525.Az

Şairliklə insanlığın həmişəyaşar vəhdəti

ABBASAĞA AZƏRTÜRKÜN 80 İLLİYİNƏ


[11.11.15]
Şairliklə insanlığın həmişəyaşar vəhdəti<b style="color:red"></b>

1970-ci ilin qışı idi. Cəlilabad rayon qəzetinin redaktoru təyin olunmuşdum. Həvəslə işə başlamışdım. İş gününün qızğın vaxtında qapım döyüldü.

Qarayanız, düz qamətli, ortaboylu, çevik hərəkətli, 35-36 yaşlarında bir kişi iti addımlarla mənə sarı gəldi, əlini irəli uzadıb adını dedi:

- Abbasağa!

Mən ayağa qalxıb onun əlini sıxdım:

- Xoş gəlmisiniz, Abbasağa müəllim, - dedim, - sizin barənizdə çox eşitmişəm. Redaksiyanın sürücüsü Əlifağa yol boyu şeirlərinizi əzbər deyib, mən də məmnuniyyətlə qulaq asmışam. Qasım bəy Zakirə nəzirəniz xüsusilə xoşuma gəlib... Doğrusu neçə vaxtdır, yolunuzu gözləyirəm. Şair olasan, redaksiyanın qapısını açmayasan, mümkün deyil.

Onun çöhrəsi təbəssümdən işıqlandı:

 - Özüm ləngidim, - dedi, - fikirləşdim ki,  əvvəl bu cavan təzə redaktorun çıxardığı qəzetlərə baxım, sonra gedim özünü görüm. Yaxşı başlamısız. Qəzet əldən-ələ gəzir. Xüsusilə, şənbə nömrələri, "Dəryaz" səhifəsi, tənqidi yazılar oxucuların xoşuna gəlir. Vəzifə sahiblərinin karikaturalarını verməyiniz, satirik yazılarınız, felyetonlar camaatın ürəyindən xəbər verir.

 - "Dəryaz"da sizin satirik şeirlərinizin yeri görünür.

O, mənim sözlərimə bənd imiş kimi qeyri-adi çevikliklə yeni şeirləri yazılmış vərəqləri qarşıma qoydu.

Həmin gündən başlayaraq Abbasağa müəllim qəzetimizin daimi müəlliflərindən oldu. Onun rayon qəzetində çap olunan şeirləri sevilə-sevilə oxunur, sonra respublikanın ədəbi-bədii jurnallarında, müxtəlif qəzetlərdə dərc edilir, müəllifinə şöhrət qazandırırdı.

Abbasağa Azərtürk anadan şair doğulmuşdu. Bu, Allah vergisi, Tanrının əvəzsiz töhfəsi idi. Mən şairin "Səbzə yadigarı" poeması qəzetimizdə hissə-hissə çap olunduğu vaxtlarda bu qənaətə gəlmişəm. Bu gözəl əsərin yazılmasının çox maraqlı tarixçəsi var.

Əmək Qəhrəmanı Səbzə Zeynalova vaxtsız vəfat etmişdi. Matəm mərasimində mərhumun qardaşı, rayonda sayılıb-seçilən təşkilatçı Vəkil Zeynalov müharibənin ağır illərində böyük bacısının hələ yeniyetmə ikən hər cür əzab-əziyyətə qatlaşaraq tarlada yorulmaq  bilmədən çalışmağından, atasız, başsız ailəni, kiçik bacı-qardaşlarını təkbaşına dolandırmağından, öz zəhməti ilə yüksəlib Əmək Qəhrəmanı adına layiq görülməyindən, cavan yaşlarından el-obaya ağbirçəklik, yetim-yesirlərə analıq, böyük bir təsərrüfata başçılıq etməyindən hüznlə danışarkən hamı kövrəldi, şairin  gözlərində yaş gilələndi...

Ertəsi gün səhər tezdən Abbasağa müəllim redaksiyaya gəldi.

Bütün gecəni yatmadığını, Səbzə Zeynalova haqqında poema yazdığını bildirdi. Oxuyub kövrəldim. Elə bil ürəyinin qanı ilə yazmışdı.

Müharibə başlayan kimi Abbasağanın atası cəbhəyə getmiş, anası "kirpiyində od götürüb" balalarını aclığın, ehtiyacın pəncəsindən qurtarmış, əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. Mənim də uşaqlıq taleyim belə olmuşdur. Tərcümeyi-halımızdakı  bu oxşarlıq bizi sanki doğmalaşdırmışdı. Odur ki, mən rəsmi redaktor deyil, həmin məşəqqətli illərin  şahidi kimi arxa cəbhəni, camaatın güzəranını, bir tikə çörək tapıb uşaqlarını yarıac, yarıtox dolandırmaq üçün analarımızın necə müsibətlər çəkdiyini şairin son dərəcə təsirli, bədii realist boyalarla əks etdirməsini yüksək qiymətləndirdim.

Abbasağa müəllimi təbrik edib, məsləhət gördüm ki, əsəri tamam-kamal bitirsin, sonra qəzetdə hissə-hissə çap edək. Razılaşmadı. Əlini ürəyinin üstünə qoyub dedi: "Hamısı buradadır. Siz bu hissəni çap edin. Mən gecələr yazıb səhərlər ardını hissə-hissə gətirərəm, beləcə bütün poemanı yazıb sizə çatdıraram".

Mən onun istedadına bələd idim. İnanırdım ki, gecəni gündüzə qatıb əsəri tamamlayacaq. Ancaq bütün poemanı tamamilə oxuyub çapa hazırlamadan qəzetdə dərc etməyə başlamaq o vaxt mənim üçün bir redaktor kimi böyük risk idi. Nəhayət, razılaşdım. Poema bir aya qəzetdə hissə-hissə çap olundu. Bu müddətdə mən hər səhər Abbasağanı intizarla gözləyir, o isə vədinə əməl edərək, əsərin davamını "isti-isti" mənə çatdırırdı. Açığını deyim ki, mən həm həyəcanlanır, həm də Abbasağanın fitri istedadına heyran olurdum.  Qəzet əldən-ələ gəzir, ətraf rayonlara, Bakıya aparıb oxuyurdular.

Nəhayət, poema bütövlüklə  çap olundu. Az sonra Bakıda Abbasağanın şeirləri ilə birlikdə kitab şəklində buraxıldı, müəllifinə böyük şöhrət və hörmət qazandırdı.

lll

Abbasağa Azərtürk, istedadlı şair, gözəl ədəbiyyatçı, müəllim olmaqla bərabər, bütöv şəxsiyyət idi. El-obanın dərd-sərini öz qayğılarından ayrı  düşünməyən, ədalətsizliyə, nadanlığa düşmən kəsilən, ürəyindəki dilində olan, hiddətini, nifrətini cilovlaya bilməyən, haqsızlığa dözməyən, sözünü üzə, vəzifəsindən asılı olmayaraq təqsirkarın düz gözünün içinə deyən, elə buna görə də tez-tez "başı ağrıyan", yuxarıların qəzəbinə düçar olan, bütün ağrı-acılara, çətinliklərə məhəl qoymayaraq haqq yolundan dönməyən mübariz, inadkar, dəyanətli, qətiyyətli şəxsiyyət, yeri gələndə dostları qarşısında səhvlərini etiraf etməyi bacaran  təmiz, saf, kövrək qəlbli insan, qılınc kimi kəsərli, gül təki ətirli poetik əsərlər müəllifi idi Abbasağa Azərtürk!

Tək mənəm yer üzündə gül əkib,
tikan dərən,
Yaradanın özüdür başıma kül əndərən
Varmıdır mənim kimi milləti
pərən-pərən,
Vətəni bölüm-bölüm?!

lll

Məni darda qoysalar da,
Gözlərimi oysalar da,
Dabanımdan soysalar da,
Səngərimdə dipdiriyəm!
Azərbaycan şairiyəm!

- deyən istedadlı qələm sahibinin poeziyası, gözəl lirikası öz təravətini heç zaman itirməyəcək, onun adını daim yaşadacaq!

Əlövsət BƏŞİRLİ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.