525.Az

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” (davamı)

[13.02.13]
“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” <b style="color:red">(davamı)</b>

HACI MİRƏZİZ SEYİDZADƏ: “TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN, XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN EDƏN AMİLLƏRDƏN BİRİDİR”

Dini tolerantlıq baxımından ölkəmizin örnək olduğunu söyləsək, heç də yanılmarıq. Həqiqətən də Azərbaycan bir çox digər sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu tez-tez ölkəmizə təşrif buyurun nüfuzlu qonaqlar da təsdiqləyərək, Azərbaycandakı dini tolerantlıq, dinlərarası münasibətlərlə bağlı xoş sözlər söyləyirlər. Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, qazi, hacı Mirəziz Seyidzadə ilə söhbətimizi də bu mövzuda qurduq.   

– Prezident İlham Əliyev mütəmadi olaraq ölkənin bütün dini icmalarının liderləri ilə görüşərək, onların problemləri ilə maraqlanır. Bu, dini icmalar tərəfindən necə qarşılanır?

– Bu gün Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqların, pirlərin, ziyarətgahların əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür. Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Dövlət başçısının Ramazan ayında düzənlənən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi, müxtəlif vaxtlarda məscidlərə baş çəkməsi ölkə ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Əlbəttə, bu onun dövlət başçısı kimi yüksək əxlaqi tərbiyəyə malik olmasından xəbər verir. Prezident İlham Əliyevin hər dəfə Təzəpir məscidinə gəlişi möminlərin sevincinə səbəb olur. Dövlət başçısı məscidə gəlib onun ərazisində aparılan təmir-tikinti işləri ilə tanış olması, tövsiyələr verməsi ruhanilərlə yanaşı, bütün imanlı insanların sevincinə səbəb olur.

Ümummilli lider Heydər Əliyev ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin inkişafı və qorunub saxlanılmasında göstərdiyi fədakarlıqları bu gün də davam etdirir. Onlardan biri də əsaslı yenidənqurma və tikinti işlərindən sonra insanların istifadəsinə verilən Bibiheybət Ziyarətgah Kompleksi oldu. İslami dəyərlərə böyük hörmət bəsləyən Prezident İlham Əliyev mərasimdə iştirak etdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Həzrət Hökümənin və İmamın nəvələrinin məzarlarını ziyarət etdilər. Onların ruhuna dualar oxundu. Prezident İlham Əliyev əqidə və inamını nümayiş etdirərək nəzir verdi. Prezident qeyd etdi ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma Vətəninin inkişafına töhfələrini verirlər. “Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub-saxlayan bizim ənənələrimiz olubdur, milli mənəvi dəyərlərimiz olubdur, ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır”, –deyən Prezident İlham Əliyev İslam dininin Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynadığını və bu gün bizim dini abidələrimizin bərpa olunduğunu söylədi. Dövlət başçısı əlavə etdi ki, Bibiheybət məscidinin ərazisi xeyli genişləndirilib: “Mən qeyd etdim ki, 1998-ci ilin iyulun 12-də məscidin əsas hissəsi istismara verilib. Düz 10 il sonra 2008-ci ilin iyulun 12-də biz Bibiheybət məscid-ziyarətgahına yeni həyat veririk və bu gözəl salon yenidən tikilib. Məscidin yuxarı hissəsində təmir-bərpa işləri aparılmışdır – əminəm ki, buraya toplaşan dostlarımız imkan tapıb vəziyyətlə tanış olacaqlar – ən yüksək səviyyədə təmir-bərpa işləri aparılıb. Mən dəfələrlə müxtəlif müsəlman ölkələrində olmuşam. Orada olarkən məscidləri ziyarət etmişəm. Deyə bilərəm ki, biz Bibiheybət məscidində mövcud olan vəziyyətlə fəxr edə bilərik. Burada ən keyfiyyətli materiallardan istifadə olunub, ən gözəl ustalar burada fədakarcasına işləyiblər. Bu məscidin tikintisində və tikintinin başa çatmasında iştirak etmiş bütün insanlara mən öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox şadam ki, bu gözəl, müqəddəs yerdə əzəmətli məscid tikilib...”.

Prezident vurğuladı ki, bütövlükdə Azərbaycanda dini abidələrə, onların qorunmasına, onların bərpasına çox böyük diqqət göstərilir. Təzəpir məscidində də sürətlə tikinti işlərinin getdiyini nəzərə çatdıran Prezident İlham Əliyev yaxın zamanlarda orada da açılışa toplaşacaqlarını söylədi. Dövlət başçısı həmçinin Əjdərbəy məscidində də təmir-bərpa işlərinin aparıldığını vurğuladı.

Bu gün dini əqidəsindən asılı olmayaraq bütün dindarlar Prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını hər zaman yüksək qiymətləndirir.

– Tolerantlıq ənənələrimizin təbliği ilə bağlı düşüncələriniz necədir?

– Həqiqətən də bu sahədə aidiyyatı dövlət qurumları, dini təşkilatlar mütəmadi olaraq addımlar atırlar. Bununla yanaşı, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri var. Fondun prezidenti Mehriban Əliyeva Azərbaycanın bütün dünyada tolerantlıq ünvanı kimi tanıdılmasında müstəsna xidmətlər göstərir. İndi dünyada çoxmədəniyyətlilik – multikulturolizm ətrafında geniş fikir mübadiləsi gedir. Bəziləri bunu öz mədəniyyətləri üçün təhlükə hesab edir, bəziləri etinasız yanaşır.

(Ardı var)

Aqil LƏTİFOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.