525.Az

Kişvəri divanının yeni nüsxəsi

[01.09.12]
Kişvəri divanının yeni nüsxəsi

Nəsimidən sonrakı anadilli Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, təxminən XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşamış Kişvəri özündən sonrakı şeirimizin inkişafında mühüm rol oynayıb. Akademik Həmid Araslı şairin ədəbiyyat tarixindəki xidmətləri barədə yazır: “Kişvəri yaradıcılığı özündən sonra gələn Azərbaycan şeirinin üzərində qüvvətli və müsbət təsir göstərmişdir. Füzuli də daxil olmaqla XV əsrin sonu və XVI əsrin ortalarında yaşayan bir çox şairlər Kişvəri yaradıcılığından öyrənmiş, onun bədii irsi, birinci növbədə lirik şeirləri əsasında tərbiyələnmişlər”.
Son dövrlərə qədər elm aləminə Kişvəri divanının üç əlyazması məlum idi. Onlardan biri, M-27 şifri altında AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan, 77 vərəqdən ibarət yarımçıq və nöqsanlı nüsxə 253 qəzəl, 9 müxəmməs və 26 rübaini əhatə edir. İkinci nüsxə Daşkənddə - Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda, üçüncüsü isə Səmərqənd Elmi-Tədqiqat İnstitutunun kitabxanasında mühafizə edilir. Səmərqənd nüsxəsinin Bakı nüsxəsindən köçürüldüyü məlum olub. Kişvəri divanı ilk dəfə Bakı nüsxəsi əsasında 1984-cü ildə C.Qəhrəmanovun tərtibatı ilə çap edilib.
Son dövrlərdə Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyni İranın Parlament (indiki Məclise-Şuraye-İslamiye-İran) kitabxanasında Kişvəri divanının müəllif tərəfindən köçürülmüş avtoqraf nüsxəsini aşkar etmiş və bu nüsxə bizim redaktorluğumuz və mətni müasir əlifbaya çevirməyimizlə çap edilmişdir. (Tərtibat və ön söz M.Hüseyninindir). 53 səhifəni əhatə edən bu natamam əlyazmadan 24 bütöv və 2 yarımçıq qəzələ digər nüsxələrdə rast gəlmirik.
Lap yaxın vaxtlarda İstanbul Universitetinin professoru Osman Fikri Sərtkayanın yardımı ilə əldə etdiyimiz Kişvəri divanının Bursanın əlyazmalar və əski çap əsərləri kitabxanasında 46-cı nömrə altında saxlanan nüsxəsinin surəti, inanırıq ki, şairin həyat və yaradıcılığı barədə daha ətraflı söz deməyə imkan verəcəkdir. Əvvəla onu deyək ki, bu nüsxə həcmcə Kişvəri divanının digər əlyazmalarından nəzərə çarpacaq dərəcədə böyükdür. Təəssüf ki, bərpa prosesində divan səhifələrinin kənarlarında, bəzən isə elə ortalarında da bəzi şeir parçaları oxunmaz hala salınmışdır. Buna görə də şeirlərin dəqiq sayı barədə hələlik məlumat verə bilmirik. İlkin  nəzərə çarpan cəhət divan nüsxəsinin gözəl nəstəliq xətti ilə köçürülməsi, buradakı şeirlərdə şairin dövrü barədə yeni məlumatların olmasıdır. Kişvəri ünsiyyətdə olduğu, önəm verdiyi bir sıra müasirlərinin adlarını çəkmişdir. Şeirlərindən görürük ki, o, yaradıcılığının əvvəlki məhrələlərində Ağqoyunlu hökmdarı Sultan Yaqubun (1478-1490) sarayında yaşamışdır. Sultan Yaqub ziyalı bir hökmdar olmuş, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlıq etmişdir. Ağqoyunlu sülaləsinin digər nümayəndələri də mədəniyyətin inkişafına qayğı ilə yanaşmışlar.
Kişvəri müxəmməslərindən birində Sultan Yaqubun diqqətini cəlb etmək istəməsini belə ifadə etmişdir:

Taleyi-bərgəştə bir dəxi qılaydı sərvəri
Kim, cila tapsaydı şol ayineyi-İskəndəri,
Şölə çəksəydi çırağı tudeyi-Bayənduri,
Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri
Kim, görüncə rayəti-Yəqub xanı bir dəxi.

Göründüyü kimi, burada Ağqoyunlular sülaləsinin Bayandur nəslindən olduğu vurğulanmışdır. Kişvərinin adını çəkdyi, səxavətindən, ədəbiyyatın inkişafına qayğısından razı qaldığı Ağqoyunlu hökmdarlarından biri də Uzun Həsənin nəvəsi, Yusifin oğlu, Əlvənd Mirzənin qardaşı Məhəmmədidir. Mənbələrdə onun adı Məhəmməd kimi də gedir. Tarixdən bilirik ki, Sultan Yaqubun qəfil ölümündən sonra Ağqoyunlu sülaləsi nümayəndələri arasında çoxsaylı çəkişmələr, daxili müharibələr olmuş, hakimiyyət tez-tez dəyişmiş, nəhayət dövlət süquta uğramışdı. Məhəmmədi sülalənin böhranlı dövründə qısa müddət ərzində h.903 (m.1497-1498) - h.905-ci (m.1499-1500) Yəzddə hökmdarlıq etmişdi. Kişvərinin Məhəmmədinin ölümünə həsr etdiyi 8 bəndlik təxmis formasında yazdığı mərsiyə barədə məlumatımız var idi. Burada şair “Xani-mülk Sultan Məhəmməd gövhəri-Bayənduri”nin ölümündən kədərləndiyini, dərin hüznünü ifadə etmişdir. Bəndlərin hər biri “Dirligim dirlik deyil, tək bir qara gündür keçər” misrasıyla bitir. Kişvəri divanın yeri  aşkar edilmiş Bursa nüsxəsində “Dər mədhi-Sultan Məlik Məhəmməd” başlıqlı iri həcmli şeir vardır. Burada şair Məhəmmədin adil hökmdar olmasını, səxavətini məhd etmiş, sonda ayağını yerdən götürmək üçün ondan bir ulaq istəmişdir:

Padişaha, mövkibi-alində mən qul Kişvəri,
Müddətidir kim, çəkirmən yayağlığdan əzab.
Bir ulağ birlə nə nöqsan tapğa, ya Rəbb, həşməti,
Qulunu gər atlandurub lütf etsə şah kamyab.
Bil ulağı kim minər çağında asayiş bulay,
Nə ulağı kim, qıla asayiş andin ictinab...

Bir sıra  mənbələr, o cümlədən, şairin öz şeirləri sübut edir ki, Kişvəri həyatının son dövrlərində, Ağqoyunlu sülaləsinin süqutundan sonra Şah İsmayıl Xətaiyə üz tutmuş, Həbibi, Süruri, Tüfeyli ilə barəbər onun sarayına dəvət olunmuşdur. Kişvəri divanının Tehran nüsxəsindəki şeirlərdən birində oxuyuruq:

Kişvəri, bir cürə icsən yoxdur ölməklik sana,
Cami-zərdin Şah İsmaili-sultan əlkidin.

Kişvəri divanının yeni üzə çıxarılmış Bursa nüsxəsində Şah İsmayıl Xətainin mədhinə həsr edilmiş 40 beytlik tərkibbənd formasında yazılmış şeir vardır. Təəssüf ki, burada bir neçə misra, bəzi sözlər oxunmaz hala düşmüşdür. Şeirdə bir sıra ölkələri, “Şərqi və Qərbi” fəth etmiş “Xurşidi-mülk Şah İsmaili-Heydəri”, onun ədaləti mədh edilir. Burada Xətai “Mehdiyi-zəmanə” adlandırılır. Şair Şah İsmayıldan əvvəl ölkədə qarışıqlığın hökm sürdüyünü, indi isə asudəlik olduğunu qeyd edir. Məmləkətdəki asudəliyin əsas səbəbini hökmdarın ədalətində görən şair hikmətamiz bir cümlə işlədir: “...insafü ədlilə əkiz irür dəvami-mülk”. Yəni dövlətdəki insaf və ədalət onun sabitliyi və davamlılığı ilə əkiz qardaşdır. Bunlardan biri olmasa, digəri də mövcud ola bilməz.

 

Paşa ƏLİOĞLU

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.