525.Az

Əflatun Amaşov Azər Ayxanın işinə münasibət bildirdi

[23.05.13]
Əflatun Amaşov Azər Ayxanın işinə münasibət bildirdi<b style="color:red"></b>

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın işinə münasibət bildirib.

Azər Ayxan mayın 12-də və 13-də üç açıq mobil telefon nömrəsindən zəng edən şəxslərin təhqir və təhdidinə məruz qalıb. O, dərhal prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. “Yeni Müsavat”ın rəhbərliyi hesab edir ki, təhqir və təhdidlər qəzetin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqda dərc etdiyi tənqidi yazılarla bağlıdır. Mayın 15-də Azər Ayxan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. İdarədə jurnalistin ifadəsi alınıb, həmçinin onun mobil telefonuna baxış keçirilib, lazımi telefon nömrələri və ismarışlar götürülüb.

Mayın 23-də “Media forum” saytına danışan Əflatun Amaşov Mətbuat Şurasına məsələ ilə bağlı müraciət olunmadığını bildirib: “Müraciət olunsaydı, Mətbuat Şurası reaksiya verərdi. Biz bu məsələni mətbuatdan oxumuşuq. Məsələni diqqətdə saxlayırıq. Əgər Mətbuat Şurasına müraciət olunsaydı, yəqin ki, biz də müvafiq qurumlarla, hətta Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayardıq. Birbaşa Mətbuat Şurasına müraciət olunmadığı üçün bir fikir söyləyə bilmərik. Mətbuat Şurası mətbuatla bağlı bütün məsələlərlə əlaqədar monitorinq aparır. Bu hadisə də qeyd olunub”.

Əflatun Amaşov əlavə edib ki, jurnalistə açıq nömrədən zəng gəlibsə, səs yazılıbsa, təhdid və təhqir varsa, bu, cinayət tərkibli məsələdir: “Qanun pozuntusu varsa, bunu edən cəzasını almalıdır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.