525.Az

Milli kimliyimizin simvolu - Azərbaycan bayrağı

MEHMAN İSMAYILOV: “MÜSTƏQİLLİYİMİZİN RƏMZİ, SİMVOLU SAYILAN BAYRAĞIMIZ ÇOX QİYMƏTLİ MİLLİ-MƏNƏVİ DƏYƏRİMİZDİR”


[09.11.18]
Milli kimliyimizin simvolu - <b style="color:red">Azərbaycan bayrağı</b>

Dünən Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan “Milli kimliyimizin simvolu Azərbaycan Bayrağı” mövzusunda konfrans keçirilib.

Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, millət vəkilləri, QHT rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün, bizim hər birimiz üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir: “Xalqımızın ləyaqətli, tükənməz duyğularından biri, heç şübhəsiz, bayraq sevgisidir. Bu sevgi tarix boyunca Azərbaycan xalqının əziz tutduğu müqəddəs duyğu olub, böyük dəyərə çevrilib. Vətənin bütövlüyünü, millətin müstəqilliyini ifadə edən bayraq əsrlər boyu xalqın milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının milli ideologiyası kimi dəyərləndirilib.

Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşının xüsusilə də gənclərin müqəddəs borcudur. Bayrağımız bizim varlığımızı, kimliyimizi əks etdirir. Müstəqilliyimizin rəmzi, simvolu sayılan bayrağımız çox qiymətli milli-mənəvi dəyərimizdir”.

O vurğulayıb ki, türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır.

Milli Məclisin deputatı Azər Badamov deyib ki, bayrağımız yaşından və vəzifəsizdən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmalıdır. Çünki bayraq müstəqilliyimizin simvoludur. O, bayrağımızın tarixin keşməkeşli yollarından keçərək illərin sınağından çıxdığını, müstəqillik uğrunda mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyandığını bildirib. “Bu bayraq hər bir azərbaycanlı üçün müqəddəsdir. Azərbaycanın şanlı bayrağının daim yüksəklərdə dalğalanması üçün ulu öndər Heydər Əliyev yorulmaz fəaliyyət göstərib”, - deyə deputat qeyd edib.

Millət vəkili Şahin İsmayılov bildirib ki, Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu dövlətçilik rəmzlərindən olan Dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.