525.Az

Ağrı - İlqar Kamil

[21.04.19]
Ağrı - <b style="color:red">İlqar Kamil </b>

Dəlləkliyi başlarında öyrəndiyim iki uşaqlıq doğmam var, düzü, hələ də fürsət edib heç birindən halallıq ala bilməmişəm.

İndiki kimi yadımdadır, iki qoçun başını bir qazanda qaynadan laçın vaxtlarımdı, sakit durmurdular deyə məcbur, əllərini arxadan stula bağlayıb kəsərdim saçlarını. Ha deyirdim, a bala, mənə güvənin, tərpənməyin, mane olursuz axı..., xeyri yox idi, dinc durmurdular ki durmurdular, mən də çarəni direktiv üsullarda görürdüm. Sənət eşqi belədir də, neyniyim, əsər yaratmalıydım, ya yox!

İkisindən birinin saçına un ələnib, qar ələnib indi, o gün görüşümə gələndə bilmişəm. Elə əlləri də buz kəsirdi, elə gözləri də donmuşdu. Alnındakı qırışların müəllifini soruşdum, boğazını arıtlayıb, sazını köklədi: abi, dedi, həyat məni çox incitdi, zərbə zərbə dalınca gəldi, bu dərdi həll elədim, digəri kəsdi qabağımı, əzabı əzaba caladı Allah, abi, təsəvvür edirsən, çox əzdi məni qurban olduğum! İndi sən de, mən bu zərbələri haqq etmişdim?

Əlimi çiyninə qoyub arın-arxayın dilləndim:

Qardaşım, heykəl də eynən belə düşünür.

Dinmədi və mən yoluma davam elədim: Bax, əzizim, tutalım, heykəltəraş çəkiciylə döyəcləyir üzərində işlədiyi əsəri, vurur, əzir, yonur, kəsir... sonra onunçün göz oyur, qulaq düzəldir, burun artırır və bütün bu məşəqqətli proses zamanı heykəl, əcəba nə düşünür? Yəqin, başının üstündəki bu adamın onunla düşmənçiliyi var, güman edir, çox yəqin deyinir də və hətta bəlkə lənətləyir də müəllifini.

Heykəltəraşsa bütün bunlara rəğmən, sevinc və ləzzətlə öz işindədir. Nədən ki, onun məqsədi incitmək yox, möhtəşəm bir əsər yaratmaqdır və sübh çox yaxın!

Yadındadır, deyirəm, mənə də mane olurduz saçınızı kəsəndə, uşaqkən və mən məcbur, əllərinizi bağlayırdım stula? Yadındadır, yoxsa unutmusan? Qardaşım, sən bu giley-güzarlarınla sadəcə Heykəltəraşının işinə mane olursan, başqa heç nə! Gəl Ona təslim et özünü, lütfən! Bəlli ki, O, səndən möhtəşəm bir əsər yaratmaq istəyir, bu zərbələr, bu ağrılar da qızğın işin nəticəsi! Başını yana əy, deyir?

Əy!

Bir az yuxarı qaldır, deyir?

Qaldır!

Həmkarlıq elə Müəllifinlə, sən daş heykəl deyilsən, axı, əzizim, sən insansan! Qoy yaradılacaq bu möhtəşəm əsərdə sənin də, sənin də payın olsun! Ən gözəli də elə budur.

Halallaşıb ayrılanda qayıdır ki, bəs sən hazırsan? Yəni Memarının işi bitib sənin üzərində?

Qımışıram: şair nə demiş, qardaşım, ölənəcən davam edir doğulmaq (oxu: yonulmaq) prosesi...

İlqar KAMİL

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.