525.Az

Qəşəm Nəcəfzadə Gənc Ədiblər Məktəbinin qonağı oldu

[12.10.17]
Qəşəm Nəcəfzadə Gənc Ədiblər Məktəbinin qonağı oldu<b style="color:red"></b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Bu dəfə gənclərin qonağı "Azərbaycan" jurnalının poeziya bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə olub.

Tədbiri AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq qonağı iştirakçılara təqdim edib, onun haqqında fikirlərini bölüşərək, bu görüşün gənc yazarlar üçün əhəmiyyətini vurğulayıb: "Qəşəm müəllim ədəbi mühitdə tanınan, öz fəallığı ilə seçilən şairlərdən biridir. Bu görüşü keçirməkdə bir məqsəd də ondan ibarətdir ki, Qəşəm müəllim burada gənclərin şeirlərini dinləsin, öz tövsiyələrini versin, daha sonra isə bəyəndiyi, çapını lazım bildiyi şeirləri "Azərbaycan" jurnalında çap etdirsin".

Q.Nəcəfzadə gənclərlə görüşün hər zaman xoş olduğunu, onlarla ədəbi polemikaların hər zaman maraq doğurduğunu qeyd edib: "Gənc Ədiblər Məktəbi, artıq neçə illərdir ki, davam edir. Buradan məzun olanlar arasında ədəbi mühitdə öz sözünü deyən parlaq imzalar da yetəri qədərdir. Hazırkı gənc ədiblərdən həm qiyabi, həm də əyani tanıdıqlarım, haqqında müəyyən fikrə malik olduqlarım da var. Sevinirəm ki, mənə onlarla yenidən bir araya gəlmək imkanı yaradılıb".

Görüşdə əvvəlcə gənc ədiblər öz şeirlərini oxuyublar, qonaq və digər üzvlər şeirlərlə bağlı düşüncələrini bölüşüblər. Şəlalə Camal, İsmayıl Xanlarzadə, Elmir Xəzri, Jalə Çaxmaqova, Elvin Əlizadə, Səfail Aqiloğlu, Uluicay Akif, Emin Akif, Rəqsanə Mehdizadə, Məhəmməd Turan, Arzuman Ağdabanlı, Vüsal Yurdoğlu, Qafar Şövqi və başqalarının şeirlərini diqqətlə dinləyən şair, əsasən texnika, üslub, bədiilik və başqa bu kimi cəhətlərlə bağlı tövsiyələrini verib. Şair mütləq özünü, gördüklərini, hisslərini yazmalıdır. O zaman şeir daha səmimi, daha doğma olur. Ən adi detaldan, ən xırda nüansdan belə əsər yaratmaq olar, yetər ki, ona poetik gözlə baxmağı və hiss etməyi bacarasan. Qonaq şeirin qiraətinə də diqqət çəkib. Vurğulayıb ki, şair öz şeirini ən gözəl səsləndirəndir. Çünki öz yazdığı hissləri ondan yaxşı anlayan ola bilməz. Daha sonra Q.Nəcəfzadə özünün "Bizimki ayrılıqdan keçdi", "Dəyirman" və başqa şeirlərini oxuyub, gənclərin suallarını cavablandırıb.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.