525.Az

Dərdlə “Dolu” ürəklər boşalanda...

[01.09.12]
Dərdlə “Dolu” ürəklər boşalanda...

Yadımdadır, sovet dövrü məktəblərində sinif uşaqlarımızın dilindən düşməyən “Bizimkilər” sözü. Belə ki, Böyük Vətən müharibəsi mövzulu filmlərdə həmişə bu “bizimkilər”,  bədii ekran əsərinin döyüş səhnələrində öz tamaşaçısına ruh verən, müsbət qəhrəman obrazını gözüyumlu müəyyənləşdirməyə  təkan verən, çox adi və həm də ideoloji çəkisi olan bir söz idi. O vaxt müharibə filmlərinə kim baxırdısa həmin o “bizimkilər”in rəşadətindən adrenalin almaqda maraqlı olurdu. Hətta küçədə oynayan uşaqlar belə,əllərində oyuncaq tüfənglər “pağ,pağ, bizimkilər nemesdərin hamsını qırdı”-deyə çığırışa-çığırışa oyunlarını kinolaşdırırdılar.Bəli, o vaxtın sovet kinosunda müharibə mövzusunda film çəkmək  bugünkü  qədər də çətin deyildi; kino “bizimkilər” adlı qalib obrazını elə yerləşdirmişdi ki,sovet adamının şüurunda,bəzən  savadsız adam baxdığı filmdə düşmən tərəfin qalib  gəldiyini görüb(özüm şahidi olmuşam) “bunlar bizimkilərdir də?”-deyə yanındakı tamaşaçıdan soruşardı. Bu,sovet kinosunun,o cümlədən də sovet Azərbaycanı kinosunun keçmişidir.  Bəs bu gün?

Bu gün mən müharibə mövzusunda özümüzünkülərin çəkdiyi yeni rejissor Elxan Cəfərovun “Dolu”  filmindən danışmaq istəyirəm. Burda da xalqın böyük rəğbət bəslədiyi bizimkilər var.Ancaq onlar döyüşdəki qaliblər yox, əzab  və işgəncəyə məruz  qalan, naləsi qulaq ardına vurulan bizimkilərdir. Bu mənada “Dolu” faciəvi lirika janrında(Aqil Abbasın”Dolu” romanının poetik dili,ruhu da belə deməyə əsas verir) çəkilmiş bir filmdir. Filmin rejissoru onu müasir “boevik”lərə  xas qanlı vuruş səhnələri ilə  zənginləşdirməyə çalışsa belə məni  duyğulandıran onlar olmayıb. Niyə lirika? Filmin ilk kadrları çox poetik bir epizodla başlayır. Göydən brilliant işıltılı şəffaf dolu yağır və ətrafda hər şey təbiətin bu gərdişinə cing -cing cingildəyən avazla  əks-səda yaradır.Filmə bu giriş (şüşə sınması yozumuna görə) həm də ümid rəmzidir; sonra şahidi olacağımız hadisələrə proloqdur.Bu proloqla sondakı epiloq bir vəhdət təşkil edərək “Dolu”nun ideasına tam aydınlıq gətirir; Azərbaycan xalqı məğlub olmayıb, çünki o, müharibə aparmır, əgər aparsa onun Drakon(Rza Rzayev),Pələng (Elvin Əhmədov) və digərləri kimi  igidləri vardır. 

Drakon və Pələng  “Dolu”nun Azərbaycan kino obrazları qalereyasına yeni əlavəsidir. Belə ki, bu günə kimi  Qarabağ müharibəsi mövzusu ilə bağlı filmlərimizdə qəhrəman obrazları olsa da,onların döyüş meydanındakı şücaətlərini geniş canlandıran kadrlar olmayıb. “Fəryad”dakı İsmayılı yataqda görən kino tamaşaçıları,vaxtilə buna görə filmi çox tənqid etmişdilər. Halbuki, bu obrazın da film qəhrəmanımız adlanmaq haqqı var idi; bu yaralı qəhrəman,fəryadımızın qəhrəmanı idi.    

“Dolu”da isə müəlliflər döyüş meydanındakı qəhrəmanlara yer ayırmağa cəhd göstərmişlər.Bu isə həm alınıb, həm də alınmayıb. Belə ki,qəhrəman Drakon döyüş meydanında bir növ Qaraca Çoban, Koroğlu, Babək və xəyalımızda olan digər cüssəli pəhləvan qəhrəmanlarımıza nə qədər çox bənzəyirsə, Pələng  o dərəcə  də, bizim həyatda üz-üzə gələ biləcəyimiz sadə və qəlbiyumşaq, səmimi  pafosdan uzaq real qəhrəmanımızdır.Drakon obrazının təsvirində rejissor və film rəssamı “Dolu” romanındakı Drakon obrazının təsvirini verən illustrasiyalardan da qaynaqlanmışdır. Belə ki,rəngkarlıqda romantik -dini məktəbə mənsub olan, alman rəssamı Uilyus fon Karolsfeldin “Dolu”dakı əsərlərinin qəhrəmanları səmavidirlər, bu mənada da monumentaldırlar.Belə bir obrazı bizim kino texnikası ilə ekranda canlandırmaq çox çətin olsa  da  operator  (Nadir Mehdiyev) və rejissor bir sıra kadrlarda buna nail olmuşlar.Drakonun iri kadrda  verilən siması,gövdəsi bu monumentallığı canlandıra bilən operator əməyi olsa da, aktyorun öz göz bəbəklərini qeyri-adi şəkildə istiqamətləndirə bilməsi onun obrazın təsvirini ustalıqla yarada bilmək qabiliyyətidir.

Drakon və Pələng. İki qəhrəman obrazı. Onlardan biri təxəyyülümüzə,digəri isə qəlbimizə yaxındılar. Çünki  biri reallaşdıra bilmədiyimiz gücümüz,digəri isə real olan qəlbiyumşaqlığımızdır. Əslində,  “Dolu”dakı bu iki obraz arasında  mövcud konflikt (həyatımızdan bizə cox tanış olan didişmələr) motivlərinə daha çox yer ayrılsaydı yaxşı olardı,yəni film Drakon və Pələng qarşıdurması haqda olardı. Bu halda kinomuzda yeni söz deyilərdi... “Dolu” filmi isə bu orjinallığa sadəcə bir addım atmağa cəhd göstərə bilib. Romanın müəllifi olaraq Aqil Abbas deyir ki,onun bu əsərində heç kəs,heç nə axtarmasın,bu yazıçı təxəyyülündən başqa bir şey deyildir. Bu mənada mən də razıyam müəlliflə (təbii ki, ssenari də belə  əsərin motivləri əsasındadır). Belə ki,  Drakon təxəyyül, Pələng isə realdır.Çünki onun anasının obrazını hər birimiz reallıqda çox yaxşı tanıyırıq. O, şəhid balalarının qanına qanlı göz yaşlarını qovuşduran doğma analarımızın obrazıdır.Əməkdar aktrisamız  Gülzar Qurbanovanın ifasında  o həm də müqəddəslik rəmzi kimi canlana bilib.Faciəvi lirikanın qaydalarına uyğun olaraq lirika daha çox aktrisanın incə qamətində, zərif davranışında (məni bu filmi  lirik faciəyə aid etməkdə qınayanlara deyim ki, bu obraz dərdli kənd qadınından daha çox Füzuli lirikasının obrazlarına bənzəyir) həzin nitqində öz əksini tapsa da, sifət və gözlərinin ifadəsində tamaşaçıya faciəni diqtə edir. Filmdəki digər obrazlar haqda da danışmaq olar.Ancaq onların heç birinin ölümü Drakon və Pələngin ölümü qədər təsir etmir. İcra başçısı(Xalq artisti Fuad Poladov) özünü güllələyəndə, pəncərəyə sıçrayan qan belə qəlbi ağrıtmır.Çünki yazıçının qeyd etdiyi kimi belə obrazlar ancaq və ancaq yazıçı təxəyyülünün məhsuludur.O,müəllifin arzuladığı hakimiyyət   nümayəndəsidir,realnı isə xalq yaxşı tanıyır. Ümumiyyətlə “Dolu” tamaşaçıya  reallıqla təxəyyül arasında mövcud  olan tapmacaları öz daxili süzgəcindən keçirərək cavablandırmağa imkan yaradan bir ekran  əsəri kimi  çox dəyərlidir.Filmin digər bir obrazı komandirin (əməkdar artist Məmməd Səfa) fəryadı,  tamaşaçını öz daxilinin real bir fəryadı kimi diksindirir.Filmin son kadrlarında   doğma torpaqlarının sahibi kimi film qəhrəmanlarının sərhəddi aşması isə təxəyyüldür,illər boyu reallaşmasını arzuladığımız təxəyyül. Belə kadrlarla “Dolu” məhz reallıqla təxəyyül arasındakı boşluğu xalqın-tamaşaçının  tərəzi gözü ilə doldura bilib. Deyilənə görə film dünya ekranlarına çıxmağa iddialıdır.Şəxsən mən bunu mümkün sayıram,filmin yaradıcıları bu imkanı yaratmağa qadirdirlər. Film Azərbaycan haqda bir sıra həqiqətləri dünya ictimaiyyətinə  çatdırmaq üçün kifayət qədər materiala malikdir, Bunu filmin musiqisinə şamil etmək birmənalı deyil. Belə ki, musiqi  təsvirin ritmi ilə uzlaşa bilsə də ,milli musiqimizin öz sözünü deməsi imkanı daralıb. Axı, milli musiqi alətlərimizin də qərb musiqi  alətləri ilə yanaşı səslənməsi indi yaxşı qarşılanır dünyada. Heç olmasa alətlərimizin səsi gələrdi.Ekranda Azərbaycanımız da çox gözəl və möhtəşəmdir. Operator təbiəti çox müxtəlif  rakurslardan elə ustalıqla canlandıra bilib ki, tək elə mənzərələr səf-səf düzülmüş ağaclarla  möhtəşəm orduya bənzəyir.Cəfər Cabbarlının “şiş ucları buludlarla döyüşən”  diyarını canlandıra bilib operator.

“Dolu” da hamı müdafiə olunmaq üçün döyüşə qalxır. Bu mənada filmdə  qəhrəman obrazları  yetərincədir. Konkret bir qəhrəman yoxdur. Pələng də qəhrəmandır,Drakon da,Komandir də, müəllim də,milis rəisi də, ana da. Ancaq onlardan  ən millisi,  loru xalq ifadəsi ilə,nakam ömrün adını dəqiq ifadə edə bilən “mən  qız görmədim” deyib gözlərini əbədilik yuman Pələngdir. Aktyor da özünün gözəgəlimliliyi,yaratdığı obrazı özününkü edə bilmək bacarığı ilə  Pələngi tamaşaçıya özününkü, doğması elətdirə bilmişdir. Filmdəki digər qəhrəmanlar faciəmizi zahirən göstərə bilsələr də Pələngin ölümü epizodu, işlətdiyi tək o bir kəlmə faciəmizin  sözün əsl mənasında qəlbini açıb, bu dünyadan nakam gedənlərimizin ağısını oxuya bilib. Qeyd edim ki, filmə 2 dəfə baxmışam. Avqustun 2-si Kino Günündəki təqdimatından sonra 2-ci gün də dalbadal nümayiş etdirilən film  tamaşaçılarının əksəriyyəti də 2-ci dəfə “Dolu”nu görmək istəyənlər  idi.Tamaşa dolu zala baxırdım görüm mənə təsir edən kadrlar  əksəriyyət  tərəfindən necə qavranılır. Yanımda bir balaca oğlan oturmuşdu atasıyla. Pələnglə Drakonun  dalaşdığı epizodda uşaq atasından soruşdu:-Papa,onlar niyə dalaşırlar? Diqqəti ekranda olan ata :-Bizimkilərdir ,oğlum, bizimkilər - deyə dərindən bir ah çəkərək cavab verdi. Ancaq filmin son kadrında qəhrəmanlar “sərhəddi” adlayıb irəliləyəndə də uşaq:- Papa, onlar hara gedir? -deyə soruşanda,atası yenə də “Bizimkilərdir,oğlum, bizimkilər,düşımənlərdən torpağımızı almışıq”- deyə cavab verəndə,uşaq: “Hə”-,deyə sevincək yerindən sıçrayaraq, elə bu andaca ayağa qalxıb alqışlarıyla kino zalında ekrandakı qələbənin əks sədasını yaradan tamaşaçılara qoşuldu.Ata da əl çalırdı,ancaq oğlundan fərqli olaraq onun gözləri yaşarmışdı... Mən də ağlayırdım, çünki ssenari müəllifinin geniş təxəyyülü filmin dar ekranında reallaşmışdı... Əlahəzrət Kino isə “bizimkilər” adlı unudulmuş kino terminini özümüzünkü edə bilmişdi. Burada bir daha keçmişdən sitat gətirmək istərdim. Azərbaycanın görkəmli kino ustası Muxtar Dadaşov 1943-cü ilin yazında hələ gənc operator ikən faşistlərin Qafqazda müvəqqəti ağalıq etdikləri dövrdə  törətdikləri vəhşiliklərin nişanələrini çəkərkən, o vaxt  faşistlərin vəhşiliyinin təhqiqi ilə məşğul olan komissiyanın başçısı, rus yazıçısı A.Tolstoy ona belə demişdi:” Çək, oğul, çək, vaxt keçəcək sənin səssiz kadrların dilə gələcək və faşizmə qarşı ittihama çevriləcəkdir”... Sonralar Nürenberq prosesində həmin kadrlar nümayiş etdirilmişdi...  Bu mənada, bu gün müharibə vəziyyətində olan Azərbaycandakı həmin müharibəyə münasibətdə ,bir daha qeyd edirəm ki,yazıçının qeyd etdiyi təxəyyül məhsulu olan “Dolu” romanının motivləri əsasında çəkilən “Dolu” filmində sözsüz kadrların olması çox vaçib idi. Bizimkiləri daxildən görmək üçün, öz məhkəməmizdə faktları ayırd etmək üçün...

P.S.  Bu yazını hissə qapılaraq yazdığım üçün “Dolu”- nun digər yaradıcılarının (doğma oğlum da bu sıradadır)əməyini  xüsusi qeyd edə bilmədimsə üzürlü saysınlar. Bununla belə “haqqınızı kinomuza halal edin “deyərək bu böyük zəhmətlərin dəyərləndiriləcəyinə əmin olduğumu bildirir və “Siz də bizimkilərsiz, Azərbaycan kinosunun cəngavərləri” deyə onlara alqışlarımı çatdırıram.

Sədaqət KAMAL,
sadagat
[email protected]


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.