525.Az

AzərTAc: “Prezidentin sərəncamı tamamilə qüsursuzdur”

[03.09.12]
AzərTAc: “Prezidentin sərəncamı tamamilə qüsursuzdur”

AzərTAc “Professor Ələkbərovun səhvi” adlı replika yayıb.

Replikada professor Xanlar Ələkbərovun “Contact.az” portalında dərc edilmiş məqaləsinə münasibət bildirlir:

“Professor Xanlar Ələkbərov israr edir ki, Azərbaycan prezidenti Ramil Səfərovun əfvi barədə sərəncam verməklə milli qanunvericiliyi pozub. Ələkbərov fikrini belə əsaslandırmağa çalışır: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə görə, ömürlük azadlıqdan məhrumetmə əfv qaydasında yalnız iyirmi beş il müddətinədək azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər”. Onun sözlərinə görə, dövlət başçısı Səfərovun ömürlük həbsini 25 il azadlıqdan məhrumetmə ilə əvəz edə bilərdi.

Professor Ələkbərov bilməli idi ki, “dək” və “nə” şəkilçiləri arasında ciddi məna fərqi var. Qanunda ömürlük həbs cəzasının 25 il müddətiNƏ deyil, 25 il müddətinəDƏK cəza ilə əvəz olunmasından söhbət gedir. “25 il müddətinə” düz 25 il deməkdir, “25 ilədək” dedikdə isə bu müddətdən lap 1 saniyə də olsa az müddət nəzərdə tutulur. Səfərovun Azərbaycana təhvil verilməsi zamanı onun azad edilməsindən söhbət getmirdi. Macarıstan onu Azərbaycana ömürlük həbs cəzasına məhkum olunmuş bir insan kimi təhvil verib və Səfərov artıq cəzasını yeni ölkədə, bu ölkənin qanunlarına əsasən çəkməli idi! Buna görə də həmvətənimizi gətirən təyyarə Azərbaycan Respublikasının hava məkanına daxil olan kimi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ömürlük həbs cəzasının verilməsini nəzərdə tutan maddələri şamil edilməyə başlanıb.

Qanun baxımından prezidentin sərəncamı tamamilə qüsursuzdur. Dövlət başçısı həqiqətən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə tam uyğun olaraq ömürlük həbs cəzasını 25 il müddətinəDƏK cəza ilə əvəz edib. Səfərovun Macarıstanda çəkdiyi səkkiz ildən çox cəza müddəti də elə həmin 25 iləDƏK müddətdir. Başqa sözlə, prezident öz sərəncamı ilə ömürlük cəzanı 8 ildən çox müddətlə əvəz edib ki, bu cəzanı da Səfərov çəkib. Bu müddət Azərbaycan qanunlarına əsasən Səfərov barəsində çıxarılmış yeni hökmdür və müddət doğrudan da Cinayət Məcəlləsinin tələb etdiyi kimi, 25 ildən çox deyil”.

"Media forum"


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.