525.Az

“Bəşəri sülhə doğru”

[15.03.13]
“Bəşəri sülhə doğru”<b style="color:red"></b> Azərbaycan Dövlət Dram Teatrında “Bəşəri sülhə doğru” devizi altında XI Beynəlxalq Türkcə Olimpiadasının Azərbaycan finalı keçirilib. Tədbirin əsas təşkilatçısı “Çağ” Öyrətim İşlətmələri Şirkəti idi.
 
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan və Türkiyənin Dövlət himnləri oxunduqdan sonra “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz açılış nitqi edib. O ilk olaraq müsabiqənin yekun mərhələsinədək keçən yola qısa nəzər salıb: “Bu ilin iyun ayında  Türkiyədə keçiriləcək XI Beynəlxalq Türkcə Olimpiadasında 140 ölkəni təmsil edəcək 2000 məktəbli iştirak edəcək. Halbuki 2003-cü ildə bu yarışmada 17 ölkədən 62 şagird iştirak etmişdi”. Onun sözlərinə görə, bu olimpiadada dünyanın müxtəlif ölkələrini, ayrı-ayrı dinlərini, millətlərini, irqlərini təmsil edən şagirdlər türkcə söyləyəcəkləri şeir və oxuyacaqları mahnılarla öz duyğularını dünyaya bəyan edəcəklər: türk dilinin sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdıracaqlar. Onların arasında bu missiyanı Azərbaycan finalının qalibləri də yerinə yetirəcəklər.
Daha sonra şeir yarışmasına start verildi. Leyla Xudadanova (Mingəçevir) “Mehriban”, Tünzalə Allahverdiyeva (Gəncə) “Anamın türküləri”, Söhrab Əsgərli (Bakı) “Dünyanın bütün çiçəklərini gətirin”, Türkan Məmmədova (Bakı) “Atiyi karanlık görərək”, Turan Abbaszadə (Bakı) “Utansın” şeirlərini söylədilər. Aytən Hacıyeva (Sumqayıt) “Barak söylərim”, Səbuhi Abdullazadə (Şirvan) “Hüzn”, Türkan Əliyeva (Bakı) “Çıkmaz sokaklar”, Dəmir Dəmirov (Bakı) “Əziz dostum”, Ayhan Bünyadzadə (Bakı) “Bizlərə popurri”, Ayhan Xalili (Bakı) “Könlüm atəşlərə yandı gidiyor” mahnılarını ifa etdilər.

 Türkiyə və Azərbaycan sənət adamlarından təşkil olunmuş münsiflər heyətinin qərarı ilə Söhrab Əsgərli söylədiyi “Dünyanın bütün çiçəklərini gətirin” şeiri, Ayxan Bünyadzadə ifa etdiyi “Bizlərə popurri” mahnısı ilə qızıl medala layiq görüldülər. Digər 5 nominasiyada birinci yerə layiq görülənlərə də qızıl medallar təqdim olundu. Qeyd edək ki, bu olimpiadada II və III yerləri qazananlara müvafiq olaraq gümüş və bürünc medallar verildi. Mükafatları qalibləri ölkəmizin tanınmış siyasətçiləri, elm, incəsənət adamları təqdim etdilər.

Qeyd edək ki, keçən il keçirilən X Beynəlxalq Türkcə Olimpiadasında, Azərbaycan 12 qızıl, 11 gümüş, 3 bürünc medal qazanmışdı. Bu nəticələrə görə Azərbayan komandası 135 ölkə arasında birinci yeri tutmuşdu. Ümumilikdə bu olimpiadanın tarixində Azərbaycan 34 qızıl, 50 gümüş, 20 bürünc medal əldə edib.
 
S.Qarayeva


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.