525.Az

Alzqeymer

[01.09.12]
Alzqeymer

Payızda  yarpaqlar saralıb ağacdan tökülürsə, gözəllikdi. Yazda, yayda - xəstəlik. Alzqeymer - beyin hüceyrələrinin  vaxtından əvvəl ölməsidir - yaddaşın günbəgün  azalması, itməsi. Sonda isə xəstələr öz doğmalarını  belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər.
Əsrimizin hələlik  müalicəsi  mümkünsüz  xəstəlikləri sırasında  “Alzqeymer”in  xüsusi  yeri  var. Dünyada  (sayı günbəgün artan) 35 milyondan çox insan bu xəstəlikdən əziyyət  çəkir.Alzqeymer - Birləşmiş  Ştatlarda ölümə  səbəb olan 6 əsas xəstəlikdən biridir.
Bu xəstəliyə düçar olan  tanıdığımız  simalar bir anda göz önündən keçir:
Keçmiş ABŞ prezidenti, əsl sənəti aktyor olan Ronald  Reyqan, məşhur  futbolçu Ferens Puşkaş, İngiltərənin keçmiş baş nazirləri Harold  Vilson, Marqaret  Tetçer, aktyorlar Piter  Falk, Rita Xeyvort, Anni Jirardo, Çarlton Xeston və başqaları.
Bəzi alimlərin fikrinə görə, statistikanın şahidliyi ilə mütaliəsi qədərincə olmayan adamlar  bu xəstəliyə daha çox düçar olur.

Xəstəliyin çox-çox  irəliləməmiş mərhələlərində  bu xəstələr  öz evlərində, mütləq tanış olan yerlərdə özlərini  rahat hiss edirlər. Belə ki, gecəyarı yarıyuxulu adam qaranlıqda belə yatağından durub  buz dolabından su içə bildiyi kimi, yaddaşında təkrar möhürlənmiş məqamlar silinmir. Adətən bu xəstələrin səhhəti  ən yaxın qohum-qardaşın evinə qonaq gedib bir-iki gün qalanda belə kəskin  pisləşir. Çünki tanış  olmayan məkan bu xəstəliyin yaddaş itkisini  daha da dərinləşdirir.
Deməli, biz dünya həkimlərinin  hələlik çarəsini tapmadığı bu qorxunc, faciəvi ölümə aparan xəstəliklə  iki yolla  mübarizə apara bilərik:
Sistemli, mütəmadi  MÜTALİƏ (təfəkkürün stimulyasiyası) və evimizdə, şəhərimizdə, ölkəmizdə, dünyada  yaddaşımıza həkk  olan tarixi, mədəni, ictimai, şəxsi və s. dəyəri olan hər hansı  abidəni, əşyanı, əsəri və s. QORUMAQla.

Çox təəssüflər olsun ki, məlum elmi statistik məlumatlardan  aydın olur ki, ölkəmiz hər min nəfərdən kitab oxuyanların  sayına görə  dünyada axırıncı yerlərdən birini tutur.
Təəssüflər olsun ki, yüz il əvvəl C.Məmmədquluzadənin, N.Nərimanovun, S.S. Axundovun, Ə.Haqverdiyevin, Sabirin, Hadinin - kimlərin, kimlərin yana-yana kitab oxumağa  çağıran, hayqıran səslərinin  aktuallığı zərrə qədər də azalmır, əksinə günbəgün hava, su kimi zərurətə  çevrilir.
Bir dəfə televiziyada mənə verilən “gözəl olmaq üçün nə etmək lazımdır?” - sualına  “kitab oxumaq”, - dedim. Gülüşdülər. İzah etdim ki, görürsünüzmü savadlı, güclü mütaliəsi olan din xadimlərinin və ya hər hansı peşə sahiblərinin üzündə nur, kəhrəba  cazibəsi, çörəyin ətri kimi  müqəddəslik, işıq olur. Hətta üz cizgiləri  məlum gözəllik  standartlarından, ölçülərindən kənarda olan istənilən adam - yaşından, cinsindən, tutduğu mövqedən asılı olmayaraq  GÖZƏL  görünür. (Əgər mütaliəsi  qədərincədirsə!..)
Kitab oxumayanlarda əksinə... (Hətta o şəxs din xadimi olsa belə).
Təkrar edirəm:
- Əsrimizdə Dünya Tibb alimlərinin  fikrinə görə mütaliəsizlik eybəcərliklər - cəhalət, cinayətlər və s. başqa həm də ən pis xəstəliklərdən olan  “Alzqeymer”in  inkişafına yol açır.
Bu xəstəliyə yol açan ikinci səbəb, mübarək yaddaşımızın  məlum möhürlərini öz əlimizlə məhv etməyimizdir.

Gözlərimizin önündə  İçəri Şəhərimizin  ciyərini  sökdülər. Neçə-neçə  qədim abidəsinin yerində müasir “qutular” tikdilər.
Qarabağımızda, Qərbi Azərbaycanımızda  erməni-daşnak  vandalizminə məruz qalan nə qədər abidələrimiz yerlə-yeksan oldu, içalatı talandı. Yaddaşımızın talanı  dürlü-dürlü  məkanlarda, fərqli formalarda və məzmunda oldu.
Hər dəfə Fəvvarələr meydanından, kilsənin yanından  Mərkəzi Univermağa tərəf gedəndə hələ yaşımızdan əvvəl mövcud olan balıq dükanının yanından keçəndə burnumuza məlum hisə verilmiş balıq iyi gəlirdi.

Ta gəncliyimizdən biz o dükana girməsək də, bu iy bizim  yaddaşımızdaydı... (Məkandan  söhbət düşəndə belə). İndi o dükanın içində pal-paltar satılır. (Nənəm deməli “cır-cındır”). Fəvvarələr  Meydanının yanındakı kitab pasajının hücrələri də eyni taledə.
Mən illərdi, hətta tələsik o kitab pasajının önündən  keçəndə belə, o kitabların  “çörək ətrindən”, əslində elə “kitab ətrindən” ciyər dolusu udar, yoluma davam edərdim. Biz “səksənincilər” o kitab rəflərinə günəşə,aya baxan kimi baxar, hər təzə kitaba toxunanda ilk məhəbbətin  “göyərçin əllərini” ovcumuzda tutardıq.
“Azərnəşr”in gözəl tarixi  binasını özəl banka çeviriblər. O gün onun qarşısından  keçirdim. Önündə ayaq saxladım...

Yadıma keçmiş əyyamlar düşdü: Bu binadakı nəşriyyatlar, aşağı mərtəbəsindəki mətbəə, kitaba ruhuyla, qanıyla bağlı, ona can verən gözəl insanlar...Doxsanda üçüncü  mərtəbədə Leninin başsız, tərsinə üzü divara çevrilmiş  heykəli və bir də o binanın bütün mərtəbələrindən  gələn o müqəddəs kitab iyi.

Həssas burnumla heç kimin sezə bilmədiyi  bir tövrlə, o binanı bir də iylədim. Çox zəif kif iyi  gəlirdi. Ancaq bu iy  Fleminqdən 1000 il (!) əvvəl Şamaxının  Məlhəm kəndindən olan  Loğman babamızın kif göbələklərindən hazırladığı məlhəmin (penisilinin)  iyi deyildi və ola da bilməzdi...

Y.Məmmədəliyev  küçəsindəki məşhur arxitektor  “Atlantlar” olan bina söküləndə YUNESKO-nun Koreyadan olan nümayəndəsinin  hönkür-hönkür ağlamağını gözlərimlə görmüşəm. Bir bazar günüydü. Mən ona yaxınlaşdım. O qədər özümü itirmişdim ki, heç olmasa cib telefonumla o mənzərəni çəkə bilmədim.

Hə, yadıma düşdü ki, belə bir mənzərəni bir də televiziya ekranlarında son İraq müharibəsində - Bağdadda qədim muzey dağıdılıb, qarət olunanda görmüşəm. Adını unutduğum amerikalı qadın professor  hönkür-hönkür ağlayırdı...

Mənim bir şair kimi yadıma Koroğlunun Qıratı qaçıran Həmzəyə  ürək dağlayan  hayqırtısı düşdü:
“Əylən deyim Qıratın qiymətini...”
Görəsən bu dağıtdıqlarımızın qiymətini bilirikmi? Məhv olan - həyatımız, sağlamlığımız, bu günümüz və sabahımızdır.
Bu yanıqlı xatırlamalar, sadalananlar uzun olar deyə, elə buradaca kəsirəm. Ancaq mən bir həkim kimi  bilirəm ki, tarixi abidələri məlum  çoxşaxəli maddi və mənəvi  dəyərlərindən başqa, həm də ona görə sökmək olmaz ki, bu, ağır, qarşısıalınmaz Alzqeymer kimi  qorxunc xəstəliklərin kütləviliyinə gətirib çıxara bilər. Elm artıq  bunu  sübut edib. Əlavə misallarla, faktlarla  sizi yormaq istəmirəm.

Avropada elə qədim şəhərlər var ki, min ildir bir tikilisinin yola-küçəyə baxan üzü dəyişməyib. Beş yüz ildir şəhərin bir binası da uçurulmayıb. İnsan  doğulub,  yaşlaşıb, şəhəri, tikililəri ev-ev, küçə-küçə eyni görüb, beş yüz il əvvəlki yazıçı babasının  təsvirindəki kimi...
 
MÜBARƏK, MÜQƏDDƏS YADDAŞ İNSANI RUHƏN VƏ CİSMƏN SAĞLAM SAXLAYIR, GÖZƏL XOŞBƏXT ÖMRƏ VƏSİLƏ OLUR!..  (Heç də təsadüfü deyil ki, babalarımız, nənələrimiz sidq ürəkdən deyərdilər ki, ay Allah sən mənim ağlımı əlimdən alma!..)

Əgər Moskvada  səfirliyimizin “beş addımlığında” olan  məşhur  qədim kitab mağazası az qala səhərə qədər açıq olursa, bizdə niyə olmasın. Əgər dünyanın  müxtəlif bölgələrində,  məsələn, Skandinaviyada, Avropanın  qədim şəhərlərində İçəri Şəhər tipli qədim  yaşayış məskənlərinin  hər evi yox, az qala hər daşı  nömrələnibsə, bizdə niyə olmasın, əgər bütün dünya qatarda, təyyarədə, tramvayda, istirahətdə kitab oxuyursa, teatrlarda növbəyə durursa, bizdə niyə olmasın, əgər...
Əgər bunlar olmasa, bizi dürlü-dürlü  faciələr gözləyir: xəstəliklər, zəlilliklər, eybəcərliklər, məğlubiyyətlər, cəhənnəm əzabları...
Gəlin, həyətimizin, evimizin dörd divarı arasına çəkilməyək. Bu, qarşıdan gələn əzablı ölüm deməkdir.

“Dəniz”i  xilas etmək lazımdır. Dəniz suyunu vannaya ya hovuza töksən, daha  dəniz suyu deyil! Necə ki, gözəl mavi dənizdən əyilib bir ovuc su götürsəniz ovcunuzdan mavilik axıb gedər, ovcunuzda ölü ağ su qalar.
Ruhumuzun Nuh tufanı yaxınlaşır!!!

Gəlin həyatımızı xilas edək, hələ ki, gec deyil!                                       

Paşa QƏLBİNUR

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.