525.Az

"Avropa Şurası da xora qoşulub"

RAFAEL HÜSEYNOV: "AVROPA ŞURASINDA AZƏRBAYCANA QARŞI İŞLƏYƏN BİR KOMANDA VAR"


[11.10.17]
"Avropa Şurası da xora qoşulub"<b style="color:red"></b>

"Geridə qalan müddət ərzində Avropa Şurası həm də bizim müstəqilliyimizi qoruyan ən vacib zirehlərdən biri vəzifəsini  yerinə yetirib. Lakin son dövrdə, axırıncı aylar ərzində Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı və yönəltməsi ilə Azərbaycana qarşı geniş hücum kampaniyası başlanıb. Bu həmlələrin də məğzini daha çox şər, böhtan, qarayaxma təşkil edir. Təəssüf ki, həmin qüvvələrin təsiri Avropa Şurasına da gəlib çatıb və Avropa Şurası da həmin xora qoşulub".

Bu fikriləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Deputat bildirib ki, bu qurumda da Azərbaycana qarşı işləyən bir komanda var: "Bu fonda son aylar boyunca Azərbaycanın hədəfə götürülməsi məsələsi ilə bağlı bəzi mülahizələrimi bölüşmək istərdim. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və biz bu ailəyə onu sadəcə nüfuzlu beynəlxalq təşkilat hesab edərək gəlməmişik. Azərbaycan əvvəldən Avropa Şurasına bir yol, məktəb kimi yanaşıb və həm də həmişə bu təşkilata arxalanıb, güvənib.

Mən 2001-ci ilin ilk sessiyalarından birindən sonra o zaman Azərbaycan prezidenti olan Heydər Əliyevlə görüşümüzü xatırlayıram. Bu, mətbuatın iştirakı olmadan keçirilən görüş idi və böyük siyasətçi və dövlət xadimi bizə tövsiyələrini verirdi. Belə bir əhvalatı da söylədi ki, dövlətlərdən birinin başçısı Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı ona deyib ki, nahaq o təşkilata can atırsınız. Elə bizim kimi hey tənqidə məruz qalacaqsınız. Prezident də dərhal belə cavab verib ki, biz tənqiddən qorxmuruq. Qüsurlarımız olsa, qoy, tənqid etsinlər. Demokratiya yolunu tutmuşuqsa, bu yoldakı hər sınağa dözəcəyik. Bu görüşdən və bizim Avropa Şurasında həqiqi üzv olduğumuz ilk günlərdən 16 il keçir. Bu illər ərzində Azərbaycanın nail olduğu inkişafda Avropa Şurasının danılmaz payı var. Eyni zamanda, bu qurumda mütəmadi olaraq ən kəskin tənqidlər də eşitmişik. 

Təəssüflər olsun ki, bəzi qüvvələrin təsiri ilə  indi Azərbaycana xeyirxah, dost münasibətlər bəsləyənlər belə Azərbaycan haqqında müsbət həqiqətləri dilə gətirməyə ehtiyat edirlər ki, kimlərsə onları bizə işləməkdə qınaya bilər".
 
R. Hüseynov Avropa Şurasının ayrı-ayrı ölkələrə qarşı apardığı qərəzli xəttin çox ziyanlı olduğunu və təşkilatın özünün ciddi böhrana uğramasına əsas yaratdığını da diqqətə çatdırıb: "Hər bir iş, hər bir hərəkət və o cümlədən, tənqid yalnız ölçüsündə olanda, ifrata varmayanda, qərəzlə qarışmayanda faydalı ola bilər. Düşünürəm ki, Avropa Şurasının Bürosu, bütövlükdə rəhbərliyi ayrı-ayrı ölkələrə qarşı münasibətdə ikili standartlarla yanaşmalar, xüsusi təzyiq mexanizmləri tətbiq edərək onları bu təşkilatdan bezdirmək kimi arzuolunmaz yoldan çəkinməlidir. Çünki belə təşəbbüslər təşkilatın özünü qısa zamanda çox sürətlə ciddi böhrana və süquta apara bilər".

KAMİL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.