525.Az

Ramil Səfərov azadlıqda!

[01.09.12]
Ramil Səfərov azadlıqda!

MACARISTANDA HƏBSDƏ OLAN ZABİTİMİZ AZƏRBAYCANA
GƏTİRİLDİ. ERMƏNİSTAN HAKİMİYYƏTİ TƏŞVİŞƏ DÜŞDÜ.
SƏRKİSYAN SƏFİRLƏRLƏ TƏCİLİ TOPLANTI KEÇİRDİ

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, dünən Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

“Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması Prezident İlham Əliyevin birbaşa əməyinin nəticəsidir”. Bunu “Qafqazinfo”ya açıqlamasında R. Səfərovun hüquqlarını müdafiə komitəsinin sədri olmuş, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. A.Quliyev bildirib ki, R. Səfərovun Azərbaycana ekstradisiya olunması uzun prosesin nəticəsidir: “Burada prezident İlham Əliyev müstəsna əmək sərf edib. Belə böyük işi hər hansı bir fərdi insanın adına bağlamaq düzgün olmaz. Bunu bir nəfərin həyata keçirməsi mümkün belə deyil. Bu, Azərbaycan prezidenti və dövləti tərəfindən görülən işlərin nəticəsidir. Bu münasibətlə Azərbaycan xalqını təbrik etmək olar!”.

Qeyd edək ki, Macarıstandan Azərbaycan ekstradisiya olunan Ramil Səfərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar. AzərTAc dövlət agentliyinin verdiyi məlumata görə, Ramil Səfərov onun əfvinə dair Prezident İlham Əliyevin sərəncamı ilə tanış edilib və ona Azərbaycan pasportu təqdim olunub.

“Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa çatdıran prezident, Ali Baş Komandan İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə açıqlamasında deyib.

R.Səfərov ona göstərilən dəstəyə görə minnətdarlığını da ifadə edib: “Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm”.

Ramil Səfərov dünən Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib. Ramil Səfərovu çoxsaylı vətəndaşlar müşayiət edib. Ziyarət zamanı “Ramil”, “Qarabağ”, “Qarabağı azad edəcəyik!” şüarları səsləndirilib. Daha sonra R.Səfərov anasının məzarını ziyarət edib.

Daha sonra Ramil Səfərov Bakıdakı evlərinə gedib. Ata evində jurnalistlərə açıqlama verən Ramil Səfərov azadlığa çıxmağına həmişə inandığını deyib: “Əfv sərəncamına görə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmişə dövlətin qayğısını öz üzərimdə hiss etmişəm və həmişə də azadlığa çıxacağıma inanmışam. Bundan sonra vətənə, millətə, dövlətə faydalı bir sahədə çalışacağam”.

R.Səfərov bildirib ki, bu səkkiz il yarım həbs həyatı onunçün çox ağır keçib. O deyib ki, həbsdə olmasına baxmayaraq heç vaxt ümidini itirməyib. R. Səfərov onun həbsdən azad edilməsi üçün Azərbaycanda aparılan işlərdən xəbərdar olduğunu vurğulayıb: “Mənim üçün çalışan hər bir kəsə və bütün türk dünyasına öz təşəkkürümü bildirirəm. Mən Qarabağ problemi ilə bağlı aparılan işləri də hər zaman diqqətdə saxlamışam. Ali Baş Komandanın bu istiqamətdə apardığı fəaliyyəti düzgün qiymətləndirirəm”.

R. Səfərov gələcəkdə hərbçi kimi fəaliyyətini davam etdirmək fikrində olduğunu da vurğulayıb.

Qarabağ problem haqda danışan Səfərov deyib: “Azərbaycan öz torpaqlarını geri alacaq”. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar yüksək səviyyədə davam edir: “Biz Qarabağı tezliklə azad edəcəyik”. R.Səfərovun azadlığa çıxması xəbərini eşidən bir çox vətəndaş onu görmək üçün evlərinə ziyarətə gedib. İlk olaraq Ramili ziyarətə millət vəkili Qənirə Paşayeva gəlib.

Ramilin atası Sahib Səfərov modern.az saytına hadisənin onun üçün gözlənilməz olduğunu və hədsiz sevinc yaşadığını vurğulayıb. O bildirib ki, hazırda evinə o qədər insan axışır ki, onların təbriklərini qəbul etməyə imkanı yoxdur. S.Səfərov Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib.

Bu arada Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Sahib oğlu Səfərov xüsusi reyslə Azərbaycana gətirilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılmasına münasibəti bildirib. Şöbə müdiri Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsinin hüququ tərəflərini açıqlayıb.

“- Ramil Səfərovun azadlığa çıxması bu barədə bir qədər ətraflı məlumat vermənizi istərdik.

- Bilirsiniz ki, Azərbaycan prezidenti cənab İlham Əliyev daim Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin təmin edilməsinə çalışır. Belə vətəndaşlarımızdan biri də Ramil Səfərovdur. Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib. Hökmə görə onun yalnız 30 il cəza çəkdikdən sonra şərti azadlığa buraxılması hüququ müəyyən olunub. Bu gün (dünən - red.) saat 13.40-da Ramil Səfərov “Azərbaycan Hava Yolları” Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib və elə bu gün Azərbaycan prezidentinin sərəncamı ilə əfv edilib.
Ramil Səfərovun qaytarılması “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında həyata keçirilib. Azərbaycan bu sənədə 2000-ci ildə qoşulub. Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar əksini tapıb. Konvensiyanın müddəalarına əsasən Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr qurulub və Ramil Səfərovun vətənə qaytarılması ilə bağlı intensiv danışıqlar aparılıb. Uzun hazırlıq işinin nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə R.Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilib. Macarıstandan müsbət cavab alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin texniki məsələlərinin həlli üçün işə başlanılıb.

- Ramil Səfərovun verilməsi ilə bağlı Macarıstan tərəfi uzun müddət inad göstərib...

- Bəli, müəyyən problemlər vardı. Çünki proses elə əvvəldən siyasiləşdirilmişdi. Erməni lobbisi onun Azərbaycana verilməsinə ciddi mane olurdu. Qeyd etmək istərdim ki, bu müddət ərzində Ramil Səfərovun ölkəmizə verilməsi məsələsi daim Azərbaycan prezidentinin şəxsi nəzarətində olub. Bununla bağlı cənab prezident tərəfindən yüksək səviyyəli danışıqlar aparılıb, onun göstərişinə əsasən məsələnin həlli üçün bütün zəruri tədbirlər görülüb. Son nəticədə zabitimizin Vətənə dönməsi yalnız Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən dövlət başçısının siyasi iradəsi və beynəlxalq arenada şəxsi nüfuzu sayəsində mümkün olub.

- Ölkəmizdə bir çoxları həmin hökmü ədalətsiz sayırdı. Məhkəmə Ramil Səfərovun emosional vəziyyətini qiymətə almamışdı. Xüsusilə 77 nəfəri soyuqqanlı şəkildə qətlə yetirən Breyvikə verilən cəzanın yüngüllüyü ilə müqayisədə bu daha aydın görünür.

- Digər bir dövlətin ədalət mühakiməsi barədə fikir söyləmək istəməzdim. Ramil Səfərov həmin hadisənin başvermə kontekstini məhkəmə baxışlarında dəfələrlə söyləyib. Ramin Səfərov Ermənistanın işğalı altında olan Cəbrayıl rayonundandır. Məcburi köçkün həyatı yaşayıb. Bir çox yaxınlarını itirib və bu faciələr onun gözü qarşısında cərəyan edib, uşaqlıq yaddaşına həkk olunub. Azərbaycan Ordusunun zabiti kimi NATO tədbirlərinə qatılanda isə erməni zabitlərinin ona qarşı daimi provokasiyaları, Azərbaycan bayrağını və xalqını təhqir etməsi nəticəsində uşaqlığında bütün bu faciələri yaşamış bir insanın emosional vəziyyətini təsəvvür etmək olar. Həmçinin qeyd edilməlidir ki, Ramil Səfərovun vəkilləri məhkəmə prosesi zamanı onun müdafiə hüququnun pozulması ilə bağlı dəfələrlə vəsatətlər veriblər. Belə ki, istintaq zamanı ondan ifadələr yaxşı bilmədiyi rus dilində alınıb, ilkin dindirmə zamanı vəkillə təmin edilməyib, ittiham aktı isə türk dilində təqdim edilib. Vəkillər digər ciddi prosessual pozuntularla bağlı şikayət və vəsatətlər də veriblər.

- Ramil Səfərovun Bakıya gətirildiyi gün dövlət başçısı onun əfv edilərək cəza çəkməkdən azad olunması barədə sərəncam imzalayıb. Bəs Konvensiyada verilmiş şəxsin əfv edilməsi mümkünlüyü ilə bağlı nə deyilir?

- “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə bilər, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər. Ramil Səfərov artıq cəzasının səkkiz ildən çoxunu çəkib. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə edib. Dövlət başçısının bu cəsarətli addımı onu göstərir ki, o, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı kimi hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur. Bu, həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün bir çağırışdır”.

Qeyd edək ki, R.Səfərovun azadlığa buraxılması Ermənistan hakimiyyətini təşvişə salıb. Ermənistan prezidenti Serj Sarkisyan Ramil Səfərovun azadlığa çıxması ilə bağlı Təhlükəsizlik Şurasının fövqalədə toplantısını çağırıb. Toplantıda həmçinin BMT-yə üzv ölkələrin Ermənistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri də iştirak ediblər.

Fotolar: “Trend”


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.