525.Az

Gələcəyimizə nə vəd edirik?

İPOTEKA ŞƏRTLƏRİNİN AĞIRLIĞI DAHA ÇOX GƏNCLƏRİN HƏYAT TƏRZİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR


[09.01.13]
Gələcəyimizə nə vəd edirik?<b style="color:red"></b> Ceyhun ABASOV

Evsizlik probleminin ipoteka kreditlərinin verilməsi yolu ilə həlli dünya təcrübəsində ən əlverişli çıxış yolu sayılır. Son illər bu praktikadan Azərbaycanda da istifadə olunmasına baxmayaraq, mövcud şərtlər daxilində gənclərin böyük əksəriyyətinin ipotekadan yararlanmaq arzusu, necə deyərlər, gözündə qalır. Buna görə də  çarəsiz qalanlar ailə həyatı qurub kirayə evlərdə yaşamağa məcbur olurlar. Aylıq gəlirinin yarısından çoxu kirayə puluna gedən gənc ailənin problemləri bundan sonra özünü daha qabarıq büruzə verir. Əvvəl-əvvəl ilk sevgi, bağlılıq, mehriban münasibət, sonra səbr etmək, xırda çəkişmələr daha sonra isə daxili üsyan, üz-üzə qalan iki yad insan və nəhayət, boşanma...  

  Statistikaya görə, Azərbaycan MDB-də ən yüksək ipoteka faizi təklif edən 3 ölkədən biridir. Hər il orta hesabla ipoteka kreditindən faydalananların sayı təqribən 700 nəfər təşkil edir. Ölkədə evsiz gənc ailələrin sayının bu qədər artdığı bir zamanda hazırki ipoteka şərtləri gənc ailələrin əlverişli şərtlərlə evlə təmin olunmasına imkan vermir. Çünki adi və sosial ipoteka krediti üçün tələb edilən əməkhaqqı məbləği kifayət qədər yüksək və bir çoxları üçün əlçatmaz görünür. Əslində isə əməkhaqqı üçün tələb edilən minimumlar orta aylıq əməkhaqqı məbləğindən yüksək olmamalıdır. Buna görə də, mütəxəssislər də hesab edirlər ki, dövlət islahatı və qanunvericilikdə dəyişikliklər bu məsələnin həllinə yardımçı ola bilər. 

Kişilərin evlilik yaşının keçməsinin səbəbini evsizlik problemi ilə izah edən Sağlam Toplum İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralıya görə, ipoteka kreditlərinin şərtlərinin ağır olması vəziyyəti çətinləşdirir:
 
“Ailəsilə bir yerdə yaşayan gənc ikiotaqlı evə necə gəlin gətirsin? Üstəlik, qız və qız ailəsi də hələ elçilik zamanı oğlanın evi olub-olmaması ilə maraqlanır. Gələcək xanımını öz evinə gətirmək istəyən gənc də ev almağın nə gündəlik, nə də aylıq gəlirlə mümkün olduğunu anlayır və ümid qalır ipoteka kreditinə. Ancaq elə ağır şərtlər qoyulub ki, evlənmək ərəfəsində olan adam nəinki evlənənə qədər, heç yaxın 15-20 ildə də bu şərtlərlə ev ala bilməz. İstər kreditin verilmə və qaytarılma müddəti, istərsə də faizlərin yuxarı olması orta maaşa çalışan gənci ipoteka ilə ev almaq arzusundan məhrum edir. Vəziyyəti belə görən gənc çıxış yolunu əlbəttə, ya kirayədə görür, ya da ölkədən gedib xaricdə maddi vəziyyəti yaxşılaşdırmaqda. Bu gün dünyanın əksər ölkələrində sosial statuslu kirayələr var, dövlət uyğun qiymətlər təklif edir. Evi olmayan, evlənmək çağında olan gənclər üçün bu ən yaxşı çıxış yolu ola bilər”.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda ipoteka kreditləri 2 istiqamət üzrə verilir: 4 faizlik sosial ipotekalar maksimum məbləğ 35 min manat olmaqla 30, 8 faizlik ümumi ipotekalar isə maksimum məbləğ 50 min manat olmaqla 25 illik müddətə verilir:
 
“İpoteka götürənin yaş həddindən asılı olaraq bu müddətlərdə azalma da baş verə bilər. Yaşa görə pensiya ilindən ipoteka götürənin yaşı çıxılmaqla müddət də müəyyən oluna bilər. Misal üçün, ümumi ipoteka götürmək istəyən vətəndaşın 46 yaşı varsa, ona (65-46=19) 19 illik ipoteka düşür”.

Hazırda Azərbaycanda ipoteka şərtlərinin çox radikal olduğunu qeyd edən Ramil Osmanlı bu şərtlərin yüngülləşdirilməsinin zəruliliyini düşünür:
 
“İpoteka kreditləri əslində, sosial aksiyadır, amma təəssüf ki, şərtlərin ağırlığı, prosedurun mürəkkəbliyi onun mahiyyətini dəyişir. Bu gün Azərbaycanda gənc ailələrin çox az bir qismi ipotekadan yararlanmaq imkanına malikdir. İpotekada tələb olunan əmək haqqının məbləği yüksək olduğundan gənclərin çox az bir qisminin müvafiq arayışı təqdim etmək imkanı var. Ona görə də hesab edirəm ki, ipoteka kreditlərinin faizləri aşağı salınmalıdır, ilkin ödəniş minimal həddə endirilməli, yaxud ümumiyyətlə, götürülməlidir, ipotekanın məbləği 75 min manata qədər artırılmalı, sənədləşmə ilə bağlı prosedurlar sadələşdirilməlidir. Nəhayət, yeni tikililərin ipoteka prosesinə cəlb olunması üçün müvafiq qurumlarla birgə işçi qrup yaradılmalı, bunun qaydaları müəyyən olunmalıdır”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev də ipoteka kreditlərinin şərtlərinin yumşaldılmasına böyük zərurət olduğu qənaətindədir:

“İpoteka kreditlərinə olan tələbə nisbətən təklif çox azdır, ipoteka bazarında maliyyə resursları qıtdır. Buna görə də risklərin azaldılmasından irəli gələrək proseduralar sərtləşdirilir”. 

Ailə qurmağa hazırlaşan gənclər və gənc ailələr mənzil problemi yaşadıqları üçün onların psixoloji durumlarının gərginliyini önə çəkən psixoloq Elnur Rüstəmova görə isə, xoşbəxt ailə sturkturu üçün ev mühüm amildir: “Bu, şübhəsiz ki, cütlüklər arasındakı münasibətlərə də təsir göstərir. Ev həm də özgüvən hissini formalaşdıran bir məqamdır, rahatlıqdır, hüzurdur ki, hər bir ailə bunu qurmağa cəhd göstərməlidir. Bu gün bir qism gənclər ev olmadığı üçün ailə qurmaqdan imtina edirlər, yaxud prosesi uzadırlar. Bir qismi onlara verilən evlərdə özlərini rahat hiss etmədikləri üçün psixoloji gərginlik yaşayırlar. Gənclərə belə imkan yaradılsa, düşünürəm ki, bu, normal ailə institutunun formalaşmasına da müsbət təsir göstərər. Bu gün ailədaxili konfliktlərə, boşanmalara bir səbəb də bu evsizlik problemidir”. 



Gənc oğlanların işsizlik və mənzil problemləri yaşayarkən keçirdiyi gərginliklər onları həm də ailə qurmağa, ailə saxlamaq kimi böyük məsuliyyətdən qaçmağa sövq edir. E.Rüstəmova görə, bu kimi hallar da özlüyündə bir sıra poblemlərə yol açır:

“Ailə məsuliyyətdir. Bu gün gənclər məsuliyyət daşımaqdan qaçmağa çalışırlar. Düşünürəm bu istiqamətdə gənclər arasında maariflənmə işi aparılmalıdır”.

Telejurnalist Ramal Hüseynov isə, bu gün ailə qurmaq istəyən gənclərin üzərində sadəcə ev və iş probleminin stresi deyil, cəmiyyətin də basqısı olduğunu düşünür:

“Adət-ənənələr, qohum-qonşu, el-oba adətləri və qaydaları insanları günümüzdə  evlilikdən kifayət qədər soyudur. O ki qaldı ev məsələsinə, bu gün ipoteka kreditləri kasıblar üçün nəzərdə tutulmayıb. İpoteka ala bilmək üçün minimum əmək haqqı 500 manat olmalıdır. Bu, kağız üzərində yox, bütün vergilər çıxıldıqdan sonra işçiyə qalan təmiz 500 manat olmalıdır ki, bank sənə güvənib ipoteka ayırsın. Hələ bunun ilkin ödənişini demirəm. Ümumi məbləğin 20 faizini tapmalı və ödəməlisən. Bu gün 500 manat alan gənclərin sayını təxmin etmək çətin deyil. Bütün bunlar isə gənclərə psixoloji travmalar yaşadır və ona görə də çoxu evlənmək məsələsini 5-6 il geriyə atır. Buna görə də ailə qurmağa meyil azalıb. Bəzən böyüklərimiz bunu ciddi səbəb kimi qəbul etmir, amma bunu anlamalıdırlar ki, onlar sovet dövründə yaşayıblar, o zaman hökumətin vətəndaşlara sosial problemlərin həllinə yönəlik bir çox üstünlükləri var idi: ev növbəsi, iş qarantiyası və s”.

Bu gün ata-anası kasıb olan gənclərin problemlərinin daha çox olduğunu önə çəkən R.Hüseynova görə, belə vəziyyətdə həmin gənc meydanda təkbaşına qalır:

“İkinci bir insan məsuliyyətini öz üzərinə götürə bilmir və yükün altında tək qalan o gənc bir neçə ay sonra diz üstə çökür. Elə ən ciddi problemlər də burdan başlayır”.

Statistikaya görə, ölkə əhalisinin 31 faizini, yəni təxminən 2.9 milyon nəfərini gənclər təşkil edir və ölkədə rəsmi nigahların sayı ildə ortalama 80 mindir. Bu statistikanı nəzərə alsaq, bu illər ərzində ortalama hər il 700 nəfərin ipoteka kreditindən yararlanması olduqca aşağı göstərici hesab olunur. Belə bir şəraitdə isə mümkün ipoteka imkanları ilə bu problemi həll etmək qeyri-mümkün görünür. Artıq belə çıxır ki, gənclərin böyük həyatda atacaqları addımlar, daşıyacaqları vəzifə, cəmiyyətə yararlılığı ilk növbədə adaptasiya dövrünün rəhmli olmasından asılıdır. Ümumi həyat şəraiti normativlərə uyğun gəlmədikdə isə, bu müstəvidə hansısa məsələnin həllindən danışmağa dəyməz... 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.