525.Az

III Respublika muğam müsabiqəsinə start verildi

[14.02.13]
III Respublika muğam müsabiqəsinə start verildi<b style="color:red"></b>

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə III Respublika muğam müsabiqəsinə start verilib.

525.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində birinci seçim turunun ilk hissəsində instrumental ifaçıların seçimi keçirilib. Seçimdə 11 ifaçı iştirak edib. 

İştirakçılar milli musiqi alətlərimiz olan tar, kamança, balaban və qanunda muğam və rəqslər ifa ediblər.
İştirakçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Məmmədağa Kərimov, əməkdar artistlər Təranə Əliyeva və Elşad Cabbarovdan ibarət münsiflər heyəti tərəfindən seçiliblər. 

İnstrumental ifaçılar arasından 10 iştirakçı ikinci seçim turunda çıxış etmək hüququ qazanıb. 
Fasilədən sonra isə xanəndələrin seçiminə başlanılıb. Seçimdə 9 xanəndə iştirak edib. Onları Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət münsiflər heyəti seçib. 

Ümumilikdə 18 xanəndənin və 22 instrumental ifaçının iştirak etdiyi birinci turdan keçənlər ikinci seçim turunda çıxış etmək imkanı qazanıblar. İkinci turun nəticələrinə görə isə hər iki müsabiqə üzrə 3 qalib müəyyən olunub. 

Fevralın 15-də müsabiqənin yekunu olaraq qala-konsert keçiriləcək və qaliblər həmin konsertdə çıxış edəcəklər. 

Qaliblərə cari ilin martında Bakıda keçiriləcək “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ veriləcək.

GÜNEL


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.