525.Az

"Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb"

SAHİB MƏMMƏDOV: "ANTİAZƏRBAYCAN ŞƏBƏKƏNİN ÖLKƏ DAXİLİNDƏKİ ÜZVLƏRİ BİLƏRƏKDƏN QANUNLARI KOBUD ŞƏKİLDƏ POZUB, SƏS-KÜY SALMAQLA, HƏTTA ÖZLƏRİNİN HƏBS EDİLMƏSİNƏ NAİL OLMAQLA ŞOU DÜZƏLDİRLƏR"


[26.09.17]
"Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb"<b style="color:red"></b>

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hər il İnsan meyarı (ölçüsü) üzrə ənənəvi iclasları keçirilir. Bu tədbir DTİHB yerləşdiyi Varşava şəhərində olur.
 
Bundan başqa, adətən Vyanada ixtisaslaşmış mövzular üzrə əlavə tədbirlər də keçirilir. Budəfəki tədbir 11-22 sentyabr 2017-ci il tarixlərində keçirilir.

Azərbaycandan həmin tədbirlərdə rəsmi dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyətinin, media sektorunun nümayəndələri də iştirak edib.

Sözügedən tədbir və orada müzakirə olunan məsələlər, antiazərbaycan şəbəkənin əsassız iddiaları, ölkəmizə qarşı təşkil edilən kampaniyalar və digər məsələlərlə bağlı "Kaspi"nin suallarını, hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırır.  

- Sahib bəy, Siz ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tədbirlərində davamlı olaraq iştirak edirsiniz. Bu dəfə də Varşavada keçirilən belə tədbirlərin iştirakçısı olmusunuz. Əvvəlcə səfər, sözügedən tədbirlər barədə təəssüratlarınızı öyrənmək istərdik...

- ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 26-cı illik insan meyarı (ölçüsü) tədbirində bir qayda olaraq iştirak edirəm. Həm Varşavadakı əsas tədbirdə, həm də Vyanadakı əlavə tədbirlərdə. Özlüyündə nüfuzlu bir tədbir olmasına baxmayaraq, son illərdə bu toplantını bəzi dövlətlərin və güclərin təsiri altında olan QHT-lər, beynəlxalq QHT-lər  və digər mərkəzlər bəzi "ipə-sapa" yatmayan dövlətlərə qarşı təzyiq alətinə çevirib. Təsəvvür edin ki, uzağı 15 işçi toplantı keçirilir, 100-ə yaxın isə side event deyilən əlavə tədbirlər. Bu tədbirləri müxtəlif güclərin maraqlarını ifadə edən QHT-lər, o cümlədən, beynəlxalq QHT-lər və sair mərkəzlər təşkil edir. Adətən fokusda, yəni hədəfdə bir neçə dövlət olur. Maraqlı məqam burasıdır ki, Azərbaycan son illərdə həmişə fokusda olub. Acınacaqlı haldır ki, Ermənistan və onu himayə edən dövlətlərin prosesə cəlb etdiyi həmvətənlərimiz bu işdə xüsusi canfəşanlıq edirlər. Lakin budəfəki ritorika əvvəlki 3 ildən kəskin fərqlənirdi. Fikrimcə, builki ritorikanın dəyişməsində ABŞ demokratlarının məğlubiyyəti və Donald Trampın prezident seçilməsi də ciddi rol oynayıb. Çünki dünyanın hər yerindən, xüsusən ATƏT məkanından gələnlərin əksəriyyətini ABŞ maliyyələşdirirdi. Bu, birbaşa və ya 3-cü tərəflər vasitəsi ilə həyata keçirilirdi. Məsələn, neçə illər bu tədbirdə side eventlərin kralı olan Rebekka ümumiyyətlə görünmədi. Qatı antiazərbaycançı Bayeri də ümumiyyətlə bu işdən kənarlaşdırıblar. Bu ildən ATƏT DTİHB və ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi də dəyişib. Tədbiri açan fəaliyyətdə olan sədr ölkənin xarici işlər naziri, ATƏT-in baş katibi, eləcə də açılış məruzələri edən DTİHB rəhbəri, ATƏT media üzrə xüsusi nümayəndəsi, həmçinin ilk plenar sessiyanın əsas məruzəçilərinin heç biri Azərbaycan haqqında mənfi fikir bildirmədi. Toplantının başlanğıcında Azərbaycandan gələn xəbər antiazərbaycan qüvvələrini tərksilah etdi. Söhbət bəzi şəxslərlə bağlı məhkəmə qərarları və Lapşinin əfv olunmasından gedir. Buna görə də iclas zamanı onlar zalı tərk edərək təcili məsləhətləşmə üçün toplaşdılar. Xüsusi ilə qeyd edim ki, Azərbaycan əleyhinə olan qüvvələrin əlindəki əsas alət "bizimkilərdir". Bu "bizimkilərin" bir çoxu həm Azərbaycan daxilindədir, həm də saxta sənədlərlə Avropada sığınacaq alıblar. Budəfəki toplantıda da ermənipərəst və əslində erməni təşkilatı olan PİN, həmçinin bu təşkilatın toplantıya gətirdiyi azərbaycanlılar iştirak edirdilər. Bu "bizimkilər", eləcə də Ermənistan rəsmi nümayəndə heyəti ortaq mövqedən çıxış edərək mövzunu Azərbaycan üzərinə yönəltməyə cəhd etdilər. Ancaq onların cəhdləri fiaskoya uğradı. Əksinə, Azərbaycanın rəsmi nümayəndə heyəti və QHT nümayəndələri sessiya boyu Ermənistanın işğalçı siyasətini ifşa edən çoxsaylı çıxışlar etdilər. Hansı ki, Ermənistan tərəfi buna cavab verməkdə aciz qaldı.

- Sizcə, belə tədbirlərdə beynəlxalq QHT-lərin və bəlli mərkəzlərin Azərbaycanı hədəf almasına səbəb nədir?

-  Bu suala daha əhatəli cavab vermək üçün Azərbaycanın müstəqillik əldə etməsindən bir neçə il sonrakı prosesləri xatırlamaq gərəkdir. "Əsrin müqaviləsi" kimi tarixdə düşən neft kontraktı və bundan irəli gələn bir sıra layihələrin həyata keçirilməsi, Qərblə böyük miqyasda əlaqələrin qurulması, bütövlükdə Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb. Qıcıqlananlar keçmiş sovet ittifaqı ərazisində də, bəzi Qərb dövlətlərində də ola bilər. Misal üçün, Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti çəkilən zaman dünyanın 65 QHT-sini özündə birləşdirən şəbəkə yaradıldı. "Yerin dostları" və sair bu kimi adlar altında fəaliyyət göstərən bu koalisiyaya Ermənistandan, Azərbaycandan da QHT-lər qoşuldular. Bu koalisiya guya Azərbaycanın bölgəsində, misal üçün BTC-nin Kürdəmir, yaxud Ucar rayonu ərazisindəki kəndlərdən keçən hissəsində hansısa kəndlinin pozulmuş hüquqlarını müdafiə edirdilər. Yəni, insan hüquq və azadlıqlarının qorunması adı altında Azərbaycanın həyata keçirdiyi iri miqyaslı iqtisadi-siyasi layihənin qarşısını almağa, yaxud onun reallaşmasına müxtəlif maneələr yaratmağa çalışırdılar. Bu proses sonrakı illərdə də müxtəlif adlar, fəaliyyətlər altında davam etdirilib. Azərbaycan dövlət və milli maraqlara söykənən müstəqil siyasət yürütdüyü andan etibarən həmin koalisiyanın nümayəndələri müxtəlif adlarla antiazərbaycan kampaniyaya start veriblər. Azərbaycan beynəlxalq miqyaslı hər hansı tədbirə ev sahibliyi edən zaman da biz bu hadisələrin şahidi olmuşuq. "Avroviziya-2012", Bakı-2015: I Avropa Oyunları və sair tədbirlər öncəsi də belə proseslər baş verib. Azərbaycan üçün həyati əhəmiyyət daşıyan, ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir edən hər hansı hadisə öncəsi biz bu qarayaxma kampaniyası ilə üz-üzə qalmışıq. Bəlli şəbəkələrin yalan laboratoriyalarında istehsal olunan və geniş ictimaiyyətə həqiqət kimi sırınan dezinformasiyalar dərhal dövriyyəyə buraxılır. Yaxud bu antiazərbaycan şəbəkənin ölkə daxilindəki üzvləri bilərəkdən qanunları kobud şəkildə pozmağa, səs-küy salmağa, hətta özlərinin həbs edilməsinə şərait yaradaraq bundan şou düzəltməyə başlayırlar. Dərhal bu hadisələr beynəlxalq mediaya, beynəlxalq QHT-lərə ötürülərək ictimailəşdirilir, bu yolla Azərbaycana təzyiq edilməyə başlanılır. Onu da əlavə etmək yerinə düşər ki, belə "qəhrəmanların" belə davranışları mükafatsız qalmır. Vaxtilə bank sektorunun imkanlarından istifadə edilməklə onlar "mükafatlandırılırdılar". Xaricdən onların bank hesablarına pullar köçürülürdü. Amma indi bu sahə ciddi nəzarət altına alındığından beynəlxalq şəbəkə Azərbaycanla qonşu dövlətlərdəki bank hesablarına pulları köçürür, oradan da "canlı inkasatorlar qrupu" vasitəsilə ölkəmizə gətirilməsinə nail olurlar. Bu "inkasatorların" bir qismi jurnalist, bir qismi QHT rəhbəri, hüquq müdafiəçisi adı altında fəaliyyət göstərən şəxslərdir. Hətta həmin "inkasatorlar" ifşa edilib hüquq-mühafizə orqanlarının əlinə keçən zaman da şou düzəldilərək, bundan Azərbaycan əleyhinə istifadə edilir. Bir neçə gün bundan öncə Yeni Əsrin Müqaviləsi imzalanan ərəfədə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların yeni raundunun başladığı vaxtlarda da analoji şəbəkə iş başına keçdi, ölkəmiz yenidən hədəfə alındı. Ancaq bütün bu cəhdlər uğursuzluqla nəticələnib və inanıram ki, bundan sonra da belə olacaq. 

- Budəfəki tədbirdə Ermənistan nümayəndə heyətinin, eləcə də onlarla bir cərgədə yer alaraq Azərbaycan əleyhinə çıxış edənlərin gətirdikləri arqumentlər nədən ibarət idi?

- Ənənəvi olaraq Çexiyanın, əsl reallıqda isə ermənilərin, Ermənistanın maraqlarına xidmət edən PİN təşkilatının həmin tədbirə gətirdiyi bir neçə azərbaycanlı, həmçinin Ermənistan nümayəndə heyəti tərəfindən panel müzakirələrində Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirildi. Misal üçün, media və söz azadlığı ilə bağlı paneldə erməni nümayəndə heyətinin rəhbəri çıxış edib dedi ki, 136 əcnəbi jurnalistin Azərbaycana girişinə qadağa qoyulub, onlar "qara siyahı"ya salınıb. O, buna səbəb kimi həmin şəxslərin Dağlıq Qarabağa səfər etməsini göstərdi. Ermənistan nümayəndəsi bunu söz azadlığının pozulması kimi qələmə verməyə çalışdı. Belə təqdimat həmin tədbirdə Azərbaycanla bağlı ritorikanı dəyişmək cəhdi idi. Təbii ki, bu, çox uğursuz bir cəhd idi. Azərbaycanın həm rəsmi nümayəndəsi, həm də vətəndaş cəmiyyətini təmsil edən şəxslər Ermənistan nümayəndəsinin bu çıxışının, iddiasının əsassız olduğunu qeyd etdilər. İstənilən suveren dövlət, hətta işğalçı Ermənistan özü də onun ərazisinə qanunsuz keçən, sərhədini pozan şəxsi "qara siyahı"ya salır. Bu, adi bir prosedurdur. Əgər belə yanaşma həqiqətən də söz və media azadlığının pozulmasıdırsa, o zaman bu cür ən uzun "qara siyahı" Ukraynaya məxsusdur və həmin dövlətin adı tədbirdə hallandırılmalı idi. Hər hansı ölkənin dövlət sərhədini pozaraq ora keçənləri qara siyahıya salmaq heç bir halda demokratiyaya zidd addım deyil. Bu, hər bir dövlətin suveren hüququdur. Bundan başqa, PİN-in həmin tədbirə gətirdiyi azərbaycanlılar, yaxud erməni nümayəndə heyəti tərəfindən son vaxtlar bəzi Qərb mediasında Azərbaycanla bağlı səsləndirilən iddialar, xüsusən də bəzi Qərb siyasətçilərinin pulla ələ alınması məsələsi də gündəmə gətirildi. Misal üçün, özünü hüquq müdafiəçisi adlandıran Emin Hüseynlinin Azərbaycan hökumətinin az qala bütün Avropa liderlərini satın alması barədə çıxışı gülünc səsləndi. O, çıxışa növbəsiz yazılmışdı. Halbuki siyahı qapanmışdı və ora kiminsə yazılması gözlənilən deyildi. Mən Eminə cavab olaraq çıxışımın sonunda ironik şəkildə bildirdim ki, burada mənim "dostum" Emin indicə bütün Avropa və ABŞ liderlərini, parlament üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini pula satılan adlandırdı. Deməli, bütün Avropa liderlərini pulla almaq olar? Onda Eminin burada növbəyə yazılmadan növbədənkənar çıxış eləməsinə diqqət çəkmək istərdim. Bilmək istərdim buna görə o, Sizə nə qədər pul ödəyib? Bu ironiya zalda böyük gülüşə səbəb oldu. Bununla onlara demək istədim ki, sizin yaratdığınız beynəlxalq şəbəkə, təşkilat və ya media qurumu hansısa öz cılız məqsədinə çatmaq üçün bax beləcə sizləri gülünc vəziyyətinə salır, biabır edir.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkarlıq siyasəti, bundan irəli gələn məsələlər də tədbirdə müzakirə obyekti oldumu?

- Əlbəttə, oldu. Ermənilər cəbhə xəttində yaşanan son olaylardan, xüsusən də 2 yaşlı Zəhranın və onun nənəsinin həlak olması faktından da öz məqsədləri üçün yararlanmağa cəhdlər etdilər. Milli münasibətlərin müzakirə olunduğu paneldə rəsmi nümayəndə heyətimiz, QHT və media mənsublarımız Ermənistanın monoetnik bir ölkə olmasını diqqətə çatdırdılar. Ermənistanda başqa xalqların sıxışdırılması məsələsi önə çəkildi. Çıxışım zamanı mən də qeyd etdim ki, Ermənistan yalnız öz ərazisində deyil, işğal etdiyi və bu günə qədər də işğal altında saxladığı Azərbaycan ərazilərində də monoetnik siyasət həyata keçirir. Dağlıq Qarabağ və ətraf ərazilər işğal olunana qədər ermənilərlə bərabər, böyük sayda azərbaycanlılar, ruslar, kürdlər, mexseti türkləri və başqa millətlər də yaşayırdılar. Ancaq bu gün həmin işğal olunmuş ərazilərdə yalnız az sayda ermənilər məskunlaşdırılıb. Digər millətlərin nümayəndəsinin hamısı qovulub, əmlakları əllərindən alınıb. Sadalanan bu faktlar qarşılığında Ermənistan nümayəndə heyəti susmağa üstünlük verdi. Tədbir boyunca dəfələrlə girov götürülmüş vətəndaşlarımızla bağlı çıxışlar da oldu. Vətəndaş cəmiyyəti təmsilçiləri Azər Həsrət, Günel Səfərova, Əhməd Şahidov ermənilərin işğalçı siyasətini ifşa edən çıxışlar etdi və sonda erməni tərəfi hətta cavab hüququndan belə istifadə etmədi. Erməni yalanı bizim həqiqətlərin qarşısında aciz qaldı. Nəzərə alaq ki, bu il onları dəstəkləyənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Sonda bunları da qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin bugünkü potensialı tam imkan verir ki, beynəlxalq qarayaxma və böhtan kampaniyalarının qarşısını ala bilsin. Qarayaxmalar və böhtan kampaniyaları isə davam edəcəkdir, o vaxta qədər ki, biz dövlət olaraq müstəqil siyasətimizi davam etdirəcəyik. Deməli, həmişə. Həm də biz ölkəmizdə düşmən dövlətin və bəzi güclərin yaratdığı şəbəkələri məhv etməliyik. Bunun da ən effektiv yolu vətəndaş cəmiyyətinin, o cümlədən, ictimai birliklərin və medianın daha da inkişaf etdirilməsidir.

Rufik İSMAYILOV
Kaspi.az

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.