525.Az

Öz sözü, öz cığırıyla tanınan Məmməd Namaz

[13.10.17]
Öz sözü, öz cığırıyla tanınan Məmməd Namaz<b style="color:red"></b>

Əlli yeddi ildir ki, bu dünyanın Məmməd Namaz adlı bəndəsi Əlahəzrət Sözün qulluğundadır və bu əlli yeddi ildə Məmməd Namaz Sözün əzabına dözə-dözə gəlib yetmiş beş yaşına çatıb.

Tovuzun Əsrik-Cırdaxan kəndində dünyaya göz açan Namazov Məhəmməd Əli oğlu ilk şeirini 1961-ci ildə "Sosializm kəndi" rayon qəzetində dərc elətdirib və o gündən həmişə öz sözünün yiyəsi olub, çalışıb ki, bu ədəbiyyatda lap kiçik də olsa, bir cığırı olsun və Məmməd Namaz bu cığırda öz yoluna davam etsin. İstəyinə çatıb. Tovuzun Əsrik-Cırdaxan kəndi Azərbaycan poeziyasına iki istedadlı, ədəbiyyatda iz qoyan şair bəxş edib - Məstan Günəri və Məmməd İsmayılı. Məmməd Namaz üçüncüdür və özünə ustad sandığı bu şairlərlə birgə kəndinin, doğulduğu ocağın üzünü ağ edib. Amma Məmməd Namazın bütün həyatı, taleyi Sumqayıtla bağlı olub, Bakının qaynar ədəbi mühitindən o qədər də fərqlənməyən Sumqayıt ədəbi mühiti onun üçün elə öz kəndi kimi doğma bir ocağa çevrilib. Amma Məmməd Namaz bəlkə iyirmi ildən artıq Sumqayıt-Bakı yolunun daimi sərnişini olub, "Gənclik" nəşriyyatında redaktor işləyib, bu iyirmi ildə yüzlərlə şeir, nəsr kitabı onun redaktorluğu ilə cilalanıb, işıq üzü görüb.

Məmməd Namaz çox təvazökar şairdir. Özü haqqında heç vaxt "mənim şeirim", "mənim yaradıcılığım" ifadəsini işlətməyib, onun şeirləri barədə tənqidçilər bir az xəsislik eləsələr də, Mirvarid Dilbazi, Famil Mehdi, İlyas Tapdıq, Məstan Günər, Zahid Xəlil, Rafiq Yusifoğlu ürək sözlərini izhar ediblər. Şeirləri dərsliklərə də düşüb.

Məmməd Namaz istedadlı bir şairdir və onun müasir uşaq poeziyasında məxsusi dəst-xətti, hətta deyərdim, üslubu var. Bu gün uşaq ədəbiyyatının kəm-kəsirlərindən, geriliyindən gileylər eşidilir və əgər nisbətlə götürsək, doğrudan da, ötən onilliklərlə müqayisədə uşaq ədəbiyyatında böyük maraq doğuran, ədəbi hadisəyə çevrilən əsərlərin sayı çox azdır. Amma Məmməd Namazın bütün bu illər ərzində uşaqlar üçün yazdığı şeirləri oxuyandan sonra bir təskinlik tapa bilirsən.

Dahi Belinskinin məşhur bir kəlamı var: "Uşaq şairi sonralar yaranmır, o, elə uşaq şairi kimi doğulur". Məmməd Namaz da məhz əsl uşaq şairidir. Bəs "əsl uşaq şairi" nəmənədir?

Mən böyük şairimiz Səməd Vurğunun 1944-cü ildə qələmə aldığı "Balalarımız üçün gözəl əsərlər yaradaq" məqaləsini xatırlayıram və o məqalədə Səməd Vurğun həm öz dövrü, həm də bu gün üçün müasir səslənən fikirlərinə üz tutdum: "Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır. Mənası dayaz, qayə və məqsədi aydın olmayan, ötərgi hisslər və təsirlər tərənnüm edən  əsərlər uşağın hafizəsində ani bir qığılcım kimi parlayıb sönür... Uşaq humanistdir. Onun ruhu ən xeyirxah hisslər yuvasıdır. Yazacağımız əsərlər yalnız bu xeyirxah və gözəl hissləri tərənnüm etməlidir... Uşaq xəyalı səyyardır. O, şıltaq bir ulduz kimi daima süzüb oynar. O, güldən-gülə, çiçəkdən-çiçəyə  qonan bir kəpənəyə bənzər. Daim hərəkət uşaq təbiətinin hüsnüdür. Xəyal və romantika bu təbiətin qanadlarıdır...Uşaq təsəvvürü mürəkkəb və dolaşıq səhnələri, təsvirləri həzm etmədiyindən, sadəlik və təbiilik, yalnız ürəkdən qopan həyəcanlarla yazılan əsərlər həqiqi uşaq ədəbiyyatı adlana bilər".

Böyük şairimizin bu dəqiq mülahizələri ilə Azərbaycan uşaq ədəbiyyatının son 100 ildəki mənzərəsinə nəzər yetirirəm və qarşımda Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin, Süleyman Sani Axundovun,  Mikayıl Müşfiqin, Mir Mehdi Seyidzadənin, Mirvarid Dilbazinin, Mikayıl Rzaquluzadənin, Teymur Elçinin, İlyas Tapdığın, Hikmət Ziyanın, Xanımana Əlibəylinin, Məstan Günərin, Əzizə Əhmədovanın, Yusif Əzimzadənin, Zahid Xəlilin, Əli Kərimin, Tofiq Mütəllibovun uşaqlar üçün yazdığı ən gözəl şeirləri, hekayələrindən ibarət qalın bir kitab görürəm. Məmməd Namazın da bu qalın kitabın lap sonuncu səhifələrində yer tutmağa haqqı çatır.

Uşaqlar üçün yazılan şeir elə ilk misrasından dilinin, ifadə tərzinin sadəliyi və içində fikir olan məzmun gözəlliyi ilə diqqəti cəlb etməlidir. Və o şeirdə uşaq marağı, uşaq sevgisi əks olunmalıdır. Məmməd Namaz bir şeirində yazır ki:

Uşaq şairi
Uşaq kimidir.
Ürəyi güldən
Yumşaq kimidir.
Kin-küdurətdən
Uzaq kimidir.
Lalə çəkilmiş
Bayraq kimidir.
Nəğmələr ötən
Dodaq kimidir.
Arılar qonan
Yarpaq kimidir.
Çörək bitirən
Torpaq kimidir.

Uşaq nəyi sevir, laylanı, yoxsa yuxunu? Baxaq:

Anası laylay çalır:
Layla balam, yat, balam.
Qızıl beşik içində
Şirin yuxu tap, balam.
Leyla isə beşikdən
Boylanır gülə-gülə.
Yanaqları bənzəyir
Ətirli qızılgülə.
Yuxu getmir gözünə,
Leylaya bax, Leylaya.
Layla yuxudan şirin,
Qulaq asır laylaya.

Məmməd Namazın hər hansı bir uşaq şeirindən belə nümunələr gətirə bilərəm. Əslində, "uşaq şeiri" deyilən bir anlayış şərtidir, o şeir təkcə uşaqlar üçün yazılmır, böyüklər - müəllimlər, valideynlər, bağça mürəbbiləri, hətta babalar, nənələr üçün də yazılır. Səməd Vurğun adını çəkdiyimiz məqalədə yazırdı ki, balalar üçün yazılan şeirlərdə vətənpərvərlik, yurd ocaq sevgisi birinci sırada durmalıdır. Məmməd Namaz da Vətəni - Azərbaycanı uşaqlara sevdirə bilir:

Görün nə qədər
Ağac çəkmişəm?
Dərə, təpə, dağ,
Yamac çəkmişəm.
Daşdan süzülən
Bulaq çəkmişəm,
Bulaq başında
Oğlaq çəkmişəm.
Güllü-çiçəkli
Çəmən çəkmişəm.
Vətən tək geniş
Vətən çəkmişəm.

Şair dostu, illər boyu bir nəşriyyatda çalışdığı Musa Ələkbərli onun haqqında yazır ki: "Məmməd Namaz əsl şairdir. Əlli il şəhərdə yaşasa da, kənddən gətirdiyi sadəliyə, səmimiyyətə, ləhcəyə, geyimə, təhər-tövrə hələ də sadiqdir".

Kənddə, ya şəhərdə dünyaya göz açmağın elə bir fərqi olmasa da, hər halda, o sadəliyin kökü, o təbiiliyin ilki doğulduğun məkandan gəlir.  Amma əsl şeirin gözəlliyi onun obrazlı, poetik tutumundan gəlir. İstəyirsən şəhərli ol, istəyirsən kənddən gəl, şeir səni orijinal, bənzəri olmayan fikir-hiss qovşağına çəkməlidir.

Bu da bir əzabdır, məni yaşadır,
İlhamım cəhənnəm daşından çıxır.
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından çıxır.
Könlümdə Vətən bitər,
Dilimdə Vətən bitər.
Əlim dəysə daşına-
Əlimdə Vətən bitər.

Mən Məmməd Namaz haqqında söhbəti burada bitirə bilərdim. Amma onun son illərdə qələmə aldığı hokkular barədə də fikir bildirmək istəyirəm. Təbii ki, indi bir çox şairlər də hokku yazmağa girişiblər və yapon şeirinin bu nümunəsinə bizim poeziyada təzə libas geyindirməyə çalışırlar. Bu da təbii prosesdir. Eksperiment alınır da, alınmır da. İstedada baxır. Məmməd Namaz da hokku yazır və bir silsilə hokkuları elə bu qəzetdə, 2014-cü ildə dərc etdirib. Tərif üçün və yubiley xətrinə demirəm, bu qısa, hər biri üç misradan ibarət şeirləri oxuyandan sonra onları "Azərbaycan hokkuları" kimi qəbul etdim. İndi bu "milli hokkular"lardan üçcə nümunə ilə 75 yaşlı Məmməd Namaz haqqında söhbətimi də bitirmək istəyirəm:

Məni dəfn edəndə ağa bükməyin
Ağ gün görməmişəm
Bu dünyada mən.

lll

Dərilməmiş çiçəklər
Deyilməmiş
sözlər kimidir.

lll

Əlləri o qədər zərifdi ki
Ürək üzmək olar bu əllərlə
Çiçək yox!

Vaqif YUSİFLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.