525.Az

MİKAYIL MÜŞFİQ 104 YAŞINDA

[05.06.12]
MİKAYIL MÜŞFİQ 104 YAŞINDA

Bu gün görkəmli Azərbaycan şairi Mikayıl Müşfiq anadan olub.

 

TELEFON  SÖHBƏTİ

 

Sən məndən uzaqsan, mən səndən uzaq,

Uzaqdır sevimli gözlərin mənə.

Yaxındır telefon sayəsində bax,

Ürəkdən saçılan sözlərin mənə.

 

Neçin ruhlanmasın bu yeni şair,

Çapar gözləməyir canan elindən,

Çılğın arzuları eşqinə dair

Mərhəmət ummayır səba yelindən.

 

Əvət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan uzağa görünər mənə.

 

Məhəbbətin dərin, xəyalın dərin,

Nə çıxar sözlərə könlümü versəm?!

Əslinə varmaqçın bu söhbətlərin,

Nolur gözlərini telfonda görsəm?!

 

Məni inandırmaz yoxsa bu sözlər,

Az iş gəlməmişdir qərib başıma.

İstərəm ürəyin aynası gözlər

Açıb həqiqəti qoysun qarşıma.

 

Əvət, böylə qalmaz yarın bu ölkə,

Telfonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün lə bəlkə

Uzaqdan-uzağa görünər mənə.

 

YADIMA  DÜŞDÜ

 

Keçən günlərimi vərəqləyirkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı, birdən

Göyərçin əllərin yadıma düşdü.

 

Deyildir eşq odu məni yandıran,

Ruhumun şəhrini işıqlandıran.

Pozuq şəfəqləri mənə andıran

Ziyalı tellərin yadıma düşdü.

 

O gün də bir gündü, ey üzü dönmüş,

Sandım içində bir qaplan döyünmüş.

Bir anda göpürmüş, bir anda sönmüş

Xırçın əməllərin yadıma düşdü.

 

 

SÜLEYMAN RÜSTƏMƏ

 

Dinlə, qəlbimdə, Süleyman Rüstəm,

Sənə dair kiçicik bir nəğməm,

Kiçicik – dağ kimi bir dalğam var,

Bir dənizdir ki, o dalğam çağlar…

Haydı, Rüstəm, çıxalım gəl yarışa,

Çıxılım mövzu üçün axtarışa!

Aləmə vəlvələ salmaq lazım,

Quruluş şairi olmaq lazım!

Çapar atlar kimi çapmaqda həyat,

Bizə keçməkdə bu dövran, heyhat…

Yataraq uyquya dalsan bir də,

Bizi varlıq qoyacaqdır geridə.

 

 

GECƏ  DÜŞÜNCƏSİ

 

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

                     Bunları seyr edərkən

                     Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

                     Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,

Gözlərimin önündə canlandı hər həqiqət.

Xəyalım ənginlərə o qədər yüksəldi ki,

                     Mənə öylə gəldi ki,

                     İlk dəfədir kainat –

Dünyanı sellərində çalxayan bizim həyat 70

                     Sağda, solda döyüşmüh,

                     Sonra yoluna düşmüş.

Nə dayanmaq vaxtıdır, gözəl dostum sən də gəl!

Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

                      Yarı qönçə, yarı gül.

Səni gördüm, xəyalım o qədər yüksəldi ki,

                      Mənə öylə gəldi ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,

Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

                    Bunları seyr edərkən,

                    Bir az fikrə gedərkən,

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

                    Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

 

 

ŞEİRİM

 

Sən varlığın eynisən, buna sözmü var?

Ürəyisən, beynisən, buna sözmü var?

Gecələr ay sənindir, gündüzlər günəş

                       kainat kimi!

Hər şey gözəlləşmədə, sən də gözəlləş

                       bu həyat kimi.

Varlığın rəngi sənsən, ahəngi sənsən!

Çiçəklərin, nurların çələngi sənsən.

Bülbülün qarşısında açıl, şirinləş

                         qızıl gül kimi!

Hər şey dərinləşmədə, sən də dərinləş

                       bir könül kimi!

Dərinlik çox gözəldir, sadə olursa,

Nə çıxar o şeirdən başımı yorsa?

Mənalı səslərinlə, şerim incələş

                      bir kaman kimi!

Hər şey sadələşmədə, sən də sadələş

                      hər insan kimi!

Doğrudur, zərifliyin adı başqadır;

Qüvvətə gəl, qüvvətin dadı başqadır.

Ölkələr silahlanır, sən də silahlan

                       ölkələr kim!

Can deyə, canan deyə cəbhədə haxlan

                        bir əsgər kim!

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şeirim! Bu gülünc oyun bəllidir yarın

                         bizi də bəklər;

Sən də öl mənim kimi, fəqət məzarın

                         olsun ürəklər!

 

DUYĞU YARPAQLARI

 

 

Atamız dünyadan eh dedi getdi,

Tez sönən ömrünə meh dedi getdi.

Gül əkdi, vay dərdi cahan bağından,

Tökdüyü yaşlara şeh dedi getdi.

 

* * *

 

Qoxusuz lalədir mənasız şeir,

Qanadsız bir quşdur xülyasız şeir.

Gözəlsiz, çalğısız, məclisə bənzər

Məzmunsuz, ahəngsiz, ədasız şeir.

 

* * *

 

Dünən bir şairin keçdim yanından,

İldə bir söz çıxmaz xəsis canından.

Eşqi, ehtirası olmayan, yetər,

Çıxsın birdəfəlik söz meydanından!

 

* * *

 

Şairə ilhamdan maya gərəkdir!

Anasız socuğa daya gərəkdir!

Şairəm söyləyir yerindən duran,

Adamın üzündə haya gərəkdir!

 

* * *

İstər bəstəkar ol, istər nəqqaş ol,

Şair ol, rəssam ol, heykəltəraş ol,

Yaratdığın işi sevərək yarat,

Hamıdan yüksək ol, hamıdan baş ol!

 

 

YAŞA  KÖNÜL!

 

Ah, bu uzun sevda yolu

Vurulurmu başa, könül!

Nişan aldım, kaman atdım,

Deydi oxum daşa, könül!

 

Bir od düşdü buluduna,

Yandın, könül, eşq oduna,

Qaldın hicran umuduna,

Ey qırılan şişə könül!

 

Tərlansan, göydən enməzsən,

Bu torpaqda sevinməzsən,

Mən dönərəm, sən dönməzsən,

Yaşa könül, yaşa könül!        

 

 

ÜRƏK

 

Sən onun eşqilə, məhəbbətilə

Vurmadın ömrünü başa, ürəyim.

Sevgi hədəfinə nişan alanda

Dəydimi oxların daşa, ürəyim?!

 

Sevgi dəryasında ruhum bir ada,

Fırtınam ziyada, dalğam ziyada,

O ellər gözəli düşəndə yada,

Az qalır xəyalım şaşa, ürəyim!

 

Sən canı canandan ayrı tutmadım,

Odur ki, vəfasız deyildir adın.

O səni unutdu, sən unutmadın,

Yaşa məhəbbətim, yaşa ürəyim!

 

 

MƏHƏBBƏT

 

Mən ki, bilməz idim nədir məhəbbət,

Bu sirri sən mənə anlatmadınmı?

Dünyaya sığmayan şair könlümü

Köksümdən çıxarıb oynatmadınmı?

 

Mən ki, nəğmə deyib bənövşələrdən

Peşəm zövq almaqdı bir şux dilbərdən,

Məndən uzaq gəzib, dolanıb hərdən,

Qəlbimi sıxmağa can atmadınmı?!

 

Min hicran könlümü alanda ələ,

Zərrəcə halıma yanmadın belə.

Müşfiqin qəlbini tez alıb ələ

Onu röyalardan oyatmadınmı?!

 

 

SÖYLƏ   

 

Günlərim axışır bir uyqu kimi,

Dərədən dərəyə axan su kimi,

Dilbərim hərcayi bir ahu kimi

Hicran dağlarını aşarmı, söylə?

 

Sənsiz nə zövqü var bağın-baharın?

Açan çiçəklərin, uçan quşların?

Sənsiz cənnət olsa kainat yarın,

Heç mənim quhumu oxşarmı söylə?

 

Səninlə bağlayıb mən əhdi-peyman,

Dedim qismətimiz olmasın hicran.

Müşfiq quş olsa da, görəsən bir an

Səndən uzaqlara uçarmı, söylə?


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.