525.Az

Tarixi-xronoloji ardıcıllıq və bədii mahiyyət

[01.09.12]
Tarixi-xronoloji ardıcıllıq  və bədii mahiyyət

“Siyasi əlaqələr qohumluq əlaqələrindən  möhkəm olur. Belə də adamların qarşılıqlı sədaqəti qanunların gözlənilməsinə deyil, əksinə, onların qarşılıqlı tapdanmasına əsaslanır”.

Yunan mütəffəkkiri Fukididin “Tarix” kitabından

Fukididin dahi müəllimi, “dünya tarixinin atası”  Herodot isə qeyd edir, “məlumatları toplayıb ona görə qələmə aldım, zaman keçdikcə ötmüş əhvalatlar yaddaşlardan silinməsin, insanların heyrətəlayiq əməlləri və bir-biriləriylə müharibə aparmaları naməlum qalmasın”.  Qərb mənbələrinin də etiraf etdiyi qıcıqlandırıcı və təəssüfləndirici faktdır, Şərqdən çıxan dahi insanlar - sərkərdələr, şahənşahlar, fatehlər, xalq qəhrəmanları - onların apardıqları aramsız və amansız müharibələr, savaşlar, yaşadıqları mühit, ətraf dünya ilə təmas və əlaqələri, cahanşümul qələbələri, fəth etdikləri ölkələr nə salnaməçilər tərəfindən doğru-dürüst yazılıb,  nə də bədii əsərlərdə əksini tapıb.  Köçürülən materiallar bəzən it-bata düşüb, sənədlərin, əmr, sərəncam və fərmanların, iclas-yığıncaq  protokolların, qiymətli bəzək-zinət əşyaların xeyli hissəsi Drezden, London, Amstredam, Paris, Berlin arxivlərində və muzeylərində saxlanılır. Bu mənada məmləkətimizin bəxti iki tərəfdən də gətirməyib. Həm yurdumuzdan çıxan, qədim zamanlarda sayılıb seçilən, vətənpərvər siyasi xadimlərimizə, nəhəng dövlət adamlarımıza sovet-rus damğası ilə “qaniçən vəhşi” və ya  “hərəmxana saxlayan əyyaş”, yaxud “yolkəsən quldur” damğaları basılıb, həm də fütuhatları ört-basdır edilib, gizlədilib, qısqanclıqla bu və ya başqa şəkildə saxtalaşdırılıb.

Sözsüz, bu boşluqların yeri doldurulmalı, “kim-kimi” məsələsinə sırf mütəxəssis gözüylə baxılmalı, heç kəsin tarixi rolu şişirdilməməli və unudulmamalıdır. Məşhur əfşarlar sülaləsinin Qırxlı boyundan çıxan Nadir şah Əfşar son dərəcə ziddiyyətli və maraqlı, eyni zamanda faciəvi həyat yolu keçmiş, göstərdiyi xidmətlərə və rəşadətə görə adı təkcə Azərbaycan tarixinə qızıl hərflərlə deyil, dünya tarixinin səhifələrinə düşmüşdür. Yaxınlarda yazıçı-dramaturq Hüseynbala Mirələmov böyük fədakarlıqla və təəssübkeşliklə üç əsr əvvələ üzünü tutmuş, görkəmli fateh Nadir şah Əfşarın həyatından bəhs edən “Sonuncu fateh” adlı roman-trilogiyasını yazıb nəşr etdirmişdir. Müəllif faktlarla, yüzlərlə gətirdiyi misal və detallarla, döyüş səhnələrinin canlı epizodlarıyla, bədii priyom və təsvirlərin gücüylə Nadir şahın həqiqətən nadirliyini, unikal sərkərdə və siyasət xadimi olduğunu üzə çıxarmış, bu nəhəng simanın kölgəli tərəflərini, indiyəcən yazılmamış səhv və etiraflarını tapıb ilk dəfə nəsr əsərində açıb göstərmişdir. Yazıçı hətta təzkirəçiləri, mirzələri, salnaməçiləri, adi xidmətçiləri belə yaddan çıxartmamış, onları obraz səviyyəsinə qaldırmış, nə qədər təzyiq-xof, qorxu altında yaşasalar da, fateh haqqında obyektiv fikir və mülahizələrini öz aralarındakı söhbətlərdə xəlvətcə bölüşmüş, bütün bunlar isə onun xarakterik cizgilərinin bütövlükdə açılmasına gətirib çıxarmışdır.

Əlbəttə, tarixi həqiqətlər və faktlar, real, qeyri-real görüntülər başqa, bədii don biçilmiş həqiqətlər, cəng-döyüş səhnələri, alovlu müharibə epizodları, yeri gələndə şahın həyata keçirtdiyi islahatlar bambaşqa. Məncə, hər hansı bədii əsərdə ikinci tərəf-müqabil kimi mütləq müəllif görünməlidir. Ata-anasının ruhuna bağışladığı “Sonuncu fateh”də Hüseynbala Mirələmovun ən böyük ustalığı və xoşbəxtliyi ondadır ki, öz əsərində özü görünməyi bacarıb. Cərəyan edən bütün hadisələrin fonunda, axar-baxarında, müxtəlif abzas və cümlələrdə, hətta ayrı-ayrı söz və ifadələrində müəllifin nigaran ürəyi döyünür. Elə bil səfəvi Şah İsmayıl Xətainin süqutundan sonra hünər meydanına mərdi-mərdanə atılmış “qılınc oğlu” Nadirin zəfərləri yazıçının zəfərləridir, uğursuzluqları onun uğursuzluqlarıdır. Mövzu ilə yaşamağı bacaran Hüseynbala Mirələmov nəinki ən yaxın tarixi şəxsiyyətlər barədə, eyni zamanda, uzaq, həyat və taleləri müəmma ilə dopdolu şahənşahlar barədə də monumental bədii əsər yazmağın mümkünlüyünü bir daha sübuta yetirmişdir.

Müəllif romanının tamam açılması və oxucuya çatdırılması üçün ustalıqla onu üç kitaba bölür, kitablar isə ayrı-ayrı hissələrə və yarımbaşlıqlara ayrılmışdır. Mərhum akademik Bəkir Nəbiyevin əhatəli “Ön söz”ündən sonra, “Sünbüllü tac”, “Xəyallar qarşısında”, “Ana öyüdü”, “Əsirlik”, “Sevgi və nifrət arasında”, “Qaçış” sərlövhələri altında yazıçı İmamqulu kişinin ailəsində dünyaya təşrif gətirən balaca Nadirin qoyun-quzu, mal-qara, at ilxısı otardığı uşaqlıq-yeniyetməlik çağlarının təsvirinə varır. Gözünü açandan ailəsinə həyan durmaq üçün çomaq tutan, dəyənəkdən yapışan, at mahmızlamaq naminə qırmanc işlədən fərasətli Nadir zamanın zəqqum dadan acılığını lap gənckən, erkən yaşlarında damağında hiss etməyə başlayır: ey dadi-bidad, talançı yadellilər - özbəklər, əfqan abdalları, müxtəlif türkmən tayfaları, eyni zamanda yerli qaçaq-quldur fürsət düşən kimi Azərbaycan kəndlərinə, şəhərlərə basqın edir, əhaliyə divan tutur, uşaqlara rəhm eləmir, xalqın var-yoxunu çalıb-çapır, evlərə od vurub yandırır, səsini çıxaranın dilini çıxarır, adamları heyvan sürüsü kimi qabağına qatıb çəlayi-Vətən edərək Orta Asiyanın və Avropanın qul bazarlarında aparıb satırlar. Bəs bu məmləkətin yiyəsi yoxdur? O, nə qədər güclü, anadangəlmə fəhmli, mühakimə yürütməyi bacaran olsa da, hələ başına “sünbüllü tac”qoyan vaxtlarıydı, xəyalların, arzu və istəklərin ətəyindən tutub “İsgəndər şaha qalmayan” bu fani və vəfasız dünyanın keşməkeşlərindən baş çıxaran vaxtları deyildi. Ta o çağlaracan ki, axır zəmanə onu da dişinə çəkdi, balaca ürəyini qanatdı, yaxasından tutub silkələdi.

Qədim Azərbaycan şəhəri Xorasan yenidən yadelli özbəklərin qəfil hücumuna məruz qaldı. Qarışqa kimi şirəyə dadanan qəsbkarları ölkənin padşahı, Səfəvi xanimanının varisi tərəfindən qovub çıxartmaq, zərərsizləşdirib məhv eləmək iqtidarında deyildi. Çəkilib yaltaq, müftəxor saray əyyanlarının içində sərxoşluqla gün keçirir, arvadbazlıqdan həzz alıb hərəmxanada ömür-gün sürür, qonşu xarici dövlətlərin təhqiramiz sazişlərini kor-koranə imzalayır, taxt-tacının və nəslinin qeyrətini çəkmir, qürurunu sındırırdı. Nadir Buxarada əsirlikdə olarkən ölkə başçısının səriştəsizliyini və acizliyini bütün varlığı ilə hiss etdi. “Bu bədbəxt necə padşahdır ki, qaçaq-quldura, bir yığın yol azmışa cavab vermir? Hələ şahlığı qoyaq bir kənara, bunun öz mənliyi-vüqarı harda qalıb görəsən?” - düşündü.

Əsirlik dövrü, qədim Buxarada keçən ağır, məşəqqətli həyat tərzi Nadiri tamamilə ayıltdı. Gözüaçıq gənc müdrik Qədirqulu kişinin, “o fərsiz şahın ucbatından Qızılbaş səltənətinə Allahın da qəzəbi tutub” sözlərini tez-tez xatırlayır, yaddaşında çözələyir, anası Gövhərbəyimin təmkinlə, səbrlə “oğlum, sən də öz vaxtını gözlə” qabaqcadanduyma nəsihətimiz kəlmələrini qulağına sırğa eləyir, cavanlıq ehtirası ilə əsib-coşmaqdan özünü zorla saxlayırdı. Bu ibrətəmizlik və alicənablıq qardaşı İbrahimi və onunla əsirlik taleyi bölüşən Əmirqulunu faciələrdən qurtardı. Yeri gəlmişkən,  romanın bu bölümündə verilən digər obrazlar da canlı və dinamikdir. Xivə əmirliyinə qohumluğu çatan, “arxalı köpək qurd basar” psixologiyası ilə yaşayan, yeganə tənbəl oğlu Kəraməti xoşbəxt görmək eşqi ilə əmirin yanında Dövlət qulluğuna işə düzəldən Qəmbər bir çətən külfət başçısıdır. Şişman gövdəli arvadı zülmkardır, özbək əkəsi olan maymaq ərinin başında turp əkməyi bacarır, əsirlərə - xüsusən də gecə-gündüz yun çırpan, yun darayıb tozunu uda-uda təmizləyən, əyirən qadınlara işgəncə verməyi xoşlayır. Bu peşə vərdişi öskürəyə tutulan Gövhərbəyim ananın axırına çıxır, mərd ana yalnız azarı şiddətlənəndə xəlvətcə Nadirə sirr saxladığı “qızıl əhvalatını” açır və iyirmi ədəd əntiq əşyanı qurşağına bağlayıb, bəd ayağı üçün saxlamağı tapşırır və gözlərini əbədi yumur. Qəmbərin göyçək Zöhrə adlı qızının açıq-aşkar boylu-buxunlu, pəhləvan cüssəli Nadirə rəğbət bəsləməsi Allahın gələcək padşaha bəxş elədiyi tale qismətidir. Eşq-məhəbbət bütün bağlı qapıları açdığı kimi, sədaqətli Zöhrənin ilahi sevgisi “türmə” qapılarını və darvazalarını taybatay açır. Qaçağan at alıb məqamını gözləyən Nadir pünhan əhd-peyman bağlayıb, çapar yoldaşları ilə Buxaranı tərk edir, azadlığı dadan zaman qınından sıyrılan ruh kimi Vətəni Azərbaycana, boya-başa çatdığı Xorasana doğru istiqamət götürür.

Hər bir dahi sərkərdə nə qədər qoçaq, mətin, qorxmaz doğulsa da, onun formalaşması, təcrübə qazanması, yetişməsi üçün əlahəzrət zamanın rolu danılmazdır və həyatında mütləq yol göstərəni olur. Müəllif tarixi faktlara söykənə-söykənə təsdiq edir ki, qan qoxuyan dövran bunun fövqündə xarabazara çevrilən məmləkət, yağı tapdağı altında qançır olmuş Azərbaycan torpağı gec-tez böyük xilaskarını yetişdirməli idi. İyirmi iki yaşlı Nadirin qardaşı İbrahimlə Baba Əli bəy Əfşarın müdafiə dəstəsinə qoşulmasını artıq təsadüf adlandırmaq olmazdı. Kifayət qədər döyüş təcrübəsinə malik bu əfşar oğlunu birinci günündən Nadirin dönməzliyi, inadkarlığı, qətiyyəti və cəsarəti heyran edir və qismət onları yurd uğrunda böyük savaşda birləşdirir, qardaşlaşdırır. Əbivərddə, ətraf mahallarda, uzaq Türkmənistan çöllüklərində cavan qoşun başçısının apardığı uğurlu döyüş əməliyyatlarının, qazandığı qələbələrinin sorağı tezliklə İmam Rza şəhəri Məşhədə və başqa iri bölgələrə ildırım sürəti ilə yayılır. Artıq Nadir bəy ayrı-ayrı strateji məntəqələrə təsadüfi adamları, inamsız qorxaqları deyil, yaxın qoçaq əlaltılarını, etibarlı tərəfdaşlarını, qohumlarını təyin etməyə başlayır. Ancaq bu yerdə deyilir, “ sən saydığını say, gör fələk nə sayır”, bəzən harasa təyin elədiyi ən yaxın şəxs belə dəyanət yolunu yox, xəyanət yolunu üstün tutur, böyüklük, hakimlik, ağalıq eşqinə düşür, sözsüz ki, “xırda padşahların” bu nizamsız, pərakəndə, düşük hərəkətləri Nadir bəyin “baş planını” pozur. Məsələn, külli-aləm onun qələbələrindən vəcdəyə gələrkən, yenilməz qoşun başçısı Məhəmməd xan Türkmənlə saziş bağlayıb birləşərkən, onlar birgə əzazil Məlik Mahmudu Məşhəddən qovub çıxarmağa hazırlaşarkən elə Əfşar tayfasından yaxın qohumu Aşur bəy Babalının Xorasanın Büzğan qalasında Nadir bəyə tabe olmadığı, əleyhinə həyasızcasına iş apardığı üzə çıxır. Bu xəyanəti arxadan kürəyə saplanan xəncər sayan Nadir bəy dəhşətli dərəcədə sarsılır, adamlara inamı öləziyir, ruh düşkünlüyü vücudunu titrədir: “bunlar necə adamlardır, İlahi, hər kəs öz qalasının hakimi, öz evinin bəyi olmaq istəyir... Böyük bir ölkənin əldən getməsi isə heç kimin vecinə deyil” - düşünür. Bu ibrətamiz fikir təkcə Əfşar övladının etirafı deyil, həmcinin təzadlı zəmanəmiz üçün də xarakterik detaldır və Hüseynbala Mirələmovun yazıçı qənaətidir, şübhəsiz o, ağrıya-ağrıya, qəlbinin qanını varaqlara axıda-axıda bu son nəticəni hasil edib.

Nadir Əfşar iddialıdır, elədiklərinin, ortaya qoyduqlarının və əməllərinin müqabilində zahirən özündənrazı təsiri bağışlayır, lakin genetik bir xof, qan yaddaşı onu fərsiz II şah Təhmasib Mirzənin qarşısında itaətkarlığa çağırır. O, dövrün vərəsəlik, sülaləlik idarə-üsuluna qarşı çıxanları cəzalandırır, hamını mövcud rejimin qayda-qanunlarına itaət etməyə, hörmət bəsləməyə səsləyir. Şəfəvi şahının sarayında bəlkə də yeganə səriştə, ağıl-dərrakə yiyəsi Həsənəli bəy Nadirlə görüşən kimi ağlına-kamalına, şücaətinə heyran qalır və Astarabaddan qayıdıb Təhmasib Mirzəyə qoşun böyüyünü müdrik xalq qəhrəmanı qiyafəsində təqdim edir.
- Qibleyi-aləm, bu sərkərdə əsl bizim adamımızdır. Cəsur, qorxmaz, bacarıqlı və qətiyyətli bir igiddir. Hərbiyyə işi, sərkərdəlik ona Allah vergisidir.

Hissələr arasında rabitəsizlik, pərakəndəlik və səliqəsizlik qətiyyən yoxdur, yazıçı təxminən 1710-1749-cu illər arasında baş verən tarixi hadisələri sətirbəsir, cümləbəcümlə oxuyub öyrənmiş, bu əhvalatları hissin və duyğunun süzgəcindən keçirmiş, tarixi mövzuda yaxşı nəsr nümunəsi yaratmışdır. Bütün döyüş səhnələrinin və maraq doğuran hadisələrin dəqiq başlanma məqamları, kuiminasiya nöqtələri həm çağdaş miladi, həm də əski şərq hicri-qəməri təqvimlə dürüst göstərilmişdir. Qədim Azərbaycan şəhərlərini, Orta Asiyanın, Əfqanıstanın, Hindistanın, əmirlik, xanlıq, idarəçilik mərkəzlərinin, Ərəbistanın, Türkiyə sultanlığının, Rusiyanın, Əfşar şahənşahlığının tərkibinə qatılan Qafqazın digər yaşayış məntəqələrinin adları romanda əksini tapmışdır. Bunların fonunda xeyli insanın obrazı canlandırılmışdır. Axı, dinclik bilməyən Nadir Əfşar şahlıq mərtəbəsinə yüksələnəcən, məşhur Kalat qalasını, Muğanda Nadirabadı tikib yaşayış məntəqəsinə çevirənəcən Ərəbistan yarımadasından vurub Dəmirqapı Dərbənddən çıxmış, qoşununu Xorasandan - İsfahandan çəkib Buxarada - Xivədə peyda olmuş, Nişapurdan-Bəlxdən keçib Şirvanda binə qurmuşdur.

Həmin o şahlıq quşu Nadirin çiyinlərinə asan qonmamışdır. Əfşar oğlu 1726-cı ilin 15 sentyabrında Xabuşanda baş tutan ilk görüşdəcə Təhmasib Mİrzəyə şah sarayının vəziri sayılan, ikinci adamı hiyləgər Fətəli xan Qacara açıq surətdə bildirmişdir: əsas məqsədi, ülvi məramı Azərbaycan Səfəvilər dövlətinin torpaqlarını qarı düşməndən təmizləmək, tabeçilik göstərmək istəməyən yerli harın “mənəm-mənəmçi”lərin əl-qolunu bağlayıb, itaətə gətirmək ölkədə qanunvericiliyin aliliyini həyata keçirmək, bütün zəbt olunmuş torpaqları azad edib geri almaq ümdə vəzifəsidir. Və nümayişkaranə surətdə Təhmasibqulu xan ləqəbini üstünə götürməklə ölkənin nüfuzdan salınmış başbiləninə sədaqət göstərir. Lakin nadan çuğullar səriştəsiz-fərsiz qorçubaşılar, aravuran vəzir-vəkillər, bir sözlə, lotu-potu şahı addımbaşı aldadır, faciənin girdabına yuvarlayırlar.
Hələ bu hadisələrəcən min bir əziyyətlə sonuncu səfəvi dövlətinin paytaxtı İsfahanı yağı-düşməndən təmizləyən Təhmasibqulu xan Nadir salnaməçi Mirzə Mehdinin (həm də məşhur “Tarixi-Nadir” əsərinin ehtimal olunan müəllifi) gözü qarşısında Təhmasib Mirzəni taxta çıxarır. Yeddi il on ay əyalət şəhərlərində baş girləyən bu “ali zat” daim xətalara və səhvlərə yol verməkdə davam edir. “Başın tacı - ağıldır” - deyə əyilməz qürurunu heç zaman sındırmaq istəməyən Nadir Əfşar 1732-ci ilin mübarək Ramazan ayında Məşhəddə yenə müstəqil surətdə Heratın, Ərdəbilin və bir sıra başqa bölgə mərkəzlərinin hakimlərini dəyişdirir. Və hakimiyyət böhranının zirvə həddində səbri daralan Nadir Əfşar nəhayət, formal şahı-sərxoş və qətiyyətsiz Təhmasibi xalqın qarşısında meydanda ifşa edib taxtdan saldırır. Onu “hərəmxanası və nökərləri ilə birlikdə Yəzd yolu ilə Xorasana - Səbzəvərə yola salır”.

Hüseynbala Mirələmov dönə-dönə oxu cusuna o fikri təlqin etməyə çalışır ki, könlü-gözü tox Nadir xanın şahlıq taxtına qətiyyən ehtiyacı yoxdur. “Üçüncü Şah Abbas” başlığı altında gedən fəsildə o, israrla, ciddi təkidlə yenə varis axtarışına çıxır, xalqın etimadını qazansa da, tənəsindən gen qaçır, çünki dövrün yazılmış və yazılmamış qanunlarına görə mövcud şahla bağlı hər hansı bir hadisənin baş verməsi müqabilində yalnız həmin nəslin nümayəndəsinin taca yiyələnmək haqqı çatır. Nə qədər gülünc olsa da, səkkiz aylıq körpə, yəni Üçüncü Abbas Mirzəyə - Şah Abbas nəslinin bapbalaca yadigarına tacqoyma mərasimi keçirilir. Şahlıq tacını Abbas Mirzənin anasına uzadan Nadir Əfşar şəstlə beşiyi taxta qaldırır və dünyadan bixəbər cocuğun qarşısında diz çökür, təzim edib, baş əyir. Beləliklə, müəllif qəhrəmanını bu kiçik epizodda qat-qat qaldırır.

Məlum həqiqətdir ki, İslam bərqərar olandan sonra yaranan təriqətlər daim qarşıdurma mənbəyinə çevrilmiş, xüsusən şiə-sünnü məzhəbləri arasında narazılıqlar yaranmış, müxtəlif düşmən qüvvələr bu ittifaqın, haçalanmanın pozulmasından məharətlə sui-istifadə edərək, əsrlər boyu müsəlmanları bir-birinin üstünə qaldırmışlar. (Təəssüf ki, məkrli Qərb zəmanəmizdə də bu iyrənc siyasi vasitədən barlanır - A.H.) Nadir şah Əfşar dinin bütövlüyünə şəkk gətirənləri daim pisləyir, sonuncu peyğəmbər Həzrəti Məhəmmədə Allahın qüdrətindən nazil olmuş “Qurani-Kərim”i əldə rəhbər tutmağı tapşırır, müqəddəs kitabda Tanrının hamını bərabər tutduğunu israr edir. Lakin ədavət elə bir həddə çatdırılmışdır ki, sünnü şiə məscidinə hücum çəkir, din qardaşını rəhmsizcəsinə qılıncdan keçirir, şiə təriqətinə mənsub olan fürsət tapan kimi sünnü qardaşını qətlə yetirir, hələ bir özünə haqq da qazandırır. Müəllif ağıllı Nadir şah Əfşarın taxtaçıxma mərasimində bu məsələnin təfsilatından tərəfdaşı, əqidə yoldaşı Təhmasib xan Cəlayir tərəfindən münasibət bildirir: “Əgər xalq Nadir Əfşarın şah olmasını istəyirsə, bu gündən şiə məzhəbi ilə yanaşı, sünnü məzhəbinə də hörmət etməlidir. Bundan sonra mərasimlərdə Ömərə, Osmana lənət oxunmasın”. Hüseynbala Mirələmov tarixi qəhrəmanının dilindən maramını daha çevik sürətdə qüvvətləndirir:... “Şiələr Məkkə ziyarətinə gedəndə innən belə sünnülər onları incitməməlidirlər. Əgər dövlətimizin təbəələri Nadir xanın şahlığını, ölkənin rahatlığını istəyirsə, bundan sonra şiəliyin Cəfəri təriqətinə səcdə edəcəkdir! “ Bu birləşdirici, əmin-amanlığa, sülhə çağırış fikirlər bir daha Nadir Əfşarın uzaqgörənliyini ortaya qoyur.

Şahlıq taxtına yüksələnəndən sonra Osmanlı İmperiyası ilə keçmiş xəcalətgətirici sülh müqavilələrini təzələyən, bu əhəmiyyətli strateji mütəffiqlə əməllicə dil tapan, vaxtilə Təhmasiz Mirzəni qapazaltı edib Qafqazın xeyli hissəsini tutan mənfur Rusiya dövlətini işğalçılıq siyasətindən çəkindirən, yaxşı mənada yerində otuzduran Nadir şah nəhəng qonşu ölkələrdən öz məmləkətinin tərəqqisi, dircəlişi naminə mahir diplomat, ağıllı dövlət xadimi səriştəsiylə istifadə edir.  Türkiyə ilə məzhəb-din və dil birliyini ortaya atır, mənəvi körpülərin yenidən bərpasına səy göstərir. Rusiyadan gəmi alır, dəniz və körfəzlərdən sərhədlərini möhkəmləndirir, ən mühümü ilk hərbi donanmasını yaradır. İngilis, holland, fransız, alman səfirxanalarının əli ilə ticarət müqavilələri bağlayır, əcnəbi tacirlərin ölkəyə gəlib-getməsi üçün münbit şərait yaradır. Artan rəqabət iqtisadiyyatı dircəldir. İstilalar zamanı gətirilən xərac qənimət xəzinəni zənginləşdirir, bu çiçəklənmə adamların həyat şəraitini qismən yaxşılaşdırır və s. və i.a.

Həddən ziyadə ağır yük altında çabalayan, istirahət bilməyən Nadir Şah Əfşarın axırda tarıma çəkilmiş əsəbləri davam gətirmir. O, yerli-yersiz hamıdan şübhələnməyə başlayır. Hətta iş o yerə çatır ki, sevimli qardaşına tez-tez hədə-qorxu gəlir. Təyin etdiyi hakimləri səbəbsiz-filansız vəzifələrindən götüzdürür, onların bir qisminin boynunu vurdurur, dar ağacından asdırır. Şəxsi keşikçi dəstəsi ilə kobud davranır, yüksək rütbəli zabitləri təhqir edir, edam etdirmək barədə yalnış sərəncamlar verir. Yavaş-yavaş bu səltənət də qüruba doğru əyilir. Ağır vergilərə etiraz edən əyalət hakimlərinin Şahənşaha inamı azalır, onda yalnız Kalat qalasındakı xəzinəni daş-qaşla doldurmaq, sərvət yığmaq barədə düşünən Nadir Əfşar hamının ona xəyanət etdiyini açıq-saçıq dilinə gətirir və “Xəyanətkarları ölüm gözləyir” risqiylə ətrafına meydan oxuyur. Bütün bu qalmaqalların sonunda sevimli oğlu Rzaqulu Mirzəyə əl qaldırır, onun gözlərini çıxartdırır. Müəllif təsirli epizodlarla, güclü yazıçı təhkiyəsi və mühakiməsiylə hadisələrin tarixi xronoloji ardıcıllığını gözləyir, quru faktlara, rəqəmlərə al-əlvan rəng qatmaqla bədii mahiyyətin dərinliklərinə, alt qatlarına enir.

P.S.”Dəmiri isti-isti döyüb” görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun yeni tarixi romanını birnəfəsə oxudum. Sözsüz, “Sonuncu fateh” ədəbiyyatımızın uğurudur və mən qısa sözümün (romandakı hadisələrin müqabilində belə düşünürəm - A.H) axırında müəllifə “sonuncu olmasın” söyləyir,  əsəri növbəti təkrar nəşrlərdə xırda texniki nöqsanlardan və qüsurlardan təmizləməyi arzulayıram.

Ağacəfər HƏSƏNLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.