525.Az

Bu doğma torpağın yiyəsi mənəm...

[27.04.10]
Bu doğma torpağın yiyəsi mənəm...<b style="color:red"></b>

“Bu günün poeziyasında bu günün özü olmalıdır. Bu keyfiyyətdən məhrum olan ilk baxışda parıldayan amma parıltısından işıq və istilik alınmayan bu cür əsərlər uzaqdan gözəl görünən hissiz gözəlləri xatırladır. Onlara baxanlar çox olur, amma sevən olmur” – deyən böyük şairimiz Məmməd Arazın bu ədəbi fikriylə razılaşmamaq qeyri – mümkündür.

Hər bir tarixi dövr istənilən hər hansı sahəyə yetərincə nüfuz edə bilir və istənilən hadisə və münasibətlərin öz meylinə rəğmən öz diqtəsini başa düşülən şəkildə özüylə uzlaşdırır.

Bu baxımdan hər bir xalqın ədəbiyyatı da müəyyən mənada onun həyat güzgüsünə çevrilir, bir növ tarixi abidə şəklində var olur. Olmuşları gələcəyə daşıyaraq yaşadır və yaşayır. Böyüklü - kiçikli az və ya çox dərəcədə təsiredici həyat hadisələrinə, cəmiyyəti təşkil edən fərdlərə, eləcə də silklər və siniflər arasında təzahür edən olaylara, dünya – insan və zaman tanemindəki ziddiyətlərə daha cəld reaksiya vermək baxımından düşünürəm ki, poeziya digər ədəbi növlərdən daha irəlidə olub və bu gün də həmin statusunu qoruyub saxlamaqdadır. Kim nə deyir - desin bu bir həqiqətdir ki, daha çox həyati hadisələrin üstündə köklənən, daha çox olmuşlara, reallığa söykənən hisslərin üstündə bərqərar olan poeziya daha çox yaşamaq haqqını qazana bilir. Kimsə bu fikirimi müstəqil mənada yozmağa çalışmasın. Ona görə ki, onsuz da poeziyada təsvir olunan ən sərt reallıq belə istər  - istəməz həmişə romantik bir ab – hava üstündə dilə gəlir və öz rəngini, əlvanlığını heyrətə gətirmək gücünü qoruyur. Çağdaş Azərbaycan poeziyasınada da sözü ilə, fərqli poetik baxışı ilə, bədii hikməti ilə fərqlənənlər az deyil. Bu sarıdan kimlərinsə adını çəkməyə qalarsa, heç bir çətinlik çəkmədən onlarla şairin adını cəsarətlə dilə gətirmək olar. Buna lüzum görmürəm.
 
Bu qənaətdəyəm ki, hər bir oxucunun seçim hüququ var. Ola bilər ki, mənim rəğbət bəslədiyim hansısa şairin yaradıcılığı kiminsə oxucu zövqünü təmin etməsin. Amma bu fikirdəyəm ki, 80 – illərdə ədəbiyyata təşrif gətirən şairlər sırasında  çəkəcəyim şairin adı sözü ilə ruhunun harayı ilə, istedadıyla ilə hiss və duyğularının mükəmməlliyi ilə mənim qədər hamı üçün doğma bir addır. Çəkinmədən həmin şairin Saday Şəkərli olduğunu dilə gətirirəm. Və əminəm ki, siz də bu fikrimlə razısınız. Bir şeirində Saday Şəkərli:

Şeir yazdım ilahi
keç günahımdan,
Şeir yazanda görürəm
səni yaxından.
 
-  deyir.

Mənə elıə glir ki, hərə bir missiyanı yerinə yetirmək üçün Tanrı hökmü ilə dünyaya göz açır və sonacan  onun alın yazısına dönən bu hökmü qeydsiz – şərtsiz həyata keçirir. Kimsə öhdəsinə düşən bu vəzifəni daşımaq gücündə olmur, kim isə əksinə onu ləyaqətlə, tamlığı ilə həyata keçirir. Bu mənada hesab edirəm ki, Saday Şəkərli doğulan gündən onun alın yazısında şairlik kimi çox ağır şərtli bir vəzifəni yerinə yetirəcəyi yazılıbmış. Saday bundan qaçmağa, boyun qaçırmağa çalışsaydı harada olur olsun yenə gördüyüm həmən gülərüz, sözübir dostun güvənc yeri olan Saday olacaqdı...

Amma çağdaş ədəbiyyat belə bir səs itirəcəkdi, bir söz sahibinin yeri görünəcəkdi. Yaxşı ki, Saday öz yığvalından, alın yazısından yaxa qurtarmağa çalışmadı, bir Dədə Ozan kimi gördüklərini, yaşadıqlarını bəzən həzinliyə, məxməri bir sakitliyə bürünmüş ovqat üstündə kökləyərək bu sayaq:

Mən həsrət nəğməsi yazıram tək – tək.
Nəğmələr əridir, min illik qarı.
Yurdum ürəyimi gətirəm gərək,
Görəsən ürəkdən vurulanları.

- dedi.

Bəzən içinə sıxılaraq öz şair məninin, inadının ağrısının, göynərtisinin rəsmini yarpaq pıçıltısını xatırladan bir ahənglə

Nə döyüşdən çəkinmişəm,
Nə biçində gizlənmişəm,
Içimdə dərd meşəsi var,
Öz içimdə gizlənmişəm.

- şəklində dünyanın qulağına pıçıldadı.
Bəzən isə əlləri yaxasında divanə ruhu ilə üz – üzə qaldı və zamanın yağdırdığı əzablar toplusuna dözmək üçün özündə, iç dünyasında cavabsız suallara cavab axtararaq

Haqsız dünyaymış, haqsız
Ötməz bir günüm ahsız.
Şəkərli Qarabağsız
De necə yaşasın? De!

- cod səslə üzünü özünə və bizə tutdu dedi, yazdı...

Əgər belə demək mümkünsə mən Saday Şəkərlini sanki min illərdir tanıyıram. Az qala özüm qədər tanıdığım Sadayın poeziyada atdığı ilk addımlarının, ilk uğurlarının da şahidi olmuşam.

1976 – ci ildə Lenin adına kitabxanada Vilayət Rüstəmzadənin rəhbərliyi ilə bir poeziya dərnəyi təşkil olunmuşdu. Həmin dərnəyə bu günün poeziyasını təmsil edən, o vaxtlar gənc şair kimi təzə - təzə sözünü deməyə çalışan indiki dövrün bir çox tanınmış söz sahibləri gəlirdi. Günlərin bir günü bu dərnəyə 16 – 17 yaşlarında olan bir gənc də təşrif buyurdu. Bu gün də həmin sısqa, bir az ehtiyatlı davranan adam kimi hərəkət edən , hamını maraqla süzən, o yeniyetmə,  o gənc gözlərimin önündədir. Amma həmin cavan oğlanın daha çox gözləri gəlir gözümün önünə. Ilahi o gözlərdə o qədər kədər, o qədər ağrı var idi ki, dünyanı süzülən o kədərin, o qəmin içində əməllibaşlı yumaq olardı. Onun gözləri ağrının şəkili idi, kədərin pərişan halda boylandığı rəsmi idi desəm yalan olmaz... Hə bax həmin məslicə ilk gəlişi günü  məlum oldu ki, bu gənc Saday Şəkərlidir. Və Saday həmin şeir məclisində həyəcanlı və bir az titrək səslə “Atasız uşağın Vətəni olmur” şeirini oxudu. O şeirini oxuyub qurtaranda məıclisə bir neçə dəqiqəlik sükut çökdü və sonra isə hamı sanki sözləşmiş kimi fikirini deməyə çalışdı. Bu fikirlərin məcmusu bu idi ki, bu gənc birmənalı olaraq şairdi və özüdə əsl şair!

O şeir indi də qulaqlarımda səslənir, yadımda qalan tək – tük deyimləriylə yaddaşımda boy verib görsənir və indi 50 yaşını tamamlamış Sadayın “Ömrün yorğun kölgəsi” kitabında “Atamdan qalan payız” şeirindəki

Məndən tez böyüdü yaşıdım,
Mən ölmüş mənə qalan
Payıza bürünüb yaşadım...
Görənlər “payız adamı” – dedilər
adıma,
Bir payız qaldı mənə
Atamdan...

misralarını oxuya – oxuya bir də ötən əsrin 70 – ci illərindəki o günə qayıdıram və kədər dolu gözləri üzünə sağmayan Sadayı görürəm, onun  “Atasız uşağın Vətəni olmur”  harayını eşidirəm...

Bir hadisəni də yada salmaq istəyirəm, çünki Sadayın tale yolunun başlanğıcında baş verən bu hadisələr, ona göstərilən münasibətlər fonunda onu bütöv görmək, anlamaq daha dərindən qavramaq bir növ asanlaşır, həm də bu xarakterik həyati ştrixlər onu isbat edir ki, Saday Şəkərli yalnız öz - özünə söykənərək ədəbiyyata gələn, rəğbət qazanan, qəbul edilən şairdir.

Günlərin bir günü dərnək üzvləri olaraq böyük şairimiz Səməd Vurğunun ev – muzeyində şair Hüseyn Ariflə görüşümüz  vardı. Həmin görüşdə ənənəvi olaraq hərə bir şeir oxudu və necə deyərlər Sadayın növbəsi çatdı. O da öz şeirini oxudu və bundan sonra baş verənləri hamımız maraqla, bir az da heyrətlə izləyən şahidlərə çevrildik. Saday susan kimi  rəhmətlik Aybəniz xanım Vəkilova heyrətlə: “Dayan, dayan, sən Səməd Vurğunun 70 illiyində muzeyin xatirə kitabına Səməd Vurğuna həsr edilən şeirin müəllifi həmin Sadaysan, hə” Saday utana – utana “bəli” – deyəndə Aybəniz xanım tez xatirə kitabını gətirdi və həmin şeiri ucadan oxudu. Görüşümüzün səbəbkarı gözəl şairimiz Hüseyn Arif “bu cavan oğlan əsl şairdi, vəssalam” – deyərək onu xeyli təriflədi, necə deyərlər ürək – dirək verdi. Deməyim odu ki, Sadayın 16 – 17 yaşında sözü qiymətləndiriləndə, diqqətləri çəkəndə heç kim şübhə etmirdi ki, artıq gələcəkdə  də bu imzayla mütəmadi üz – üzə qalacaqlar, onu oxuyacaqlar, bəyənəcəklər və sevəcəklər, istəməyənlər belə onun yaradıcılığını, kamilliyini etiraf etməli olacaqlar.

Axı sözə könlünü verən, sözün nazını çəkən, onu öz hökmündə, öz sambalında  saxlayan, sözüylə ürəkləri havalandıran, dünyanın üzünə bir yaz mehi kimi sözüylə sığal çəkən, adamın ruhunu əlindən alaraq böyük heyrətlərin qapısına gətirən Sadayı necə sevməyəsən? Onun söz dünyasını, şair könlünü hansı səbəbdən alqışlamayasan?

Yağışları qəmli – qəmli,
Küləyi davalı gəzər,
Məndən sonra bu dünyada,
Bir payız havalı gəzər...

misralarından süzülən bir kədər işığının izinə düşüb,

Məndə fırlanır çarxlar,
Yanır, sönür çıraqlar...
Mənə kor kimi baxma,
Məndəki zaman gör...

səsinə qoşularaq addım – addım özünə yaxınlaşaraq,

Ölüm ömrün tərs üzüdü,
Ölümdən çönüb gedirik
Qəbir də bəy otağıdır,
Onunçün çimib gedirik.

kimi həqiqətin buz nəfəsinə toxuna – toxuna, üşünə - üşünə əl uzadaraq.

Qanımıza düşmən şərik,
Öz adına düşmənlərik.
Biz ki göydən düşənlərik,
Obamız, elimiz yoxdu?...
 
misralarındakı həqiqətə üz sürtərək yaxanı öz əlindən neçə alasan, dizini yumruq əlinin əlindən neçə qurtara biləsən?

Saday Şəkərli özünü zora salmadan, təkcə nəzəri əsaslarla oturub oxucunu heyrətə salmaq üçün sözün başına “oyun açan” şair deyil – deyirəm. Saday özü heyrətləndiyi məqamlarda, içini söz oyum - oyum eşəndə qələmə əl uzadan şairdi və onun sözünün təbiiliyi o qədər  hissediləndir ki, hətta bütöv şəkildə onun şeirlərini biri – biriylə müqayisə edib seçmək, birini o birindən üstün tutmaq məqamında adam tərəddüd edir. Saday bütövlükdə yaradıcılığı ilə tanıdığın poetik vahidin bölünməzliyinin isbatında sözün əhvali – ruhiyyəsini sətir – sətir qoruya bilən bir qələm əhlidir.

Bir şair kimi Sadayın poetik səsini yüz səsin içindən seçmək, tanımaq çətin deyil və bunun izahı ondadır ki, Saday sözə qarşı səmimiyyətini, şəfqətini qorumaq gücündə olan bir ruh müstəsnalıq sahibdir.

O, nədən söhbət açırsa – açsın poetik həqiqət axtarışında müstəqillik üstündə sözlə “davaya” çıxmır, neçə deyərlər hadisə və söz arasındakı münasibətin tarazlığını qoruya bilir...

Sadayla illər ötəndən sonra görüşmüşük, yəni ilk görüşümüz 1970 – ci illərdə təsadüf edirdisə, əlahəzrət təsadüf bizi illər ötəndən sonra hörmətli şairimiz Bəxtiyar Vahabzadənin dəfn mərasimində yenə üz – üzə gətirdi...

Görüşməsəydik də mən onsuz da Sadayla cap üzü görən əsərləri vasitəsiylə necə deyərlər hal - əhvallaşırdım. Elə onlarla da onun sözdəki, şair ruhunun qazandığı uğurlarından xəbər tuturdum.

Həmin gün Sadayı bir də görəndə ilk olaraq onun gözlərinə baxdım... İllər Sadayın üzündən, telindən, yerişindən – duruşundan, ömür – günündən apara bildiyini aparıb, amma təkcə gözlərindəki o kədəri, o həzin pərişanlığı apara bilməyib... Eyzən 70 – ci illərin kədəri yağır onlardan və bu kədər bir səs kimi eşidilir, bir payız günü kimi adamın ürəyini üşüdür...

Sadayın şeirlərini təhlil etmək fikri ilə əlimə qələmi götürməmişdim və bu yazdıqlarımı bir dost haqqında, daha dəqiq desək ruhu – ruhuma doğma olan bir şair barəsində qeydlər kimi qəbul edin.

Sadaya can sağlığı arzulamaqla, 50 yaşınnı tamamlayan dosta şeir qoxulu günlər arzulayıram.

Saday bir şeirində

Dünya – sökülməz bir qala,
Hansı ürəkdə sirr qalar?
Qalsa, beş – üş şeir qalar,
Özgə malım, mülküm yoxdur...

- deyir.

- Sən hamıdan varlısan, dostum! – deyərək sözümü bitirirəm.

Aydın AĞAZADƏ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.