525.Az

Lökbatanda qatar avtobusla belə toqquşdu (VİDEO)

[02.09.12]
Lökbatanda qatar avtobusla belə toqquşdu (VİDEO)

ANS srağagün paytaxtın Lökbatan qəsəbəsində 124 saylı sərnişin avtobusunun qatarla toqquşma anının kadrlarını əldə edib.

Xatırladaq ki, qəza nəticəsində 6 nəfər həyatını itirib, 44 nəfər yaralanıb. Yaralanlardan 6 nəfəri də dünən evə buraxılıb.

Qeyd edək ki, bu gün Nəqliyyat Nazirinin müavini Musa Pənahovun sədrliyi ilə ölkənin nəqliyyat sektorunda təhlükəsizliyin təmin olunması vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib. ANS-in əldə etdiyi eksklüziv kadrlarda qəzanın baş verməsi əks olunub.

Bir neçə təhlükəsizlik kamerasının lentə aldığı kadrlarda sürətlə gələn qatarın onun qarşısına keçən avtobusu bir neçə metr məsafədə sürüdüyü, hadisədən sonra alov və qığılcımların çıxdığı görünür. İnsanlar dəhşət içində avtobusa tərəf qaçışırlar.

Sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən 6-sı artıq evə buraxılıb. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda mərkəzdə 22 nəfər müalicə olunur. Onlardan 6-nın vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hazırda 1 yaralı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, 1 nəfəri isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilir. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Yaralıların yaxınları isə hələ də Kliniki Tibbi Mərkəzdə onların səhhəti ilə bağlı xəbər gözləyirlər. Hadisənin şokundan hələ də özünə gələ bilməyənlər var.

Xatırladaq ki, hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət alıb. Onlardan 6-sı dünyasını dəyişib. Qəzaya səbəb kimi avtobus sürücüsünün yol hərəkəti qaydalarını pozması göstərilir. Artıq sürücü saxlanılıb.



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.