525.Az

Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı oldu - Fotolar

[13.10.17]
Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı oldu - <b style="color:red">Fotolar </b>

Bu gün Bakıda Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalının açılış mərasimi olub.

Bakı Dövlət Universitetində təşkil olunan tədbirdə giriş nitqi ilə çıxış edən ali məktəbin rektoru Abel Məhərrəmov qeyd edib ki, Türk Dünyası Jurnalistlər Federasiyasının Türk mədəniyyətinin təbliği məqsədiylə təşkil etdiyi Türk Dünyası Sənədli Filmlər Festivalında keçən il 5 ölkə iştirak edirdisə, bu il tədbirin əhatə dairəsi bir qədər də genişlənib, iştirakçı dövlətlərin sayı 6-ya çatıb.

A.Məhərrəmov bildirib ki, festivalın əsas məqsədi türkdilli xalqların, dövlətlərin bir-birini daha dərindən tanıması, qədim adət-ənənələr, milli mənəvi dəyərlərlə yaxından tanış olmasıdır:

“Tədbirin daha bir əhəmiyyəti ondan ibarətdir ki, Türk dünyasının milli mənəvi dəyərləri ilə qlobal müstəvidə digər xalqlar, millətlər də tanış olmaq imkanı əldə edirlər”.

Dünyada 5 mindən artıq millət və xalqın olduğunu deyən rektorun sözlərinə görə, bu millətlərdən təxminən 200-nün dövləti var:

“Məsələn, Azərbaycan 21 etnos var. Rusiyada isə 187 millət var. Hər bir etnosun özünəməxsus milli mədəni dəyərləri, ənənələri var. Həmin millətlər sosial durumlarında asılı olmayaraq öz tarixlərini, mədəniyyətlərini qoruyub saxlamağa çalışırlar. Sevindirici haldır ki, Altay xalqları, türkdilli millətlər də öz tarixini, adət-ənənələrini qoruyub saxlayanlardandır. Festivala təqdim olunan filmlərdə məhz bu adət-ənənələr, qədim mədəniyyətlərlə tanış olmaq imkanı əldə edirik”.

A.Məhərrəmov qeyd edib ki, Türk Dünyası Jurnalistlər Federasiyası xeyli müddətdir fəaliyyət göstərir:
 
“Milli ruh və təəssübkeşlik ilə bu işi apara bilidiklərinə görə, onlara təşəkkür edirəm”.

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir isə çıxışında qeyd edib ki, festivalın əsas qayəsində Türk dünyasını dildə, fikirdə bir etmək amalı dayanır:
 
“Bu məqsədlə ilk olaraq İstanbulda festivalın mükafatlandırma mərasimi keçirilib. Daha sonra Şimalı Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada tədbirlər təşkil olunub. Hazırda isə festivalın Bakı tədbirləri keçirilir. Növbəti ünvan isə Qazaxıstandır. Almatı şəhərində təşkil olunacaq tədbirlədən sonra Qırğızıstanın paytaxtı Bişkekdə festivalda dərəcə əldə edən filmlərin nümayişləri keçiriləcək. Bunun ardınca Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək nümayişlərdən sonra Türkiyədə təşkil olunacaq bağlanış tədbirləri ilə festivala yükun vurulacaq”.

M.Demir bildirib ki, Türk dünyası geniş coğrafiyaya, qədim tarixə sahibdir:

“Biz bütün Türk xalq və millətlərinin qədim adət-ənənələrini, tarixini, mədəniyyətini festival vasitəsilə bu böyük coğrafiyada yaşayan insanlarımıza çatdırmağı əsas hədəf olaraq müəyyənləşdirmişik”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşaviri, tanınmış alim və ədib İrfan Çitçi Türk Dünyası Sənədli Filmlər Festivalının təşkil olunmasında Bakı Dövlət Universitetinin xüsusi rol oynadığını qeyd edib.
 
İ.Çiftçi bildirib ki, başda rektor Abel Məhərrəmov olmaqla Azərbaycanın ilk ali məktəbinin dəstəyi sayasində Türk Dünyası Sənədli Filmlər Festivalının reallaşdığını söyləmək mümkündür:
 
“Bakı Dövlət Universitetinin bu işə dəstək verməsi, ilk addımı atması ilə digər türkdilli dövlətlərin universitetləri də fəaliyyətin arxasında dayanmaq qərarı verdi”.

Abel Məhhərmovun hələ 20 il bundan əvvəldən başlayaraq Türk dünyasına, türkçülük çalışmalarına ən çox dəstək verən siyasi xadimlərdən olduğunu deyən müşavir qeyd edib ki, bu dəstək özünü Türkiyənin Türk dünyasındakı fəaliyyətində də göstərib.

İ.Çiftçi hesab edir ki, ali məktəblərin fəaliyyətə dəstək verməsi gənclərin bu işə cəlb olunması deməkdir:

“Gənclərin içində olmadığı heç bir mədəniyyətin, incəsənətin, ədəbiyyatın və ya siyasətin gələcəyi yoxdur”.

Çıxışlardan sonra Festival Komitəsi tərəfindən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, ali məktəbin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və dekan müavini Sevinc Əliyevaya xüsusi mükafatlara layiq görülüblər.

Öz nöbəsində universitet rəhbərliyi adından türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Daha sonra festivalda 3-cü yerə layiq görülən türkiyəli rejissor Gülşən Sarunun “Sıraç” filmi nümayiş etdirilib.

Qeyd edək ki, sözügedən ekran işində min il bundan əvvəl Orta Asiyadan Anadoluya köç edən Oğuz boylarından Beydili tayfasına adi olan Sıraç türkmənlərindən bəhs olunur. Tokatın Zile rayonunun Karacaörən kəndində həyata keçirilən çəkilişlərdə Sıraç türkmənlərinin gələcək nəsillər üçün qoruyub saxladıqları qədim mədəniyyətləri, adət-ənənələri və inancları toy, yas və doğum mərasimləri ilə izləyicilərə çatdırılır. Eyni zamanda sənədli filmin çəkilişləri Karşıpınar və Almusun Hübyar kəndində aparılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.