525.Az

Vokalçı Ramil Qasımovun Almaniyada yeni albomu buraxılıb

[01.09.12]
Vokalçı Ramil Qasımovun Almaniyada yeni albomu buraxılıb<b style="color:red"></b>

Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun Almaniyada yeni CD albomu işıq üzü görüb.

Vokalçının APA-ya verdiyi məlumata görə, “Azərbaycanım” adı altında milyonlarla dinləyicinin ixtiyarına verilən bu albomda Ramil Qasımovun ifasında Azərbaycanın dünya şöhrətli bəstəkarlarının əsərləri yer alıb. Albom Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılır. Eyni zamanda bu topluda “Sənsiz”, “Sevgili canan” (Üzeyir Hacıbəyli, Nizami Gəncəvi), “Azərbaycan” (Müslüm Maqomayev), “Vətən qədər ucalar” (Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə), “Sahilə gəl” (Vasif Adıgövəlov, Mikayıl Müşfiq), “Sevgilim” (Tofiq Quliyev, Zeynal Cabbarzadə), “Həsrət nəğməsi” (Eldar Mansurov, İsmayıl Dadaşov), “Lay-lay” (Cahangir Cahangirov, İslam Səfərli), “Qurban olduğum” (Hacı Xanməmmədov, Mikayıl Müşfiq), “Koroğlunun ariyası” (Üzeyir Hacıbəyli), “İlhamlı günləri Azərbaycanın” (Azad Zahid, Abdulla Qurbani), “My way” (Frenk Sinatra) və digər sevilən musiqilər yer alıb. Ramil Qasımov bildirib ki, bu diskin Azərbaycanla yanaşı, Almaniyada da satışı olacaq:

“Müasir Azərbaycanımız günü-gündən inkişaf edir. Hər bir azərbaycanlı üzərinə düşən vəzifə borcunu bacarığı müqabilində həyata keçirir. Hər zaman çalışıram ki, hər bir CD albom tematik olaraq maraqlı olsun. Mən bu albomun adını yalnız “Azərbaycanım” qoya bilərdim. Azərbaycanın adı mənim üçün hər şeydən önəmlidir. Bundan sonrakı yaradıcılıq fəaliyyətimdə də Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı yolunda əlimdən gələni əsirgəməyəcəyəm. Adına uyğun hazırlanan diskin üzərində ənənə və müasirliyi özündə birləşdirən paytaxt Bakının göz oxşayan fotosu göstərilib”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.