525.Az

“Mətbuatın aşıq sənətinə, saza diqqətinin azalması günümüzün acı reallığıdır”

[01.09.12]
“Mətbuatın aşıq sənətinə, saza diqqətinin azalması günümüzün acı reallığıdır”

“MƏDƏNİYYƏTİMİZİN DİGƏR SAHƏLƏRİ KİMİ, AŞIQ SƏNƏTİNİN DƏ TƏBLİĞİNƏ BÖYÜK ÖNƏM VERƏN İCTİMAİ TELERADİO BU BAXIMDAN DİGƏR MEDİA QURUMLARI ÜÇÜN LAYİQLİ NÜMUNƏDİR”

Azərbaycan teleradiosunda, elektron mediada, mətbuatda milli mədəniyyətimizin əsas qollarından olan aşıq sənətinə, saz ifaçılığına münasibət hansı səviyyədədir? Bu sualla müraciət etdiyimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı, İctimai radionun “Axşam oldu” verilişinin aparıcısı, saz-söz bilicilərindən sayılan Qorxmaz Tofiq oğlu ilə söhbətimizdə çoxəsrlik tarixə malik aşıq sənətinin KİV-də təbliği barədə danışdıq.

- Çalışdığınız media qurumunda - İctimai Televiziya və Radio Yayımları Şirkətində aşıq yaradıcılığının, sazın təbliğatı hansı səviyyədə aparılır?

- Bugünlərdə 7 yaşını fərəh hissilə qeyd etdiyimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin yarandığı gündən milli-mənəvi dəyərlərimizin təqdiminə və təbliğinə çox ciddi və vicdanlı bir yanaşması var. İlk dəfə aşıq yaradıcılığı ilə bağlı veriliş televiziyamızdan öncə İctimai radioda efir həyatı qazanıb. Biz əvvəldən sistemli şəkildə bu sənəti geniş təqdim etməyə, sıradan musiqi nömrələri hesabına efiri doldurmamağa, sənətkarları sırf peşəkar yanaşma ilə bütün dinləyicilərə və xüsusən gənc nəslə tanıtdırmağa çalışdıq. Aşıqlar əslində sovetlər dönəmində hakim olan müəyyən bir təbliğat mexanizminin təqdim etdiyi kimi deyil, cox ciddi bir sənətin nümayəndələridir. Bu nöqteyi-nəzərdən aşıq sənətini təbliğ etməyə çalışdıq və düşünürəm ki, məqsədimizə xeyli dərəcədə nail ola bildik. İctimai televiziyada bizimlə bərabər hər həftənin şənbə axşamı “Ozan” verilişi də efirə çıxır. Amma İctimai radioda həftədə altı dəfə efirdə oluruq. Bu zamanı da müəyyən günlərə bölmüşük - ustadların yaradıcılığını təqdim edirik, tanınmış aşıqların birbaşa canlı efirimizdə iştirakı təşkil olunur, eləcə də dünyasını dəyişmiş, hətta bir neçə yüz il bundan əvvəl yaşayıb-yaratmış sənətkarların yaradıcılığını folklorşünaslarla, araşdırmaçı alimlərlə təhlil edərək xalqa çatdırmağa çalışırıq. Bu baxımdan İctimai radionun efir siyasəti düzgün və uğurlu qurulub. Çalışırıq ki, aşıq yaradıcılığı ilə, bu sənətin müxtəlif tərəflərilə bağlı silsilə verilişlər, ardıcıllığı pozmadan sanballı proqramlar təqdim edək. İctimai Televiziya və Radio Şirkətinin bu sahədəki siyasəti milli mənəvi və mədəni dəyərlərin təbliğinə yönəlib. Üzərimizdə olan öhdəliyi həm peşəkarlıqla, həm də vətəndaş mövqeyinə əsaslanaraq təqdim etməyə çalışırıq. Bu işə həm jurnalist, həm də vətəndaş kimi ürəkdən yanaşırıq. Düşünürəm ki, aşıq yaradıcılığının təbliğinə İctimai teleradioda kifayət qədər geniş vaxt ayrılır. Nəzərə alsaq ki, həftənin altı günü radioda, bir günü də televiziyada aşıq proqramı var, bu olduqca yüksək göstəricidir. Unutmayaq ki, aşıq sənəti hər nə qədər milli musiqimizin genefondu statusunu daşısa da, digər sahələr də unudulmamalıdır. Onlarla da bağlı verilişlər hazırlanması lazımdır. Çağdaş dövrümüzdə klassik irsə söykənməliyik, amma müasirliklə də ayaqlaşmalıyıq. Bu baxımdan bütün sahələri əhatə etməyə çalışırıq, amma aşıq sənətinə, aşıq poeziyasına da yetərincə vaxt ayırırıq. Bu işləri hələ uzun illər görmək niyyətindəyik. Çünki İctimai Televiziya və Radio Şirkətinin rəhbərliyi, hörmətli sədrimiz İsmayıl Ömərov bu sənətə - aşıq yaradıcılığına layiqincə diqqət göstərir. Mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinin də təbliğinə böyük önəm verən İctimai teleradio bu baxımdan digər media qurumları üçün layiqli nümunədir.

- Aşıq sənəti ilə yaxından ilgilənən bir jurnalist kimi, başqa telekanallarda, radiolarda, ümumiyyətlə mətbuatda aşıq sənətinin təbliğatına sizdəki qədər geniş yer verilməməsini nə ilə əlaqələndirərdiniz?

- Bizim kanal ictimai bir institutdur, çox böyük öhdəlikləri olan media qurumudur. Bu həm öhdəliklərimizin tərkibinə daxil olan bir iş olduğu üçün, bir daha təkrar edirəm, həm də vətəndaş mövqeyi, milli-mənəvi təəssübkeşlik duyğusu sayəsində İctimai teleradio aşıq sənətini, sazı daima diqqətdə saxlayır. Doğrudur, digər kanallarda, radiolarda, ümumən mətbuatda aşıq sənətinin təbliğatı zəifdir. Mətbuatın bir çox sahələrində bu işləri həyata keçirməyə müəyyən cəhdlər var. Amma görünür, kadr çatışmazlığı və yaxud başqa səbəblər onların bu işi yarımçıq görməsinə, yaxud ümumiyyətlə yan keçməsinə səbəb olur. Nəzərə alaq ki, televiziya və radionun nüfuz dairəsi daha genişdir. Təbliğat imkanları, mətbuatın digər sahələrinə baxanda, daha böyükdür. Hətta internet də bu sahədə onları sıxışdıra bilmir. Yenə də televiziya və radio bir nömrə olaraq informasiya məkanında qalmağa davam edir. Lakin mühüm təbliğat meydanı adlandırdığımız bu efir məkanında yer alan bəzi teleradio kanallarındakı verilişlər, təəssüf ki, aşıq sənətinin əleyhinə işləyir, təbliğatdan daha çox, antitəbliğata xidmət edir. Bilgisizlik də bu məsələdə başlıca rol oynayır. Tutalım ki, bir bölgədən saz ifaçısını, sənətkarı verilişə dəvət edirlər, amma bu sənətdən məlumatları çox səthi olduğu üçün uyğun gəlməyən suallar verirlər, söhbət alınmır, namünasib vəziyyət yaranır, buna görə də tamaşaçıda, dinləyicidə aşığa əks münasibət formalaşır. Yaxud da ustad aşıqların yaradıcılığına dəyər verməməklə, böyük sənətkarları gənclərlə üz-üzə qoymaqla bəzi media orqanları ya ucuz reklam yolu axtarırlar, ya da bu onların milli mədəniyyəti bilməmələrindən irəli gəlir. Amma unutmasınlar, ucuz reklamlar üçün ucuz işlər var. Aşıq sənəti kimi dəyərlər konkret kimlərəsə məxsus deyil, hamımızındır. Aşıq yaradıcılığı saf su kimidir, haramlıq götürməz. Aşıq sənətinin ucuz reklama ehtiyacı yoxdur. Əksinə, bununla manipulyasiya etmək istəyənlər özlərini biabır edə bilərlər. Məncə, bütün kütləvi informasiya vasitələrində aşıq sənətilə bağlı proqramlar bu işi yaxşı bilənlər, bu sənətə yaxından bələd olanlara tapşırılmalıdır. Düzdür, deyirlər, jurnalist bir çox sahələrdən xəbərdar olmalıdır, amma unutmayaq ki, aşıq yaradıcılığı son dərəcə spesifik bir sənətdir. 

- Sizin fikrinizcə, aşıq sənətinin təbliğatı necə qurulmalıdır? Bu istiqamətdə ayrıca bir konsepsiya yaradılmalıdır, yoxsa bununla təkcə Aşıqlar Birliyimi məşğul olmalıdır?

- Azərbaycan Aşıqlar Birliyi ilə sıx əlaqələrimiz var. Tədbirlərinin ictimaiyyətə çatdırılmasında, işıqlandırılmasında yaxından iştirak edirik. Elə bilirəm ki, bu sahədə işimizi normal qurmuşuq və bir-birimizi başa düşərək işləyirik. Əslində, dediyiniz konsepsiya məsələsi ilə əlaqədar bu işi dərindən bilən insanlar çalışıblar. Onlar ən azından buna təşəbbüs göstəriblər ki, bu işləri bir proqram çərçivəsinə salsınlar. Amma bu daha çox kağız üzərində, çıxış olaraq qalıb. Konkret bir konsepsiya mütləq olmalıdır. Aşıqlar Birliyinin və onun sədrinin, öz təbiri ilə desək, aşıq sənətinə təpədən-dırnağa bağlı olduğunu hər kəs bilir və buna kimsənin şübhəsi ola bilməz. Amma hiss olunur ki, Aşıqlar Birliyinin səlahiyyətləri bu sahənin hərtərəfli inkişafı və təbliğinə yetəcək qədər deyil, imkanları məhduddur. Tutalım, orada maddi-texniki bazanın yaradılması, nəzarət olunması vacibdir ki, aşıqlar haradasa öz istədikləri kimi, “ucuz qiymətə kiminsə şeirlərini səsləndirmək” niyyətilə keyfiyyətsiz ifalar yazdırmasınlar. Bununla da kor-koranə, başdansovdu şəkildə hansısa səsyazma studiyalarında həvəskar lent yazılışına son qoyular. Həmin ifaların efirə, teleradio məkanına yol tapmasının da qarşısı bu yolla alına bilər. Bundan əlavə, konsertlərin təşkili və efirdə işıqlandırılması işi daha da təkmilləşdirilməli, media bu istiqamətdə fəaliyyətini aşıq sənətinə, saza layiq olan səviyyədə qurmalıdır.

- Mətbuatın, qəzetlərin aşıq sənətinə münasibəti barədə nə deyərdiniz? Bu sahədə vəziyyət necədir, sizcə?

- Azərbaycanda qəzetlərin aşıq sənətinə münasibətini müxtəlif yöndən dəyərləndirmək olar. Birinci növbədə bunu demək mümkündür ki, milli mətbuat hər zaman sazı, aşıq yaradıcılığını diqqətdə saxlayıb, bu ulu sənətin təbliğinə öz töhfələrini verib. Hələ teleradionun fəaliyyət göstərmədiyi, ya da geniş yayılmadığı dövrdə aşıqlarımızı, onların yaradıcılığını xalqa məhz yazılı mətbuat çatdırıb. Qəzetlər ustad aşıqların irsini, mahir saz-söz sənətkarlarını təbliğ edib, ictimaiyyəti bu sahədəki vəziyyət, yeniliklər barədə məlumatlandırıb. Buna görə ümumən milli mətbuatımıza minnətdarlıq düşür. Ancaq indiki mərhələdə mətbuatın aşıq sənətinə diqqətinin zəifləməsi, sazın qəzet səhifələrində az təbliğ olunması da, çox təəssüf ki, günümüzün acı və arzuolunmaz reallığıdır. Ürəyimdən keçən budur ki, media aləmində xüsusi yeri olan yazılı mətbuatımız, nüfuzlu qəzetlərimiz aşıq yaradıcılığına diqqəti artırsın. Çox istərdim ki, saz sənəti qəzet jurnalistlərinin də müntəzəm şəkildə maraqlandıqları, izlədikləri və işıqlandırdıqları sahələr sırasında öz layiqli yerini tutsun. 

Sevinc MÜRVƏTQIZI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.