525.Az

Allah və adamlar - Cavid Qədir yazır

[14.11.11]
Allah və adamlar - <b style="color:red">Cavid Qədir yazır</b> Mən Allahın adamıyam,
Allah kimin adamıdı?!

Hamımız bir az Zamzayıq. Hamımız bir az həşərat.

Hamımız bir az tənhayıq. Hamımız bir az unudulmuş.

Hamımız bir az yorğunuq. Hamımız bir az bədbəxt.

Hamımız bir az uşağıq. Hamımız bir az yalançı…

Öz yalanlarımızla xoşbəxtik biz. Həqiqəti görməkdən qorxarıq, görməməkçün pərdələri örtüb qapıları qapadarıq. Gecələr heç gəzmərik biz; gecələr hər şey tənha olur – öz başlanğıc vəziyyətində. Hər şeyin həqiqisi görünür gözə. Onunçün izdihamla gəzərik, kütləyə qarışarıq. Tək ancaq otağımızda olarıq biz – xəyal dünyamızda. Həqiqətlərdən uzaq… Özümüzə Tanrılar yaradarıq. Bizi sevən, günahlarımızı bağışlayan. Dinlər yaradarıq, hərəkətlərimizi xor görməyən… Tanrını unudarıq. O qədər unudarıq ki, bilmərik hardadı O. Yerdəmi, göydəmi?! O qədər unudarıq ki, bilmərik, varmı, yoxmu?! Tanrı da bizə oxşamağa başlar tənhalıqdan, unudulmuşluqdan... Bir az tənha, bir az unudulmuş, bir az yorğun, bir az bədbəxt, bir az uşaq, bir az yalançı… Təklikdən bezəndə mələkləri ətrafına toplayıb hərəsini bir tərəfə göndərər. Şeytanı Cəhənnəmə, İsrafili Cənnətə, İnkirlə Minkiri qəbiristanlığa...

Hərdən uşaqlığı tutanda adamlar yaradar əskikləri olan: kimi ruhsuz, kimi ağılsız, kimi inamsız, kimi imansız…

Məsələn, Adəmi yaradanda yalançı vaxtına düşüb. Mükəmməl yaratdım deyib. Sonra alıb qabırğasını əlindən. Əvəzində Adəm uşaq kimi küsüb Tanrıdan, qadına tapınıb – Həvvaya. Tanrının yox, onun sözünə qulaq verib. Allah da qalmayıb Allahlığından, verib cəzasını. İndi hamımız bir az Zamzayıq. Hamımız bir az həşərat…
 
***
 
Adəm qovulandan sonra Tanrı lap tənhalaşdı. Günlərlə güzgüyə baxmaz oldu. Saqqalı uzandı, saçları pırtlaşdı, “göy üzünü bulud alıb” – dedik. Ağladı, “yağış yağır” – dedik. Bağırdı-çağırdı, “göy guruldayır” – dedik. Anlamadıq Tanrını – bir az da kiçildik. Bir az da həşərat olduq. Qarşılığında Tanrı bir az daha yalançı oldu, aldatdı bizi. Yeni peyğəmbərlər, yeni dinlər göndərdi. İnandıq. Sonra bir başqa peyğəmbər, bir başqa din göndərdi. “Doğru olan budur” – dedi. Aldandıq. Adamlardan bəziləri inanmaqdan, bəziləri aldanmaqdan yorulanda yenə yalan danışdılar: “Tanrı yoxdur” – dedilər. Yalançılığıyla bizimlə əylənən Allahın əli üzündə qaldı bu yalana. Bizlərdən küsdü. Əl çəkdi yalançılıqdan. Sonuncu peyğəmbəri, sonuncu dini göndərib otağına qapandı. Maraqlanmadı bizlə. Bir az da kiçiltdi bu bizi. Bir az da həşərat olduq…
 
***
 
İndi biz Allahsız, O bəndəsiz – tənhayıq. Bir az unudulmuş, bir az yorğun, bir az qırğın, bir az bədbəxt, bir az yalançı, azca da uşaq…

Məsələn, Tanrı bilir ki, insan Allahdan böyükdü. Dərk etməsək, xatırlamasaq, O da olmaz…

Məsələn, insanlar bilir ki, Allah bizdən qüdrətlidi. Günün birində bizi palçığa çevirəcək. Heç haqqımızda əfsanə də qalmayacaq: “Burda insanlar vardı”…

Cavid QƏDİR

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.