525.Az

XXI yüzilliyin - “Təhsil əsri”nin qarşıya çıxardığı vəzifələr və perspektivlər

[30.09.12]
XXI yüzilliyin - “Təhsil əsri”nin            qarşıya çıxardığı vəzifələr və perspektivlər

XXI əsrin Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Təhsil əsri” elan edilməsi beynəlxalq aləmdə ictimai-siyasi mövqeyindən və nüfuz dairəsindən asılı olmayaraq, bütün dünya dövlətlərinə ünvanlanmış bir xəbərdarlıq mesajıdır. Bu mesajda inkişafın mənbəyində yalnız təhsilin, təhsilli cəmiyyətin dayandığı, hər bir xalqın rəqabətə davamlılığının və ümidli gələcəyinin bilavasitə təhsil sahəsində qazanılan nailiyyətlərlə bağlı olduğu həyati reallıq kimi bir daha öz təsdiqini tapır.

Təhsil naziri Misir Mərdanov deyir ki, XXI əsrin “Təhsil əsri” elan olunmasına müasir dövrümüzdə qloballaşma meyllərinin getdikcə güclənməsi zəmin yaratsa da, bu çağırışda müəyyən qədər şərtilik də duyulmaqdadır. Çünki insan cəmiyyətinin yaranışından ta hazırkı zəmanəmizə qədər ötüb keçən tarixi yola nəzər salsaq, bəşəriyyətin tərəqqisi, sivilizasiyaların təşəkkülü və bir-birini əvəz etməsi baxımından elə bütün əsrlərin “Təhsil əsri” məqamında qiymətləndirilməsini daha obyektiv gerçəklik hesab etmək olar. Tarixən müxtəlif qərinələrə, əsrlərə təsadüf edən və zaman-zaman dünyanın mənzərəsini, insanların təfəkkürünü, düşüncə və baxışlarını dəyişən, mənəviyyatlarında dərin izlər buraxan kəşflər, ixtiralar, milli mənəvi, mədəni abidələr öz dövrünə görə müxtəlif səviyyələrdə həyata keçirilən təhsilə və onun nəticələrinə borcludur. Məntiqi cəhətdən yanaşsaq, bu kəşflərin, ixtiraların, mədəniyyət abidələrinin müəlliflərinin timsalında onların təmsil etdikləri ölkələrdə təhsilin səviyyəsi, hər şeydən əvvəl, təhsilə, təhsillənməyə olan münasibət haqqında da aydın təsəvvür yaranır: “Ümumdünya elminə, incəsənət və mədəniyyətinə Bəhmənyar, Xətib Təbrizi, Nizami Gəncəvi, Əcəmi Naxçıvani, Nəsirəddin Tusi, Fəzlullah Rəşidəddin, Mirzə Kazım bəy, Üzeyir bəy Hacıbəyli, Lütfi-Zadə kimi dahilər bəxş etmiş Azərbaycanda milli maraqlara söykənən mütərəqqi təhsil ənənələri daim mövcud olmuşdur. Təsadüfi deyil ki, bütün Zaqafqaziya məkanında ilk dünyəvi ümumi təhsil məktəbi 180 il bundan əvvəl Azərbaycanda yaranmışdır. Ümumiyyətlə isə, yaşı 100 və daha çox olan ümumtəhsil məktəblərimizin sayı 80-dən artıqdır”.

Nazirin sözlərinə görə, XX əsrdə ölkəmizin təhsil sahəsində əldə etdiyi mühüm irəliləyişlərin sovet hakimiyyəti dövrünə təsadüf etməsi, heç şübhəsiz, tarixi faktdır. Bununla belə, təhsilin siyasiləşdirilməsi və vahid ideologiyaya tabe etdirilməsinin nəticəsi olaraq, sovet təhsil sisteminin dünyada aparıcı, ən mütərəqqi və dinamik inkişaf edən bir sistem olması barədə cəmiyyətdə formalaşdırılan fikir bu sistemin çərçivəsindən kənara çıxmaq, nöqsanlı cəhətlərini görmək, ciddi dəyişikliklər etmək, dünya təcrübəsindən bəhrələnmək meyillərini, demək olar ki, heçə endirmişdi. Ayrı-ayrı təhsil mütəxəssislərinin, qabaqcıl müəllimlərin təcrübəsini əks etdirən və onların adları ilə adlandırılan bəzi layihələr isə hər yerdə tətbiq olunmur, bir sıra hallarda reklam xarakteri daşıyırdı. Şəhərlər, rayon mərkəzləri istisna edilməklə kənd yerlərində məktəblərin əksəriyyəti, uşaq bağçalarının isə böyük əksəriyyəti zəruri təlim-tərbiyə şəraitindən məhrum uyğunlaşdırılmış binalarda yerləşirdi. İnşa edildiyi vaxtdan 20-30 il və daha artıq müddət keçməsinə baxmayaraq, bir dəfə də əsaslı təmir edilməyən, inventar-avadanlıqları dəyişilməyən, tədris laboratoriyaları, idman zalı, kitabxanası olmayan məktəblərin sayı üstünlük təşkil edirdi. Fənlər üzrə tədris proqramları məzmun standartları əsasında deyil, mövzular toplusu şəklində tərtib olunur, idraki fəallıqdan çox əzbərçiliyə daha geniş şərait yaradılırdı. Pedaqoji işçilərin təkmilləşdirilməsi və ixtisasının artırılması prosesi, əslində, formal xarakter daşıyırdı və sair: “O dövrdən bizi 20 il ayırsa da, reallıqları bir daha xatırlamaq, yaddaşları təzələmək bu günümüzü qiymətləndirmək və gələcəyi düzgün müəyyənləşdirmək baxımından çox vacibdir. Biz dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi dəyərləri, haqlı olaraq, müntəzəm vurğulayırıq, lakin keçmiş zamandan qalan əngəllərin yaratdığı problemlərə az toxunuruq. Halbuki müstəqillik illərində görülən işlərə həmin problemlərin xüsusi çəkisinin fonunda qiymət vermək daha obyektiv olardı.Tarixi hadisələrin inkişafına təkrar olaraq yenidən nəzər salsaq, müstəqillik dövründə 1991-ci ilin sonlarından başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hökm sürən siyasi böhran, başıpozuqluq, xaos və növbəti günə ümidsizlik ulu rəhbərimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əmin-amanlıq və sabitliklə əvəz edilsə də, xəyanətlərin, dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınması üçün xeyli vaxt lazım oldu. Bu mənada müstəqil Azərbaycanda iqtisadi və sosial sahələrdə quruculuq işlərinə keçidin tarixi yalnız 1996-97-ci illərə təsadüf edir. O dövrdə ulu öndər Heydər Əliyev tərəfindən təhsil sahəsində islahatlar aparmaq ideyasının irəli sürülməsi zamanına görə cəsarətli addım olmaqla yanaşı, müdrik dövlət xadiminin “Təhsil millətin gələcəyidir” konseptual müddəasının dönməzliyinə əyani sübut idi. 1998-ci ildən sonra ölkəmizin təhsilində həyata keçirilmiş genişmiqyaslı islahatyönümlü işlərin, infrastruktur quruculuğunun, innovativ təhsil layihələrinin əsasını məhz ümummilli liderimizin proqram xarakterli həmin tezisi təşkil etmişdi. Təhsil islahatları ideyasının gerçəkləşdiyi 1998-99-cu illərdə bu islahatların ilk olaraq təhsilin hansı pilləsindən başlanması məsələsi də gündəmdə idi. Çünki özünəməxsus problemlər baxımından onların hər birində köklü dəyişikliklər aparılması zəruri hesab olunurdu. Bununla belə, islahatlara bütün pillələrdə eyni vaxtdan başlamaq da fiziki cəhətdən mümkün deyildi. O dövrdə islahatların ilk hədəfi kimi ümumi təhsil sahəsinin seçilməsi belə bir məntiqə əsaslanırdı ki, vətəndaşların kütləvi şəkildə ən çox cəlb edildiyi bu sistemdə aparılan forma, məzmun və mahiyyət dəyişiklikləri birmənalı olaraq özündən əvvəlki və sonrakı pillələrə də təsirsiz ötüşməyəcək, bu sahələr üzrə islahat istiqamətlərinin müəyyənləşdirilməsinə real zəmin yaradacaqdır. Növbəti illərin təcrübəsi həmin yolun doğruluğunu bir daha təsdiq etdi. Niyyətim ötüb keçən tarixə sadəcə nəzər salmaq deyildir. Məsələ bundadır ki, müstəqilliyimizin sabitlik dövrü başlanandan bəri ümumi təhsil sistemində həyata keçirilən proqram və layihələrə, islahatyönümlü tədbirlərə və onların nəticələrinin qiymətləndirilməsinə müxtəlif mövqeli münasibət hələ də qalmaqdadır. Bu, bir tərəfdən, əlbəttə, təbiidir. Çünki Azərbaycan cəmiyyəti dünyanın hazırkı durumunda ölkəmizin gələcək inkişafının hərəkətverici qüvvəsi hesab olunan təhsilə qarşı ilbəil daha ciddi tələblər irəli sürür. Digər tərəfdən isə, qarşıya qoyulan vəzifələr baxımından görülən işlər barədə ölkə vətəndaşlarının kifayət qədər məlumatlı olmaması, eləcə də arzularla faktik vəziyyət arasındakı nisbətin, real şəraitin bəzən qeyri-obyektiv dəyərləndirilməsi təhsil quruculuğunun gedişi haqqında yanlış təsəvvürlərin yaranmasına da rəvac verir. Əslində, sovetlər dövründə formalaşmış ənənəvi məktəb sistemini saxlamaq inkişaf etmiş dövlətlərin təhsil siyasətindən təcrid olunmağa bərabər bir hal olardı. Bu, birmənalıdır. Lakin mövcud sistemi birdən-birə dəyişmək də qeyri-mümkündür. Həyatda köhnəliklə yeniliyin, dünyagörüşlərin mübarizəsi daim olmuşdur və cəmiyyətin inkişafı fonunda bu, kəsilməz davamlı bir prosesdir”.

M.Mərdanovun dediyinə görə, islahatlar bəzi əlamətlərinə görə inqilablara bənzəyir. Həm inqilablar, həm də islahatlar insanların cəmiyyət həyatını, sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq, hər hansı bir sahədə daha təkmil fəaliyyət sistemi yaratmaq, irəliləyişlərə və inkişafa nail olmaq istəyini ifadə edir. Lakin bir çox hallarda inqilablar kortəbii, nə kimi nəticələr verəcəyi nəzərə alınmadan, bəzən isə xarici qüvvələrin təsiri ilə baş verir, ölkəni inkişafa deyil, geriliyə aparır. İslahatlar isə kortəbii inqilabçılıqdan uzaq olmalı, mövcud vəziyyətlə yaxın və uzaq gələcəyin analitik təhlilinə, mütərəqqi dünya təcrübəsinə əsaslanmalı, ulu rəhbərimiz Heydər Əliyevin müdrik müddəasına görə, təkamül yolu ilə həyata keçirilməlidir: “Həqiqət naminə desək, ötən əsrin 90-cı illərinin sonundan başlayaraq, ölkə rəhbərliyinin tövsiyələri, müntəzəm dəstəyi, diqqət və qayğısı sayəsində Azərbaycanın ümumi təhsil sahəsində ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir və həmin proses indi də davam etməkdədir. Bu inkişaf təkcə ümumtəhsil məktəblərinin maddi-texniki, tədris bazasının möhkəmləndirilməsi, bütövlükdə ümumi təhsilin müasir infrastrukturunun yaradılması istiqamətində atılan inamlı addımlarla məhdudlaşmır. Hərçənd ki, son 10 ildə dövlət proqramları, eləcə də Heydər Əliyev Fondu və digər mənbələr hesabına 550 min şagird yerlik 2200 yeni məktəb binası tikilmiş, 800 məktəb əsaslı təmir olunmuş, 700 məktəbin istilik sistemi yenidən qurulmuş, 700-dən artıq məktəb müasir avadanlıqlarla, 400 məktəb müvafiq tədris laboratoriyaları ilə təchiz edilmişdir. Görülən tədbirlər nəticəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 35-dən 21-ə enmiş, bununla da 1 milyonadək şagirdin təhsil şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur. Bununla yanaşı, ən vacibi odur ki, ardıcıl aparılan islahatyönümlü tədbirlər nəticəsində ümumi təhsilin cəmiyyətdəki roluna və  mahiyyətinə, idarə olunmasına, məqsəd və vəzifələrinə, ümumi təhsilli şəxsin statusuna, ümumi təhsilin məzmununa və pedaqoji prosesin təşkili mexanizmlərinə, şagird nailiyyətlərinin dəyərləndirilməsinə, müəllimlərin fəaliyyətinə, pedaqoji kadrların əlavə təhsilinin mahiyyətinə cəmiyyətdə, insanların şüurunda yeni münasibət yaranmış və beləliklə də, ölkənin ümumi təhsili əvvəlki vaxtlardan tamamilə fərqli bir yanaşmada müasir inkişaf yoluna qədəm qoymuşdur. Ümumi təhsil sistemində hazırkı dövrün, müasir insanın tələbatlarını əks etdirən məzmun standartlarının, təhsil proqramları (kurikulumları) və təlim nailiyyətlərinin dəqiq ölçülməsinə xidmət edən qiymətləndirmə meyarlarının, eləcə də yeni dərsliklərin hazırlanıb tətbiq edilməsi XXI əsrin ilk 10 ilində qazanılmış ən nəzərəçarpan uğurlardan hesab olunur. “Hafizə”, “yaddaş” məktəbindən “təfəkkür”, “düşüncə” məktəb modelinə keçidin əsasını təşkil edən yeni fənn proqramları (kurikulumları) mütərəqqi dünya təcrübəsindən bəhrələnməklə ölkəmizin görkəmli alim və mütəxəssislərinin rəhbərliyi ilə hazırlanmış, bu prosesdə yüzlərlə müəllim və metodist yaxından iştirak etmişdir. 2008-2009-cu dərs ilindən etibarən tətbiqi ümumtəhsil məktəblərinin I siniflərindən başlanan həmin fənn proqramları (kurikulumları) üzrə tədrisin səmərəli təşkili məqsədilə son 4 il ərzində 40 minədək ibtidai sinif müəllimi xüsusi öyrədici təlim kurslarından keçirilmiş, onlar üçün ilboyu müxtəlif maarifləndirmə tədbirləri təşkil olunmuş, yerlərdə aparılan monitorinqlərin nəticələrinə görə, mövcud vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş qərarlar qəbul edilmişdir. Uğurlardan danışarkən bir vacib məqama da toxunmaq istəyirəm. Bu, son vaxtlar ümumtəhsil məktəb müəllimlərinin cəmiyyətdə sosial statusunun yüksəldilməsi üzrə aparılan məqsədyönlü tədbirlərlə əlaqədardır. Etiraf edək ki, uzun illər orta məktəb müəllimləri, fəaliyyətləri nə qədər əhəmiyyətli, əhəmiyyətli olduğu qədər də çətin olsa da,  ali məktəb müəllimlərinə nisbətən bir növ kölgədə qalmış, layiq olduqları səviyyədə mötəbər mövqe tutmalarına ciddi münasibət bəslənilməmişdir. Hazırda isə vəziyyət tamamilə başqadır. Artıq məktəb müəllimləri ümumi təhsilin müasir məzmununun müəyyənləşdirilməsində, dərslik komplektlərinin hazırlanmasında tanınmış mütəxəssislərin bərabərhüquqlu tərəfdaşına, söz sahibinə çevrilmişlər. Bu gün onların səsi ixtisasartırma institutlarının auditoriyalarından gəlir, treninq və seminarlarda eşidilir. Neçə illərdir ki, yaradıcı müəllimlərin xarici ölkələrdə təcrübə mübadiləsi aparmasına, innovativ təhsil layihələrində iştirakına, mətbuatda çıxışlarına geniş imkanlar açılmışdır. Əvvəlki dövrlərlə müqayisə etsək, orta məktəb müəllimlərinin əməyinin stimullaşdırılmasına dövlət qayğısı qat-qat artmışdır ki, bu da onların çalışdıqları kollektivlərdə, cəmiyyətdə etibar və etimad göstərilən şəxs kimi nüfuz dairəsinin xeyli genişlənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Təsadüfi deyil ki, son 10 il ərzində ümumi təhsil sisteminin 2000 nəfərdən artıq işçisi, o cümlədən yüzlərlə müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülmüşdür”.

Təhsil naziri bildirib ki, beşgünlük tədris həftəsinə keçilməsi, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiq olunması, informasiya-kommunikasiya texnologiyaları ilə təminatın gücləndirilməsi, elektron məktəb və kitabxanaların təşkili, gənc mütəxəssislərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi yolu ilə ucqar kənd məktəblərində pedaqoji kadrlara ehtiyacın nisbətən ödənilməsi, məktəb direktorları və müəllimlərin seçilib yerləşdirilməsinin obyektivliyi və şəffaflığı təmin edən yeni sistemlə aparılması, müəllimlərin ixtisaslarının artırılmasında maraq və ehtiyacların ödənilməsinə yönəlmiş “modul-kredit” sisteminə keçilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılıb onların inkişafı istiqamətində dövlət səviyyəli tədbirlərin davamlı həyata keçirilməsi, ümumtəhsil məktəblərinin tədris-əyani vəsaitlərlə, uşaq ensiklopediyaları və oxu materialları ilə təmin olunması, inklüziv təhsilin tətbiqinə başlanması, dövlət uşaq müəssisələrində saxlanan uşaqların ailələrə verilməsi və onlara alternativ qayğının təşkili mexanizmlərinin yaradılması, innovativ ideyaların meydana gəlməsinə və tətbiqinə, təşəbbüskarlığa və fərdi yaradıcılığa geniş imkanlar açan “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin təşkili, 2007-ci ildən başlayaraq hazırda fəaliyyət göstərən müəllimlərin ixtisas və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş məqsədli öyrədici təlim kurslarının keçirilməsi, seçilmiş ümumtəhsil məktəblərində müvafiq xarici ölkə qurumları və yerli qeyri-hökumət təşkilatlarının iştirakı ilə təhsil innovasiyalarının tətbiqinə xidmət edən müxtəlif layihələrin yerinə yetirilməsi və digər bu kimi tədbirlər də qazanılan nailiyyətlər sırasındadır: “Bu sadalanan tədbirlərlə bağlı bəzi məqamları konkret faktlar əsasında diqqətə çatdırmaq istərdim. Məsələn, dövlət başçısının 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı”na qədər ölkədə 1063 şagirdə 1 kompüter düşürdü. Proqramın icrası müddətində isə ümumtəhsil məktəblərinə 33708 kompüter, 2809 proyektor və noutbuk dəsti, 4000 şagirdə netbuk verilmişdir. Hazırda şagird-kompüter nisbəti 1:20-yə çatdırılmışdır ki, bu da təhsil tariximizdə çox mühüm hadisədir. Eyni zamanda məktəblərin 75 min nəfər pedaqoji, texniki və inzibati heyət işçisi İKT üzrə öyrədici təlim kurslarından keçirilmiş, bir sıra fənlərdən elektron tədris resursları hazırlanmış, 32 elektron ümumtəhsil məktəbi təşkil olunmuş, İnternetə qoşulan məktəblərin sayı 1200-ə (26 faiz) çatdırılmışdır. Ötən müddətdə 50 milyon nüsxədən artıq dərslik çap edilərək şagirdlərə pulsuz çatdırılmış, məktəb kitabxanaları 18 adda uşaq ensiklopediyası, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ilə zənginləşdirilmiş, ümumtəhsil məktəbləri Heydər Əliyev Fondu hesabına hazırlanmış 140 adda 1,4 milyon nüsxə tədris-əyani vəsaitlərlə təmin olunmuş, məktəblərə 19 adda 351 min nüsxə xəritə verilmişdir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin dünya təcrübəsinə uyğun əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində də inkişafyönümlü tədbirlər həyata keçirilmişdir. Yeni qiymətləndirmə modelinin hüquqi və təşkilati əsası respublika Nazirlər Kabineti tərəfindən 2009-cu ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nda öz əksini tapmışdır. Artıq uzun müddətdən bəri məktəblərimizdə kök salmış cari qiymətləndirmə təcrübəsindən imtina edilmiş, bilavasitə təhsildə keyfiyyətin idarə olunmasının təminatçısına çevrilən məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edən müasir sistemə keçilmişdir. Bu gün Azərbaycan məktəblilərinin PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı), TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PIRLS (Oxu bacarıqlarının keyfiyyətini tədqiq edən Beynəlxalq Qiymətləndirmə Proqramı) kimi nüfuzlu proqramlarda iştirakı, yüksək nəticələr əldə olunmasa da, beynəlxalq qiymətləndirmə məkanına daxil olmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bəzi “təhsil tənqidçiləri” elə düşünür ki, hər hansı bir proqramda iştirak ilk andaca hökmən uğurla nəticələnməlidir. Bu, heç şübhəsiz, yanlış mövqedir. Uğurlar heç vaxt birdən-birə qazanılmır. Ölkəmiz həmin proqramlarda hələ yenicə təmsil olunur. Biz artıq müəyyən təcrübə toplamışıq və tələblərə bələd olmuşuq. Hazırda bu tələbləri reallaşdırmaq istiqamətində məqsədyönlü addımlar atılmaqdadır və çox keçməz ki, dünya fənn olimpiadalarında olduğu kimi, şagirdlərimiz həmin proqramlarda da yüksək nəticə göstərərlər. Əsas məsələ ümumi təhsilin məzmununun beynəlxalq qiymətləndirmə proqramlarının tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir ki,  bu istiqamətdə də məqsədyönlü işlər davam etdirilməkdədir”.

M.Mərdanovun sözlərinə əsasən, diqqət mərkəzində olan məsələlərdən biri də ümumtəhsil məktəblərindəki xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtında aşkara çıxarılması və onların inkişafı üçün əlverişli təhsil şəraiti yaradılmasıdır. Prezidentin 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” bu sahədə səmərəli fəaliyyət və məqsədyönlü iş sistemi yaradılması üçün geniş imkanlar açmışdır. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə istedadlı uşaqların bankı yaradılmış, proqramın icrası müddətində belə uşaqlar üçün 12 lisey və gimnaziya, 36 ümumtəhsil məktəbində 60-a yaxın lisey sinfi açılmış, yerlərdə tədqiqatçılığa meyilli istedadlı uşaqların cəlb edildiyi “Kiçik akademiya”lar təşkil olunmuş, nəzəri və praktik problemlərin həllinə yönəlmiş elmi-metodik kitablar, habelə test və beynəlxalq olimpiadalar səviyyəsində tapşırıqlar topluları nəşr edilmişdir. İstedadlı uşaq və gənclərin cəlb olunduğu təhsil müəssisələrinin maddi-texniki, tədris bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, bu məqsədlə 3,5 milyon manat dövlət vəsaiti xərclənmişdir. Məlumat üçün bir faktı xatırlatmaq yerinə düşər ki, 1998-2011-ci illərdə Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında, beynəlxalq səviyyəli bilik yarışlarında 18 qızıl, 38 gümüş, 71 bürünc medal qazanmışlar. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün hər il ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İSEF) müsabiqəsinə Azərbaycan məktəblərinin də 2011-ci ildən qoşulması istedadlı şagirdlərlə iş sahəsində aparılan işlərə ciddi təkan vermişdir. Həmin müsabiqəyə namizədlərin seçimi “Sabahın alimləri” respublika müsabiqəsi çərçivəsində təşkil olunmuş, xüsusilə fərqlənən 5 nəfər şagird ABŞ-ın Pensilvaniya ştatında keçirilən İntel İSEF müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. Onlardan 2 nəfəri bu müsabiqənin diplomuna və pul mükafatına layiq görülmüşdür: “Yüksək beynəlxalq statuslu və kütləvi xarakter daşıyan belə müsabiqələr bizim şagirdlər üçün səciyyəvi olan bir problemi daha qabarıq nəzərə çarpdırır. Bu, xarici dillər, xüsusilə ingilis dili üzrə şifahi və yazılı nitq bacarıqlarının səviyyəsi ilə əlaqədardır. Şübhəsiz, bütün şagirdlər məktəb təhsili müddətində tədris olunan xarici dili dərindən öyrənə bilməzlər. Lakin xüsusi istedadı ilə seçilən, tədqiqatçılıq bacarığı olan şagirdlərin, əsasən ingilis dilində sərbəst ünsiyyət vərdişlərinə yiyələnməsi bu günümüzün aktual problemidir və bu məsələnin reallaşdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Məlum məsələdir ki, xarici dili mənimsəməyən şagird nə qədər savadlı olsa da, beynəlxalq miqyasda ölkəmizi təmsil edə bilməz. Bütün bunlarla yanaşı, Dövlət Proqramı çərçivəsində istedadlı uşaq və gənclərlə iş sahəsində müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparılıb nəticələri ümumiləşdirilmiş, müəllimlər üçün müvafiq ixtisasartırma kursları təşkil edilmiş, zəruri ehtiyac nəzərə alınaraq xeyli sayda məktəb psixoloqu kadrları hazırlanmış, yerlərdə fənn olimpiadalarına hazırlıq mərkəzləri təşkil edilmiş, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin nəzdində lisey tipli ümumi təhsil müəssisəsi yaradılmış, xüsusi istedadlı şagirdlər üçün stimullaşdırıcı tədbirlər müəyyənləşdirilmişdir və sair.

Ümumiyyətlə, təhsil alanların bilik və bacarıq səviyyəsinə, potensial imkanlarına diferensial yanaşma təhsilin keyfiyyətinin dövlət tələblərinə uyğun təmin edilməsində mühüm rol oynayır. İstedadlı uşaq və gənclərlə aparılan işlərin nəticələri bunu bir daha sübut edir. Məlum məsələdir ki, ümumi təhsilə cəlb olunmuş uşaqların heç də hamısı yüksək dərəcədə təhsil, o cümlədən ali təhsil almaq imkanları, təhsillənməyə meyilləri, qavrama səviyyəsi, təfəkkür çevikliyi baxımından eyni ola bilməzlər. Tam orta məktəb məzunlarının kütləvi şəkildə ali təhsilə istiqamətləndirilməsi və ali məktəbə qəbulun başlıca göstərici kimi qiymətləndirilməsi barədə cəmiyyətdə rəy formalaşdırılması, əlbəttə, yanlış yanaşmadır. Həyatda hər bir şəxsin öz layiq olduğu yeri vardır və orta məktəb təhsili, ilk növbədə, insanın cəmiyyətdə artıq adama çevrilməməsini, eləcə də potensialı olduğu halda, inkişafdan geri qalmamasını, malik olduğu istedadı reallaşdıra bilməsini təmin etməlidir. Bu mənada “Təhsil haqqında” qanunda icbari ümumi təhsilin 9 il müəyyən edilməsi, 9 illik ümumi orta təhsil səviyyəsindən sonra tam orta təhsil səviyyəsinə şagirdlərin seçim əsasında qəbul olunması və həmin səviyyədə təhsilin meyil və maraq əsasında təmayüllər üzrə təşkilinin rəsmiləşdirilməsi tamamilə düzgün mövqedir və bilavasitə təhsil alanların mənafeyinə yönəlmişdir”.

Nazir deyir ki, təhsilin keyfiyyətindən danışarkən ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı məsələsinə toxunmamaq qeyri-mümkündür. Ötən müddət ərzində bu sahədə də dövlətin dəstəyi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 2005-2010-cu illərdə respublika Nazirlər Kabineti pedaqoji kadrlarla təminatın yaxşılaşdırılmasına dair ayrıca dövlət proqramı təsdiq etmiş, xüsusi qərar qəbul etmişdir. Görülən tədbirlər nəticəsində 6000 nəfərdən artıq müəllim müvafiq stimullaşdırma əsasında ucqar kənd məktəblərinə göndərilərək ehtiyacın qismən ödənilməsi təmin olunmuşdur: “Əlbəttə, ümumi təhsil sahəsində ictimaiyyəti qane etməyən məqamlar, vətəndaşları narazı salan hallar, nöqsan və çatışmazlıqlar da az deyildir və bunların minimuma endirilməsi, aradan qaldırılması təhsil ictimaiyyəti, təhsili idarəetmə orqanları qarşısında dayanan başlıca vəzifədir. Şübhəsiz, həmin vəzifələrin yerinə yetirilməsi pərakəndə xarakter daşıya bilməz. Ona görə də mövcud vəziyyətin hərtərəfli təhlili əsasında perspektivə yönəlmiş hədəflər müəyyənləşdirilmişdir və onların reallaşdırılması üçün mövcud gerçəkliklə səsləşən fəaliyyət mexanizmi qurulub hazırlanacaqdır”.

Sevinc QARAYEVA

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.