525.Az

"Elmdə Azərbaycan qadınlarının rolu" mövzusunda dəyirmi masa

[10.10.17]
"Elmdə Azərbaycan qadınlarının rolu" mövzusunda dəyirmi masa<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universiteti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Elmdə Azərbaycan qadınlarının rolu" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında deyib ki, tarixən Azərbaycan qadınları bütün sahələrdə öz fəaliyyətləri ilə fərqlənib. O qeyd edib ki, qadınlar ölkənin elm və təhsil tarixinə öz adlarını yaza biliblər: "Qadınların cəmiyyətdə rolu daha da artır. Heç yerdə Azərbaycan qadını kimi zəhmətkeş qadın yoxdur. Azərbaycanın XX əsrdə yetişdirdiyi bir neçə alim xanımın adını çəkmək istərdim. Akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Azərbaycan elmində qadınların sayı ildən-ilə artır. Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanda qadınlar iqtisadi baxımdan daha müstəqildir: "Hər ölkədə belə imkanlar yoxdur. Amma Azərbaycanda qadınların hərtərəfli inkişafı və fəaliyyəti üçün lazımi imkanlar yaradılıb. Azərbaycan qadını hər zaman intellekti və aktivliyi ilə tanınıb. XX əsrdə Azərbaycan xalqı elmə bir çox alim, akademik, professor qadın bəxş edib".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, Azərbaycanda ali məktəblərin ödənişli yerlərinə daha çox oğlanlar qəbul olunurlar. Qızlar isə həmin ballarla orta ixtisas təhsili müəssisələrinə üz tuturlar. Bu da ailənin təsiridir. Onun sözlərinə görə, araşdırmaların nəticələrinə görə, qəbul imtahanlarında qızların hər bir fənn üzrə orta statistik nəticələri oğlanların orta statistik nəticələrindən daha yüksəkdir: "Amma müəyyən vaxt var idi ki, yüksək bal toplayanların arasında oğlanların sayı daha çox idi. Orta nəticələr göstərənlər isə əsasən qızlar olub. İndi isə bu tendensiya dəyişib. Artıq yüksək nəticə göstərənlərin sırasında qızların sayı çoxalıb. Yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə qızlar humanitar, oğlanlar texniki sahəyə meyl edir. On ildir ki, Azərbaycanda bu tendensiya dəyişib".

M.Abbaszadə vurğulayıb ki, Azərbaycanda elə universitetlər var ki, onların tələbə kontingentinin çoxu oğlanlar olur: "Məsələn, Azərbaycan Texniki Universitetin 79 faizi oğlandır". M.Abbaszadə deyib ki, magistraturaya qəbul üçün də daha çox qızlar sənəd verirlər.

Rezidenturaya daha çox qızların üz tutduğunu deyən M.Abbaszadə bildirib ki, rezidenturada elə yerlər olur ki, balları çatmadıqları üçün qəbul oluna bilmirlər.

Tədbirin davamında Milli Məclisin sədr müavini Bahar Muradova, ombudsman Elmira Süleymanova və başqaları çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə danışıblar.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.