525.Az

Türkiyə İraq və Suriyada sabitləşdirici rolunu artırır

[13.10.17]
Türkiyə İraq və Suriyada sabitləşdirici rolunu artırır<b style="color:red"></b>

Ankarada diplomatik media üzvləri ilə vida görüşü keçirən ABŞ-ın Türkiyədəki səfiri Con Bass son açıqlamaları ilə Amerikanın Yaxın və Orta Şərq regionunda yürütdüyü siyasətin bəzi təfərrüatlarına da ip ucu verdi.

Səfir dolayısı ilə “Bölgənin taleyi ABŞ-ın əlindədir, regionda baş verənlər bizim istəyimizlə idarə olunur” mesajını da verdi. ABŞ diplomatının fikirlərindəki ziddiyyətlər regiondakı hadisələri addım-addım izləyən Türkiyə dövlətinin xarici siyasət kursuna düz mütənasib deyil. Regiondakı proseslərə birbaşa aidiyyatı olan, münaqişənin yaşandığı ölkələrlə 100 klimoertlərlə sərhədi olan Türkiyə üçün ətraf dövlətlərin sabitliyi, bütövlüyü və milli inkişafa səbəb olacaq demokratik islahatlar aparmaq səyləri xüsusi əhəmiyyət kəsb edir.

ABŞ səfiri Con Bass üstüörtülü mesaj verərək bölgədəki sabitliyin ABŞ-dan asılı olduğunu vurğulayarkən dolayısı ilə Türkiyəyə işarə edib. Səfir deyib ki, bizimlə əməkdaşlıq sayəsində Türkiyə sərhədləri yaxınlığında və ölkə daxilində terror hərəkətləri dayanıb, 10 aya yaxındır ki, terror aktı baş vermir. Bu bəyanat onu deməyə əsas verir ki, Amerika regionda qanlı münaqişələrin idarə olunmasında və tənzimlənməsində birbaşa fəal oyunçudur, Yaxın və Orta Şərqdə İŞİD-lə yanaşı, fəaliyyətini artıran bir neçə terror qruplarına da təsir edə bilir.

Türkiyənin regionda güclənməsi və son 2 ildə Yaxın və Orta Şərq, Afrika regionunda baş verən konfliktlərə, hərbi münaqişələrə təsir imkanlarınını artması bu ölkəyə qarşı siyasi təxribatların da güclənməsinə səbəb olur. Türkiyənin birbaşa daxili işlərinə qarışmaq, milli təhlükəsizliyinə təhdidlərə səbəb olan hallara rəvac vermək, etnik münaqişə ocaqlarını alovlandırmaq, kürd separatizminə dəstək vermək və regiondakı digər separatçı qrupları bir araya gətirmək son aylarda Qərb ölkələrinin adi siyasi vərdişinə çevrilib. Xüsusilə də, ABŞ və Almaniyanın PKK-nın digər siması sayılan PYD-YPG terrorizminə açıq havadarlıq etməsi, həmin qrupların Türkiyə sərhədləri yaxınlığında terror planları həyata keçirməsinə izn verməsi Ankaraya qarşı qlobal güclərin təzyiqlərini göstərir.

ABŞ-ın hərbi komandanlığının PYD və YPG-yə silah verməsi, Suriyada və İraqdakı kürdləri digər xalqlara qarşı yönləndirməsi aydın şəkildə sezilir. Türkiyənin milli maraqlarına zidd olan bu addımlar rəsmi Vaşinqton tərəfindən hiyləgərcəsinə gizlədilməyə çalışılsa da, guya həmin qüvvələrin İŞİD-ə qarşı silahlandırıldığı əmin edilsə də, kürd silahlılarının ərəb, türkmən və digər xalqlara qarşı nifrət tonu ilə davrandığı, bəzi hallarda İŞİD hədəfləri adı altında adi vətəndaşların yaşayış məntəqələrinə zərbələr endirməsi faktdır. İŞİD artıq son nəfəslərini verir, İraqda bu terror qrupunun demək olar ki, izi qalmayıb, Suriyada isə az bir sahəyə nəzarət edir. İŞİD-dən azad olunan böyük bir əraziyə isə kürd silahlıları nəzarət edir. ABŞ İŞİD-in süqutundan sonra Suriyada yaranacaq boşluğun Türkiyə tərəfindən doldurulmasını istəmir və buna görə də kürdlərə dəstəyini artırır. Həmin silahlıların əksəriyyəti PKK-ya bağlıdır və yaxud müstəqil kürd dövləti ideyasının hərbi güc mənbəyidir. Onların güclənməsi region üçün yeni müharibə və fəlakətlər, dağıdıcılıq vəd edir.

Məsələ ondadır ki, PYD, YPG və PKK-ya bel bağlayan kürdlərin siyasi-iqtisadi strukturları da fəallaşıblar və bölgədə öz hegemonluqlarını diktə etməyə cəhd göstərirlər. Sentyabrın 25-də İraqdakı Kürdüstan muxtariyyətinin regional höküməti tərəfindən müstəqillik referendumunun keçirilməsi də bu ssenarinin tərkib hissəsidir. Məsud Bərzaninin rəhbərliyi ilə İraqın parçalanmasına xidmət edən bu layihənin növbəti mərhələsinin Suriya olacağı istisna deyil. Kürd dövlətinin xəritəsində Türkiyəyə qarşı ərazi iddiaları da açıq-aydın görünür. Demək, bu planın həyata keçirilməsində digər hədəf Türkiyədir və məqsəd rəsmi Ankaranın regionda güc mərkəzinə çevrilməsinin qarşısını almaq, zəiflətməkdir. Əfqanıstan, İraq və Yaxın Şərqdə sülhün bərqərar edilməsində ABŞ və Avropa İttifaqı ilə çiyin-çiyinə addımlayan Türkiyənin güclü tərəfə çevrilməsi və özünün haqlı tələblərini ortaya qoyması bu gün Qərbin istəyinə və maraqlarına uyğun deyil. Ona görə də regionda sülh missiyası adı altında müxtəlif silahlı qrupların rolunun artırılması və entik xalqların bu proseslərə cəlb edilməsi yolu ilə əlavə problemlər yaradılmaqdadır. ABŞ-ın rəsmi şəkildə qəbul etmədiyi və referendumun nəticələrini tanımadığına dair bəyanatına baxmayaraq, kürdlərin müstəqil dövlət qurmaq iradəsinin arxasında bu ölkədəki bəzi qüvvələrin dayandığı da sirr deyil.

ABŞ səfiri Con Bassın təhdid dili ilə “Amerikanın sayəsində Türkiyədə terror olmur” ifadəsi də güclü Türkiyənin qlobal iştirakçı kimi yolunu əngəlləməyə işarədir. Türkiyə hökumətini sözçüsü, Baş nazirin müavini Bəkir Bozdağın dediyi kimi, səfir ABŞ-ın elçisi kimi Vaşinqtonun ismarıclarını, təxribatçı hərəkətlərini nümayiş etdirir: "Onlar anlamalıdırlar ki, Türkiyə bir hüquq dövlətidir. Türkiyə hökuməti və qəbilə dövləti deyil".

Son aylarda ABŞ-ın siyasi təşkilatlarının üzvləri ilə yanaşı, diplomatik korpusunun bəzi əməkdaşları da Türkiyənin dövlətçiliyinə qarşı fəaliyyət göstərən FETO ilə gizli əlaqələrini davam etdirməkdə suçlanır. ABŞ səfirliyindəki yoxlamalar da bunu bir daha təsdiqlədi. Bundan sonra gərginlik artdı və ötən həftə Türkiyə ABŞ konsulluğunun bir əməkdaşını həbs etdi. Bundan sonra Birləşmiş Ştatların səfirliyi türklərə viza verilməsini dayandırıb.

Görünən odur ki, İraqdakı türkmən, ərəb, assuri və digər xalqlar İraqın bütövlüyünü dəstəkləyən Türkiyəni özlərinin yeganə ümid yeri hesab edirlər. Onlar İraq dövlətinin ölkənin bütövlüyü, suverenliyi və milli birliyi uğrunda siyasi iradəsinin yetərli olmadığını bilir və rəsmi Ankaranın bütöv İraq naminə daha qətiyyətli və konkret addımlar atmasına güvənirlər. Eləcə də 36 milyonluq İraq əhalisinin böyük bir hissəsi Türkiyənin mövcud vəziyyətlə bağlı yürütdüyü siyasəti ikiəlli dəstəkləyir və Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində ölkənin milli birliyinin qorunub saxlanmasında israrlıdırlar. Bu amillər Qərbin Türkiyənin regiondakı mövqeyini nəzərə almasını və Ankaranın regional liderlərdən biri kimi tələblərini qəbul etməsini şərtləndirir. Türkiyənin Siyasi lideri, Prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, "Daha köhnə Türkiyə yoxdur. Bu, yeni Türkiyədir!"

ABŞ və Avropa yeni Türkiyə ilə onun davrandığı kimi rəftar etməlidir.

Aydın AĞAZADƏ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.