525.Az

Burdan bir atlı keçdi

MƏRHUM MAYOR FƏQAN BAXIŞ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ


[19.08.09]
Burdan bir atlı keçdi<b style="color:red"></b>

1975-ci ildə, avqust ayının gözəl bir günündə Ağcabədi rayonunun Qaravəlli kəndində Baxış müəllimin ailəsində gözəl bir oğlan uşağı dünyaya gəldi.

Bütün oğlu olan analar kimi Səhər xanım da çox sevinmişdi. Həmin gün qürurlanıb taleyə yazılası bir gün də yaşamışdı. Xeyli gözaydınlığı verilib, təbriklər olmuşdu. Çox götür-qoydan sonra uşağın adını Fəqan qoydular. Digər qardaş - bacıları kimi bu uşaq da doğulduğu kənddə 1982- ci ildə 1-ci sinifə gedib, 1993-cü ildə orta məktəbi bitirdi.

1993-cü ildə Fəqan Ağcabədi rayon Hərbi Komissarlığına gələrək öz ərizəsi ilə döyüşə könüllü getmək arzusunda olduğunu bildirdi.

O illərdə vətənin ixtisaslı hərbi kadrlara çox böyük ehtiyacı olduğu üçün Hərbi Komissarlıq Fəqanı Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbində (indiki adı H.Əliyev adına Hərbi Akademiya) oxumağa göndərdi. Fəqan uğurla imtahan verib məktəbə daxil oldu. 1997-ci ildə o, Ali Hərbi Məktəbi bir zabit kimi əla qiymətlərlə bitirib Azərbaycan Müdafiə Nazirliynin əmri ilə ömrünü hərb sənətinə bağladı. O, sonralar Tərtərdə, Mingəçevirdə, Bərdədə, Şəkidə, Gəncədə Müdafiə Nazirliyinin hərbi hissələrində tabor komandiri xidməti vəzifəsini yerinə yetirdi.

Fəqan bu müddətdə çox əzablı günlər keçirib, səngərlərdə sürünüb, düşmən güllələrinin uğultusu altında keşik çəkib, mənfur düşmənimizin ayağının Vətən torpağına dəyməməsi üçün vuruşub, el namusu çəkib. O, bahalı kostyumlar, rahat ayaqqabılar geymədi (tanıyanlar yaxşı bilirlər onun buna hər cür imkanı vardı), hərbi paltarı sevimli libası oldu. Ayaqları qabarlı olsa da, əsgər çəkmələrini çıxarmadı, rahat yataqda yatmadı, ləzzətli ev yeməklərinə, qohuma-qardaşa, toya-düyünə, ailəsinə, körpə balalarına tamarzı, həsrət qaldı, onlardan doymadı.

Ömrünün ən gözəl çağını, qaynar gəncliyinin qışını, yazını cəbhədə keçirdi. Yastığı Vətən daşı, döşəyi Vətən torpağı, yorğanı Vətən göyləri oldu. İlbəil rütbəsi, vəzifəsi, hörməti artdı, mayor rütbəsinə çatdı və tabor komandiri olub, fəxri fərmanlar, təşəkkürlər aldı, şəkili şərəf lövhəsin bəzədi, elin-obanın sevimlisinə çevrildi. Atası Baxış müəllim, anası Səhər onunla fəxr edirdi. Fəqan həm fiziki, həm də mənəvi cəhətdən tam yetkin şəxsiyyət, ağıllı və təcrübəli hərbçi olmuşdu. Ancaq müəllim atası, nigaran anası döyüş zonasında olan oğlundan həmişə narahat idilər. Onlar səksəkəli yaşayır, gördükləri yuxuları xeyirə yozur və gözlərini daim cəbhə yollarına dikirdilər. Yedikləri yeməklərin dadı və ağızlarının ləzzəti qeybə çəkilmişdi. Onlar vaxtaşırı Tərtərə gedər, hərdən vəziyyətin çox gərginliyindən orada Fəqanla görüşə bilməsələr də, ona yaxın olmaqdan sevinər, udduğu havadan udub geri qayıdardılar. Bu da onlara bir təsəlli olardı. Müstəqil Azərbaycanın zabiti, mayor Xudaverdiyev Fəqan Baxış oğlunun dörd körpə balası da (böyüyünün 9, sonbeşiyin 2 yaşı var) atalarının üzünü doyunca görmürdülər. Onun qısamüddətli gəlişini həsrətlə gözləyirdilər. Fəqanın işi imkan vermədi ki, ilk övladı Adəmin, yeganə qızı Gültəkinin məktəbə getməsini, "özümə oxşayır" deyib əzizlədiyi Eltonun dil, Elcanın ayaq açmasını görsün.

Mübaliğəsiz demək olar ki, Fəqan qorxmaz, mətin insan, cəsur, təcrübəli hərbçi, istiqanlı, gülərüz, qohum, pəhləvan cüssəli bir oğlan idi. Onu tanıyanlar yəqin ki, razılaşarlar ki, o, heç nədən qorxmurdu, təhlükəli, narahat və riskli hərbçi həyatına alışmışdı. Qısa ömrünün 17 ilini canla-başla vətənə qulluq etdi. Çox sevdiyi hərbi işi daha dərindən, mükəmməl öyrənmək həvəsi onu rahat buraxmırdı. Ona görə də hərbi hissənin göndərişi ilə Hərbi Akademiyaya təhsilini davam etdirmək üçün Bakı şəhərinə ezam olundu. O, 2008-ci ilin avqust ayında Müdafiə Nazirliyinin Hərbi Akademiyasına daxil oldu. Bu münasibətlə atasını, anasını, həyat yoldaşı Esmiranı təbrik etmişdi. Körpə balalarına demişdi ki, 2 il sizinlə birgə yaşayacağam.

 

Fəqanla son görüşümüz Bakıda, 2008-ci il avqust ayının 10-da həyətimizdə oldu. O, mənimlə və bibisi Nüşabə xanımla xudafizləşməyə, Hərbi Akademiyaya daxil olduğunu xəbər verməyə gəlmişdi. Bilirdi ki, bu xəbər bizi çox sevindirəcək. Xeyli oturduq, çay içdik, söhbət etdik. Nə biləydik ki, bu bizim axırıncı görüşümüzdür. Ayrılanda o, sanki vida görüşümüz olduğunu hiss etmişdi, elə bil halallaşmağa gəlmişdi. Getmək istəmirdi, bibisinə minətdarlıq etdi, iki addım atıb, bir də qayıtdı, yenidən boynumu qucaqladı, ikimiz də kövrəldik. "Ay əmi, narahat olma, inşaallah, tezliklə oxumaq üçün Bakıya qayıdıram. Sizi o qədər yoracağam ki...", dedi. Əfsus ki, onun bütün arzuları ömrü kimi yarımçıq qaldı.

Heyhat! 22 avqust 2008-ci ildə ömür vəfa etmədi. Qaranlıq, müdhiş bir gecə yenə xidməti vəzifə, yenə döyüş tapşırığı, bu oğulun, bu igidin - mayor Xudaverdiyev Fəqan Baxış oğlunun həyatına son qoydu. Pəhləvan cüssəli oğlan komandiri olduğu N-saylı hərbi hissənin ərazisində düşmənlə üz-üzə, göz-gözə, 32 yaşında faciəli şəkildə həlak oldu.

Fəqanın şəhid olması xəbəri doğulub boya başa çatdığı Qaravəlli kəndində ildırım kimi çaxdı. Adamlar dəstə-dəstə beli bükülmüş Baxış müəllimə, dərdli Səhər anaya həyan olmağa gəlir, mərhumun əzizlərinə, doğmalarına başsağlığı verib, dərdlərinə şərik çıxırdılar. İnanın, o gün Fəqangilin həyətində o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Gəlmişdilər ki, onların azadlığı, xoşbəxtliyi və gələcəyi üçün canını qurban verən, əbədiyyətə qovuşan Vətənin igid oğlu Fəqanla vidalaşsınlar.

Bu gözlənilməz ölüm, bu çağrılmamış qonaq, bu vaxtsız əcəl Fəqanı aparmaqla valideyinlərinin sinəsinə dağ çəkdi, el-obasına dərin yara vurdu.

Fəqanla öyünən, az qala onunla nəfəs alan atası Baxış müəllimin indi yaşının ixtiyar vaxtı bu faciədən beli bükülüb gözlərinə ağır itkinin kölgəsi çöküb, gündən-günə dərd onu bir az da əridir. Anası Səhər xanım bu vaxtsız ölümlə, əvəzsiz itki ilə barışa bilmir, gecə gündüz fəryad qoparır, inləyir.

Öz tərbiyəsi, həyası ilə seçilən, qəlbinin təmizliyi ilə tanınan, eldə-obada hörməti olan, qohumlarının əzizi Esmira gözünü atasız qalan dörd körpəsinin gözlərinə dikib, sonsuzluqda igidi Fəqanı axtarır. Bu donmuş baxışlarda atasız balalarını Fəqanın adına layiq böyütmək məsiliyyətinin ağırlığı ilə bərabər, çiliklənmiş, parça-parça olmuş pak, nakam məhəbətin ağır itkisi həkk olunub.

Çox-çox uzaqlarda, xarici ölkədə bir bacı yanır, yaşamır, qovrulur, ovunmur. Bir tərəfdən çox erkən həyata vida etmiş qardaş itkisi, üstəlik qardaşının başsız qalmış 5 ailə üzvü Saranı şam kimi əridir. Onu görənlər tanımırlar.

Fəqanın böyük qardaşı Hacı Nicat özünün böyük dərdini heç kimə bildirmədən, dəyərli qardaşının itkisinə çox çətinliklə dözür. Ağır yarasını zəif olan bədənində gizlədib, əzablı günlərini gizli yaşayır.

Fəqan indi cismən aramızda yoxdur. Canı qədər sevdiyi vətən torpağının qoynunda uyuyur. Bu yazını qələmə alan, ömrünə kədərdən bir neçə il də pay düşən əmin də Fəqan, sənə ata-anan, bacı-qardaşların kimi yas saxlayıb, bu dünyada tapmadığın rahatlığı o dünyada tapmağı arzulayır. Bircə təsəllimiz odur ki, Fəqan, şəhidlər ölmür, ruhən yaşayır sən də həmişə bizimləsən. O ruh ki, daim vətənin başı üzərində fırlanır, qələbə xəbərini soraqlayır. Qoy, narahat ruhun şad olsun, Fəqan. Bil ki, o gün uzaqda deyil, inşallah.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

HACI NAXIŞ
"525-ci qəzet" 19 avqust 2009


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.