525.Az

Qloballaşan dünyada multikulturalizmin Azərbaycan modeli

"AZƏRBAYCANDA HƏR BİR MİLLƏTİN NÜMAYƏNDƏSİ HİSS EDİR Kİ, BU DÖVLƏTİN AZAD VƏTƏNDAŞIDIR"


[10.10.17]
Qloballaşan dünyada multikulturalizmin Azərbaycan modeli<b style="color:red"></b>

Dünyadakı münaqişələrin aparıcı faktorlarından hesab olunan dini və etnik qarşıdurmalar dövlətlərarası böhranı daha da dərinləşdirir.

Milliyətçi qüvvələrin fəallaşması, məzhəb ixtilafları fonunda baş verən bu münaqişələr müasir dövrdə özünü kəskin formada göstərir. Yaxın Şərqdə, o cümlədən, Suriya və İraqda radikal sünni-şiə insidentləri daxili etnik gərginliyin ən pik həddinə yüksələrək kütləvi davalara, məscidlərin partladılmasına, çoxsaylı insan ölümünə səbəb olur. Yalnız Yaxın Şərqdə deyil, Asiyada da xüsusən də, Myanmada Rohinca müsəlmanları, Çində Uyğur türkləri din amilinə görə, kütləvi soyqırıma, sürgünə məruz qalırlar. Özündə demokratik dövlət imicini formalaşdıran ABŞ-da da müxtəlif xalqlar dini-irqi ayrı-seçkiliklə üzləşirlər. Amerikanın müxtəlif ştatlarında, o cümlədən, Baltimor və Ferqyusonda qaradərililərin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, bəzi hallarda isə öldürülməsi, Şimali Karolinada müsəlman tələbələrin dini zəmində baş verən iğtişaşlar zamanı qətlə yetirilməsi, İslam inanclı şəxslərin təhqir olunması dini-irqi ayrı-seçkilik nəticəsində baş verir.

Avropa ölkələrində də multikulturalizm prinsipləri ciddi böhran keçirir. Qərbin aparıcı dövlətlərinin multikulturalizmdən imtina etməsi, müsəlman miqrantların adət-ənənələrinin sıxışdırılması bu böhranın reallığını əks etdirir. Bütün bu konfliktlərin geniş vüsət aldığı dövrdə fərqli din və etnik qrupların sülh şəraitində yaşadığı, multikulturalizm siyasətinin mühüm rol oynadığı azsaylı ölkələr də mövcuddur. Müsəlman dünyası ilə xristian aləminin kəsişmə nöqtəsində yerləşən Azərbaycan çoxmədəniyyətliliyi tərənnüm edən azsaylı ölkələrdəndir. İdeya olaraq ilk dəfə Qərbdə yaranan multikulturalizm Avropanın bir sıra dövlətləri ilə müqayisədə çoxmillətli ölkələrdən hesab olunan Azərbaycanda daha dərin tarixi köklərə malikdir. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi də məscidlərin, kilsələrin və sinaqoqların çoxluğunda, müxtəlif millətlərin mehriban qonşuluq prinsipi əsasında birgəyaşayışında özünü göstərir.

Azərbaycanda tolerantlıq və multikulturalizm kimi amillərin inkişafı ölkədə mədəniyyətlərarası dialoqu yaxşılaşdırır, milli, dini tolerantlığı gücləndirir. Ölkəmizdə bu ali dəyərlərin xalqımızın həyat tərzinə çevrilməsinə baxmayaraq, dövlət səviyyəsində də bir sıra addımların atılması, dünya üçün nümunə hesab oluna biləcək islahatların həyata keçirilməsi multikultural siyasətin daha geniş şəkildə təbliğ olunmasına imkan verib. Bu mənada, 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin isə ölkədə "Multikulturalizm ili"nin elan edilməsi ölkə prezidenti İlham Əliyevin böyük siyasi iradə nümayiş etdirərək həyata keçirilən fəaliyyətə ciddi şəkildə dəstək verdiyini bir daha sübut edir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Yevda Abramov qeyd edib ki, Azərbaycan multikulturalizm və tolerantlıq siyasəti ilə dünyada nümunəvi bir ölkədir: " Azərbaycanda bütün millətlər bərabər hüquqludur. Heç bir millət başqa millət üzərində hakim deyil, bütün hüquqlar hamıya şamil edilir. Müxtəlif millətlərin nümayəndələri öz dilində jurnal, qəzet nəşr etdirir. Hər bir millətin öz ana dili tədris olunur. Əsl tolerantlıq nümunəsi budur. Çoxmillətlilik, tolerantlıq bu ölkənnin ictimai həyatının bir tələbidir. Multikulturalizm və tolerantlıq bir dövlət siyasətidir. Bu prioritet siyasətə dövlət hər zaman qayğı ilə yanaşır. Dünyada belə ölkələr çox azdı".

Y.Abramovun fikrincə, Azərbaycan bu sahədə apardığı siyasətlə dünyanın diqqət mərkəzindədir: "Azərbaycan son bir neçə ildə Şərq aləmində ən böyük konfranslara, mötəbər tədbirlərə ev sahibliyi edir. Bakı, Naxçıvan və Gəncə şəhəri İslam mədəniyyətinin və mənəviyyatının mərkəzinə çevrilib. Bütün bunlar əbəs yerə deyil. Azərbaycan dünyəvi ölkə olsa da, dövlət daima dinə yardım edir. Hər il dövlət başçısı ölkədə mövcud olan bütün dini icmalara maliyyə yardımı göstərir. Azərbaycanda müstəqillik dövrü ərzində tikilmiş məscidlərin sayı keçmiş sovet dövlətlərində tikilən məscidlərdən çoxdur. Azərbaycan həm konstitutsiya, həm də daxili və xarici siyasəti ilə müxtəlif xalqların komfort yaşaması üçün şərait yaradıb. Belə bir şərait qonşu dövlətlərdə hiss olunmur. Bu ölkədə eyni vaxtda bütün dinlərə məxsus ibadətgahlarda dua səsləri eşidilir".

Azərbaycanda tez-tez multikulturalizm, dini tolerantlıqla bağlı mötəbər tədbirlərin keçirildiyini deyən deputat bildirib ki, belə tədbirlərə qatılanlar arasında nobel mükafatçıları, sabiq prezidentlər, nazirlər də var: "Çünki Azərbaycan dünya ölkələrinin böyük maraq dairəsindədir".

Deputat onu da qeyd edib ki, nümunəvi dövlət olaraq bu sahədə birinciliyi qorumaq lazımdır: "Tolerantlıq bizim vizit kartımızdır. Bu, ayrı-ayrı fərdlərin deyil, dövlətin siyasətidir. Azərbaycanda hər bir millətin nümayəndəsinin arxasında prezident İlham Əliyev dayanıb. Ölkə başçısı dəfələrlə bildirib ki, dinindən, milliyyətindən aslı olmayaraq, o, hər bir azərbaycanlının prezidentidir".

Bakı və Azərbaycan Yepiskopluğunun mətbuat katibi, baş keşiş Konstantin Pominov isə bildirib ki, Azərbaycanda multikulturalizm və tolerantlıq əsrlərdir inkişaf edib və formalaşıb: "Azərbaycan xalqının müxtəlif millətlərə və dinlərə olan dərin hörməti və anlayışı onun mentalitetindən irəli gəlir. Mən bildiyim qədəri ilə Azərbaycanda heç vaxt dinlərarası konflikt olmayıb. Hər zaman ölkədə xristianlığa və iudaizmə hörmətlə yanaşılıb".

K.Pominov qeyd edib ki, tolerantlıq yeni bir termindir, əvvəllər buna dini dözümlülük deyirdilər: "Tolerantlıq Azərbaycan xalqının qanındadır, o, süni yaradılmayıb. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir ərazidə yerləşən Azərbaycan əsrlər boyu müxtəlif millətlərin birgə yaşadığı unikal məkan olub. Multikulturalizm və tolerantlıq əsrlərdir ki, inkişaf edir".

Baş keşiş fərqli din və mədəniyyət daşıyıcılarının ölkənin hərtərəfli inkişafı üçün birgə səylə çalışdıqlarını bildirib: "Prezidentimizin multikulturalizm və tolerantlıq sahəsində gördüyü tədbirləri biz xeyir-dua ilə qarşılayırıq. Prezident bu istiqamətdə öz dəstəyini əsirgəmir. Mən fikirləşirəm ki, Qərb "demokratiya" deyib qışqırsa da, həqiqi demokratiya bu ölkədədir. Bu sahədə olan inkişafı Qərb dövlətləri və Amerika Birləşmiş Ştatları öyrənməlidir. Azərbaycan çox demokratik, azad və bərabərhüquqlu bir cəmiyyətdir. Hər bir millətin nümayəndəsi - türk, rus, ləzgi, avar, yəhudi və digərləri hiss edirlər ki, bu cəmiyyətin azad vətəndaşlarıdır".

İlahiyyatçı Fərid Abdullah isə qeyd edib ki, multikulturalizm və tolerantlıq sahəsində yalnız dövlətin deyil, din nümayəndələrinin də üzərinə məsuliyyət düşür: "Azərbaycan azsaylı ölkələrdəndir ki, fərqli din və ya millət qarşıdurmasına rast gəlinməyib. Tarixə nəzər saldıqda da bunun şahidi oluruq. Yalnız fərqli dinlər arasında deyil, məzhəb münaqişəsinə də rast gəlinmir. Halbuki bir çox müsəlman ölkələrində dindaxili qarşıdurmaları, sünni-şiə münaqişəsini görürük. Hesab edirəm ki, bu sabitliyi qorumaq üçün yalnız dövlətin deyil, fərqli din və mədəniyyət daşıyıcılarının da üzərinə böyük məsuliyyət düşür. Biz çalışıb səmavi dinlər arasında dialoqu daha da yaxşılaşdırmalıyıq".

İlahiyyatçı bildirib ki, bu münaqişələr dini siyasi alətə çevirdikdə kəskinləşir: "Bir çox ölkələrdə dindən siyasi alət kimi istifadə edildiyi üçün qarşıdurma, gərginlik yaranır. Bu kimi hallara Azərbaycanda təsadüf olunmayıb. Bunu ölkədə yaşayan müxtəlif inanclı insanlar da etiraf edirlər. Sosial şəbəkələri izlədikdə müsəlmanların ölkə daxilindəki xristianlara dəstəyini açıq şəkildə görə bilərik. Din xadimləri tez-tez tolerantlıq mövzusunda bir araya gəlirlər, xeyriyyə aksiyaları keçirirlər. Fikrimcə, Azərbaycanda bu kimi tədbirlər davam etdikcə tolerantlıq, dinlərarası sabitlik öz inkişaf xəttini itirməyəcək".

Zeynəb ƏKBƏR


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.