525.Az

“Modern.az” saytının üç yaşı tamam olur

[01.09.12]
“Modern.az” saytının üç yaşı tamam olur

“MODERN.AZ” SAYTININ BAŞ REDAKTORU ELŞAD EYVAZLI:

“BİZƏ PODNOSDA HEÇ NƏ VERİLMİR”

- Saytınızın üç yaşı tamam olur. Necə keçdi bu üç il? Nə verdi sizə bu layihə?

- Çox tez keçdi. Ümumiyyətlə, mətbuatda zaman çox sürətlidir. İnternet mediası isə bu mənada deyiləsi deyilmiş. Səhər işə gəlirsən, başını qaldıranda görürsən axşamdır.
Üç ildə dəfələrlə bağlanmaq təhlükəsi ilə qarşılaşdıq. 2011-ci ilin iyununda “Modern.az” tam dayanırdı, bu məlumat mətbuatda da getmişdi. O zaman dostumuz Rəşad Məcid çox dirəşdi, dedi “Modern.az”ın özünəməxsus dəst-xətti var, tək qalsan belə, onun bağlanmasına imkan vermə, heyifdir. Xeyli düşündüm və dayanmaq qərarını dəyişdim... Üç ildə belə çətinliklərimiz çox olub. Amma yaxşı günlərimiz də az olmayıb.
Qaldı sualın ikinci tərəfinə, bu layihədən daha çox cəmiyyət, deputatlar, seçicilər, media təmsilçiləri yararlandılar. Məsələn, təvazökarlıqdan uzaq olsa da, “Modern.az” saytına qədər parlamentin işini cəmiyyətə geniş çatdıran, insanların problemlərini deputatlara daşıyan media qurumu yox idi. Jurnalistlər də daim diqqətimizdədir, mediadan ən çox biz yazırıq.
Saytımızda şou-biznesə aludəçilik yoxdur, açıq-saçıq, intim mövzulara və etikadan kənar yazılara yer verilmir. Bu amili də üstünlüyümüz sayırıq. Biz insanları düşündürmək istəyirik, əyləndirmək bizim işimiz deyil.

- Saytlar çoxalır. “Modern.az” fəaliyyətə başlayanadək də az deyildi. Rəqabətə tab gətirə bilirsinizmi?
- Saytların çoxalması ümumi işimizin xeyrinədir. Çünki media ordusunun sıraları genişlənir, gücümüz artır. Hərçənd bəzi saytlar bir media qurumunun görməli olduğu işdən başqa hər işi görür.
Rəqabət məsələsinə gəlincə, heç vaxt birincilik iddiamız olmayıb, amma daha çox etibar, inam qazanmaq istəyirik. Məncə, buna müəyyən qədər nail olmuşuq. Başımızı aşağı salıb jurnalistika ilə məşğul oluruq.

- Kollektiviniz haqda danışaq. İşçi qüvvəniz xəbər portalı olaraq əlinizin hər yerə çatmasına imkan verirmi?

- İki ildən artıq redaksiya iki nəfərdən ibarət olub: mən və Əfqan Qafarlı... Arada təcrübə toplamaq istəyən tələbələr bizimlə birgə çalışıblar. İndi işçilərimiz bir qədər artıb. Amma dediyiniz anlamda böyük gücümüz yoxdur.
Azərbaycanda qəzetin, saytın işçi qüvvəsinin çox olması, yaxud da orada professionalların çalışması əlin hər yerə çatması anlamını vermir. Elə media qurumları var ki, onlara məlumatlar podnosda aparılır. Amma hər halda ciddi narazılığımız yoxdur. Bizim də əlimiz uzundur.

- Azərbaycan mediasında istinad problemi var. “Modern.az”ın da materialları istinadsız istifadə olunur yəqin ki. Belə hallarla necə mübarizə aparırsınız?

- Mediamızın ən ağrılı yeridir bu məsələ. Jurnalistin əməyinin məhsulu onun hazırladığı yazıdır. Ona dəymək olmaz. Onu oğurlamaq olmaz. Mən jurnalistikada bundan betər iş tanımıram. Biz xəbərlərimizin oğurlanmasına çox sərt etiraz edirik hər zaman. Amma oğurluğun qarşısını tam ala bilmirik.

- Mətbuatın əsas problemlərindən biri də informasiya daşıyıcılarından, xüsusən də dövlət orqanlarından məlumat almağın çətinliyidir. “Modern.az” bu problemi necə həll edir?

- Biz də hamıdan biriyik. Yəni bizə podnosda heç nə verilmir. Mənə elə gəlir ki, bu gün bizdə olan məlumatlar əksər qəzetdə, saytdakından daha çoxdur. Ancaq iş üslubumuzda “adının çəkilməsini istəməyən, etibarlı mənbə” ifadələrini işlətmək olmadığından nə qədər məlumatımız üzə çıxmamış qalır. Dəqiqləşdirilməmiş məlumatı vermək istəmirik.

“Media forum”


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.