525.Az

Güldürən və düşündürən “Ləyaqət düsturu”

[13.02.13]
Güldürən və düşündürən “Ləyaqət düsturu”<b style="color:red"></b>

Vahid MƏHƏRRƏMOV 

Kitab həmişə insana lazım olur. Yaşadığımız həyatı kitabsız təsəvvür etmək çətindir. Çünki kitab bizə bilik verir, həyat yollarımızı nura boyayır, qaranlıqlara işıq salır. Amma etiraf edək ki, heç də kitabların hamısı belə deyil. Yuxarıda söylədiyimiz fikirlərlə bəzi kitablar üst-üstə düşmür. Elə kitablar var ki, adına, bir az da üzünün bəzək-düzəyinə aldanıb həvəslə alırsan. Onu asta-asta vərəqləyib bir neçə səhifəsini oxuyursan. Maraqlı olmadığını görüb səliqə ilə qatlayıb bir tərəfə tullayırsan. Bir daha onun üzünə baxmırsan. İllər keçdikcə həmin kitab toz-torpaq içində itib-batır. Bəzənsə görürsən ki, budur, maraqsız, dəyərsiz bir kitaba o qədər tərif vururlar ki, gəl görəsən. İstər-istəməz onu tapıb oxumağa maraq göstərirsən. Çətin də olsa, kitabı əldə edirsən. Həvəslə alıb qarşına qoyub vərəqləyirsən. Amma oxuduqca baxıb görürsən ki, bu kitabın elə bir məna tutumu yox imiş.

Amma elə kitablar da var ki, oxumağa başlayanda əlindən yerə qoymaq istəmirsən. Mənə elə gəlir ki, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin “Ləyaqət düsturu” kitabı da belələrindəndir. İlk olaraq diqqətimi çəkən onun adı oldu. Kitabın üz qabığına, tərtibatına baxandan sonra öz-özümə sual verdim: necə yəni ləyaqət düsturu? Bu nə düsturdur, bu nə kəşfdir. Humanitar sahəyə maraq göstərsəm də, riyaziyyat, kimya və fizika ilə də az-çox maraqlanırdım. Bir çox teorem, düstur və qanunların adını bilsəm də, hələ indiyə qədər ləyaqət düsturunu nə eşitmişdim, nə də oxumuşdum.

Kitabı vərəqləməyə başladım. Əvvəlcə “Ləyaqət düsturu” adlı hekayəni oxudum. İlk diqqətimi hekayənin mövzusu və süjet xətti cəlb elədi. Hekayə Cəsarət adlı bir məmurun mətbuatda tənqid olunmasına və bu işin məhkəməyə verilməsinin hazırlıq prosesinə həsr olunub. Özü haqqında qəzet səhifəsində tənqidi məqaləni oxuyan məmur buna dözmür. Əvvəlcə özündən çıxır, əsəbiləşir. Yazının müəllifini döyüb öldürəcəyini deyir. Amma hüquqşünas olan Qeyrət adlı iş yoldaşı ona yol göstərir, məsləhət görür ki, elə iş görməsin. Əziyyət çəkib, güc sərf edib müəllifi döyməsin. Onu da, qəzeti də məhkəməyə versin. Ləyaqətinə toxunduğuna görə onlardan xeyli pul qoparsın. Pul adı eşidən kimi Cəsarətin hirsi yavaş-yavaş soyuyur. Və iş yoldaşının dediyi kimi addım atmaq istəyir. Amma öz ləyaqətinin qiymətini tapa bilmir ki, qarşı tərəfdən o qədər pul tələb eləsin. Çox fikirləşəndən sonra Cəsarət adlanan bu cəsarətsiz şəxs bütün hekayə boyu öz ləyaqətinin qiymətini axtarır. Onun miqdarını müəyyən etməyə çalışır. Nəhayət, özündən çox qəribə və özünə yaraşan bir düstur kəşf edir. Əslində isə bu, ləyaqətsiz bir adamın bir daha ləyaqətsiz olduğunu sübut və təsdiq edən düsturdur.

Kitabda 18 hekayəyə yer verilib. “Ləyaqət düsturu”ndan xoşum gəldi. Elə zənn etdim ki, yəqin müəllifin ən maraqlı hekayəsi budur. Sonra bir-bir başqa hekayələrə də göz gəzdirdim. Oxuduqca gördüm ki, bir-birinə bənzəməyən hekayər, biri o birindən maraqlıdır. Seçim eləmək bir az çətin məsələdir. Hər bir hekayə haqqında elə onun özündən də çox danışıb söz açmaq olardı.

Bəzən adam fikirləşir ki, kitabın gücü nədədir? Axı onun hansı tərəfləri oxucunun xoşuna gəlir? Kağızımı, rəngimi, həcmimi, yoxsa mövzusu, mətni? Fikirləşirəm ki, bəlkə elə yazıçı növbəti hekayələrində bunun da bir düsturunu tapa, yeni kəşf eliyə. Hərənin kitaba bir yanaşması, öz nizamı, öz ölçüsü var. Mənə elə gəlir ki, kitabın gücü ondadır ki, o oxucusunu dərindən düşündürür, ona mənəvi zövq verir. Maraqlı mövzusu ilə oxucusunu maqnit kimi özünə çəkir.

Əgər təzə aldığın hər hansı bir kitabın ilk səhifələrini vərəqləyib oxuyanda, onun sətirləri, mövzusu səni düşündürmürsə, qəlbini, ürəyini yerindən oynatmırsa, deməli, o maraqlı kitab deyil. Kitab gərək oxucusunu düşündürsün, ürəyini odlandırsın, bəlkə də haradasa bir az da təəccübləndirsin. Natiq Məmmədlinin “Ləyaqət düsturu” kitabı kimi. Mən bu kitabı oxuyanda çox təsirləndim, çox düşündüm. Ha fikirləşsəm də, sonuncu dəfə hansı kitabı oxuyanda belə təsirləndiyimi yadıma sala bilmədim. Natiqin hekayələri bizi düşündürməyə və tez-tez ətrafımıza baxmağa sövq edir.

Hər hansı bir əsərin maraqlı olmağını təmin edən amillərdən biri də onun mövzusunun aktuallığıdır. Seçilmiş mövzunun zamanla və vaxtla səsləşməsidir. Heç çox da fikirləşmədən demək olar ki, Natiq Məmmədlinin əsərlərində bütün bunlar var. Ona görə də bu hekayələr oxunaqlıdır, maraqlıdır və diqqətçəkəndir. Özü də hekayələri oxuduqca hiss edirsən ki, Natiq öz əsərlərinin mövzularını necə deyərlər, “dərə-təpəyə” düşüb axtarmır. Onu özündən uydurmur, xəyallarından yaratmır. Mövzuları yaşadığımız həyatın içindən götürür.

“Ləyaqət düsturu”ndakı hekayələrin personajları da bizdən çox uzaqda deyil. Haradasa elə bizim yanımızda, yaxınlığımızdadırlar. Hekayələrdə cərəyan edən hadisələr sanki bizə çox tanışdır, çox doğmadır. Demək olar ki, biz hər gün onları görürük, hər gün rastlaşırıq. Amma bir hekayə mövzusu kimi bütün bunlar bizim diqqətimizi cəlb etmir. Çox həssas, yaradıcı insan olan Natiq müəllim onları “görür”. Müəllifin sənətkarlığı ondadır ki, o, gündəlik həyatımızda rastlaşdığımız adi həyat və məişət hadisələrini, sadə adamları öz hekayələrinə mövzu seçir. Onu bacarıqla işləyib, ətə-qana gətirib, nəfəs verib. Maraqlı bir süjet xətti quraraq hadisələri bir-birinin ardınca düzüb, ardıcıllıqla nəql edir. Bu sətirləri yazanda yadıma belə bir deyim düşdü: “Ən böyük dahilik göz önündə olanı görməkdir”. Natiq Məmmədli göz önündə olanları çox yaxşı görüb, bir-birindən maraqlı hekayələr yazıb.

Natiq Məmmədlinin hekayələrinin süjet xətti çox maraqlıdır, dili isə sadə və rəvandır. Sözləri, cümlələri oxuduqca bütün bunlar sanki ürəyimizdən keçir, qəlbimizə süzülür. Sözlər, ifadələr tez qavranılandır, dərk ediləndir. Hadisələr çox inandırıcıdır. Bütün bunlar isə kitabın daha da maraqlı olmasını təmin edir. Natiq uzun-uzadı qəliz sözlərlə oxucusunu yormur. Əksinə, fikirlərini obrazlı şəkildə ifadə edərək oxucunu öz arxasınca çəkib aparır. Bu sözləri, bu cümlələri oxuduqca fikirləşirsən ki, deməli, fikri belə də yazmaq, belə ifadə etmək olarmış. Həmin cümlələrin bir neçəsini ağ vərəqlər üzərinə köçürüb bu sətirləri oxuyanların diqqətinə çatdırmaq istəyirəm. “İndi yenə də təəssüratların məngənəsində sıxılmamaq üçün addımlarımı yavaşıtdım... Kimsə lentin ucundan tutub var gücü ilə dartırdı, kadrlar qovhaqovdaydı... Düşüncələrimdəki səliqəsizliyə görə məni tutmayacaqdılar ki... Mənə qəribə gələn o idi ki, bu qədər kitab-dəftərin arasında ölməyə də vaxt tapa bilmişdin... Ondan sonra yanında görsənmədim, aramızdakı istiliyi “salam-sağ ol” intervalına qədər soyutdum...”

Belə cümlələrin sayını kifayət qədər uzadıb kitabdakı bütün sözlərin altından xətt çəkmək olar. Bunları oxuduqca adam zövq alır, bir anlıq kitabdan gözlərini çəkib fikrə dalır.

“Ləyaqət düsturu”ndakı hekayələr hamısı bir-birini tamamlayır. Biri o birindən, o biri bu birindən maraqlı və mənalıdır. Onları bir-birindən ayırmaq çətindir. Amma mən cəhd göstərib Natiqin hekayələrinin hansının daha maraqlı, daha “güclü” olduğunu müəyyən etmək istədim. Bir növ onların yarışını, birinciliyni keçirdim. Bunun üçün uzun bir xətt çəkdim. Bütün hekayələri həmin xətt boyunca düzdüm. Onlar hamısı bu yarışdan qalib çıxdılar. Buna görə tam inamla müəllifin hekayələrinin hamısının qarşısından bərabərlik işarəsi qoymaq olar. Onları bütövlükdə başqa-başqa çəmənliklərdən yığılmış rənbərəng çiçəklərə, gül çələnginə də bənzətmək olar.

Çoxdanın söhbətidi. Televiziya kanallarının birində mərhum müğənni Fatma Mehraliyevaya həsr olunmuş verilişi izləyirdim. Çıxış edənlərin əksəriyyəti muğam sənətində dərin üz qoymuş Fatma xanım haqqında öz ürək sözlərini söylədilər. Danışanlar daha çox müğənninin “Kəsmə şikəstə”ni daha məharətlə oxuduğunu xüsusi olaraq vurğulayırdılar. Doğrudan da, mərhum sənətkarımız o şikəstəni çox yanıqlı, çox gözəl oxuyurdu. Sonra söz alan xalq artistlərindən biri dedi ki, hamı bu gün Fatmanın “Kəsmə şikəstə”ni yaxşı oxumağından danışdı. Deyin görüm axı Fatma hansı muğamı, hansı mahnını pis oxuyub ki? Bu mənada götürəndə demək olar ki, Natiq Məmmədli də bütün hekayələrini çox gözəl qələmə alıb. Ola bilməz ki, yazdıqlarının biri ona doğma, o biri isə ögey olsun. Natiq Məmmədli müəllim hekayələrini eyni ürəklə, eyni qəlblə və eyni sevgi ilə yazıb. Onlara nəfəsinin istisini, qəlbinin təravətini verib.

Natiqin hekayələri çox maraqla qarşılanır. İlk sətirləri oxuyandan sonra hadisələrin hansı sonluqla bitəcəyini həyəcanla izləyirsən. Bəzi müəlliflərin hekayələrində haradasa hadisələrin sonluğunu əvvəlcədən görmək, hiss eləmək olur. Amma Natiq Məmmədlinin hekayələrində elə deyil. Hekayəni axıra çatdırmayınca hadisələrin hansı sonluqla bitəcəyini bilmirsən. Natiqin qələmə aldığı hekayələrin belə maraqlı olması oxucusunu durna qatarı tək çəkib öz ardınca aparır.

 Adətən, kitab haqqında nə isə yazanda xeyli yet tutsun deyə, əsərlərin adları uzun-uzadı sadalanır. Bu formada yanaşma haradasa bir az cansıxıcı və şablon təsiri bağışlayır. Təkrarçılıqdan qaçmaq üçün bu dəfə başqa cür yanaşma forması seçməyə çalışdım. Bu kiçik qeydlərimdə kitab haqqında ümumi danışmağa üstünlük verdim. Təbiidir ki, hekayələrin hər biri haqqında söz açmaq istəsək, xeyli qələm çalmalı olarıq. Bəri başdan deyim ki, “Ləyaqət düsturu” kitabını vərəqləyən hər bir oxucu xeyli zövq alar, mənəviyyatını zənginləşdirmiş olar.

Hekayələri oxuyandan sonra belə qənaətə gəldim ki, Natiq Məmmədli yazdıqları ilə bizi güldürməyi qarşısına məqsəd qoymayıb. Müəllif bu hekayələri ilə hamımızı həm də düşünməyə, ətrafımıza baxıb səhvlərimizi düzəltməyə çağırır. Bizi gülə-gülə düşünməyə səsləyir. “Kloun” yaxud “Balaca məmurun təbriki” hekayələri bəlkə də ilk baxışda gülməli görünür. Ola bilsin ki, personajların müəyyən hərəkətləri adamın sifətində bir az təbəssüm yaratsın. Amma fikrimcə bu zahiri bir gülüşdür. Bu gülüşün içində qəhqəhə yoxdur. Bu çox ağrılı bir gülüşdür. İmkansız, yoxsul insanların acı taleyinin güzgüdəki solğun görüntüləridir. Yaşadıqları həyatlarınin o üzlü-bu üzlü rəngli və rəngsiz tərəfləridir. Çox güman ki, müəllif məmurlara insanlarla insan kimi davranmağı məsləhət görür.

“Ləyaqət düsturu” Natiq Məmmədlinin ilk kitabıdır. Bu kitab bir neçə ay əvvəl ədəbi mühitə qədəm qoyub oxucuların qapılarını döyüb. Və deyim ki, qısa müddət ərzində ətrafına xeyli pərəstişkar toplayıb. Əgər atılan birinci addım belə uğurlu alınıbsa, inşallah, onun qələmindən çıxacaq növbəti əsərlər daha dəyərli və daha mənalı olacaq. Müəllifə bu yolda uğurlar arzulayıram.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.