525.Az

"Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı"

AKADEMİK HƏMİD ARASLI ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ELMİ KONFRANSLA YAD EDİLİB


[21.04.19]
"Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı" <b style="color:red"></b>

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda böyük alim akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan "Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı" mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA rəhbərliyi və əməkdaşları, tanınmış alim, professorlar, ictimaiyyət nümayənləri və jurnalistlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının çoxsaylı araşdırmaları ilə ədəbiyyatşünaslığmızın inkişafına dəyərli töhfələr verdiyini deyib. Bildirib ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub. H.Araslı yarıməsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan "Kitabi-Dədə Qorqud"un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb.

İ.Həbibbəyli qeyd edib ki, "Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında" ölkə rəhbərinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən bu böyük şəxsiyyətin 110 illiyi ilə bağlı AMEA-nın müvafiq institutlarında tanınmış elm xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər təşkil olunur, alimin zəngin elmi irsinə bir daha nəzər salınır.

İ.Həbibbəyli alimin elmi-təşkilati fəaliyyətinin AMEA ilə sıx bağlı olduğunu, onun akademiyanın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Əlyazmalar, Ədəbiyyat və Şərqşünaslıq institutlarında çalışdığını diqqətə çatdırıb. Bildirib ki, AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. Görkəmli alimin "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi ədəbiyyat tariximizin dövrləşməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycanda Əlyazmalar Fondunun yaranması Həmid Araslının adı ilə bağlıdır. AMEA-nın Əlyazmalar İnstitutu da məhz həmin fondun bazasında yaradılıb.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı, fədakar elm təşkilatçısı" mövzusunda məruzə ilə çıxış edib. G.Baxşəliyeva ədəbiyyatşünaslığın böyük cəfakeşi H.Araslının Azərbaycan ədəbiyyatının öyrənilməmiş problemlərini tədqiq etdiyini, alimin orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı olduğunu söyləyib. O, böyük alimin özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallara və mənbələrə orijinal yanaşması ilə yeni bir ədəbi məktəbin əsasını qoyduğunu bildirib.

Məruzəçi ədəbiyyat tariximizin sistemləşdirilərək tədqiqata cəlb edilməsində görkəmli alimin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, H.Araslının həm də mətnşünas alim kimi müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. O, 1939-cu ildə "Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib. Görkəmli alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərib, Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini tədqiq edib, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşıb.

G.Baxşəliyeva bildirib ki, H.Araslını və onun əsərlərini keçmiş SSRİ respublikaları ilə yanaşı, Türkiyə, İran, İraq və İordaniyada da gözəl tanıyır və yüksək qiymətləndirirdilər. O, Özbəkistanın Əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki və İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi yüksək adlara layiq görülüb.

Tədbirdə Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, professor Vilayət Cəfərov "Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin inkişafında akademik Həmid Araslı mərhələsi" mövzusunda məruzəsində alimin ərəb dünyası, o cümlədən İraqla bağlı apardığı tədqiqatlardan, elmi və ədəbi əlaqələrin qurulmasındakı rolundan bəhs edib.

İnstitutun türk filologiyası şöbəsinin müdiri, dosent Səriyyə Gündoğdu "Akademik Həmid Araslının Azərbaycan şərqşünaslığının inkişafında rolu" mövzusunda məruzəsində isə alimin Şərq xalqlarının söz sənəti ilə qarşılıqlı əlaqələrini müəyyənləşdirən çoxcəhətli elmi axtarışlar apardığını və bu tədqiqatlarla Azərbaycan şərqşünaslığının inkişafında böyük rol oynadığını qeyd edib.

Məruzələrdən sonra söz çıxışçılara verilib.

Akademik Vasim Məmmədəliyev çıxışında H.Araslını özünün müəllimi kimi yad edib, onun zəhmətkeş bir elm xadimi olduğunu deyib.

Professor Solmaz Rüstəmova-Tohidi H.Araslını bir alim kimi xarakterizə edib, maraqlı faktlardan söz açıb.

Akademik Möhsün Nağısoylu çıxışında deyib ki, H.Araslı şəxsiyyətində əsas cəhətlərdən biri onun vətən, millət və elm təəssübkeşliyidir, o, Azərbaycan ədəbiyyatşünaslığında bir sıra ilklərin müəllifidir.

Sonda Həmid Araslının ailəsinin adından çıxış edən mərhum akademikin qızı, professor Nüşabə Araslı atasının yubileyinin qeyd edilməsilə bağlı verdiyi Sərəncama görə Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyevə, keçirilən konfranslara, tədbirlərə görə AMEA rəhbərliyinə, konfrans iştirakçılarına, məruzəçi və çıxışçılara təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.