525.Az

Misir Mərdanov: “Test sahəsi təkmilləşməlidir”

SABİQ TƏHSİL NAZİRİ: “MƏLEYKƏ ABBASZADƏNİ DƏ, CEYHUN BAYRAMOVU DA DİQQƏTLƏ İZLƏDİM VƏ BELƏ BAŞA DÜŞDÜM Kİ, TEST ÜSULU LƏĞV OLUNMAYACAQ”


[01.09.17]
Misir Mərdanov: “Test sahəsi təkmilləşməlidir”<b style="color:red"></b>

Sabiq təhsil naziri Misir Mərdanov test üsulunun ləğv olunması məsələsi ətrafında baş verənlərlə bağlı Modern.az saytına müsahibə verib.

Müsahibəni təqdim edirik. 

- Misir müəllim, bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə  2 ildən sonra test üsulunun ləğv olunacağı anonsunu verdi. Keçmiş təhsil naziri olaraq sizcə, Azərbaycan təhsil sistemində test üsulunun ləğv olunması nə dərəcədə real görünür?

- İnsanın biliyinin qiymətləndirilməsi sistemi dünyanın aparıcı, qabaqcıl ölkələrində necədirsə, elə də olmalıdır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Respublikamızın dünya birliyinə daxil olması istiqamətində çox ciddi addımlar atılır. Ölkəmiz dövlət başçısının tapşırığı ilə irəliyə doğru hərəkət edir. Bütün sahələrdə, o cümlədən, elm, təhsil, iqtisadiyyat sahəsində dünyanın inkişaf etməkdə olan ölkələrinin önündə gedə bilən dövlətik. Ona görə də günümüzdə test sahəsi təkmilləşməlidir. Müsbət yeniliklər tətbiq olunmalıdır.

Hörmətli Məleykə xanımın da, təhsil nazirinin müavini Ceyhun Bayramovun da çıxışlarını diqqətlə izlədim. Onların hər ikisinin çıxışından belə başa düşdüm ki, test üsulu ləğv olunmayacaq. Sadəcə, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir. Mən də bu addımı dəstəkləyirəm. Bu işin başında duran insanlara uğur arzulayıram.

- Məleykə Abbaszadə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində müzakirələr apardığını  və nəticənin sentyabrda ictimaiyyətə təqdim olunacağını deyib. Sizcə, söhbət hansı modeldən gedir? Yeniliklər nədən ibarət ola bilər?

- Belə başa düşdüm ki, qapalı suallarla yanaşı, açıq suallar da abituriyentlərə təqdim olunacaq. Ola bilər ki, burada mərhələlər olsun. İmtahan verənin biliyi qiymətləndirilərkən onun yaddaşına yox, məntiqi təfəkkürünə uyğun olan qiymətləndirmə  istiqamətində iş aparılır. Uşağın yalnız yaddaşına deyil, məntiqi təfəkkürünə qiymət veriləcək. Məsələn, mən riyaziyyat müəllimiyəm. Məsələ-misal veriləcəksə, həlli tələb olunacaq. Düşünürəm ki, bu, doğru yoldur. O da yaxşı haldır ki, hələ il başlamamış müvafiq qurumlar tərəfindən bu barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılır.

- Uzun illərdir ki, orta məktəblərdə şagirdlər kurrikulum əsasında dərs keçirlər. Açığı, etiraf edək ki, kurrikulum sistemi ilk vaxtlarda narazılıqla qarşılandı. Belə demək olarmı, kurrikulum sisteminə keçidin kökündə test sistemindən uzaqlaşmaq dayanıb?

- Mənə elə gəlir ki, bu dəyişikliyin əsas səbəblərindən biri odur ki, milli kurrikulum sistemi ilə dərs keçən şagirdlər artıq son siniflərə gəlib çatıblar. Kurrikulumun da əsas amallarından biri ondan ibarət idi ki, yaddaşa əsaslanan təhsil sistemindən məntiqi təfəkkürə yönəlmiş təhsil sisteminə keçid sisteminə nail olunsun.  Bu baxımdan işlər paralel qaydada gedir və növbəti mərhələyə keçmək üçün şərait yarandığına görə belə bir elan verildi.

- Test üsulu həm də sosial durumu aşağı olan ailələrdə böyüyən uşaqların təhsil almasına yol açırdı. Belə deyək də, illərdir rüşvət olmadan universitetlərə qəbul sistemi tətbiq olunurdu. Sizcə, test sahəsində yeni modelin tətbiq olunması imkansız uşaqların təhsil almasını əngələyə bilərmi?

- Şübhəm yoxdur ki, yenə də imkansız ailələrdə böyüyən uşaqlar öz bilikləri hesabına təhsil ala biləcəklər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.