525.Az

Tarix İnstitutunda "Zəngəzur tarixi" kitabı nəşrə hazırlanır

[10.10.17]
Tarix İnstitutunda "Zəngəzur tarixi" kitabı nəşrə hazırlanır<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Zəngəzur tarixi" adlı fundamental tədqiqat əsəri nəşrə hazırlanır.

Tarix İnstitutundan verilən məlumata görə, kitabın nəşri ilə bağlı prezident İlham Əliyev tapşırıq verib.

Oktyabrın 6-da institutun Elmi Şurasının keçirdiyi iclasda "Zəngəzur tarixi" kitabının çap işi ilə bağlı vəziyyət geniş müzakirə edilib və konkret qərarlar qəbul olunub.

Həmçinin, Elmi Şuranın iclasında tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyinin keçirilməsi, Avstriya arxivlərində araşdırmalar aparılması, Azərbaycan-Polşa əlaqələri tarixi mövzusunda tədbirin keçirilməsi, tarixçi-alim Polad Xəlilovun "Bakı neft sənayeçiləri qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu - XX əsrin əvvəlləri)" adlı monoqrafiyasının çapa məsləhət görülməsi və digər məsələlər barədə qərar verilib.

Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixi XVI əsrə - Səfəvilər və Habsburqlar sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır: "Avstriyada olan Səfəvilər dövrü ilə bağlı arxiv sənədləri Azərbaycana gətiriləcək".

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir arasında yazışmalara dair arxiv sənədi aşkar edib. Bununla bağlı olaraq, Azərbaycanın ortaəsrşünas alimləri Polşaya səfər edəcəklər.

Məlumat üçün bildirək ki, bu ay Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Tarix İnstitutu ilə birgə "Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri" mövzusunda seminar keçiriləcək.

Ceyhun ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.