadı evimizin tavanındakı
Qaranquşların şən civiltisi.
Yeni il sevinci, Novruz bayramı
Satılmadı evlə birlikdə.
Taxta döşəməyə illərcə düşən
İllərcə böyüyən ləpirlərimiz
Qaldı evimizi alan qonşuya
Havayı, peşkəş.

QƏRİBİN XƏYALI

Qürbətdə meydanı tam daralanda,
Qəribin yadına ölkəsi düşdü.
Elə bil həmin an körpə uşağın
Üzünə ananın kölgəsi düşdü.

DƏYƏR

Daşı qoyacağın yer bəllidirsə,
Daşımağa dəyər.
Bax, indi rahatca ölə bilərəm,
Deyəndən sonra
Yaşamağa dəyər.

İmir MƏMMƏDLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.